Məhkəmə qərarları › İş №2(103)-6528/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6528/2021

05.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6528/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Tanrıverdiyev (sədrlik edən və məruzəçi) Tofiq Səməd oğlu Səmədov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının nümayəndə-vəkili Əliyev Kamal Vəli oğlu, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər 38 saylı Notariat kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-213/2021 saylı, 06.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər 38 saylı Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, 38 saylı Notariat kontorunda rəsmiləşdirilən 7E-4813 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi, ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi və onun mərhum X4 miras qalan əmlak üzərində vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir .

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının bibisi Azərbaycan Respublikasının xalq-artisti X8 23.12.2019-cu il tarixdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Bibisi rəhmətə getdikdən sonra iddiaçı dərhal bibisindən miras qalan Bakı şəhəri, Fikrət Əmirov küçəsi ev 2-də yerləşən 31 saylı mənzili vərəsəlik qaydasında qəbul etmək üçün notoriat kontoruna müraciət etmişdir. Müraciət əsasında ona məlum olmuşdur ki, guya bibisi ölümündən bir müddət əvvəl Bakı şəhəri 38 saylı DNK-da vəsiyyətnamə hazırlatmış və öz əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Cavabdeh mərhum Çimnaz Babayevanın baxıcısı olmuş, buna görə əmək haqqı almışdır. Həmin şəxs bibisinin aşkar köməksiz və anlaqsız olmasından öz xeyrinə istifadə edərək 24 aprel 2018-ci il tarixdə Bakı şəhəri 38 saylı DNK-da 2V-21 reyestr nömrəli vəsiyyətnamə hazırlatmış, hətta bibisinin xəstə və anlaqsız olmasına görə ona imza atdıra bilməmiş, yalnız vəsiyyətnaməyə məcburi barmaq basdırmışlar. Hazırki iddia ərizəsinə əlavə edilən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının 05 fevral 2020-ci il tarixli 7 nömrəli məktubu bir daha sübuta yetirir ki, bibisi xalq artisti olmaqla savadlı olmuş və incəsənət sahəsində fəaliyyət göstərmişdir. Xalq artisti olan bir insanın öz sağlam düşüncəsi ilə vəsiyyətnamə yazdırmaq üçün notoriat kontoruna getməsi lakin həmin vəsiyyətnaməni imzalamaması üstəlik də imza əvəzinə barmaq izi basması bir daha sübut edir ki, vəsiyyətnamə bibisinin iradə ifadəsinin ziddinə rəsmiləşdirilmiş, cavabdehlərin qanunsuz əməlləri nəticəsinə bibisinin xəstəliyindən və köməksiz vəziyyətindən istifadə edilmişdir. Bibisinin xəstə və köməksiz olmasını hazırki iddia ərizəsinə əlavə edilən 1 saylı şəhər poliklinikası tərəfindən verilmiş 06.02.2020-ci il tarixli 33 nömrəli məktub və bu məktuba əlavə ediln arayışlarda tam olaraq sübuta yetirir. Həmin məktubda açıq aydın qeyd edilir ki, poliklinikanın sahə həkimləri A.Həsənova və S.Namazova tərəfindən 08.01.2019. 10.01.2019, 25.01.2019. 08.11.2019 və 16.11.2019-cu il tarixlərdə bibisinin yaşadığı ünvana getmiş, bu gedişlər zamanı bağlı qapı arxasında xəstə, nitqi aydın olmayan bibisi evdə heç kimin olmadığını rəfiqəsinin ancaq axşamlar evə gəldiyini bildirmişdir. Həmçinin həmin tibbi sənədlərdə o da görünür ki, bibisinin ölümünə səbəb “ağ ciyər ödəmi” və “atero skleroz serebral” xəstəliyi olmuşdur. Məhz həmin xəstəlik nəticəsində bibisi öz hərəkətlərinə nəzarət edə bilməmiş, Cavabdeh1 isə bibisinin bu vəziyyətindən istifadə etmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin 12 may 2020-ci il tarixli 617 saylı saylı sorğuya cavabından görünür ki, bibisi 1977-ci ildə qeydiyyata alınmış onda 1999-cu ildən kəskin baş beyin pozulması işemik insult xəstəliyi, bunda əlavə 2003-cü ildə təkrar insult, 2004-cu ildə gərginlik stenokardiyası, 2019-cu ildə sağ tərəfin parezi Serebral atereskleroz diaqnozu qoyulmuşdur.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-213/2021saylı, 06.04.2021ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər 38 saylı Notariat kontoruna qarşı Bakı şəhər, 38 saylı Notariat kontorunda rəsmiləşdirilən 7E- 4813 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi, ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi və onun mərhum X4 miras qalan əmlak üzərində vərəsəlik hüququnun tanınması tələbinə dair iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir (sədrlik edən: Günay Axundova).

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2004)-213/2021saylı, 06.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının 05 fevral 2020-ci il tarixli 7 nömrəli məktubu bir daha sübuta yetirir ki, iddiaçının bibisi savadlı olmuş və incəsənət sahəsində fəaliyyət göstərmişdir. Xalq artisti olan bir insanın öz sağlam düşüncəsi ilə vəsiyyətnamə yazdırmaq üçün notoriat kontoruna getməsi, lakin həmin vəsiyyətnaməni imzalamaması üstəlik də imza əvəzinə barmaq izi basması bir daha sübut edir ki, vəsiyyətnamə iddiaçının bibisinin iradə ifadəsinin ziddinə rəsmiləşdirilmiş, rəsmiləşdirilən əqd iddiaçının bibisinin aşkar surətdə köməksiz vəziyyətindən istifadə edilməklə rəsmiləşdirilmişdir. İddiaçının bibisi vəsiyyətnamə verilən zaman öz hərəkətlərinin mənasını dərk elmədiyini və Cavabdeh1 iddiaçının bibisinin bu vəziyyətindən məharətlə istifadə etdiyini tək bu sənəd deyil iş materiallarına əlavə edilən tibb sənədləridə tam olaraq subuta yetirir. Əgər biz iş materiallarında olan 1 saylı şəhər poliklinikası tərəfindən verilmiş 06.02.2020-ci il tarixli 33 nömrəli məktub və bu məktuba əlavə edilən arayışlara nəzər salınsa, X5 ölümünə səbəb ”ağ ciyər ödəmi" və "atero skleroz serebraf' xəstəliyi olmuşdur. Hətta poliklinikanın sahə həkimləri A.Həsənova və S.Namazova tərəfindən 08.01.2019, 10.01.2019, 25.01.2019, 08.11.2019 və 16.11.2019-cu il tarixlərdə iddiaçının bibisinin səhhətinin öyrənilməsi üçün yaşadığı ünvana getmiş, bu gedişlər zamanı iddiçının bibisi Çimnaz Babayeva xəstə olmuş, hətta güya ona baxan Cavabdeh1 iddiaçının bibisini evdə köməksiz vəziyyətdə qoyaraq qapını bağlayıb çıxıb getmişdir. Bundan əlavə, "xxxx" MMC-nin 12 may 2020-ci il tarixli 617 saylı sorğuya cavabından görünür ki, mərhum 1977-ci ildə qeydiyyata alınmış onda 1999-cu ildə kəskin baş beyin pozulması işemik insult xəstəliyi, bunda əlavə 2003-cü ildə təkrar insult, 2004-cıı ildə gərginlik stenokardiyası, 2019-cu ildə sağ tərəfin parezi Serebral atereskleroz diaqnozu qoyulmuşdur. Bütün bu qeyd edilən sənədlər bibimin ağır xəstəlikdən əziyyət çəkdiyini öz hərəkətlərinin mənasını dərk etmədiyini və anlaqsız olmasını sübuta yetirdiyi halda maraqlıdır ki, sədrlik edən hakim qətnaməni 4-cü səhifəsində "Məhkəmə iddianı əsassız hesab edir. Çünki, mərhum X2 anlaqsız olması, onun öz əmlakını iradəsi xaricində Cavabdeh1 vəsiyyət etməsi təsdiqini tapmır." qeyd etməklə işdə qərəzliliyini ortaya qoymuşdur. Bununla məhkəmə Mülki Prosesual Qanunvericiliyin prinsiplərini və tələblərini kobud şəkildə pozmuşdur. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili Əliyev Kamal Vəli oğlu, iddiaçının vəkil və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahatlar verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdirlər.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkil və nümayəndəsi Vəkil2 iddiçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sübutların tədqiqi:

8. İş materiallarında olan 24 aprel 2018-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X8 bütün ona məxsus olan bütün daşınmaz və daşınar əmlakını Cavabdeh1 vəsiyyət etmişdir.

9. İş materiallarında olan X1 AQİS-dən 08.01.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.12.2019-cu il tarixli, 210 saylı ölüm haqqında akt qeydi ilə X5 ölümü qeydə alınmışdır.

10. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə Ekspertizasının 24.12.2020ci il tarixli 3527 saylı rəyinə əsasən X3 psixi vəziyyətini təsvir edən hər hansı tibbi sənəd təqdim olunmadığından hər hansı psixi pozuntundan əziyyət çəkib-çəkmədiyini, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olub-olmamasını müəyyən etmək mümkün deyildir.

11. Birinci instansiya məhkəməsi icraatı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, cavabdeh İvetta Borisovna onun qonşusu olmuşdur. Dəfələrlə İvetta xanım ondan xahiş etmişdir, Çimnaz xanımgildə İvetta ilə bərabər olsun ona kömək etsin. Çimnaz xanım sağlığında həmişə söhbət edəndə bildirirdi ki, ona qulluq etdiyi üçün evi İvettaya vermək istəyir. Vəsiyyətnaməyə qol çəkdiyi tarix yadında deyil. O da İvettaya kömək edib, hətta Çimnaz xanımın altını dəyişmişdir. Mərhumun evində olmuşdur. Vəsiyyətnaməyə şahidlik etməsi birinci dəfə idi. Çimnaz xanımın evində mebel, divan, plazma televizor kimi əşyalar var idi. Notariusda imza çəkəndə yanında iki kişi var idi, kim olmağını bilməmişdir. Mərhumun evinə hətta İvetta ilə bərabər gecə də getmişdir. Mərhum ölən dəqiqəsinə qədər ağlı başında idi. Həmişə sənətindən həvəslə danışardı, səfərlərindən danışardı. Mərhumun sağ əli işləmirdi, bu səbəbə barmağına mürəkkəb vurdular. Notarius onların iştirakı olmadan Çimnaz xanımla söhbət etmişdir, sonra bizi çağırdılar, Çimnaz xanım dedi ki, ona qulluq etdiyi üçün evi İvetta xanıma vermək istəyir. Çernel sol əlinə vurulub. İddiaçını tanımır, yoldaşının iş yerinə gedib disk verib, həmin diskə baxanda görmüşdür. İlk dəfə məhkəmə iclasında canlı görür. Yoldaşı Səbail rayonunda icraçı işləyir. Çimnaz xanımın notarius kitabına qol çəkməyi dəqiq yadında deyil, amma barmağı ilə basmağını görmüşdür. Notariusa barmağı ilə mürəkkəbə basan günü getməmiş, başqa vaxt getmişlər. Çimnaz xanım ona deyirdi ki, ona qulluq etdiyi üçün, evi İvetta xanıma vəsiyyət etmək istəyir. İvetta rus dilində bilir, azərbaycan dilində bilmir ona kömək etsin. Çimnaz xanım onunla söhbət edəndə bildirirdi ki, həmin evi ona Heydər Əliyev verib, onu qastrollara göndərib, Çimnaz xanıma və həyat yoldaşına Heydər Əliyevin yaxşı münasibəti olub. Çimnaz xanım və həyat yoldaşı hər ikisi balet oynayan olub. Balet teatrında aparıcı qüvvələr olublar. Çimnaz xanımın ərinin ayağı kəsiləndən sonra Heydər Əliyevə məlumat çatıb ki, Valodyanın (Çimnaz xanımın yoldaşı) ayağı kəsilib, gəzə bilmir. Ona görə Heydər Əliyev həmin evi Çimnaz xanıma bağışlamışdır. Xalq artisti adını da Çimnaz xanıma Heydər Əliyev vermişdir. Çimnaz xanım Heydər Əliyevin istəkli aktrisalarından biri olmuşdur. Bütün bunların hamsını Çimnaz xanım özü ona danışmışdır. Bütün qastrollarından, Hindistana gedən vaxtlarından danışırdı. Ona əlavə 4 ədəd kaset də bağışlayıb bildirmişdir ki, ondan yadigar olsun. Həmin kasetlər hazırda da ondadır. Məhz evini İvettaya vəsiyyət etməsi ilə bağlı barmaq basmağı Çimnaz xanıma izah olunmuşdur.

12. Birinci instansiya məhkəməsi icraatı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, cavabdeh X6 vasitəsilə tanımışdır. Mətanətgilə gedəndə İvettanı orada görmüşdür. O, özü də Mətanətlə və İvetta ilə birlikdə Çimnaz xanıma kömək etməyə getmişdir. Notariusda olmuşdur. Onlara izah olunmuşdur. Qol çəkib çıxmışdır. Çimnaz xanımın yaddaşı yerində idi , yaddaş pozğunluğu yox idi. Çox dəqiq danışırdı. Notariusa Mətanət, o, İvetta birlikdə getmişdir. Çimnaz xanım otura bilirdi, sağ tərəfi işləmirdi, sol tərəfi isə işləyirdi, amma əqli gözəl və yerində idi. Rus dilində başa düşür. Notariusa gedəndə oranın notarius olduğuna əmin olmuşdur, üzərində notarius yazılan rəsmi orqan olmuşdur və hər şey ona izah olunmuşdur. Çimnaz xanımın imza çəkməyini görməmişdir. O, Notariusdan sonra Çimnaz xanımın evinə getməmişdir, birbaşa evə qayıtmışdır. İddiaçını tanımır. Göstərilən imzanın biri onun, digəri Mətanət xanımın, digəri isə İvetta xanımın ola bilər. Çimnaz xanımın İvetta xanıma pul ödənişi barədə məlumatı yoxdur. Çimnaz xanımın yaddaşında pozğunluq yox idi, çox dəqiq danışırdı. Hüquqi dəyərləndirmə:

13. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra məcəllənin) 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

15. Mülki Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

16. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

17. Qeyd edilən Məcəllənin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

18. Həmin Məcəllənin 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

19. Məcəllənin 1182-ci maddəsinə əsasən, əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.

20. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 62-ci bəndinə əsasən, əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir.Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir.

21. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 64-cü bəndinə əsasən, vəsiyyət edən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.

22. Bununla yanaşı işdə olan şahid ifadələrindən göründüyü kimi vəsiyyət olunan şəxsi yaxından tanıdıqlarını, onunla birlikdə vəsiyyətnaməni imzalamaq üçün 38 saylı notariat ofisinə getdiklərini, vəsiyyətnamə imzalanan gün miras qoyanın yanında olmadıqlarını, şahid kimi imzalamaq üçün bir neçə gün sonra notariat ofisinə getdiklərini bildirmişlər.

23. Həmçinin, iş üzrə şahidlər miras qoyanın sağ tərəfinin işləmədiyini və onun vəsiyyətnaməyə imza etdiyini görmədiklərini bildirmişlər.

24. İş materiallarında olan 1 saylı şəhər poliklinikası tərəfindən verilmiş 06.02.2020-ci il tarixli 33 nömrəli məktub və bu məktuba əlavə edilən arayışlardan görünür ki, X5 ölümünə səbəb ”ağ ciyər ödəmi" və atero skleroz serebral" xəstəliyi olmuşdur. Hətta poliklinikanın sahə həkimləri A.Həsənova və S.Namazova tərəfindən 08.01.2019. 10.01.2019. 25.01.2019. 08.1 1.2019 və 16.1 1.2019-cu il tarixlərdə xəstənin səhhətinin öyrənilməsi üçün yaşadığı ünvana getmiş, bu gedişlər zamanı Çimnaz Babayeva xəstə olmuş ,ona baxan cavabdeh X11 Ç.Babayevanı evdə köməksiz vəziyyətdə qoyaraq, qapını bağlayıb çıxıb getmişdir.

25. Bundan əlavə iş materiallarında olan "xxxx" MMC-nin 12 may 2020-ci il tarixli 617 saylı sorğuya cavabından görünür ki, Ç.Babayeva1977-ci ildə qeydiyyata alınmış, onda 1999-cu ildən kəskin baş beyin pozulması işemik insult xəstəliyi, bundan əlavə 2003-cü ildə təkrar insult, 2004-cü ildə gərginlik stenokardiyası, 2019-cu ildə sağ tərəfin parezi Serebral alereskleroz diaqnozu qoyulmuşdur.

26. İş materiallarında olan 17.04.2012-ci il tarixli, 12.04.2014-cü il tarixli, 15.12.2016-cı il tarixli, 14.12.2016-cı il tarixli etibarnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X8 müxtəlif vaxtlarda ona məxsus plastik kartın, pensiya pullarının alınması, Sosial Müdafiə mərkəzində sosial yardımın başqa şəxslər tərəfindən alınması barədə 1 saylı Notariat ofisində etibarnamələr vermişdir. Həmin etibarnamələr X5 fiziki qüsurlu olduğu səbəbdən onun xahişi ilə başqa şəxslər tərəfindən imza edilmişdir. Həmin etibarnamələrin təsdiq edilmiş surətindən görünür ki,Ç.Babayeva tərəfindən eyni notariusda, yəni 1 saylı Notariat kontorunda Cavabdeh1 etibarnamə verilmişdir. Ç.Bayeva iflic olduğuna görə onun tapşırığı ilə etibarnamələr X14, X9,Yüzbaşbəyov Nazim Ramiz oğlu tərəfindən imzalanmışdır və 1 saylı Notariat kontorunun xüsusi notariusları X10 və F.M.Sabitov tərəfindən təsdiq edilmişdir.Mübahisə predimeti olan 24.04.2018ci il tarixli vəsiyyətnamə isə 38 saylı notariusda latın hərifləri ilə imza edilmiş və barmaq izi qoyulmuşdur. Lakin vəsiyyət edən əvvəlki 17.04.2012-ci il, 12.04.2014-cü il, 15.12.2016-cı il, 14.12.2016-cı il tarixlərdə bütün sənədlərdə kiril əlifbasında olan həriflərdən istifadə edərək imza etmiş və imza etdiyi zaman heç vaxt barmaq izindən istifadə etməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, Ç.Babayevanın 17.04.2012-ci il, 12.04.2014-cü il, 15.12.2016-cı il, 14.12.2016-cı il tarixlərdəki etibarnamələri imza etməsi və 24.04.2018-ci il tarixli vəsiyyətnamədə isə barmaq izindən istifadə etməsi, eyni zamanda bundan əvvəlki etibarnamələri həmişə 1 saylı notariusda verməsi, məhz vəsiyyətnamənin başqa notariusda, yəni 38 saylı Notaiusda verilməsi şübhə doğuran hallardandır.

27. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2021-ci il tarixli Rəyinə əsasən ekspertizaya təqdim edilmiş X5 adından olan 24 aprel 2018-ci il tarixli vəsiyyətnamədə imza qrafasında olan imza - Ç.M. Babayevaya tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.

28. İş materiallarında olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 20.08.2021-ci il tarixli qərarın surətindən görünür ki, X7 şikayəti əsasında 20.08.2021-ci il tarixdə Bakı şəhər Nərimanov rayon Polis İdarəsində aparılmış ilkin araşdırma materialları üzrə keçirilmiş X5 vəsiyyətnaməsinin saxtalaşdırılması haqqında 16.08.2021-ci il tarixli 4/1022-5Ə782-3Ə1297 saylı Məhkəmə-Xətşünaslıq ekspertizasının rəyi alındığından, həmin rəy və digər materiallar əsasında Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin İstintaq şəbəsində cinayət işi başlanılmışdır.

29. Qeyd olunanlarla yanaşı, həmçinin Notariat və Qeydiyyat baş idarəsinə 38 saylı Notariat ofisində müvafiq vəsiyyətnamə barədə aparılan əməliyyatların dəqiqləşdirilməsi ilə əlaqədar bir neçə sorğu göndərilmişdir. Belə ki, həmin sorğularda 38 saylı Notariat ofisində reyestrdə 7E-4813 nömrə ilə 2018- ci ildə qeyd olunmuş imza təsdiqi ilə əlaqədar sənədin informasiya sisteminə nə vaxt daxil olması (hansı tarixdə və saatda) barədə məlumatın və 24.04.2018-ci il tarixdə 38 saylı Notariat ofisində 17:35-dən 17:45dək müddətdə hansı notariat əməliyyatlarının aparılması barədə məlumatın verilməsi ilə əlaqədar Bakı Apellyasiya məhkəməsi tərəfindən 16.07.2021-ci il tarixli sorğu verilmişdir. İdarə həmin sorğunu 02.08.2021-ci il tarixdə cavablandıraraq, qeyd olunan müddət (dəqiqələrdə) ərzində 38 saylı Notariat ofisində notarius tərəfindən sənədlərə qoyulmuş imzaların həqiqiliyini təsdiqləmişdir. Bununla yanaşı qeyd olunan sorğuya cavabda mübahisəli vəsiyyətnamə barədə məlumatların elektron informasiya sisteminə 17:29-da və həmin vəsiyyətnamənin tərtib olunmasında şahid qismində iştirak edən şəxslərin imzalarının həqiqiliyinin təsdiq olunması isə 17:49 da qeyd edilmişdir.

30. Kollegiya qeyd edir ki, vəsiyyətnamədən yaranan hər-hansı bir hüquqi nəticənin mövcud olması ilə bağlı sübut təqdim edilmədiyindən, iş materiallarında hər hansı bir dəlil aşkar edilmədiyindən, iddia tələbi “həmin hissədə” təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası vurğulayır ki, əgər hər hansı hüquqi nəticə olmuş olsa idi, iddiaçı bununla bağlı çıxarış və s. digər sənədləri məhkəməyə təqdim edə, bu mümkün olmadıqda isə məhkəməyə bu barədə məlumat verə bilərdi ki, iddiaçı tərəf bunu etməmişdir.

31. MPM –nin 261-ci maddəsində göstərilir ki, hakim aşağıdakı hallarda iş üzrə icraata xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə.

32. Kollegiya iddia tələbinin İddiaçı mərhum X4 miras qalan əmlak üzərində vərəsəlik hüququnun tanınması dair hissəsinə münasibət bildirərək vurğulayır ki, hazırki mərhələdə bu tələbə məhkəmədə baxıla bilməz. Ona görə də kollegiya hesab edir ki, MPM-nin 261.01-ci maddəsinin tələbini rəhbər tutaraq, hazırki mərhələdə iddia tələbi qeyd edilən hissədə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. 33.Beləliklə, sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, Bakı şəhəri 38 saylı Notariat Ofisində rəsmiləşdirilən 7E-4813 reyestr nömrəli vəsiyyətnamə etibarsız hesab edilməli hissəsində təmin edilməli, ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi hissəsində rədd edilməli, İddiaçı X4 miras qalan əmlak üzərində vərəsəlik hüququnun tanınması tələbinə dair hissədə icraata xitam verilməlidir.

34. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

36. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

37. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-213/2021 saylı, 06.04.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-213/2021 saylı, 06.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən edilsin. Bakı şəhəri 38 saylı Notariat Ofisində rəsmiləşdirilən 7E-4813 reyestr nömrəli vəsiyyətnamə etibarsız hesab edilsin, ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi hissəsində rədd edilsin. İddiaçı X4 miras qalan əmlak üzərində vərəsəlik hüququnun tanınması tələbinə dair hissədə icraata xitam verilsin. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar