Məhkəmə qərarları › İş №2(103)-6511/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6511/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6511/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Ceyhun Paşalının iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin icra edilməsi barədə” ilk iddiasına, Cavabdeh MMC-nin İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə 18.04.2019-cu il tarixli müqavilə ilə bağlıdır. Müqaviləyə görə iddiaçının sahiblik etdiyi, ünvan 1 ünvanında yerləşən 12,92 kv.m 1 otaqlı mənzil cavabdeh tərəfindən sökülməli, həmin ərazidə yeni yaşayış binası tikilməli və iddiaçıya 30 kv.m tam təmirli mənzil verilməlidir. O cümlədən müqaviləyə görə yeni binanın tikintisi başa çatana kimi başqa yerdə müvəqqəti yaşayışla əlaqədar kirayə xərcinin ödənilməsi üçün cavabdeh tərəfindən iddiaçıya hər ay 300 manat ödənilməlidir. Tələb və onun həlli: İşdə 2 iddia var. İlk iddia ərizəsində tələb olunub ki, 18.04.2019-cu il tarixli müqavilə üzrə öhdəlik icra olunsun, yəni sökülmüş yaşayış sahəsinin əvəzində yaşayış sahəsi verilsin və kirayə xərcinin əvəzi ödənilsin. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, həmin müqavilə etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, ilk iddia qismən təmin olunsun, iddiaçının yaşadığı və sökülmüş yaşayış sahəsinin – ünvan 1 ünvanında yerləşən, sahəsi 12,92 kv.m təşkil edən 1 otaqlı mənzilin əvəzinə ona 30 kv.m tam təmirli mənzilin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun, ilk iddianın kirayə xərcinə aid hissəsi təmin edilməsin, qarşılıqlı iddia ümumiyyətlə təmin edilməsin. Şikayət və izahatlar: İşdə 2 apellyasiya şikayəti var. İddaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddiadakı kirayə xərcinə aid hissədə ləğv edilsin və kirayə xərcinin ödənilməsi barədə tələb təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən hər bir tərəf özünün apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Nərimanov RM qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, cavabdeh müqavilənin etibarsız sayılmasını ona görə tələb edir ki, iddiaçı sökülmüş yaşayış sahəsinin mülkiyyətçisi deyil. Lakin bu hal müqavilənin etibarsız sayılmasına 3 səbəbdən əsas ola bilməz: 1-ci, mülkiyyətçi olmayan şəxsə belə müqavilənin bağlanmasını qadağan edən norma qanunvericilikdə yoxdur. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 2-ci, müqavilə bağlanan zamanı iddiaçı həmin yaşayış sahəsinə sahiblik edib, hər hansı səlahiyyətli şəxs iddiaçının sahəni zəbt etdiyini iddia etməyib, o cümlədən cavabdeh iddiaçının sahəni zəbt etdiyini təsdiq edən sübut təqdim etməyib. 3-cü, müqavilə bağlanan zaman cavabdeh iddiaçının yaşayış sahəsinin mülkiyyətçisi olmadığını bilirdi, yəni iddiaçı cavabdehin aldadılmasına yönələn hərəkət və ya hərəkətsizlik etməyib. Odur ki, müqavilənin etibarsız sayılması üçün Mülki Məcəllənin 339.2-ci maddəsində müəyyən edilmiş əsas yoxdur. Nərimanov RM ilk iddiada irəli sürülən tələbi təmin etməklə, yəni inşa olunan yeni binada iddiaçıya yaşayış sahəsi vermək vəzifəsini cavabdehin üzərinə qoymaqla düzgün nəticəyə gəlib. Bu nəticə müqavilənin 1.1-ci bəndindəki şərtə və Mülki Məcəllənin 385 və 425-ci maddələrinin göstərişlərinə uyğundur,. Nərimanov RM ilk iddiada irəli sürülən digər tələbi - kirayə xərcinin əvəzinin ödənilməsi barədə tələbi rədd edilməklə səhv nəticəyə gəlib. Belə ki, cavabdehin bu xərcə görə hər ay 300 manat ödəmək vəzifəsi müqavilədə razılaşdırılıb. Müəyyən olunur ki, cavabdeh 01.03.2020-ci il tarixdən etibarən bu xərcin əvəzini ödəmir. Cavabdehin özü də bu halı etiraf edir. İddiaçı hazırkı iş üzrə 19.04.2021-ci il tarixədək kirayə xərcinin ödənilməsini tələb edib. Odur ki, məhkəmə müqavilənin 2.1.2-ci bəndindəki şərtə və Mülki Məcəllənin 385 və 425-ci maddələrinin göstərişlərinə əsalanaraq hesab edir ki, Nərimanov RM-nin qətnaməsi həmin hissədə ləğv edilməli, kirayə xərcinin əvəzinin ödənilməsi barədə tələb təmin olunmalı, 01.03.2020-ci il tarixdən 01.04.2021-ci il tarixədək ödənilməmiş kirayə xərci kimi 3.600 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti rədd edilsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli qətnaməsi ilk iddiada irəli sürülən “kirayə xərcinin ödənilməsi barədə” tələbin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin tələb təmin olunsun. 01.03.2020-ci il tarixdən 01.04.2021-ci il tarixədək kirayə xərcinə görə 3.600 (üç min altı yüz) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı verilsin və ya onun kart hesabına köçürülsün. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar