Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6530/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabehlər Cavabdeh2, Cavabdeh1, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 51 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Cavabdeh2 İddiaçı qardaşının arvadıdır. Digər Cavabdeh1 həmin şəxslərlə qohumluq münasibəti yoxdur, o, bağ sahəsinin alıcısıdır. Mübahisə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 №-li bağ sahəsinin ½ hissəsi (0,06 ha) ilə bağlıdır. Həmin hissə hazırda Cavabdeh1 mülkiyyətindədir. O, həmin hissəni Cavabdeh2 satın alıb. Əvvəl 88 №-li bağ sahəsi bütünlüklə (0,25 ha) Hüseynağa İbrahimovun (iddiaçının atasının) icarəsində olub. Daha sonra onun bir hissəsi (0,12 ha) ayrılaraq həmin hissəyə dair Hüseynağa İbrahimovun oğlu (iddiaçının qardaşı) Elmar İbrahimov ilə ayrıca icarə müqaviləsi bağlanıb. Ayrılmış hissəyə 88 “A” №-si təyin olunub, qalan hissə isə 88 № ilə Hüseynağa İbrahimovun icarəsində qalıb. Hüseynağa İbrahimovun vəfatından sonra 88 №-li bağ sahəsinə dair onun arvadı (iddiaçının anası) Məsumə İbrahimova ilə xx.xx.2002-ci il tarixli icarə müqaviləsi bağlanıb. Mənsumə İbrahimova vəfatından sonra – xx.xx.2013-cü ildə 88 №-li bağ sahəsi üzərində Məsumə İbrahimovanın mülkiyyət hüququ reyestrdə qeydə alınıb. Bundan sonra 88 №-li bağ sahəsinin ½ hissəsi (0,06 ha) miras kimi Məsumə İbrahimovanın oğlu (iddiaçının qqardaşı) Elmar İbrahimova keçib və onun mülkiyyət hüququ reyestrdə qeydə alınıb. 88 №-li bağ sahəsinin qalan ½ hissəsi (0,06 ha) isə açıq saxlanılıb. Elmar İbrahimov vəfatından sonra 88 №-li bağ sahəsinin ½ hissəsi (Elmar İbrahimovun mülkiyyətində olan 0,06 ha hissəsi) miras kimi Elmar İbrahimovun arvadı Cavabdeh2 keçib və həmin hissə üzərində Cavabdeh2 mülkiyyət hüququ reyestrdə qeydə alınıb. Cavabdeh2 88 №-li bağ sahəsinin ½ hissəsini (öz mülkiyyətində olan 0,06 ha sahəni) xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satıb. Alqı-satqıdan sonra Cavabdeh1 ölmüş şəxsə – Məsumə İbrahimova qarşı iddia qaldıraraq satın aldığı hissənin (0,06 ha) naturada ayrılmasını tələb edib. Xəzər RM-nin xx.xx.2018-ci il tarixli 2(003)-492/2018 №-li qətnaməsi ilə həmin iddia təmin edilib, qət olunub ki, 88 №-li bağ sahəsi Cavabdeh1 ilə Məsumə İbrahimovanın arasında bərabər şəkildə naturada bölünsün, bağ sahəsinin şərq istiqamətə düşən hissəsi Cavabdeh1, qərb istiqamətə düşən hissəsi isə Məsumə İbrahimovanın mülkiyyətində saxlanılsın. Bu qətnamənin əsasında 88 №-li bağ sahəsinin ½ hissəsi (0,06 ha) xx.xx.2018-ci ildə 88 “Q” №-li bağ sahəsi kimi reyestrdə Cavabdeh1 adına qeydə alınıb. Lakin sonradan həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-3974/2020 №-li qərardadı ilə ləğv edilib və iş üzrə icraata xitam verilib. Tələb və onun həlli: İddia ərizəsində 2 tələb irəli sürülüb: 1) 88 №-li bağ sahəsinin ½ hissəsinə (0,06 ha) dair satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında verilmiş reyestr çıxarışı ləğv edilsin; 2) 88 №-li bağ sahəsinin ½ hissəsinin (0,06 ha) Xəzər RM-nin xx.xx.2018-ci il tarixli 2(003)-492/2018 №-li qətnaməsinə əsasən 88 “Q” №-li bağ sahəsi kimi alıcı Cavabdeh1 adına qeydə alındığını təsdiq edən xx.xx.2018-ci il tarixli RX ******* nömrəli reyestr çıxarışı etibarsız hesab edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: 1-ci tələbə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə tələb onunla əsaslandırılıb ki, müqavilə bağlanarkən Mülki Məcəllənin 218.1-ci maddəsinin tələbi pozulub. Həmin maddəyə görə, umumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. İddiaçı hesab edir ki, 88 №-li bağ sahəsinin ½ hissəsini (0,06 ha) satın almaqda üstünlük hüququ pozulub. Bu tələb iki səbəbdən təmin oluna bilməz. 1-ci, payı satın almaqla üstünlük hüququ paylı mülkiyyətin qalan mülkiyyətçisinə aid olan hüquqdur, bu qayda Mülki Məcəllənin 218.1-ci maddəsində müəyyən edilib. Lakin iddiaçı paylı mülkiyyətin (88 №-li bağ sahəsinin) qalan hissəsinin mülkyyətçisi deyil, çünki onun mülkiyyət hüququ alqı-satqı müqaviləsinin bağlandığı zaman reyestrdə qeydə alınmamışdır. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi olmadığına görə satın almaqda üstünlük hüququ mövcud olmayıb. Mövcud olmayan hüquq pozula bilməz. 2-ci, payı satın almaqda üstünlük hüququ pozulan mülkiyyətçinin alqı-satqı müqaviləsinin etibarsız sayılmasını tələb etmək hüququ yoxdu. Əgər iddiaçının belə bir hüququ varsa və həmin hüquq pozulubsa, o, 3 ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb edə bilər. Bu qayda Mülki Məcəllənin 218.3-cü maddəsində müəyyən edilib. Beləliklə, birinci instansiya məhkəməsi iddia ərizəsindəki 1-ci tələbi rədd etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 2-ci tələbə, yəni Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli RX ******* nömrəli reyestr çıxarışının etibarsız hesab edilməsinə aid hissədə qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli ayrıca qərardadı ilə ləğv edilib və həmin hissədə iş üzrə icraata xitam verilib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Həmin qətnamənin bir hissəsi – Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli RX ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın etibarsız hesab edilməsi barədə tələbə aid hissəsi ayrıca qərardadla ləğv edilib və həmin hissədə iş üzrə icraata xitam verilib. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6530/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6530/2022
11.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver