Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6413/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-219/2023 nömrəli 13 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2012-ci il tarixli etibarnamə ilə Cavabdeh2 5 il müddətinə X10 Ləhiş bağlar sahəsində yerləşən bağın özəlləşdirilməsi ilə əlaqədar onu müvafiq dövlət orqanlarında idarələrində, komitələrində, təşkilatlarında, icra orqanlarında təmsil etməyi, adından ərizə yazmağı, imza etməyi, sənədlər təqdim etməyi, almağı, o cümlədən DTXK-dən kadastr planı, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir.
2. X11 ilə X6 12 dekabr 1990-cı il tarixdə 1139 nömrəli akt qeydi ilə nikahları bağlanmışdır.
3. Ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********25 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1580 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında xx.xx.2006-cı il tarixli, 17384 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 1580 saylı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi xx.xx.1962-ci il təvəllüdlü X11 ********** qeydiyyat nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir və xx.xx.2014-cü il tarixdə həmin bağ sahəsi Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi Bakı şəhəri 11 saylı Notariat Kontorunda təsdiq edilmiş 4Ə-287 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
5. Daşınmaz Əmlakın AN-İ seriyalı, ******* nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 ünvan ünvanında yerləşən ümumi sahəsi 0.242236 ha olan torpaq sahəsini Cavabdeh1 44000 manata satmışdır.
6. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnaməyə əsasən X7 vərəsəsi arvadı İddiaçıdır və o, miras əmlakdan 3/10 pay irs almalıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsinə dair 11 saylı Notariat kontorunda bağlanmış 4Ə- 287 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixdə X11 ilə birgə nikaha daxil olmuşdur. Adil Qurbanov xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum əri sağ ikən, yəni birgə nikah dövründə - xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsini şifahi razılaşma əsasında 300.000 manat pulunu ödəməklə Cavabdeh2 almışdır. Cavabdeh2 həyat yoldaşı Adil Qurbanova xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 30 saylı DNK-da Ləhiş bağlar sahəsində yerləşən bağın özəlləşdirilməsi ilə əlaqədar onu müvafiq orqanlarda təmsil etmək üçün bütün hərəkətləri edə bilməsi barədə 5 il müddətinə etibarnamə vermişdir. Həyat yoldaşı Adil Qurbanov bu müddət ərzində bağ sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Hesab etmişdir ki, mübahisə olmadığından istənilən zaman bağ sahəsini sənədləşdirə bilər. O, həyat yoldaşı Adil Qurbanov ilə birlikdə birgə təsərrüfat apararaq hər ikisinin qazancı əsasında o bağı tikib ərsəyə gətirmişlər. Həyat yoldaşı Adil Qurbanov 2021-ci ilin mart ayının 9-unda dünyasını dəyişmişdir. O vərəsəlik şəhadətnaməsi almaq üçün sənədləri həmçinin o bağın sənədlərini hazırlamaq istəmişdir. Rəşəd Hüseynovdan onunla alqı-satqı müqaviləsi bağlamasını xahiş etmiş, o əvvəlcə razı olmuş, lakin bir gün sonra zəng edərək alınmayacağını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 bağı həyat yoldaşının qeyri-rəsmi münasibətləri olan qadınla alqı-satqı müqaviləsi bağlamışdır. Həm qanuni cəhətdən, həm mənəvi əxlaq baxımından bu cür hərəkətlərin edilməsi öz-özlüyündə etibarsız və düzgün deyildir. Hesab edir ki, alq-satqı müqaviləsi etibarsız hesab edilməli, bağa dair onunla alqı-satqı müqaviləsi bağlanmalıdır.
9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid Hüseynağa oğlu izahatında bildirmişdir ki, o, mərhum Adillə bir yerdə işləmişdir. Onun Ləhiş bağı var idi. O, bağı Adilə bağışlamışdır. Bağ faktiki onun olmuş, lakin qardaşı oğlu Rəşadın adına olmuşdur. Adil həmin bağda ikinci həyat yoldaşı ilə yaşamışdır. O, evi təmir edərək, orada yeni ev tikmişdir. Həyat yoldaşı və uşaqları ilə birlikdə orada yaşamışdır.
10. Şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, o, iddiaçının evində tikinti işləri ilə məşğul olmuşdur. Hasar çəkmişdir. Hamam və sanitar qovşağı tikmişdir. Tikinti işləri aparan zaman həmin qadın da orada olmuşdur. Onun orada çox olmasını görəndə bilmişdir ki, Adilin o, qadınla münasibəti var. Gördüyü işlərin pullarını Fatma xanım vermişdir. Hərdən Adil də gördüyü işlərə görə ona pul vermişdir. Adil öləndən sonra 500 manat borc qalmışdır.
11. Şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, Adilin bibisi olmuşdur. Adil ilə bağda eyni evdə yaşamışlar. Adil ev alan zamanı onlar da Adilə kömək etmişlər. Onlar cavabdeh olan Talıyeva Tahirəni evdə köməkçi bilmişlər. Ayın 9-u Adil öldükdən sonra cavabdehlər arasında ayın 10-u alqı-satqı olub. Bağ alınan zaman Adil ondan pul alıb bağ evini tikintisinə xərcləmişdir. Lakin Adildən səvayı Fatma da evin tikintisinə pul xərcləmişdir. Tikinti 4-5 il davam etmişdir. Hal-hazırda o, bağ evində Cavabdeh1 yaşayır. Fatma xanımda əvvələr həmin evdə yaşamışdır.
12. Şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Adil onun qardaşı oğlu olmuşdur. Adil bağ alan zaman və eyni zamanda bağın tikntisi zamanı ondan da pul almışdır. Bağ təxminən 2007-ci illərdə alınmışdır. Fatma xanımla yay mövsümündə orada qalmışlar. 2012-2013-cü illərdə orada təmir işləri aparılmışdır. Təmir işləri üçün Adil də, arvadı Fatma da pul ödəmişlər. İndi orada əvvəllər orada gözətçi saxladığı xanım yaşayır. İddiaçı hal-hazırda orada yaşamır. Onu ikinci arvadı kimi bağda saxladığını deyirdi.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 iyul 2023-cü il tarixli 2(008)-219/2023 nömrəli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia təmin edilməmişdir.
14. Məhkəmə göstərmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək sözügedən bağ sahəsinin mülkiyyətçi tərəfindən onun həyat yoldaşı Qurbanov Adilə satılmış olduğu bildirərək bu halı təsdiq edən sübut kimi isə keçmiş mülkiyyətçinin Qurbanov Adilə 5 il müddətinə vermiş olduğu etibarnaməni təqdim etsə də, mülkiyyət hüququ yalnız torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin qanunla müəyyən edilmiş qaydada dövlət reystrində qeydiyyatda alındığdan sonra yaranır. Etibarnamələr isə hüquqmüəyyənedici sənəd hesab edilə bilməz, yalnız etibar edənin etibar edilənə özünə məxsus hüquqlarını həyata keçirmək üçün vermiş olduğu qanunla qadağan edilməmiş səlahiyyətləridir.
15. Məhkəmə göstərmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi təmin edilə bilməz.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 152.4, 394, 399.1, 646.1, 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 404.1, 404.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Mərhum əri "xxxx" ASC-də avtomobil təsərrüfatının müdiri, Şahid Hüseynağa oğlu isə onun yanında yanacaq dolduran vəzifəsində işləmişdir. Onların ümumi razılığı əsasında Cavabdeh2 mərhum ərinə 5 il müddətinə etibarnamə vermişdir ki, adı çəkilən bağ sahəsini özəlləşdirsin və öz adına sənədləşdirsin. Mərhum ərindən bağın alınması üçün pulu Şahid Hüseynağa oğlu almışdır. Bu faktı onun qardaşı oğlu iş üzrə cavabdeh Şahid Hüseynağa oğlu təsdiq etmişdir. Yəni onların niyyəti bağın gələcəkdə mərhum ərinin adına sənədləşdirilməsi olmuşdur. İddiaçılar Qurbanova Amaliya və Cavabdeh1 ona qarşı “vərəsəlik hüququndan məhrumetmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması” tələbi məhkəmələr tərəfindən qəbul edilmiş məhkəmə aktları ilə rədd edilmiş və müəyyən edilmişdir ki, hazırki Cavabdeh1 onun mərhum həyat yoldaşının vərəsəsi olmamağını sübuta yetirə bilməmiş, əksinə mərhum həyat yoldaşı ilə birlikdə birğə təsərrüfat aparmağı, eyni zamanda mübahisələndirilən bağın həyat yoldaşı tərəfindən alınaraq, orada bağ evi tikməkləri öz təsdiqini tapmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh1 apellyasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
21. Cavabdeh1 nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
24. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
25. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi).
26. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göründüyü kimi Cavabdeh2 öz xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən ümumi 0.242236 ha olan 1580 saylı bağ sahəsini Cavabdeh1 xx.xx.2021-ci il tarixdə 44.000 manat məbləğinə satmışdır.
36. İddiaçı hazırda həmin alqı-satqı müqaviləsini mübahisələndirərək, etibarsızlığını tələb edir.
37. Kollegiya hesab edir ki, mübahisəli əmlakın alqı-satqısının etibarsız hesab edilməsinə əsas verən hallar müəyyən olunmamışdır.
38. İddiaçı həmin torpaq sahəsinin onun mərhum əri tərəfindən alınmasına, cavabdeh tərəfindən onun mərhum ərinə 5 il müddətinə etibarnamə verilməsinə istinad etmişdir.
39. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, mülkiyyət hüququ yalnız torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin qanunla müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Etibarnamələr isə hüquqmüəyyənedici sənəd hesab edilə bilməz, yalnız etibar edənin etibar edilənə özünə məxsus hüquqlarını həyata keçirmək üçün vermiş olduğu qanunla qadağan edilməmiş səlahiyyətləridir.
40. Hazırki işin hallarından müəyyən olunan odur ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmış və o da Tahirə Telıyeva ilə alqı-satqı etmişdir. Həmin əqdin etibarlılığna dair hər hansı şərtin (səlahiyyətli subyektlər, forma və məzmun, iradə və onun bəyanı) pozulması müəyyən olunmur. İddiaçı sadəcə bağ sahəsinin mərhum əri tərəfindən etibarnamə ilə alınmasına istinadla xx.xx.2021-ci il tarixli əqdin etibarsız olması tələbini irəli sürə bilməz. İddiaçı tələbinin qanuni əsasını belə göstərə, yəni, həmin əqdin məhz hansı əsasla etibarsız olmasını əsaslandıra bilməmişdir.
41. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.
42. Etibarsız əqdlərin hər birinə münasibətdə qanunverici fərqli qayda müəyyən etmişdir, yəni onların yaratdığı hüquqi nəticələr fərqlidir. Ona görə də ümumi olaraq hər hansı əqd barəsində “etibarsızdır” demək düzgün deyil.
43. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğru olmuşdur. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-219/2023 nömrəli iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.