Məhkəmə qərarları › İş №2(103)-6493/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6493/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6493/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-280/2024 saylı, 25 sentyabr 2024cü il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, F.Bayramov küçəsi, məhəllə 1156, 4 saylı korpusda yerləşən, 17 saylı mənzillə bağlı (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 32, M6, 5 saylı mənzil) cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin mənzilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi; İddiaçı məxsus olan mənzilin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur, iş üzrə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məhkəmə hazırlıq iclasları keçirilmiş, xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə baxış iclası keçirilmiş, sonuncu iclasda iş üzrə məhkəmə-xətşünaslıq və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilərək, iş üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə iclasdan sonra iddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət etmişdir. İş üzrə icraat dayandırılaraq ekspertiza təyin olunduğundan, həmin ərizənin icraata qəbul olunması məsələsinə iş üzrə icraatın təzələnməsindən sonra xx.xx.2024-cü il tarixli iclasda baxılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-280/2024 saylı, 25 sentyabr 2024cü il tarixli qərardadı ilə iddiaçı X2 vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilərək, ərizə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia tələblərinin həcminin artırılması barədə ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Kompani MMC-yə qarşı qaldırdığı iddia tələbinin predmetini Bakı şəhəri, F.Bayramov küçəsi məhəllə 1156, 4 saylı korpusda yerləşən, 17 saylı mənzil - Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 32, M6, 5 saylı mənzillə bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 19 nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2017-ci il tarixli maliyyə arayışı təşkil edir. Məhkəmə prosesinin gedişatı zamanı Bakı şəhəri, F.Bayramov küçəsi məhəllə 1156, 4 saylı korpusda yerləşən, 17 saylı mənzil - Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 32, M6, 5 saylı mənzilə dair X3 ilə Cavabdeh2 MMC arasında 17 yanvar 2007-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığı məlum olmuşdur. Buna görə də, məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(011) 5945/2023 saylı qərardadı ilə Cavabdeh2 MMC ilə X3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 19 nömrəli müqavilənin əsli iş materiallarında olmadığından, həmin müqavilənin etibarlılığı iddia tələbləri ilə mübahisələndirildiyindən həmin müqavilənin alınması işin araşdırılması baxımından əhəmiyyətli olduğundan, qərara alınmışdır ki Cavabdeh2 MMC ilə X3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 19 nömrəli müqavilənin əsli Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilsin; qərardadın icrası Cavabdeh2 MMC-nə (VÖEN: **********) həvalə edilsin. Cavabdeh2 MMC ilə X3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 19 nömrəli müqavilənin əsli məhkəməyə məhkəmənin baxış iclasında təqdim edildiyindən, iddiaçı məhkəmənin baxış iclasında iddia tələbinin həcminin artırılmasına dair ərizə vermişdir. Lakin, buna baxmayaraq, məhkəmə iddia tələbinin həcminin artırılması barədə ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Cavabdeh2 MMC ilə X3 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilənin surəti cavabdehin vəkili Vəkil2 tərəfindən elektron kabinetə xx.xx.2023cü il tarixdə yüklənsə belə, müqavilənin əsli iş materiallarında olmadığından mülki prosessual qanunvericiliyin tələbləri baxımından o, mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçının müqavilənin etibarsızlığını tələb etməsi üçün ilk növbədə həmin müqavilənin əslinin mövcud olub-olmaması təsdiq edilməli idi. Müqavilənin surətinin elektron kabinetə yüklənməsi, onun mötəbər sübut hesab edilməsi anlamına gəlmir. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 19 nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığının araşdırılması üçün daha əvvəl Cavabdeh2 MMC ilə X3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin də araşdırılması zəruridir. Qeyd olunanlar iddia tələbinin həcminin artırılması üçün əsasdır və göstərir ki, iddia tələbinin həcminin artırılması üçün ərizənin verilməsi zərurəti məhkəmənin baxış iclası gedişatında yaranmışdır. Eyni zamanda sübut etməyə ehtiyac yoxdur ki, hər hansı yazılı əqdin “müqavilə” hesab edilməsi üçün digər şərtlərlə yanaşı, əqdin subyektləri tərəfindən imzalanması şərti də imperativ tələbdir və əsli təqdim edilməyən, yəni, əqd subyektlərinin imzalarının əslinin olub-olmadığını müəyyən edilmədən, nə məhkəmə, nə də işdə iştirak edən digər tərəf həmin sənədi “əsl” sənəd kimi qəbul etmək məcburiyyətində deyil. Məhkəmənin mövqeyindən isə belə çıxır ki, məhkəmə təqdim edilmiş kserosurətə əvvəlcədən mötəbərlik və həqiqilik statusu verməklə, iddiaçının da bu mövqedən çıxış etməsini tələb edir. Lakin, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müqavilənin əslinin məhkəmənin baxış iclasında təqdim edilməsini nəzərə almamış, bununla da, işin ədalətli və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Cavabdeh2 MMC ilə X5 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 19 nömrəli müqavilə ilə bağlı ayrıca tələb qaldırılması və hər iki işin bir icraatda birləşdirilməsi ilə bağlı ərizə verilməsi mümkündür. Lakin, bu məhkəmənin iş yükünün artırılmasına, eyni zamanda, işin lüzumsuz uzadılmasına gətirib çıxaracaq ki, bu da tərəflərindən arzu olunan deyildir. Belə ki, xx.xx.2017-ci il tarixli müqavilənin etibarsızlığına dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə xx.xx.2007-ci il tarixli müqavilənin etibarlılığını müəyyən etməlidir. Məhkəmə həmin vəzifəni yerinə yetirməməklə, tələbin qanuni və əsaslı olmasına lazımi hüquqi qiymət verməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-280/2024 saylı, 21 oktyabr 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından görünür ki, iddia tələbi- Bakı şəhəri, F.Bayramov küçəsi, məhəllə 1156, 4 saylı korpusda yerləşən, 17 saylı mənzillə bağlı (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 32, M6, 5 saylı mənzil) cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin mənzilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi; İddiaçı məxsus olan mənzilin boşaldılaraq, iddiaçıya təhvil verilməsindən ibarət olmuşdur. Həmçinin müəyyən edilir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur, iş üzrə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məhkəmə hazırlıq iclasları keçirilmiş, xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə baxış iclası keçirilmiş, sonuncu iclasda iş üzrə məhkəmə-xətşünaslıq və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilərək, iş üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə iclasdan sonra iddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət etmişdir. Belə ki, iddia tələblərinin artırılması barədə ərizə ilə iddiaçı əvvəlki tələblərinə əlavə olaraq Cavabdeh2 MMC ilə X4 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsızlığını da tələb etmişdir. Göründüyü kimi, iddiaçı tərəf məhkəmə baxışı zamanı iddia tələbinin həcmini artırmışdır. Belə olan halda da qanunvericiliyin tələbləri baxımından iddiaçı bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması və ya bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmamasını əsaslandırmalı idi. Lakin iş materiallarından görünür ki, Cavabdeh2 MMC ilə X4 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilənin surəti cavabdehin vəkili Vəkil2 tərəfindən elektron kabinetə xx.xx.2023-cü il tarixdə yüklənmişdir. Göründüyü kimi Cavabdeh2 MMC ilə X4 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilənin mövcudluğuna dair hallar işin əvvəlki mərhələlərində də bəlli olmuşdur. İddiaçı şikayətində isə Cavabdeh2 MMC ilə X4 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilənin surətinin elektron kabinetə yüklənməsinə istinad etməklə qeyd etmişdir ki, iddiaçının müqavilənin etibarsızlığını tələb etməsi üçün ilk növbədə həmin müqavilənin əslinin mövcud olub-olmaması təsdiq edilməli idi. Bu baxımdan da məhkəmə qərardadına əsasən qeyd olunan müqavilənin əsli tələb edildikdən sonra iddia tələbinin həcmi artırılmışdır. Məhkəmə kollegiyası iddiaçı tərəfin bu dəlilləri ilə razılaşmır. Belə ki, MPM-nin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir, lakin hazırki vəziyyətdə iddiaçı tərəfin qeyd olunan müqavilədən məlumatı olmuşdur. Belə olan halda iddiaçı tələbin həcmini artırmaqla müqavilənin əslinin təqdim edilməsini tələb edə bilərdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə tələbinin işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində verməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını və ya bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyini əsaslandıra bilmədiyindən birinci instansiya məhkəməsi ərizənin icraata qəbulundan imtina edilməsi və ərizənin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-280/2024 saylı, 25 sentyabr 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar