Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6512/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-2809/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi xx.xx.2020‑ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli 1401 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh ASC-nin X1 direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən işə bərpa olunma tarixinədək aylıq 4.202 manat hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, mənəvi ziyanın əvəzi olaraq 8.000 manat, vəkilə ödənilmiş 160 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə əsasən Cavabdeh ASC-nin xx.xx.2015-ci il tarixli əmri ilə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 24 nömrəli müddətli əmək müqaviləsinə əsasən birinci 3 ayı sınaq müddəti hesab edilməklə bir il müddətinə, yəni xx.xx.2015-ci ildən xx.xx.2016-cı il tarixədək İddiaçı Cavabdeh ASC-nin X1 direktoru vəzifəsinə təyin edilmişdir. Tərəflər arasındakı münasibətlər davam etdiyinə görə müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə eyni müddətə uzadılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə 126 gün müddətinə növbəti analıq məzuniyyətinə getmişdir, xx.xx.2020-ci il tarixdə işə çıxmalı idi. xx.xx.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya zəng edilmiş və bildirilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işə çıxmalıdır, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə, müqavilənin müddətinin bitməsi əsası ilə xitam veriləcəkdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə iddiaçının rəsmi e-mail ünvanına Cavabdeh ASC-nin İnsan Resursları və Dəstək Xidmətləri Departamentinin mütəxəssisi Nigar Abbasova online məktub göndərərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixi iddiaçının rəsmi işə çıxma vaxtıdır. İddiaçı həmin məktubu xx.xx.2020-ci il tarixdə saat 10:29-da almışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə işə çıxmalı olsa da, həmin gün ərzində iş yerinə getməmişdir. Ən azından cavabdeh saat 18:00-a kimi işçinin işə gəlməsini gözləməli idi. Sonradan, iddiaçıya məlum olmuşdur ki, Cavabdeh ASC tərəfindən elektron sistemində xx.xx.2020-ci il tarixdə saat 17:51-də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi yerləşdirilmişdir. Daha sonra isə xx.xx.2020-ci il tarixdə saat 14:35-də Cavabdeh ASC iddiaçıya “Azari Express” çatdırılma servisinin kuryeri vasitəsi ilə əmək kitabçasının əslini göndərmişdir. İddiaçı çatdırılma servisinin 194420 və 201176 nömrəli qaimələrinə xx.xx.2020ci il tarixdə saat 18:20-də imza etmiş və əmək kitabçasının əslini almışdır. Əmək kitabçasını oxuyarkən iddiaçıya məlum olmuşdur ki, Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli 1401 nömrəli əmri ilə onunla Cavabdeh ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. İddiaçı bu xəbəri alarkən, mənəvi sarsıntı keçirilmiş və onun halı pisləşmişdir. Bununla da iddiaçıya mənəvi zərər dəymişdir. Hesab edir ki, iddiaçının işdən çıxarılması ilə bağlı cavabehin hərəkətləri qanunsuzdur. Çünki, cavabdeh tərəfindən nəzərə alınmalı idi ki, iddiaçının himayəsində körpə uşaqları var və iddiaçı öz hüquqlarından istifadə etməklə ƏMnin 244-cü maddəsinə əsasən özdəsində üç yaşına qədər uşağı olduğuna görə gün ərzində 1 saat 30 dəqiqə gec gedə bilərdi. Həmçinin, ölkədə yayılmış (COVİD-19) xəstəliklə əlaqədar izolyasiya qaydalarına riayət etmişdir. Hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə iş yerinə faktiki gəldikdən sonra, cavabdeh onunla əmək müqaviləsinə xitam verə bilərdi. Lakin cavabdeh iddiaçının iş yerinə faktiki gəlməsini gözləmədən, onunla bağladığı əmək müqaviləsinə xitam verə bilməzdi. Həmçinin xx.xx.2020-ci il tarixə kimi iddiaçı işə çıxa bilsəydi, onunla bağlanmış əmək müqaviləsi artıq 5 il müddəti tamam olması əsası ilə müddətsiz müqavilə statusuna keçmiş olardı və bundan sonra onunla əmək müqaviləsinə xitam verilə bilməzdi. Lakin cavabdeh bu müddəti gözləmədən əmək müqaviləsinə xitam vermişdir. Əmək kitabçasını xx.xx.2020-ci il tarixdə iddiaçıya kuryer vasitəsilə təqdim etsə də, əmrin surəti verməmişdir. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-2809/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmdən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası izahatları apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin müəyyən edilmiş hallarına əsasən, Cavabdeh ASC-nin xx.xx.2015-ci il tarixli əmri ilə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 24 nömrəli müddətli əmək müqaviləsinə əsasən birinci 3 ayı sınaq müddəti hesab edilməklə bir il müddətinə, yəni xx.xx.2015-ci ildən xx.xx.2016-cı il tarixədək İddiaçı Cavabdeh ASC-nin Baş Ofisi, X1 direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə müqavilə eyni müddətə xx.xx.2017-ci il tarixədək uzadılmış hesab edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə 126 gün müddətinə analıq məzuniyyətinə getmişdir, xx.xx.2017-ci il tarixdə iddiaçı işə çıxmalı idi. Lakin doğuş çətin keçdiyinə görə, iddiaçıya əlavə 14 gün məzuniyyət verilmiş və işə çıxma vaxtı xx.xx.2017-ci il tarixi müəyyən edilmişdir. Lakin iddiaçı həmin vaxt işə çıxmamış, uşağa qulluq etmək üçün 219 gün müddətinə ödənişsiz sosial məzuniyyətə çıxmışdır, xx.xx.2018-ci il tarixdə iddiaçı işə çıxmalı idi. Lakin iddiaçı xx.xx.2018-ci il tarixdə işə çıxmamış və uşağa qulluğa görə əlavə olaraq 362 gün müddətinə ödənişsiz sosial məzuniyyətə çıxmışdır və xx.xx.2019-cu il tarixdə işə çıxmalı idi. Lakin iddiaçı xx.xx.2019-cu il tarixdə işə çıxmamış, əlavə 362 gün müddətinə ödənişsiz sosial məzuniyyətə çıxmışdır və xx.xx.2020-cu il tarixdə rəsmi qaydada işə çıxmalı idi. Lakin iddiaçı həmin ərafədə ikinci uşağa hamilə olduğundan, xx.xx.2019-cu il tarixdə növbəti dəfə 126 gün müddətinə analıq məzuniyyətinə getmişdir, analıq məzuniyyətinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir və iddiaçı xx.xx.2020-ci il tarixə rəsmi işə çıxmalı idi. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli 1401 nömrəli əmri ilə Cavabdeh ASC-nin Baş Ofisi, X1 direktoru İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin Xalidə Teyfuqovna ilə Cavabdeh ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələbinə uyğun olaraq xitam verilməsi barədə gəldiyi nəticə əsassız hesab edir. Belə ki, həmin maddədən göründüyü kimi işçi iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İş materiallarından da görünür ki, iddiaçının sosial məzuniyyəti xx.xx.2020-ci il tarixdə bitmiş və o, xx.xx.2020-ci il tarixdə işə çıxmalı olmuşdur. Lakin cavabdeh bank onun işə çıxmasını gözləmədən işçinin işə çıxmalı olduğu gün əmək müqaviləsinə xitam vermiş, bununlada Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçıyla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli 1401 nömrəli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh ASC-nin X1 direktoru vəzifəsinə bərpa olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İddiaçının 160 manat manat hüquqi xidmət haqqı tələbinə münasibətdə Kollegiya qeyd edir ki, “LCG” Vəkil Bürosu ilə iddiaçı arasında hüquq xidmət müqaviləsi bağlanmış və bu xidmətə görə xx.xx.2020-ci il tarixli 22985 və 8459 nömrəli qəbzlərə əsasən 160 manat ödənilmişdir. Kollegiya hesab edir ki, iddiaçının hüquqi xidmətə görə ödənilmiş 160 manat pulun tutulması barədə tələbi sübut olunduğundan iddia həmin hissədə əsaslıdır və təmin olunmalıdır. Bununla belə, iddianın mənəvi zərər hissəsinə gəlincə kollegiya qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndinə görə: “Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan nistənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər... Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, mənəvi zərərin hansı dərəcədə olduğunu və onun qarşılığında zərərin əvəzi kimi kompensasiyanın ödənilməsini qanunvericilik işə baxan məhkəmənin mülahizəsinə və daxili inamına həvalə etmişdir. Lakin hər bir halda nəzərə alınmalıdır ki, mənəvi zərərin məbləği işin halları baxımından ağlabatan və ədalətli olmalıdır. Kollegiya hesab edir ki, iddiaçının iddiasının qismən təmin edilərək onun işə qəbul olunması və məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsi, onun iddia etdiyi mənəvi zərərin ədalətli kompensasiyasıdır. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edildiyindən və apellyasiya şikayətinin dəlilləri həmçinin qətnamənin ləğv edilməsinə yönəldiyindən apellyasiya şikayəti qismən təmin edilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-2809/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli 1401 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh ASC-nin X1 direktoru vəzifəsinə bərpa edilsin və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat və hüququi yardım üçün ödənilmiş 160 (yüz altmış) manat Cavabdeh ASCdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6512/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6512/2020
05.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver