Məhkəmə qərarları › İş №2(103)-6451/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6451/2022

18.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6451/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: Əmlak tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızının və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızının cavabdehdehlər Cavabdeh və X6 qarşı “əmlak tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2225/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, tərəflər və onların yaxın qohumları arasında müxtəlif səpkili mübahisələr mövcuddur. Həmin mübahisələrdən biri də hazırki iş üzrə iddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızının keçmiş baldızı Cavabdeh və onun əri X6 qarşı olan “əmlak tələbinə dair” iddia tələbi ilə bağlıdır.

2. İddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızının hazırki iddiasının əsasını onun keçmiş ərinin evində qalan və məhkəmə çəkişməsinin predmeti olan şəxsi əşyaları (paltar, aksessuar, qızıl-zinət əşyaları) cavabdehlər Cavabdeh və onun əri X10 tərəfindən qanunsuz olaraq götürülməsi və istifadə edilməsi təşkil edir. İddiaçı tələbinin əsaslı olmasının təsdiqi kimi məhkəməyə sübut qismində bir neçə fotoşəkil təqdim edilmişdir.

3. İş materiallarında olan, Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis mayoru Ş.Fərhadovun icraatında olan 1 saylı HK-532 nömrə ilə qeydə alınmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə 10 yanvar 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı və Cavabdeh qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və tərəflərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızının Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinə əlavə edilmiş siyahıda qeyd edilən əşyalarının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən iddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, X5 cavabdeh qismində işə cəlb edilməsi, iddia ərizəsinə əlavə edilmiş siyahıda qeyd edilən əşyalarının cavabdehlər Cavabdeh və X4 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun keçmiş həyat yoldaşı X2 ilə birgə yaşadıqları, sonuncunun atasına məxsus olan ünvan 1 ünvanda yerləşən mənzildən 2020ci ilin yanvar ayında nənəsinə baş çəkmək məqsədilə çıxandan sonra, Ş.Abdullayev tərəfindən həmin mənzilin açarları dərhal dəyişdirilmiş və onun mənzilə qayıtmağı mümkün olmamışdır. Bundan sonra Ş.Abdullayevlə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Həmin vaxtdan hazıra qədər Ş.Abdullayev onu mənzilə buraxmamışdır. Mənzildə isə onun qiyməti külli miqdarda olan, bahalı geyim və qızıl-zinət əşyaları qalmışdır. O, qiymətli əşyalarının ona qaytarılmasını tələb etsə də, Şamxal Abdullayev və sonuncunun yaxınları tərəfindən əşyaları ona qaytarılmamışdır. Məcbur olub, əşyalarının tam siyahısını təqdim etməklə, həmin əşyaların məhkəmə qaydasında ona qaytarılmasını tələb etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində (hakim Təhminə Xəlilova) araşdırma zamanı, məhkəmə qərardadlarının Nəsimi rayon İcra şöbəsi tərəfindən icrası ilə bağlı onun iştirakı təmin olunmadan, 4 fevral 2021-ci il tarixli və 6 aprel 2021-ci il tarixli aktlar tərtib edilmiş, foto və video çəkiliş həyata keçirilmiş və müəyyən olunmuşdur ki, onun külli miqdarda dəyəri olan əşyalarının əhəmiyyətli hissəsi mənzildə yoxdur. Həmin əşyaların icra məmurları tərəfindən mənzildə aşkar edilməməsi, son nəticədə həmin əşyaların mənzildən aparıldığını tam təsdiq edir. Əks halda, onun əşyaları mənzildə olmalı idi, çünki o mənzildən çıxanda həmin əşyalar mənzildə qalmışdır. Sonradan, keçmiş həyat yoldaşı Şamxal Abdullayevin doğma bacısı, hazırkı iş üzrə Cavabdeh bir neçə dəfə təsadüf nəticəsində görəndə, habelə sonuncunun özü tərəfindən internetə qoymuş olduğu şəkillərdə, icra məmurlarının mənzildə aşkar etmədiyi və bahalı qiymətə ona atasının pulu ilə alınmış geyim əşyalarını, o cümlədən çanta, ayaqqabı, köynək, qızıl-zinət və s. əşyalarının cavabdehin əynində olduğunu müşahidə etmişdir. Cavabdehin əynində əşyalarını görən kimi dərhal foto şəkillərini də çıxarmağa müvəffəq olmuşdur. Həmin əşyalar onun atasın vəsaiti hesabına internet vasitəsilə satın alınmışdır. Bu faktları təsdiq edən foto şəkillər və alğı-satqı barədə müvafiq çıxarışları ərizəyə əlavə etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-2225/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev), iddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızının cavabdehlər Cavabdeh və X6 qarşı “əmlak tələbinə dair” iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələbinin maddi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

9. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfin izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

11. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

12. Birinci instansiya məhkəməsinin qənaətinə görə təqdim edilmiş fotoşəkillərdə olan əşyalar qeyri-adi, eyni nüsxədə istehsal olunmuş əşyalar olmamaqla, bir ədəd deyil, satış üçün çox sayda istehsal olunması nəzərə alınmalıdır və qeyd olunmalıdır ki, Respublika ərazisində istənilən şəxs həmin əşyaları maddi imkanı daxilində müxtəlif formalarda (saytlardan, mağazalardan və s.) alıb istifadə edə bilir. İstifadə olunmuş əşyaların satışı ilə bağlı ixtisaslaşmış ticarət nöqtələri, həmçinin ixtisaslaşmış saytlar var ki, vətəndaşlarda həmin əşyaları alaraq istifadə edirlər. Bu səbəbdən, məhkəmə hesab edir ki, eyni görünüşlü, üslublu, rəngli, əyarlı, naxışlı, bəzəkli paltar, aksessuar və qızıl-zinət əşyaları bir çox şəxslərdə olması və təyinatı üzrə istifadə edilməsi nəzərə alınmalı olduğundan iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillər və izahatında göstərilənlər mötəbər sübut növü kimi qiymətdəndirilə bilməz.

13. Birinci instansiya məhkəməsi iddiaçı tərəfdən şahid qismində dindirilmiş X3 da ifadəsini də sübut kimi qiymətləndirmir. Belə ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır.

14. Cavabdeh tərəfdən dindirilmiş şahid ifadələrinə məhkəmə qiymət verərək qeyd etmişdir ki, həmin şahid ifadələri iddiaçının onlayn qaydada alış-verişlə məşğul olmasına özü-özlüyündə dəlalət etmir. Belə ki, gün (həftə) ərzində onlayn qaydada müxtəlif sayda əşyaların alınması, sonradan bəzilərinin geri qaytarılması, habelə digər ünvanlara çatdırılması iddiaçının onlayn şəkildə həmin əşyaların satışı ilə məşğul olmasını təsdiq etmir.

15. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi ödəniş qəbzləri ilə bağlı qeyd etmişdir ki, bu qəbzlər qaytarılması iddia edilən əmlaklara aid olmasını təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Bir firmanın paltarlarının (əmlakların) müxtəlif şəxslər tərəfindən alına və istifadə edilməsi mümkünlüyü nəzərə alındıqda təqdim edilən qəbzlərin məhz fotoşəkillərdəki paltarların deyil, digər paltarlara (əmlaklara) da aid ola bilməsi nəzərə alınmalıdır. Buna görə də iddiaçının təqdim etdiyi qəbzlərin məhz qaytarılması iddia edilən əmlaklara aid olmasına dair dəlilləri məhkəmə inandırıcı saymır.

16. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının iddia tələblərinin əsassız olması iş materiallarında olan Nəsimi RPİ 21-ci PB-də İddiaçı və Cavabdeh qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə 10 yanvar 2022-ci il tarixli qərarının məzmunu ilə də təsdiq edilir.

17. Birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (iddia ərizəsində qeyd olunan, iddiaçının mülkiyyətində olmuş əşyaların cavabdehlər tərəfindən götürülməsi və istifadə olunması) dair mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim edilmədiyi üçün iddia əsassızdır və rədd olunmalıdır.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 157.2-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 9.1, 9.3, 14.2, 76, 77.1, 80, 88 və 217.1, 217.3, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Qətnamədən iddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

20. İddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

21. İddiaçı (Məmmədova) apelyasiya şikayətində göstərilmişdir ki, cavabdeh mübahisələndirilən əşyaların mövcudluğunu polisə vermiş olduğu izahatında etiraf etmiş və göstərmişdir ki, bu əşyalar ona və anasına məxsus olmuşdur. Həmin əşyaların ona məxsus olmasına dair sübutları da olduğunu bildirmişdir. Lakin, birinci instansiya məhkəməsi, cavabdehin etiraflarına baxmayaraq, mövcudluğu mübahisələndirilməyən əşyaların məhz cavabdehə və onun anasına məxsus olmasını təsdiq edən heç bir sübutun məhkəməyə təqdim edilməməsinə əhəmiyyət verməmiş, bu hissədə heç bir araşdırma aparmamışdır. Cavabdehin əynində olmasını əks etdirən foto görüntülərdə olan bütün əşyaların mövcudluğunu cavabdeh qəbul etmişdir. Bu işin mübahisəsiz halıdır. Bundan başqa, həmin əşyaların iddiaçı tərəfindən alınmasını təsdiq edən internet çıxarışlar (qəbzlər) və daha əvvəlki dövrdə həmin daşınar əşyaların məhz iddiaçının əynində olmasını təsdiq edən fotoşəkillər də iddia ərizəsinə əlavə edilmişdir. Mövcudluğu mübahisələndirilməyən və iddiaçı tərəfindən tələb edilən əşyaların məhz iddiaçıya məxsus olmasını təsdiq edən kifayət qədər sübutların mövcudluğuna, cavabdehin isə həmin əşyaların iddiaçıya deyil, ona və anasına məxsus olması ilə bağlı polisdə vermiş olduğu izahatlarına, lakin bununla bağlı heç bir sübut təqdim edə bilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi işə birtərəfli yanaşmış, qeyd edilən xüsusatlarla işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir. Birinci instansiya məhkəməsi işə birtərəfli yanaşmış, mübahisənin düzgün həlli və məhkəmənin gəldiyi nəticə üçün son dərəcə əhəmiyyətli olan bu faktiki halları aydınlaşdırmamış və diqqətdən kənarda qoymuşdur. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Cavabdeh qız apelyasiya şikayətinə qarşı etiraz verərək, apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatı:

23. Məhkəmə iclasında iştirak edən iddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızının və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil verdikləri apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

24. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə İddiaçı (Məmmədova) tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi.

25. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh və X10 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

26. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamədən iddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

41. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası iş üzrə tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni belə əsaslandırmişdır ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır: a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin). b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

46. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır.

47. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

48. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

49. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

50. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

51. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

52. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

53. Göründüyü kimi, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi ədəddə və qiymətdə, eləcə də, onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehlərin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, onlar əgər iddiaçı müvafiq hälları sübuta yetirərsə, o zaman bu əmlakların iddiaçı tərəfindən evdən aparıldığını (yəni artıq özlərinin sahibliyində olmadığını) və ya iddia olunan əmlakların ümumiyyətlə iddiaçıya aid olmamasını sübut etməlidirlər.

54. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mülki iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı (Məmmədova) apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi, cavabdehin etiraflarına baxmayaraq, mövcudluğu mübahisələndirilməyən əşyaların məhz cavabdehə və onun anasına məxsus olmasını təsdiq edən heç bir sübutun məhkəməyə təqdim edilməməsinə, cavabdehin əynində olmasını əks etdirən foto görüntülərdə olan bütün əşyaların mövcudluğunu cavabdehin qəbul etməsinə əhəmiyyət verməmişdir. Mövcudluğu mübahisələndirilməyən və iddiaçı tərəfindən tələb edilən əşyaların məhz iddiaçıya məxsus olmasını təsdiq edən kifayət qədər sübutların mövcudluğuna, cavabdehin isə həmin əşyaların iddiaçıya deyil, ona və anasına məxsus olması ilə bağlı polisdə vermiş olduğu izahatlarına, lakin bununla bağlı heç bir sübut təqdim edə bilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi işə birtərəfli yanaşmış, qeyd edilən xüsusatlarla işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir.

56. Məhkəmə kollegiyası İddiaçı (Məmmədova) apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

57. Belə ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, Mülki Məcəllənin 157.2-ci maddəsində sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.

58. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

59. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı (Məmmədova) iddia ərizəsində və apelyasiya şikayətində göstərdiklərini təsdiq edən mötəbər sübutları ya birinci instansiya məhkəməsinə, ya da ki, apelyasiya məhkəməsinə təqdim edə bilməmişdir. Apelyasiya şikayətində göstərilən dəlillər iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsinin qətnamsində kifayət qədər aydın və əsaslandırılmış qiymət verildiyindən və məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşdığından eyni əsaslarla apelyatorun dəlillərinin qiymətləndirilməsinə zərurət görmür.

60. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilik iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən müqavilələrin etibarsız olması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, müqavilələrin etibarsız olmasını sübut etməsi yükü iddiaçının üzərinə düşür.

62. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Göründüyü kimi iddiaçı apelyasiya şikayətində istinad etdikləri hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətdə göstərdikləri hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişlər.

64. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından və birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə artıq qiymət verildiyindən, həmin dəlilərə əlavə münasibət bildirməyi zəruri hesab etmir.

65. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

66. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

67. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

68. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2225/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar