Məhkəmə qərarları › İş №2(103)-6407/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6407/2023

07.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6407/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Ərizəçi "barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs Təhsil Kompleksi MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs Təhsil Kompleksi MMC maraqlı şəxs qismində cəlb edilməklə) "barışıq sazişinin təsdiq edilməsi" barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə mediasiya prosesi zamanı razılığa gəlinmiş MŞB/9-00167 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə onunla əsaslandırılmışdır ki, Böyük Britaniya vətandaşı Ərizəçi 03 oktyabr 2022-ci il tarixdə “Avropa Azərbaycan Məktəbi" Təhsil Kompleksi MMC ilə əmək müqaviləsi bağlamışdır. Müqavilə şərtlərinə görə o, müəllim fəaliyyəti ilə məşğul olmalı və əvəzində aylıq 3000 ABŞ dolları vəsait almalı idi. 03 oktyabr 2022-ci il tarixdə onunla rəsmi əmək müqaviləsi bağlanmasına baxmayaraq o, avqust ayından orada işləmiş və əmək haqqını 03 oktyabr 2022-ci ilə qədər nağd şəkildə almışdır. Bunun qanun pozuntusu olduğu sonradan vəkillə danışarkən ona məlum olmuşdur. 21 dekabr 2022-ci il tarixdə ona məlum olmayan səbəblərdən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə xitam verilmişdir. Guya o, sınaq müddətində özünü doğrultmayıb. Lakin dəfələrlə məktəb rəhbərliyinə müraciət etməyinə baxmayaraq onu qəbul etməmiş və səbəbi ona izah etməmişlər. Halbuki işlədiyi müddət ərzində həm valideynlər, həm də birbaşa rəhbəri olan şəxs tərəfindən dəfələrlə yazılı şəkildə müsbət rəy almışdır. Əmək müqaviləsinə xitam verdikdən sonra dərhal mediasiya prosesinə başlanılmış və müvafiq xəbardarlığı qarşı tərəfə göndərmişlər. Tərəf mediasiya prosesində razılığa gəlmiş və onlar xx.xx.2023-cü il tarixdə, MŞB/9-00167 saylı müqavilə imzalamışlar. Müqavilə şərtlərinə görə "xxxx" Təhsil Kompleksi MMC ona 3 hissədə olmaqla ödəniş etməli idi. Birinci ödəniş 13 fevral 2023-cü il tarixdə edilsə də, ikinci ödəniş 31 mart 2023-cü il tarixdə edilmədi. Üstəlik üçüncü ödənişin vaxtı 30 aprel 2023-cü il tarixdə bitəcəkdir. Maraqlı şəxs Təhsil Kompleksi MMCnin səlahiyyətli nümayəndələri ilə danışdıqda bildirmişlər ki, guya onlara maliyyə sanksiyası tətbiq edildiyi üçün ödəniş edə bilmirlər. Sonradan məlum olmuşdur ki, bank hesabı üzərində heç bir məhdudiyyət yoxdu. Bütün bunları nəzərə alaraq, könüllü icra üçün 10 aprel 2023- cü il tarixdə Maraqlı şəxs Təhsil Kompleksi MMC-yə məktub göndərilmiş, lakin məktuba 17 aprel 2023-cü il tarixində geri tarixlə (xx.xx.2023) email vasitəsilə cavab məktubu gəlmişdir ki, guya barışıq sazişini ləğv etmək istəyirlər. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(006)- 2322/2023 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) ərizəsi təmin olunmuşdur. Maraqlı şəxs qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, Ərizəçiın barışıq sazişi üzrə tərəf kimi öz üzərinə götürdüyü öhdəlikəri qəsdən və bilərəkdən icra etməməsi, barışıq sazişinin konfidensiallığına dair şərtləri kobud şəkild pozaraq maraqlı şəxs olan təhsil kompleksində hal-hazırda əmək müqaviləsi əsasında çalışan işçilərin yanında barışıq sazişinin məzmununa dair məlumatları bilərəkdən və qəsdən yayması, beləliklə sazişin 10-cu, 13-cü, 14-cü, 16-cı bəndlərində qeyd edilən tələblərini kobud şəkildə pozması, barışıq sazişinin digər məhkəmədə müstəqil qaydada mübahisələndirilməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən maraqlı şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxsin nümayəndəsi ərizə ünvanlayaraq, Şəmkir Rayon Məhkəməsində başqa məhkəmə iclasının olması səbəbilə, hazırki məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, ərizəçinin nümayəndəsi isə məhkəmə iclasının təxirə salınmasına etiraz edərək, maraqlı şəxsin məqsədinin işi süni yolla uzatmaq olduğunu, hazırki məhkəmə iclası barədə bildirişin təqribən bir ay əvvəl elektron kabinetə yerləşdirilməsini, maraqlı şəxsin bu halı nəzərə almalı olmasını bildirmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər proses iştirakçısının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, işdə olan sənədlərə əsasən hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlar (bildirişlər və s.) uzun müddət əvvəl tərəflərə göndərilməklə, onların nümayəndələrinin (eləcə də maraqlı şəxsin nümayəndəsinin) elektron kabinetinə 11 oktyabr 2023-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda isə maraqlı şəxsin nümayəndəsi məhkəmə iclaslarını tənzimləmək imkanına malik olmuşdur. Bununla yanaşı, maraqlı şəxs digər nümayəndəsi (işçi və s.) vasitəsilə də məhkəmə iclaslarında iştirak etmək imkanına malikdir. Göründüyü kimi, məhkəmə iclasının təxirə salınması üçün üzrlü hal mövcud deyildir (MPM-in 185.6-cı maddəsinin tələbinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur) Məhkəmə iclaslarının qanuni əsas olmadan təxirə salınması halı isə prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, icraatın əsassız uzadılmasına, digər tərəfin haqlı narazılığına, habelə süründürməçiliyə səbəb ola bilər. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs Təhsil Kompleksi MMC (ikinci tərəf) arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişindən görünür ki:

1. Birinci tərəf aşağıdakıları yerinə yetirməyi öhdəsinə götürür. Bilet xərci – 701.42 (yeddi yüz bir manat, 42 qəp) AZN, Otel xərci – 102.73 (yüz iki manat, 73 qəpik) AZN, Vəkil xərci – 2000 (iki min manat) AZN – çəkilməsi barədə xərci göstərən bank hesabından çıxarışı təqdim etmək. İşə bərpa ilə bağlı gələcəkdə məhkəməyə müraciət etməmək

2. İkinci tərəf aşağıdakıları yerinə yetirməyi öhdəsinə götürür: 2.1. 14 fevral 2023-cü il tarixinədək birinci Tərəfə aşağıdakı ödənişləri kompensasiya şəklində ödəyəcəkdir: Bilet xərci – 701.42 (yeddi yüz bir manat, 42 qəpik) AZN Otel xərci – 102.73 (yüz iki manat, 73 qəpik) AZN Vəkil xərci – 2000 (iki min manat) AZN İki aylıq əmək haqqı – 6000 USD (altı min dollar) 2.2. 31 mart 2023-cü il tarixinədək Birinci Tərəfə aşağıdakı ödənişləri kompensasiya şəklində ödəyəcəkdir: İki aylıq əmək haqqı – 6000 USD (altı min dollar) 2.3. 30 aprel 2023-cü il tarixinədək Birinci Tərəfə aşağıdakı ödənişləri kompensasiya şəklində ödəyəcəkdir: İki aylıq əmək haqqı – 6000 USD (altı min dollar) 2.4. Ödənişlər aşağıda göstərilən bank hesabına ödəniləcəkdir: Bank: Kapital Bank ASC, Yasamal filialı Filialın kodu: 200037 Valyuta: AZN VÖEN: ********** SWİFT: AİİBAZ2X Hesablaşma hesabı: AZ80AİİB******************** Təyinatda mütləq göstərilməli: AĞAMALİYEV ÜMMAN İLQAR OĞLU AZ36AİİB********************, ******************** 2.5. Ümumilikdə birinci Tərəfə ödənilən vəsait 2804,15 (iki min səkkiz yüz dörd, 15 qəpik) AZN və 18000 (on səkkiz min) USD olacaqdır. Beləliklə, qeyd edilən barışıq sazişin şərtlərindən, eləcə də tərəflərin mövqeyindən aydın olur ki, şərtlər üzrə son icra vaxtı 30 aprel 2023-cü il tarixdə bitmişdir. Ərizəçinin bildirməsinə görə saziş üzrə maraqlı şəxs tərəfindən birinci ödəniş 13 fevral 2023-cü il tarixdə edilsə də, növbəti ödənişlər həyata keçirilməmiş, müraciətləri nəticəsiz qalmışdır. Maraqlı şəxsin istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya şikayətində olan mövqeyindən (etirazından) barışıq sazişi üzrə növbəti ödənişlərin həyata keçirilməməsi inkar olunmur. Bunun səbəbi kimi, ərizəsinin sazişin konfidensiallaqla bağıl şərtlərinin (10-cu, 13-cü, 14-cü, 16-cı bəndləri) pozulması göstərilir. Qeyd edilməlidir ki, MPM-in 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinin tələbinə görə barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. MPM-in 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, işin hallarından və qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və tərəflər arasında müəyyən edilmiş müddətdə könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Eyni zamanda Saziş mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda Sazişin məhkəmə tərəfindən təsdiqindən imtina olunur. Maraqlı şəxs isə apellyasiya şikayətinin dəlillərini əsaslandıra və sübut edə bilməmiş, barışıq sazişinin (və ya onun bir hissəsinin) təsdiq edilməsindən imtinaya dair qanuni əsasların mövcud olmasına ilə bağlı məhkəməyə hər hansı mötəbət sübut təqdim edə biməmiş, məhkəmə baxışı zamanı da belə hallar müəyyən olunmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla yanaşı, maraqlı şəxs apellyasiya şikayətində barışıq sazişinin məhkəmə qaydasında müstəqil şəkildə mübahisələndirildiyini, bu səbəbdən də hazırki iş üzrə icraatın həmin mübahisəyə baxılanadək dayandırılmalı olmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmayaraq qeyd edir ki, barışıq sazişi tərəflərin iradəsinə uyğun madiasiya prosesi zamanı bağlanmışdır və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə saziş imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Hazırki icraat zamanı barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması halı da müəyyən olunmamışdır (maraqlı şəxs bu halı sübuta yetirə bilməmişdir). Belə olan halda isə, yəni maraqlı şəxsin barışıq sazişini başqa məhkəmədə mübahisələndirməsi, hazırki icraatın məqsədləri və istiqamətləri baxımından da icraatın dayandırılması üçün qanuni əsas təşkil edə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Ərizəçi "barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs Təhsil Kompleksi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar