Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-640/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5. qızına, Cavabdeh6. qızına və Cavabdeh7. oğluna qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və X3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bank) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5. qızına, Cavabdeh6. qızına və Cavabdeh7. oğluna qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, Cavabdeh1 əsas borc üzrə 24 196,16 ABŞ dollarının, faiz borcu üzrə 7340,05 ABŞ dollarının, cərimə borcu üzrə 50 ABŞ dollarının, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150,65 ABŞ dollarının, yəni cəmi 31 736,86 ABŞ dolları məbləğində kredit borcunun (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq bankın xeyrinə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 72 nömrəli evin 15 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 58 000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 “Yelo Bank" ASCyə olan kredit borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh1 bankın xeyrinə ümumi qaydada tutulması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, iddianın digər hissədə təmin edilməməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatının Cavabdeh1 tutularaq “Yelo Bank" ASC-nin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 1 manatının “Yelo Bank" ASC-dən, 49 manatının isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və X3 birgə apellyasiya şikayəti verərək onun borcun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə ləğv olunmasını xahiş etmiş, şikayətlərini, məhkəmənin borc məbləğlərinin düzgün hesablanmadığını, habelə əmlaka düzgün qiymət qoyulmadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, digər cavabdehlər məhkəməyə gəlməmiş, iddiaçı bankın nümayəndəsi isə mühasibatlıq ekspertizasının və qiymətləndiricinin rəyi ilə razılaşdıqlarını, borcun məbləği və əmlakın qiyməti ilə bağlı bağlı hissədə qətnamənin dəyişdirilib-dəyişdirilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin “Cavabdeh1 əsas borc üzrə 24 196,16 ABŞ dollarının, faiz borcu üzrə 7340,05 ABŞ dollarının, cərimə borcu üzrə 50 ABŞ dollarının, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150,65 ABŞ dollarının, yəni cəmi 31 736,86 ABŞ dolları məbləğində kredit borcunun (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq bankın xeyrinə ödənilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 72 nömrəli evin 15 nömrəli mənzilinin ilkin satış qiymətinin 58 000 manat müəyyən edilməsi” hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı bank, habelə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5. qızı, Cavabdeh6. qızı və Cavabdeh7. oğlu şikayət verməmiş, Cavabdeh1 və X3 isə qətnaməni yalnız qeyd olunan hissələrdə mübahisələndirmişlər. Kollegiya izahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh1 əsas borc üzrə 24 196,16 ABŞ dollarının, faiz borcu üzrə 7340,05 ABŞ dollarının, cəmi isə 31 736,86 ABŞ dolları məbləğində kredit borcunun tutularaq bankın xeyrinə ödənilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 72 nömrəli evin 15 nömrəli mənzilinin ilkin satış qiymətinin 58 000 manat müəyyən edilməsi” hissələrində dəyişdirilməli, mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, bankla Cavabdeh1 arasında 17 dekabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 25% olmaqla 60 ay müddətə 26 800 ABŞ dolları kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 məxsus ünvan 1 ünvanında 58,9 kv.m ümumi, 45,9 kv.m yaşayış sahədən ibarət 3 otaqlı mənzil bankın xeyrinə yüklü edilmiş, ipoteka predmeti 70 000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarından görünür ki, iddiaçı bank iddia qaldırarkən Cavabdeh1 31.05.2020-ci il tarixə kimi əsas borc üzrə 6596,89 ABŞ dolları, faiz borcu üzrə 15 280,25 ABŞ dolları, cərimə (dəbbə) borcu üzrə 493,27 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150,65 ABŞ dolları olmaqla cəmi 22 370,41 ABŞ dolları borcunun olduğunu irəli sürmüş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyində borcalanın 17.12.2019-cu il tarixə 24 196,16 ABŞ dolları əsas, 7376,22 ABŞ dolları faiz, 31.05.2020-ci il tarixə 24 196,16 ABŞ dolları əsas, 7340,05 ABŞ dolları faiz borcunun yarandığını göstərilmiş, bundan sonra iddiaçı iddia tələbini ekspert rəyində göstərilən rəqəmləri əsas götürərək dəyişdirmiş, məhkəmə də həmin rəyi əsas götürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiya əsas və faiz borcunun düzgün hesablanmadığı ilə bağlı apellyatorların dəlillərini qismən əsaslı hesab edir; belə ki, iddiaçı bankın iddia tələbində göstərdiyi tarixə (31.05.2020-ci il tarixinə) Cavabdeh1 23 936,79 ABŞ dolları əsas, 5113,99 ABŞ dolları faiz borcunun qaldığı apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni “Cavabdeh1 cərimə borcu üzrə 50 ABŞ dollarının tutulması” hissəsi üzrə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçı bank cavabdehdən 493,27 ABŞ dolları cərimə tələb etmiş, məhkəmə isə cərimə məbləğini ağlabatan və ədalətli həddədək azaltmışdır. Nəzərə alınmalıdır ki, qanunvericilik, yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Kollegiya, birinci instansiya məhkəməsinin “Cavabdeh1 gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150,65 ABŞ dollarının tutulması” tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kollegiya, apellyatorların ipoteka predmetinin qiyməti ilə bağlı dəlillərini əsaslı hesab edir; belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 məxsus ünvan 1 ünvanında 58,9 kv.m ümumi, 45,9 kv.m yaşayış sahədən ibarət 3 otaqlı mənzil ipotekaya qoyularkən 70 000 manat dəyərində qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirici əmlaka 58 000 manat likvid qiymət müəyyənləşdirmiş, məhkəmə də həmin qiyməti əsas götürmüşdür. Apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyinə görə, ipoteka predmetinin likvid dəyərinin 81 000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ipoteka predmetinin qiyməti ilə bağlı bir-birindən fərqlənən 3 qiymətləndirici rəyi mövcuddur və kollegiyanın qənaətinə görə, məhkəmənin istinad etdiyi rəydə göstərilən qiymətlə tərəflərin ipoteka müqaviləsində razılaşdırdıqları qiymət arasındakı kəskin fərq, eləcə də 2014-cü ildən sonrakı dövrdə ölkənin daşınmaz əmlak bazarında əmlak qiymətlərinin kəskin dəyişikliyinin baş verdiyinin hər kəs tərəfindən bilinən hal olması, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin müəyyən etdiyi qiyməti daha ağlabatan hesab etməyə imkan verir. Həmin rəyin real qiyməti əks etdirmədiyi barədə apellyatorun irəli sürdüyü mülahizələrlə bağlı isə kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); kollegiya da bu hüququndan istifadə etməklə müvafiq rəyi əldə etmiş, ağlabatan mühakimə əsasında, xüsusilə tərəflərin özlərinin 2014-cü ildə müəyyənləşdirdikləri qiymətlə mütənasibliyini nəzərə almaqla həmin rəyin daha mötəbər olması nəticəsinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizaların xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 və X2 birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-424/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi “Cavabdeh1 əsas borc üzrə 24 196,16 ABŞ dollarının, faiz borcu üzrə 7340,05 ABŞ dollarının, cəmi isə 31 736,86 ABŞ dolları məbləğində kredit borcunun tutularaq bankın xeyrinə ödənilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 72 nömrəli evin 15 nömrəli mənzilinin ilkin satış qiymətinin 58 000 manat müəyyən edilməsi” hissələrində dəyişdirilsin. Cavabdeh1 23 936,79 ABŞ dolları əsas, 5113,99 ABŞ dolları faiz borcu, cəmi isə 29 251,43 (iyirmi doqquz min iki yüz əlli bir dollar 43 sent) ABŞ dolları kredit borcu alınaraq İddiaçı ASC-nə ödənilsin. Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 72 nömrəli evin 15 nömrəli mənzilinin ilkin satış qiyməti 81 000 (səksən bir min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid edilsin; ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə "xxxx" MMC tərəfindən aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manatın 100 (yüz) manatı Cavabdeh1, 100 (yüz) manatı isə İddiaçı ASC-dən alınaraq "xxxx" MMCnin hesabına (VÖEN: **********, hesab№: AZ30GUNA********************,Bank:"xxxx"ASC,VÖEN: **********,Müxbir hesab: AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22), təkrar mühasibatıq ekspertizasının xərci olan 100 (yüz) manatın 80 (səksən) manatı Cavabdeh1, 20 (iyirmi) manatı İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-640/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-640/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver