Məhkəmə qərarları › İş №2(103)-6441/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6441/2022

06.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6441/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 13/2022 saylı, 08 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-13/2022 saylı, 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbi qismən təmin olunması və iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi, zaminlik və ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki işin materiallarından görünür ki, qətnamə Cavabdeh2 elektron kabinetinə 14 iyul 2022-ci il tarixdə yerləşdirilmişdir. (7-ci cild i.v 93) Belə olan təqdirdə, qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü Cavabdeh2 münasibətdə 14 avqust 2022-ci il tarixi hesab edilir. Lakin Cavabdeh2 tərəfindən apellyasiya şikayəti 21 avqust 2022-ci il tarixdə elektron kabinetə yüklənilmişdir. (7-ci cild i.v 140) Göründüyü kimi cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət 7 gün ötürülmüşdür. Eyni zamanda Cavabdeh2 Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə verməmiş, birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülüb-ötürülməməsini ümumiyyətlə müzakirə etməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi 22 iyul 2022-ci il tarixdə poçt vasitəsi ilə cavabddeh Cavabdeh2 çatdırılsa belə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə sənədləri elektron kabinet vasitəsi ilə həyata keçirildiyindən qətnamənin Cavabdeh2 çatdırılması müddəti məhz qətnamənin onun elektron kabinetinə yükləndiyi tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası həmçinin digər cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətini və mülki iş materiallarını nəzərdən keçirib, ona münasibətdə apellyasiyanın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti MPM-nin tələblərinə uyğun olaraq tərtib edilmiş, apellyasiya şikayəti buna hüququ olan şəxs tərəfindən və qanunda nəzərdə tutulmuş müddətdə verilmişdir. İşə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. Belə olan halda hesab edilməlidir ki, apellyasiya icraatı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə mümkün olsa da, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyri-mümkündür. Göründüyü kimi apellyasiya Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyri-mümkün olduğundan işin apellyasiya baxışına təyin edilməsi hazırki mərhələdə mümkün deyil. Buna görə də, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, bu qərardadda göstərilən nöqsan Cavabdeh2 tərəfindən aradan qaldırıldıqdan sonra və yaxud nöqsan aradan qaldırılmadığı halda şikayətin qaytarılması barədə qərardad qanuni qüvvəsini aldıqdan sonra iş, digər cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə apellyasiya şikayətinə əsasən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-13/2022 saylı, 08 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti Cavabdeh2 qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar