Məhkəmə qərarları › İş №2(103)-6391/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6391/2024

04.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6391/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, X6, Cavabdeh4 və X11 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3674/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan 027082 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzil xx.xx.1995-ci il tarixdə İddiaçı verilmişdir.

2. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5566/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, cavabdeh X2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzildən çıxarılması, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzilə köçürülməsi qət edilmişdir.

3. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1950/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5566/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin cavabdeh X2 apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1950/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən cavabdeh X2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5566/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin “cavabdeh X2 ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzildən çıxarılması, İddiaçı ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzilə köçürülməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır.

5. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8189/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh2 cavabdeh Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinə qarşı (İddiaçı üçüncü şəxs qismində cəlb edilməklə) “orderin ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

6. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Laçın şəhərindən məcburi köçkünlər – X12, həyat yoldaşı X7, Cavabdeh6 və X15 ailə üzvləri ilə birgə məcburi köçkün olaraq sıx məskunlaşma obyekti olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzildə müvəqqəti məskunlaşmışlar. X8 vəfat etmişdir. Həyat yoldaşı X3 mülkiyyətində Abşeron rayonu və Suraxanı rayonu ərazisində mənzil və fərdi yaşayış evinin olduğu aşkar olunmuşdur.

7. İş materiallarında olan Laçın rayonu İcra Hakimiyyəti başçısının Laçın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli Arayışına əsasən Laçın şəhər sakini Cavabdeh6 1992-ci ildən Laçın rayonundan məcburi köçkündür. Laçın şəhərində evlə təmin olunmayıb. Hazırda ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi Cavabdeh4.

8. İş materiallarında olan Laçın rayonu İcra Hakimiyyəti başçısının Laçın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli Arayışına əsasən Laçın şəhər sakini X9 1992-ci ildən Laçın rayonundan məcburi köçkündür. Laçın şəhərində evlə təmin olunmayıb. Hazırda ünvan 1 ünvanında qeydiyyatsız yaşayır.

9. İş materiallarında olan Laçın rayonu İcra Hakimiyyəti başçısının Laçın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli Arayışına əsasən Laçın şəhər sakini Cavabdeh2 1992-ci ildən Laçın rayonundan məcburi köçkündür. Laçın şəhərində evlə təmin olunmayıb. Hazırda ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi X16 və X14.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, X6, Cavabdeh4 və X11 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılaraq onun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 5 nəfərlik ailə üzvləri ilə kirayə mənzildə yaşayır. O və həyat yoldaşı Nümayəndə 1980-90-cı illərdə Bakı “Elektron hesablayıcı Maşınlar Zavodu”nda işləmişlər. İşlədikləri iş yerində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzil ona verilib. Onlar ailəliklə həmin mənzildə qeydiyyata alınmışlar. Lakin həmin dövrdə Laçın rayonundan məcburi köçkün olan cavabdehlər iş yerindən order əsasında ona verilmiş mənzili zəbt etmişlər. Həmin vaxt həmin şəxslərin mənzildən çıxarılmaları barədə idarələrə müraciət etsələr də, bildirilmişdir ki, tezliklə torpaqlar erməni işğalından azad olunacaq , məcburi köçkünlər öz torpaqlarına qayıdacaqlar. Artıq Laçın rayonu işğaldan azad olunub və onlar qanunla onlara verilmiş mənzilə köçmək istəyirlər.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3674/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, X14, Cavabdeh4 və X10 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzildən çıxarılmaları, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, "Marks Belçikaya qarşı", "Mançini İtaliyaya qarşı", “Loizidu Türkiyəyə qarşı” AİHM-in Qərarlarına, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

15. Qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 ayrıayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətləri eyni məzmunda əsaslandırılaraq göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-3674/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, X5, Cavabdeh4 və X10 ünvan 3 ünvanında yerləşən 183 saylı mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə işə baxarkən bizim məcburi köçkün statuslarını, məcburi köçkün düşdükləri rayonda hələ dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilmədiklərini, ünvan 3 ünvanında yerləşən 183 mənzilə iddiaçıya hələ order verilməmişdən əvvəl məskunluşadığımızı, qeyd olunan ünvanda yerləşən yaşayış sahəsinə 1992-ci ildə məskunlaşdıqları vaxt yarımçıq tikili olduğunu və həmin binanı öz hesablarına təmir və tikdirdikləri kimi nüans və faktlara heç bir hüquqi qiymət verilməmişdir. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüququnu təsdiqləyən rəsmi hüquq müəyyən edici sənədi (reyestr çıxarışı) olmamışdır. Məhkəmə iş materialı kimi İddiaçı adına verilmiş xx.xx.1995-ci il tarixli orderə əsaslanmışdır. Halbuki, həmin orderin iddiaçıya mülkiyyət hüququ verib-verməyəcəyi imkanı məhkəmə tərəfindən araşdırılmamışdır. Mənzilin hal-hazırda dövlət fonduna aid olduğu və tarix baxımdan iddiaçıya order verilməmişdən əvvəl onun və digər ailə üzvlərinin həmin binada məskunlaşdıqlarına dair işin mübahisəsiz hallarını məhkəmə nəzərə almamışdır. Digər tərəfdən onların Laçın rayonuna yerləşdiriləcəkləri tarix də bəlli deyil. Belə olan halda onların mənzildən çıxarılması ilə bağlı qətnamə bizim hüquqlarını pozaraq nəticədə küçədə qalmaqlarına gətirib çıxara bilər. Bu hal öz növbəsində cənab Prezidentin 01 iyul 2004-cü il tarixli sərəncamını da icrasız qoymuş olur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

19. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

21. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

22. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.

23. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.

24. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki halda, kollegiya qeyd edir ki, tələb bölünməz olduğundan və cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3674/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. İş materiallarında olan 027082 nömrəli orderdən göründüyü kimi, mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin mənzil cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir.

42. Kollegiya qeyd edir ki, iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi ilə bağlı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

43. İşin hallarından müəyyən olunur ki, iddiaçı hazırda ona məxsus mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı Qərar (Şikayət № 19853/03) 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37).”.

45. Kollegiya cavabdehlərin məcburi köçkün olaraq sosial müdafiəsi tədbirləri ilə bağlı qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun tələblərinə uyğun olaraq məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir.

46. Kollegiya hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması müəyyən edildiyindən iddia əsaslıdır və birinci instansiya məhkəməsinin mövqeyi düzgündür.

47. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, 027082 nömrəli əsasında mənzilin iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır.

48. Apellyasiya şikayətlərinin dəlili qismində qeyd olunan mübahisələndirilən mənzil üzərində mülkiyyət hüquqlarının 30 may 1995-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmasına baxmayaraq bu tarixdən əvvəl cavabdehlərin mübahisəli mənzildə məskunlaşmasına münasibətdə nəzərə alınmalıdır ki, iş materiallarından göründüyü kimi mübahisəli mənzil heç vaxt cavabdehlərin mülkiyyətində olmamışdır. Eyni zamanda iddiaçının adına verilmiş order əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzilə gözlənilən mülkiyyət hüququ mövcuddur.

49. Kollegiya bildirir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

50. Göründüyü kimi, iddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim etmiş, bu halları təkzib edən heç bir sübut apellyatorlar tərəfindən təqdim edilməmişdir.

51. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı mənzilin boşaldılmasını və cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3674/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar