Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6512/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1807/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ilə Kəmalə Heydərova xx.xx.1996-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx xxxxxxxx 1997-ci il tarixdə Cavabdeh və 03 dekabr 1999-cu il tarixdə X7 doğulmuşlar.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-362/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə cavabdeh Kəmalə Heydərova arasında 06 avqust 1996-cı il tarixdə bağlanmış nikahın pozulması qət olunmuşdur.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(001)- 1926/2023 saylı qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadədə olan 0.62222 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 4 mərtəbəli binada 15 kv.m. yaşayış sahəsindən ibarət olan 1 otaqlı, 2 nömrəli mənzilin 1/2 hissəsində İddiaçı, ½ hissəsində cavabdeh X1 payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2ci mərtəbədə yerləşən, 33 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 7 nömrəli mənzilin; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha, torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m ümumi, 84.25 kv.m yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı, 31/A nömrəli fərdi yaşayış evinin 1/2 hissəsində iddiaçı X1, ½ hissəsində cavabdeh İddiaçı payının tanınması, cavabdeh İddiaçı 10000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3078/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kəmalə Heydərova tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “Toyota RAV 4” minik markalı, **-VT- *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qarşılıqlı iddianın qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia qeyd olunan hissədə təmin edilmiş, 2013-cü il buraxılışlı, **-VT-*** dövlət qeydiyyat nişanlı, “Toyota RAV 4” minik markalı avtomobilin real bazar qiymətinin- 36.000 (otuz altı min) manatın 1/2 hissəsi-18.000 (on səkkiz min) manatın İddiaçı tutularaq Kəmalə Heydərovaya ödənilməsi, qətnamənin ekspertiza xərci ilə bağlı qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 180 (yüz səksən) manatı İddiaçı alınaraq Kəmalə Heydərovaya ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-400/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3078/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi vuə sonradan ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci adına alınmış Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilnin satın alınması üçün ödədikləri 120750 manat pulun yarısı, yəni 60375 manatın, mənzilin təmirinə çəkilən xərcin əvəzi olaraq 20000 manatın yarısının, yəni 10000 manatın və ödədiyi 305,55 manat dövlət rüsumu əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Tələbdə göstərilir ki, İddiaçı X4 ilə birgə təsərrüfat idarə etmiş, daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Birgə nikah dövründə əldə edilmiş əmlaklar iddiaçının qazancı ilə alınmışdır. Belə ki, X4 heç bir yerdə işləməmişdir. İddiaçı uşaqlarının gələcəyi və təminatı üçün çalışmışdır. Bütün bunların sayəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binanın 1-ci döngəsində, 2-ci mərtəbədə yerləşən 33 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 7 nömrəli mənzili; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m. ümumi, 84.25 kv.m. yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı 31/A nömrəli fərdi yaşayış evini və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində yerləşən 6 nömrəli, 4 mərtəbəli binada 15 kv.m. yaşayış sahəsindən ibarət olan 1 otaqlı, 2 nömrəli mənzilini əldə etmişdir. Bundan başqa iş üzrə cavabdeh olan oğlu Cavabdeh 2016-cı ildə 90UF605 dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” minik markalı avtomobili və 2022-ci ildə Bakı şəhəri ünvan 1 ünvanında mənzilin alınmasına pul vermişdir. X2 2020-ci ildə 99ZU513 dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” minik markalı avtomobili almışdır. Lakin onun bütün əziyyətlərinə baxmayaraq arvadı Kəmalə və oğlu Elmar ona dönük çıxmış və 2023-cü ilin 15 may tarixində onu şərləyərək, birgə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha, torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m. ümumi, 84.25 kv.m. yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı 31/A nömrəli fərdi yaşayış evindən qovmuşlar. Bundan sonra, X4 ilə iddiaçı arasında nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair məhkəmə mübahisəsi olmuşdur. İddiaçı hal-hazırda atasından vərəsəlik yolu ilə mülkiyyətinə keçmiş evdə yaşayır. İş üzrə cavabdeh olan oğlu Cavabdeh bir övlad kimi onunla maraqlanmamış, anası Kəmalə Heydərovanın tərəfini tutaraq ondan üz döndərmiş, onu bir ata kimi saymamış və ona göstərdiyi məhəbbəti geri qaytarmamışdır. İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə aldığı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilnin Elmar tərəfidən satın alınmasına 123700 manat, təmirinə isə 20000 manat pul sərf etmişdir. Həmin pulu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, keçmiş arvadı X4 ilə birgə nikahları dövründə qazanmış və həmin məbləğlərin yarısı iddiaçının mülkiyyətidir. Cavabdeh xx.xx.2022-ci ildə aldığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili iddiaçı X4 ilə birgə nikahları dövründə qazandıqları pul hesabına almışlar. Bütün bunlar Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(001)1926/2023 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1807/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia tələbinin təmin edilməməsi və aparılmış ekspertiza tədqiqatınının dəyərinin iddiaçıdan tutulması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, hazırki iddia tələbinin hüquqi əsası iddiaçı tərəfindən üçüncü dəfə dəyişdirilmişdir. Belə ki, ilkin olaraq, iddia ərizəsində Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad olunsa da, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında həm iddiaçı, həm onun vəkili tərəflər arasında borc münasibətlərinin olmasına istinad etmiş və verilmiş borc geri tələb edilmiş, hal-hazırda isə iddiaçı tələbinin hüquqi əsası kimi, Mülki Məcəllənin 673.1.2-ci maddəsinə istinad edir. Həmin maddəni ümumi olaraq 32-ci fəsilin kontekstindən çıxarılmasını məhkəmə əsaslı hesab etmir. xx.xx.2022-ci il tarixli, 386 saylı müqavilə "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış və sonuncu 120750 manat məbləğində pulu ödəməklə Bakı şəhəri, Binəqədi rayonu, “Elit” yaşayış kompleksi, Heydər Hüseynov küçəsi, 31A, bina 4-də yerləşən 19 saylı mənzili almışdır. Bakı şəhəri, ünvan 3 ünvanı "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 156 nömrəli xx.xx.2022-ci il tarixli protokoldan çıxarışa və 156 nömrəli xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İddiaçının nümayəndəsi və vəkilinin özünün də istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair" 26 aprel 2024-cü il tarixli qərarında göstərilmişdir ki, hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün mülki qanunvericilikdə nəzərdə tutulan şərtlərə əməl edilməlidir. Hazırkı vəziyyətdə tərəflər arasında hər hansı bağışlama münasibətlərinin olması iş materiallarında öz əksini tapmır. Cavabdehlə MTK arasında müqavilə bağlanmış, daşınmaz əmlakın dəyəri onun tərəfindən tam həcmdə ödənilmiş və mənzil hal-hazırda cavabdehin xüsusi mülkiyyətindədir. İddiaçı və ya X1 həmin müqavilənin tərəfi olması müqavilədə və ya maliyyə arayışında əks olunmayıb və həmin sənədlər mübahisələndirilmədiyi və məhkəmə qətnaməsi ilə etibarsızlığı təsbit edimədiyi müddətdə şəxslərin hər hansı məhkəmə iclası çərçivəsində istənilən məzmunda verdiyi izahatlar göstərilənləri təkzib edən xüsusat kimi qəbul edilə bilməz. Təmirə çəkilmiş xərclərə gəldikdə isə qeyd edilməlidir ki, İddiaçı oğlu Cavabdeh tərəfindən alınmış evin təmirinə maddi və mənəvi kömək etməsi qəbul edilsə idi belə, halhazırda həmin pulun Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsaslanaraq geri tələb edilməsi qanunvericiliyin tələblərinə cavab vermir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini, eləcə də apellyasiya şikayəti verməsi üçün ödədiyi dövlət rüsumunun da cavabdehdən tutulub ona ödənilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil alınanda onun 25 yaşı varı idi. Elmara alınan ev onun və X1 birgə qazancı ilə əldə edilmiş pul hesabına alınmışdır. Belə ki, Binəqədi Rayon Məhkəməsində (Binəqədi Rayon Məhkəməsində baxılmış 2(001)-1926/2023 saylı iş üzrə) X3 qarşı “nikahın pozulması, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbi ilə iddia qaldırarkən iddia ərizəsində bildirmişdi ki, “2012-ci ilin fevral-mart aylarından qardaşı Ramildən 65.000 manat borc götürüb. Aralarında yazılı razılaşma olmamışdır. Avtomobilin satışından əldə etdiyi 20.000 manat pulu və qardaşından aldığı 65.000 manat pulu evin (Yəni Elmarın adına alınmış Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin) alınmasına və təmirinə xərcləmişdir. Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzilin Elmarın adına alınmasına 123700 manat pul xərclənmişdir ki, həmin pulun 65 min manatını qardaşından borc almışdır. Həmin iş üzrə qarşılıqlı iddia vermiş X4 isə birinci instansiya məhkəməsinin iclasında izahatında bildirmişdir ki, “Aydın evin alınmasına və təmirinə görə heç kimdən borc almamışdır. Aydının özünə 362.000 ABŞ dolları bir, 50.000 ABŞ dolları isə başqa şəxslər tərəfindən ödənilməli olan borclar var. Hamıya borc verən biri mənzil alınması üçün borc ala bilməz. Bundan başqa, başqa şəxslərdən alındığı iddia edilən borclarla bağlı hər hansı sənəd və sübut mövcud deyildir. Kəmalə Heydərova iddianın dəlillərinə qarşı yazılı etiraz təqdim etmiş və etirazda göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərdiyi oğlu Cavabdeh alınmış Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzili alan zaman, nə də onun təmiri üçün heç kimdən hər hansı borc almamışlar. Hətta etirazına əlavə etdiyi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 nömrəli icra sənədinə əsasən, Aydına (ailələrinə) X5 54.000 (ǝlli dörd min) ABŞ dolları, digər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, X9 adlı şəxsin Aydına (ailəyə) 360.000 (üç yüz altmış min) ABŞ dolları borcu var. Göründüyü kimi, Aydın ailəyə məxsus xüsusilə külli miqdarda pulları müxtəlif şəxslərə borc verib. Yəni bildirmək istəyir ki, oğluna ev almaq üçün ailənin kifayət qədər pulu var idi və kimdənsə borc almağa heç vaxt ehtiyacları olmayıb. Oğluna ev alandan və təmirdən sonra Aydın evdə olan 10.000 (on min) ABŞ dolları pulu da evdən götürərək ona məlum olmayan şəxslərə verib. Məhkəmə iclasında iştirak edən Kəmalə Heydərovanın nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, İddiaçı Kəmalə Heydərovadan 42.500 manat pul istəməsi də əsassızdır. Belə ki, nəzərə alınmalıdır ki, mənzillər tərəflərin birgə vəsaiti hesabına, birgə nikah dövründə alınıb. (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-400/2024 saylı Qərarının 11,12, 13-cü bəndləri) Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və Ali Məhkəmənin yuxarıda adı çəkilən qərarı ilə təsdiq və aydın olur ki, Elmarın adına alınmış Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzilin alınmasına və təmirinə çəkilən xərc cavabdehin öz qazancı il deyil, onunla Kəmalə Heydərovanın ərarvad kimi birgə qazancları hesabına əldə edilmiş pul hesabına ödənilmişdir. Cavabdeh məhkəmədə özünün şəxsi qazancının olduğunu və evin alnmasına və təmirinə özünün xərc çəkdiyini bildirsə də, bunu təsdiq edəcək sübutlarını məhkəməyə rəsmi qaydada təqdim etməmişdir. Heydərova Kəmalə ilə birgə qazancları hesabına əldə edilmiş pul ilə Cavabdeh adına Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzili alıblar. Yəni mənzilə dair sənədlər Elmarın adına rəsmiləşdirilsə də, mənzilin dəyəri onların tərəfindən ödənilmişdir. Elmarın həmin vaxt 123000 manat pulu olmamış və ola da bilməzdi. Eyni zamanda, evin təmirinə çəkilmiş 20000 manat pulu da onlar qoymuş və evi şəxsən özü təmir etdirmişdir. Belə olduğu halda evin dəyərinin Elmar tərəfindən ödənilməsinə dair məhkəmənin mövqeyi tamamilə əsassızdır. Bundan başqa, məhkəmədə izahat verən, evin təmirini birbaşa aparan şahidlər bildirmişlər ki, onları evin təmirinə İddiaçı cəlb etmişdir və mal-materialı Aydın alıb gətirmiş, sifariş vermişdir. Usta pulunu da İddiaçı ödəmişdir. Bu da onu təsdiq edir ki, Cavabdeh ev almağa və ev təmir etməyə maddi imkanı yox idi və ola da bilməzdi. Çünki Elmar himayəsində yaşayır və dolanırdı. Binəqədi Rayon Məhkəməsi onun konstitusion hüququ olan mülkiyyət hüququnu bərpa etmək əvəzinə, bu hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
23. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
25. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi və tərəflərin qarşılıqlı münasibətləri üzrə kifayət qədər ətraflı araşdırma aparılmasına şərait yaratmış və yekunda iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətlərinə dair apellyasiya mərhələsində əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət və əsas yoxdur. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıların qeyd edilməsi zəruridir.
26. Əvvəla, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdirsə düzgün tətbiq edilməmənin nədə ifadə olunduğunu iddiaçı şikayətində açıqlamalı idi. Belə ki, iddiaçı cavabdeh olan oğlundan mənziln alınması üçün ödədikləri 120750 manatın yarısı, yəni 60375 manatın, mənzilin təmirinə çəkilən xərcin əvəzi olaraq 20000 manatın yarısının, yəni 10000 manatın ödənilməsini tələb edir. Bunun üçün cavabdehin iddiaçı qarşısında zərər vurmadan, əsassız varlanmadan, qanunda nəzərdə tutulmuş digər əsaslardan yaxud da müqavilədən əmələ gələn öhdəliyi yaranmalıdır. Ancaq cavabdehin bu cür öhdəliyinin yaranması təsdiq olunmur. İddiaçı göstərilən ilk üç əsasa görə cavabdehin onun qarşısında öhdəliyinin yarandığını da israr etmir.
27. İddiaçı cavabdehdən tələb etdiyi pulun hüquqi əsasını bir neçə dəfə dəyişmişdir. Sübuta yetirildiyi halda tələbinin qanuni əsası kimi əsassız varlanmaya dair normalar nəzərdən keçirilə bilər. Ancaq iddianın faktiki halları təsdiq edilmiş olsa belə əsassız varlanmaya dair normaların dispozisiya şərtləri ilə uzlaşmır. Çünki cavabdehin iddiaçının hesabına hüquqi əsas olmadan varlanması(əmlak əldə etməsi) təsdiq olunmur. Yəni, əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur yaxud da bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonradan aradan qalxmış əsas söykənir. Burada tərəflər arasında qohumluq, yəni valideyn övlad münasibətlərinin olması da iddianın əsalılığını təkzib edən hallar sayılır. Çünki bu cür münasibətlər zamanı tərəflər bir-birinin hesabına nə əsassız varlanma barədə düşünür, nədə aralarında borc münasibətləri yaranmır. Ən azından bu cür vəziyyətdə onları birləşdirən ata-oğul hisləri və bu hislərdən yaranmış münasibətləri buna imkan vermir, üstəlik bu cür münasibətlər zamanı həm də aralarında iddia edilən formada mülki hüquq münasibətlərinin yaranması da həyatda həmişə baş verən hallara uyğun gəlmir. 28.Tələbin borc münasibətləri ilə əlaqədar yaranması üzrə də eyni mövqe sərgilənir. Çünki bu cür münasibətləri olan tərəflərin arasında borc münasibətləri də yarana bilməz. Ona görə də cavabdehin iddiaçı qarşısında borc müqaviləsindən əmələ gələn öhdəliyi də yarana bilməzdi. Demək ki, iddiaçı ata-övlad münasibətinə görə cavabdeh tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədən tələb etdiyi vəsaiti sübuta yetirildiyi halda ona hədiyyə edərək bağışlamış ola bilərdi. Bağışlama həqiqi olsa belə ondan imtina üçün də qanunda nəzərdə tutulan əsas yaranmalı idi. Ancaq iddiaçı belə bir əsasın olmasına dair də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bəyan etdiyi hal isə yalnız keçmiş arvadı ilə münasibətləri pozularkən oğlu olan cavabdehin anasının tərəfində olması ilə bağlıdır. Bu cür davranışı həqiqi olsa belə cavabdehin iddiaçı qarşısında hansısa pul tələbindən irəli gələn öhdəliyinin yaranması üçün əsas deyildir. Ancaq birinci instansiya məhkəməsi tərəfindən də qeyd olunduğu kimi iş materialları ilə tərəflər arasında bağışlama münasibələrinin olması da açıq-aşkar təsdiq olunmur. Cavabdehin mülkiyyətində olan mənzilin onun və cavabdehin anası olan keçmiş arvadının qazancı ilə əldə edilmiş pul vəsaiti hesabına alınmasını yalnız iddiaçı iddia edir. Üçüncü şəxs kimi cəlb edilmiş cavabdehin anası isə bu halları təsdiq etmir. Əksinə digər məhkəmə mübahisəsi zamanı ailənin qazandığı pul ifadəsindən istifadə edərkən buraya oğlunun da qazancını nəzərdə tutduğunu bəyan etməsi ağlına gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1807/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1807/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.