Məhkəmə qərarları › İş №2(103)-6510/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6510/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6510/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(011)-41/2021 saylı qətnaməsindən iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-si cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə ******* ABŞ dolları əsas, 40250.01ABŞ dolları faiz olmaqla, cəmi 2340250.01 ABŞ dolları borcun, bu iddianın qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin cavabdehlər Cavabdeh4 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 96 saylı bağı evinə, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 94 saylı evinə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1441b saylı bağ sahəsinə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1440a saylı bağ sahəsinə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsi, 72-də yerləşən 0,003 ha sahədən ibarət olan torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakların satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsi, əmlaklar satıldıqdan sonra cavabdehlər Cavabdeh6 ilə Cavabdeh5 və mənzildə qeydiyyatda olan və ya yaşayan digər şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən ən geci 1 ay ərzində çıxarılmaları və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı ASCnin arasında bağlanmış 10 aprel 2018-ci il tarixli, 116/18 saylı kredit xətti müqaviləsi üzrə eyni tarixli, 01 saylı kredit razılaşmasına əsasən ona 12 ay müddətinə illik 7 faiz ödəmək şərtilə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi: Cavabdeh4 ilə İddiaçı ASC-nin arasında bağlanmış 10 aprel 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 96 saylı bağı evi; Cavabdeh3 ilə İddiaçı ASC-nin arasında bağlanmış eyni tarixli sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 94 saylı ev; Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış eyni tarixli, sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1441b saylı bağ sahəsi; Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış eyni tarixli, sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1440a saylı bağ sahəsi; Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış eyni tarixli, sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsi, 72-də yerləşən 0,003 ha sahədən ibarət olan torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq olunmuş və AR DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka ******* ABŞ dolları əsas, 40250,01 ABŞ dolları faiz olmaqla, cəmi 2340250,01 ABŞ dolları borcu yaranmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(011)-41/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən kredit müqaviləsi üzrə 2.300.000 ABŞ dolları əsas borc, 40250,01 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.340250.01 ABŞ dolları borc məbləği (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 30 manat dövlət rüsumu, bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara-Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 96 saylı bağ evi ilkin (likvid) qiyməti 230.000 manat olmaqla; Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 94 saylı evi ilkin (likvid) qiyməti 650.000 manat olmaqla; Cavabdeh2 məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 1441b saylı bağ sahəsi ilkin (likvid) qiyməti 100.000 manat olmaqla; Cavabdeh2 məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 1440a saylı bağ sahəsi (0.1128 ha) ilkin (likvid) qiyməti 140.000 manat olmaqla; Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi ilkin (likvid) qiyməti 39.000 manat olmaqla yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh "xxxx" MMC-nin banka olan borcunun ödənilməsi, ipotekaya qoyulmuş əmlaklara tutma yönəldikdən sonra əmlaklar satıldıqda ən geci 1 ay ərzində əmlaklarda qeydiyyatda olan Cavabdeh6 ilə Cavabdeh5 və mənzildə qeydiyyatda olan və ya yaşayan digər şəxslərin mənzildən çıxarılması,iddia qalan hissələrdə, yəni “əmlaklar satıldıqdan sonra cavabdehlər Cavabdeh6 ilə Cavabdeh5 və mənzildə qeydiyyatda olan və ya yaşayan digər şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi və iddia tələbi əmlakların satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsi ” hissələrində təmin edilməməsi, iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinə görə mühasibatlıq ekspertizasının xərci qismində 200 manatın 50%, yəni 100 manat iddiaçıdan, qalan 50%, yəni 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına, məhkəmə-qiymətləndirmə ekspertizasınınxərci qismində 1000 manatın 50% cavabdeh "xxxx" MMC-dən, qalan 50% iddiaçıdan tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-dəki hesabına ödənilməsi qət olunmuşdur. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(011)-41/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın baxılmamış saxlanması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC- nin "xxxx" MMC ilə bağlanmış 10 aprel 2018-ci il tarixli, 116/18 saylı kredit xətti müqaviləsi üzrə eyni tarixli, 01 saylı kredit razılaşmasına əsasən ona 12 ay müddətinə illik 7 faiz ödəmək şərtilə ******* ABŞ dolları məbləğində kredit xətti kredit xətti açılmışdır. Müəssisə tərəfindən ilkin aylar üzrə ödənişlər aparılmışdır. Sonradan isə mövcud olan devolivasiya nəticəsində və eyni zamanda şirkətin işlərinin yaxşı getmədiyindən kredit borcunu ödəməkdə çətinlik çəkmişlər. Bununla əlaqədar olaraq İddiaçı ASC şirkətə qarşı borc məbləğinin ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyini əsas tutaraq tərəflər arasında kredit müqaviləsinin məhkəmədən müqavilənin ləğv edilməsini xahiş etmədən tam borcu tələb etmiş və bununla əlaqədar olaraq məhkəmədə iddia qaldırmışdır. İddiaçının hazırki iddia tələbində bağlanmış kredit müqaviləsi üzrə İddiaçı ASC vaxtından əvvəl şirkətdən və digər cavabdehlərdən borcunu tələb etmişdir. İddiaçı tərəfindən şirkətdən borcun vaxtından əvvəl tələb edilməsi barədə şirkətə rəsmi qaydada məlumat verilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən kredit borcu barədə xəbərdarlıq məktubu iddia ərizəsinə əlavə edilməmiş, həmin məktubun şirkətə və digər cavabdehlərə qanunvericiliklə müəyyən edilmiş qaydada çatdırılması və həmin xəbərdalıq məktubunun tərəfindən alınmasına dair sübut (xəbərnamə və ya qəbz) iş materiallarına əlavə edilməmiş və birinci instansiya məhkəməsi bu hallara qiymət verməmiş və ümumiyyətlə bu məsələni araşdırmamışdır. Beləliklə bununla da müəyyən olunur ki, Qanunda nəzərdə tutulmuş qaydada mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirəm ki, müqavilə üzrə kredit 01 aprel 2021-ə ABŞ dollarında verilmişdir. Həmin kredit götürüldüyü anda Azərbaycan Respublikasının Mərkəzi Bankı manatın dünyanın ən sabit valyutası olduğunu bəyan edir və milli valyutamızın möhkəmliyinin təmin ediləcəyinə söz verirdi. Lakin məlum olduğu kimi, 2015-ci ildə manat iki dəfə (21 fevral və 21 dekabr) və ikiqat devalvasiyaya məruz qaldı. Yəni Azərbaycan Respublikasının Mərkəzi Bankı milli valyutamızı dəyərdən saldı, onun sabitliyini məhv etdi. Beləliklə də, vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. birinci instansiya məhkəməsinin qərəzli hərəkətidir. Fikrimcə bu da məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Şıxıyeva Aynur Vaqif qızı apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbi və apellyasiya şikayətinə etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə sinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki,apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(011)-41/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 10.04.2018-ci il tarixli kredit xətti müqaviləsi üzrə 01№-li Kredit razılaşmasından görünür ki, İddiaçı MMC-si tərəfindən illik 7 % olmaqla 12 ay müddətinə "xxxx" MMC-yə ******* ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə "xxxx" MMC və Cavabdeh4 arasında bağlanmış 10.04.2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 96 saylı bağı evi bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 270000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 96 saylı bağ evinin 03 noyabr 2020-ci il tarixinə bazar dəyəri 270 000 manat, likvid dəyəri 230.000 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə "xxxx" MMC və Cavabdeh3 arasında bağlanmış 10.04.2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 94 saylı ev bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 800000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 94 saylıbağ evinin 03 noyabr 2020-ci il tarixinə bazar dəyəri 800 000 manat, likvid dəyəri 650.000 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 10.04.2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 1441b (0.08 ha sahədən ibarət fərdi yaşayış üçün nəzərdə tutulmuş torpaq sahəsi) bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 120000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 1441b saylı bağ sahəsinin(0.08 ha torpaq sahəsi) 03 noyabr 2020-ci il tarixinə bazar dəyəri 120 000 manat, likvid dəyəri 100.000 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 10.04.2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 1440a (0.1128 ha sahədən ibarət fərdi yaşayış üçün nəzərdə tutulmuş torpaq sahəsi) bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 169000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 1440a saylı bağ sahəsinin(0.1128 ha torpaq sahəsi) 03 noyabr 2020-ci il tarixinə bazar dəyəri 170 000 manat, likvid dəyəri 140.000 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 10.04.2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Rafael Cəfərov küçəsi 72 (0.03 ha sahədən ibarət fərdi yaşayış üçün nəzərdə tutulmuş torpaq sahəsi) bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 45000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rafael Cəfərov küçəsi 72 ünvanda yerləşən 0.03 ha torpaq sahəsinin 03 noyabr 2020-ci il tarixinə bazar dəyəri 45 000 manat, likvid dəyəri 39.000 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC-si tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ərizələrdən görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizələr ipoteka qoyana göndərilmişdir. İş materiallarında olan İddiaçıSC-nin cavabdehlərə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank, cavabdehlərə borcun ödənilməsini təklif etmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 noyabr 2019-cu il tarixli, 27383 nömrəli rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan çıxarış (c.i.v.-15) məlumatları və 10 aprel 2018-ci il tarixli, 116/18 saylı kredit xətti müqaviləsinin şərtlərinə müvafiq olaraq "xxxx" MMC-nin 10 aprel 2019-cu il tarixinə (müqavilə müddətinin sonuna) banka olan borcu 2.340.249.95 ABŞ dolları məbləğində müəyyən olunmuş, o cümlədən əsas borc üzrə 2.299.999.96 ABŞ dolları, faiz borcu üzrə 40.249.99 ABŞ dolları. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, işin faktiki hallarından görünür ki, kredit xətti və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan "xxxx" MMC kredit xətti müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit xətti müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka qoyanların mülkiyətində olan və ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsini tələb etməkdə haqlıdır. Kollegiya hesab edir ki, məhkəmə iddia tələbi üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissədə də, düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən maddi hüquq normasının tələbinə əməl etmiş və düzgün nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin mənasına görə, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmə, qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir; ilkin satış qiyməti isə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilir”. Kollegiya yuxarıda qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Kolegiya hesab edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra Cavabdeh6 və Cavabdeh5 və ya digər şəxslərin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədiklərində və yaşayış sahəsindən çıxmadıqlarında həmin şəxslər mənzildən məcburi qaydada çıxarılmalıdır. Bununla yanaşı məhkəmə hesab emişdir ki, əmlaklar satıldıqdan sonra cavabdehlər Cavabdeh6 ilə Cavabdeh5 və mənzildə qeydiyyatda olan və ya yaşayan digər şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, mülki qanunvericiliyə görə həmin tələbləri qaldırmaq hüququ mülkiyyətçiyə məxsus olan hüquq olduğundan, həmin mənzil hələ ki, bankın mülkiyyətində olmadığından, iddiaçının həmin tələbləri qaldırmaqla bağlı subyektiv hüququ mövcud deyil. Kollegiya apellyatorun iddiaçı tərəfindən şirkətdən borcun vaxtından əvvəl tələb edilməsi barədə şirkətə rəsmi qaydada məlumat verilməsinə dair sübutun məhkəməyə təqdim edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən 02.05.2019-cu il tarixdə "xxxx" MMC-yə onun hüquqi ünvanı olan ünvan 3 ünvanlanmış, həmin məktubun "xxxx" MMC tərəfindən alınması 129677 saylı qaimə isə təsdiq olunur. Buna görə də, apellyatorun AR MPM-nin 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. Kollegiya apellyatorun məhkəmədən müqavilənin ləğv edilməsini xahiş etmədən tam borcu tələb etməsi ilə bağlı dəlilini əsassız hesab edərək, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. İş materiallarından da göründüyü kimi, 10.04.2018-ci il tarixli kredit xətti müqaviləsi üzrə 01№-li Kredit razılaşmasına əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması ilə bağlı şərt nəzərdə tutulmadığından, həmin müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər, yəni 10 aprel 2019-cu il tarixədək qüvvədə olmuş, müqavilənin qüvvədə olma müddətinin bitməsindən iki ay sonra 04.06.2019-cu il tarixdə iddiaçı tərəf hazırki iddia tələbi məhkəməyə müraciət etmişdir. Belə olan halda müqavilənin ləğvinin tələb olunmasına zərurət yaranmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında həmçinin qeyd olunmuşdur ki, bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kollegiya apellyatorun kreditin dollarla verilməsi, manatın devalvasiyaya məruz qalması, vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 sentyabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(011)- 41/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar