Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6480/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 54 saylı Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması, paya uyğun vəsaitin verilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ rayon Мəhkəməsinin 2(002)-170/2021 saylı iş üzrə qəbul etdiyi 27 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 54 saylı Notariat ofisinə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı səhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən, əmlak kompleksi kimi müəssisənin ünvan 24 reyestr nömrə ilə qeydiyyatdan keçirilməklə Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair 25.08.2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və Bakı səhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən, əmlak kompleksi kimi müəssisənin 25%-nə onun mülkiyyət hüququmun tanınması və həmin əmlakın açıq hərracdan satılmaqla əldə edilən vəsaitlərin 25%-nin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəfindən Cavabdeh1 qarşı mülkiyyət hüququnun tanınmasına dair iddia qaldırılaraq, Bakı səhəri, Salyan şosesinin 18 ünvanda yerləşən, 2309 kv.m. ümumi sahədən, 1543.9 kv.m. köməkçi sahədən ibarət olan “Mayak” avtotexniki xidmət stansiyasının 25%-nə onun mülkiyyət hüququnun tanınması və həmin əmlakın açıq hərracdan satılmaqla əldə edilən vəsaitlərin 25%-nin ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi məhkəməyə təqdim ediləndən sonra verilmiş vəkil sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 19.10.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Bakı səhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən, əmlak kompleksi kimi müəssisə 20 saylı DNK-nın 02.09.2006-cı il tarixli 4Ə/1-138 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 04.11.2006-cı il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin 54 saylı DNK-nın 4Ə/374 reyestr nömrəli 25.08.2020-ci il tarixli bağışlama ıviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir”. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, Cavabdeh1 tərəfindən yuxarıda qeyd edilən mülkiyyət hüququna dair çıxarışın arxa hissəsində yazılmaqla imzalanmış 17.12.2009-cu il tarixli qəbzlə o, təsdiq etmişdir ki: “Bununla təsdiq edirəm ki, cənab İddiaçı ilə Cavabdeh1 arasında olan razılaşmaya əsasən, göstərilən obyektin 25% (iyirmi beş faizi) cənab İddiaçı məxsusdur, realizə edilməsindən sonra bundan irəli gələn bütün nəticələrlə. ” Belə olan halda həmin əmlak onun razılığı olmadan özgəninkiləşdirilə bilməzdi, Həmçinin nəzərə almaq lazımdır ki, mübahisəli əmlakın tələm-tələsik Cavabdeh2 (yəni, öz bacısına) özgəninkiləşdirilməsi məhz mənim həmin əmlakı ondan tələb etməyimdən dərhal sonra baş vermişdir ki, bu da Cavabdeh1 onun qarşısında olan öhdəliklərindən süni surətdə yayınmaq məqsədi daşıyır. Onun payı olan daşınmaz əmlak Cavabdeh1 tərəfindən bağışlana bilməzdi. Bakı şəhəri Qaradağ rayon Мəhkəməsinin 2(002)-170/2021 saylı iş üzrə qəbul etdiyi 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağışlama müqaviləsinin etibarsızlığı hazırki mübahisədə əsas tələb kimi deyil, törəmə tələb kimi çıxış edir. Belə ki, iddia tələbləri ilk öncə həmin əmlakın 25 faizi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına istinad edilməklə həmin hüququn tanınması və həmin əmlakın sonradan onun razılğı olmadan bağışlanmasının etibarsız hesab edilməsindən ibarətdir. Bundan başqa Cavabdeh1 çıxarışın arxa hissəsinə yazmaqla imzalanmış 17.12.2009-cu il tarixli qəbzlə o, təsdiq etmişdir ki: “Bununla təsdiq edirəm ki, cənab İddiaçı ilə Cavabdeh1 arasında olan razılaşmaya əsasən, göstərilən obyektin 25% (iyirmi beş faizi) cənab İddiaçı məxsusdur, realizə edilməsindən sonra bundan irəli gələn bütün nəticələrlə”. Həmin qəbzin Cavabdeh1 tərəfindən yazılması və imzalanması işin mübahisələndirilməyən hallarıdır. Göründüyü kimi əmlakın 25 faizinin iddiaçıya verilməsi barədə əqd-qəbz əhəmiyyətsiz əqd olmamışdır. Cavabdeh1 isə etibarlı olmasını mübahisələndirmədiyi əqdin mövcudluğunu bilsə də həmin əmlaka iddiaçının da hüququnun olduğunu nəzərə almadan onu tələm-tələsik öz bacısına bağışlamışdır. Bundan əlavə F.Ağaye öz mülkiyyətində olan əmlakın 25 faizini iddiaçıya verilməsinə dair sərbəst iradə ifadəsini öz imzası ilə təsdiq etmişdir və bu hal məhkəmədə də mübahisələndirilməmişdir, yəni faktiki olaraq həmin əqdin bəyənilməsi də baş vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Bakı şəhəri 54 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya cavabdeh Bakı şəhəri 54 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* № li Çıxarışının məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə ("Mayak" avtotexniki xidmət i müəssisəsi) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 № li reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır, qeydiyyat tarixi 07.11.2006-cı il kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 25.08.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 Bakı şəhəri Qaradağ rayonu, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 2309 kv\m olan əmlak kompleksi kimi müəssisəni ("Mayak" avtotexniki xidməti müəssisəsi) hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ rayonu, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 2309 kv\m olan əmlak kompleksi kimi müəssisə ("Mayak" avtotexniki xidməti müəssisəsi) üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Baki Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 adına Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sahil küçəsi, 3 saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Qaradağ rayonu, ünvan 6 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə 20 saylı DNK-nın 02.09.2006-cı il tarixli 4Ə/1-138 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 34.11.2006-cı il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin 54 saylı DNK-nın 4Ə/374 reyestr nömrəli 25.08.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. İş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan əmlaka dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 25.08.2020-ci il tarixli bağışlama müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsaəsn hədiyyə verən qismində Cavabdeh1 tam mülkiyyət hüququ əsasında ona məxsus olan müvafiq əmlakı hədiyyə alan qismində çıxış edən Cavabdeh2 bağışlamış, əmlaka dair mülkiyyət hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hazırda mübahisə predmeti olan əmlakın mülkiyyətçisi qismində Cavabdeh2 çıxış edir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, ilk öncə iddia tələbinin - onun paya mülkiyyət hüququnun tanınması və payın açıq hərracdan satılaraq paya uyğun vəsaitinin alınması hissəsinə qiymət verilməli idi. İddiaçı tələbinin qeyd olunan hissəsi ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, Cavabdeh1 çıxarışın arxa hissəsinə 17.12.2009-cu il tarixli qəbzlə o, təsdiq etmişdir ki: “Bununla təsdiq edirəm ki, cənab İddiaçı ilə Cavabdeh1 arasında olan razılaşmaya əsasən, göstərilən obyektin 25% (iyirmi beş faizi) cənab İddiaçı məxsusdur, realizə edilməsindən sonra bundan irəli gələn bütün nəticələrlə” yazaraq imza etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi zamanı iddiaçının müvafiq bağışlama müqaviləsinin predmeti qismində çıxış edən əmlaka dair hər hansı pay hüququnun olması halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı şəhəri Qaradağ rayonu, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 2309 kv\m olan əmlak kompleksi kimi müəssisəsinə ("Mayak" avtotexniki xidməti müəssisəsi) dair verilmiş çıxarışın arxa tərəfində Cavabdeh1 tərəfindən edilmiş qeydlər həmin əmlaka dair iddiaçının pay hüququnun yaranması demək deyil. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlaka dair hüquq barəsində əqd notarial qaydada təsdiq edilməli və bu hüquq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır. Lakin iddiaçının mübahisə predmeti olan əmlaka dair pay hüququnun olmasına dair tərəflər arasında hər hansı notarial qaydada təsdiq edilmiş əqdin bağlanılması halı, habelə paya dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair heç bir hal aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının mübahisə predmeti olan əmlakın paya mülkiyyət hüququnun tanınması və payın açıq hərracdan satılaraq paya uyğun vəsaitinin alınması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 394-cü maddəsiə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Digər tərəfdən hazırki mülki iş üzrə iddiaçı müvafiq bağışlama müqaviləsini mübahisələndirmək hüququna malik olmamışdır. Belə ki, müqavilə onun bağlanmasında iştirak edən tərəflərin razılaşmasına dair iradə ifadəsinin nəticəsi kimi ortaya çıxır, həmin müqvailə şərtləri məhz onun bağlayan tərəflər üçün məcburi davranış qaydası kimi çıxış edir və ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ məhz müqavilə tərəflərinə aid olan hüquqdur. Belə ki, Mülki qanunvericiliyin müvafiq normasında (Mülki Məcəllənin 337.2-ci maddəsi) qeyd edilmişdir ki, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Göründüyü kimi, müvafiq normada "müqavilənin digər tərəfi" ifadəsi işlədildiyindən, müqaviləni mübahisələndirmək hüququnun məhz müqavilənin tərəflərinə aid olmasını ehtiva edir. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Müvafiq normada “müqavilənin digər tərəfinə” ifadəsini qeyd edilməklə qanunvericilikdə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini məyyən edilmişdir. Başqa sözlə, müqavilə məhz onu bağlayan tərəflər üçün hüquq və vəzifələr yaradır. Lakin bununla yanaşı, müvafqi noramada müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmamışdır. Müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə (maraqlarına) toxunmuş olsun. İndiki halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki mülki iş üzrə mübahisə predmeti olan müvafiq bağışlama müqaviləsinin tərəfi olmadığından, ilk növbədə həmin müqavilənin onun hüqqularına, qanunla qorunan mənafeyinə, maraqlarına toxunubtoxunmaması halınn olduğu müəyyən edilməlidir. Hazırki mülki iş üzrə mübahisə predmeti olan bağışlama müqaviləsi məhz hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlməklə, müqavilənin nəticəsi olaraq, hədiyyə alanla hədiyyə verən arasında öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir və həmin müqavilədən irəli gələn hüquq və vəzifələr məhz müqavilə tərəflərinə aid olmuşdur. Müvafiq bağışlama müqaviləsi və həmin müqvailədən əmələ gələn öhdəlik hüquq münasibətlərinin iddiaçının hüquq və maraqlarına toxunması halı müəyyən edilməmişdir. Belə ki, iddiaçının müvafiq bağışlama müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətlərinin subyekti-hədiyyə verən və ya hədiyyə alan qismində çıxış etməsi, həmin hüquq münasibətlərinin obyekti qismində çıxış edən əmlaka dair hər hansı hüququ müəyyən edilmədiyindən, habelə iddiaçı barəsində həmin hüquq münasibətlərindən irəli gələn hər hansı hüquq və vəzifəsi müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq belə hesab etmişdir ki, iddiaçının müvafiq bağışlama müqaviləsinin onun maraqlarına toxunan şəxs kimi həmin müqvailəni mübahisələndirmək hüququ mövcud olmamışdır. Göründüyü kimi iddiaçının müvafiq bağışlama müqaviləsini mübahisələndirmək hüququ olmadığından birinci instansiya məhkəməsi iddia tələbi rədd olunması barədə haqlı nəticəyə gəlmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 2(002)-170/2021 saylı iş üzrə qəbul etdiyi 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6480/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6480/2021
14.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver