Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6554/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı ilk iddia tələbi; Cavabdeh1 LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi; kredit müqaviləsinin etibarsız hesab edilməsi, artıq ödənilmiş vəsaitin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair» ilk iddia; İddiaçı Cavabdeh1 cavabdeh LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi və artıq ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair» qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(005)- 296/2022 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 23-3268 saylı kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 120 ay müddətinə, 200000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür.
2. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 23-3268.2 saylı kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 60 ay müddətinə illik 10 faiz dərəcəsi ilə 37846 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı-nin Nərimanov filialının xx.xx.2017-ci il tarixli məxaric kassa orderinin surətinə əsasən Cavabdeh1 37846 ABŞ dolları məbləğində krediti bankdan aldığını təsdiq etmişdir.
3. İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi 1 saylı evin 8 saylı mənzili xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin icrasının təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 68000 manat müəyyən edilmişdir.
4. İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 23-3268.2 saylı zaminlik müqaviləsinə əsasən borcalan Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin Cavabdeh2 MMC borcalan Cavabdeh1 ilə İddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür.
5. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh1 60 ay ərzində, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 804,25 (sonuncu ay 801,72) ABŞ dolları ödəməli idi.
6. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında qeyd olunmuşdur ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 24931 ABŞ dolları əsas borc, 5637,11 ABŞ dolları faiz mövcud olmaqla, 33022,18 ABŞ dolları məbləğində cərimə hesablanmışdır.
7. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi 1 saylı evin 8 saylı mənzilinin İddiaçı-nin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə 2041 nömrəli reyestr kitabının 188694 nömrəli vərəqində qeydiyyata alınmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2022-ci il tarixli, 9/1964 nömrəli ekspert rəyinə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 06 aprel 2017-ci il tarixli 23-3268.2 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı-yə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2021-ci il tarixə olan borcu: əsas borc üzrə - 25749,67 ABŞ dolları, faiz üzrə - 5135,63 ABŞ dolları. xx.xx.2021-ci il tarixə olan borcu: əsas borc üzrə - 25749,67 ABŞ dolları, faiz üzrə - 5800,83 ABŞ dolları təşkil edir.
10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 may 2022-ci il tarixli ƏEM/M 06- 346/22 qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi 1 saylı evin 8 saylı mənzilinin bazar dəyəri 95000 manat, likvid dəyəri 90000 məbləğində müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24931 ABŞ dolları əsas, 5637,11 ABŞ dolları faiz, 2454,07 ABŞ dolları cərimə və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehlər "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi ev 1, 8 saylı mənzilə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin "xxxx" MMC və Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2017-ci il tarixli, 23-3268.2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 10 faiz dərəcəsi ilə 37846 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2017-ci il tarixli, 23-3268.2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətində illik 10 faiz dərəcəsi ilə 37846 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən – "xxxx" MMC ilə bank arasında 06 aprel 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi ev 1, 8 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə ipoteka qoyan - borc alan Cavabdeh1 arasında 25 yanvar 2014-cü il tarixli 23-3268 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələbetməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, 05 avqust 2021-ci il tarixli, **********238 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 09,07.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 33022,18 ABŞ dolları təşkil edir, bundan 24931 ABŞ dolları əsas borc, 5637,11 ABŞ dolları faiz, 2454,07 ABŞ dolları cərimədir.
13. Həmçinin, Cavabdeh1 cavabdeh LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi və artıq ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, 23-3268.2 saylı Əlavə kredit müqaviləsinin etibarsız hesab olunaraq, artıq ödənilmiş vəsaitin məbləğinin müəyyən olunaraq LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında ilkin cavabdeh LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin Cavabdeh1 qarşı 2(005)- 4970/2021 saylı kredit müqaviləsinin ləğvi, borcun qaytarılması və s. tələbi üzrə mülki işə baxılır. Lakin tərəflər arasında müqavilə münasibətləri 23 yanvar 2014-cü il tarixli, 23-3268 saylı əsas kredit müqaviləsinin bağlanması ilə rəsmiləşdirilmişdir. Əsas kredit müqaviləsinə əsasən cavabdeh 57500 ABŞ dolları məbləğində kredit almağı, 06 aprel 2016-cı ilədək həmin kredit məbleğindən 48991 ABŞ dolları ödəniş etmiş, cəmi 8509 ABŞ dolları borcu qalmışdır. Bundan sonra ilkin cavabdehin adına Əlavə kredit müqaviləsi adı altında xx.xx.2017-ci il tarixli, 23-3268.2 saylı müqavilə bağlanmış, guya ona 37846 ABŞ dolları kredit verilmiş və nəticədə onun hüquqları pozulmuşdur. İkinci müqavilə üzrə cavabdeh 23735 ABŞ dolları ödəniş etmiş, əgər verilən kredit məbləğinə və ödənişlərə baxılsa cavabdehin iddiaçıya 14111 ABŞ dolları borcu qalmalı idi. Bütün bu müddət ərzində iddiaçı dəfələrlə cavabdehi inandırmağa çalışmışdır ki, guya etdiyi ödənişlər gecikmələrə görə hesablanmış faizlər olmuşdur. Halbuki ödəniş tarixlərinə və cədvələ görə müəyyən olunmuş əsas borc və faiz borcunun məbləğindən fərqli qaydalar tətbiq olunaraq iddiaçı tərəfindən rəqəmlərdə öz xeyrinə hesablamalara yol verilmişdir. Cavabdehin etdiyi ümumi ödeniş məbləği 72789 ABŞ dolları təşkil etmişdir, lakin cavabdehin hələ də iddiaçıya guya 33022 ABŞ dolları borcu olduğunu israr etməsi absurddur. İddiaçı əlavə kredit müqaviləsini bağlayarkən cavabdehə bildirmişdir ki, bu sadəcə prosedurdur, müqavilənin müddətinin bitməsinə az müddət qaldığı üçün müddətin uzadılması ilə bağlı əlavə müqavilə bağlanacaq, ondan sonra cavabdeh qalan məbləği ödəyərək borcunu bitirmiş olacaqdır. Rəsmi prosedura uyğun olaraq cavabdehə sənədlər imzalatdırmış və guya kedit verilmişdir kimi göstərməklə cavabdehin üzərinə qanunsuz öhdəliklər qoyulmuşdur. Belə ki, xx.xx.2017-ci il tarixdə, saat 15:47-də cavabdeh (borc alana) Cavabdeh1 guya 37846 ABŞ dolları ödəniş etmiş və elə həmin gün 28 dəqiqə fərqi ilə, yəni 16:15-də guya 37846 ABŞ dolları vəsaiti kassadan məxaric edərək almışdır. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı cavabdehi yanıldaraq onun üzərinə əlavə öhdəlik qoymuşdur.
15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(005)-296/2022 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) ilk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCdən müştərək qaydada İddiaçı-nin xeyrinə 24931 ABŞ dolları əsas, 5135,63 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 30566,63 ABŞ dollarının (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi İddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi 1 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh1 verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi 1 saylı evin 8 saylı mənzilinin ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən olunması, Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi 1 saylı evin 8 saylı mənzilinin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması; ilk iddianın qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi və artıq ödənilmiş vəsaitin geri qaytarılması» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 145 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi müvafiq hesaba köçürülməsi, ekspertiza xərci olan 400 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 269.7, 269.4, 317.1, 319.1, 319.4, 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 470.1, 472.1, 472.2, 477.0.4, 739, 743-ci, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4, 59.3.1-ci maddələrinə; qarşılıqlı iddia tələbinə münasibətdə isə Mülki Məcəllənin 5.3, 324.4, 337.1, 339.1, 390.1, 405.1, 425-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətində göstərilmişdir ki, ilk iddia üzrə iddiaçı cavabdehi yanıldaraq onun üzərinə əlavə öhdəlik qoymuşdur. Lakin bu öhdəliyi yaradan vasitələr tamamilə qanunsuz olmaqla nəinki iddianın əsassız olmasına dəlalət edir, həmçinin ilkin iddiaçıdan vurulmuş ziyanın tələb olunmasını şərtləndirir. Göstərilən hallar bağlanmış əqdin etibarsız olduğunun birbaşa sübutudur. Lakin məhkəmə qarşılıqlı iddia ərizəsində göstərilən hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən və iddiaçı tərəfin özünün təqdim etdiyi müqavilələrdən görünür ki, cavabdeh borcunu tam bağlamışdır. Daha sonra borcunu bağladığı halda 28 dəqiqə fərqi ilə güya kredit götürmüşdür. Bu hallar barədə məhkəməyə ətraflı məlumat verilmiş və qəbzlər təqdim olunmasına baxmayaraq yanlış hüquqi qiymət verilmişdir. Təqdim olunmuş qəbzlər, işin halları sübut edir ki, cavabdeh tərəf vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində kredit müqaviləsinə imza atmışdır. Halbuki, iddiaçı tərəf ona müqavilənin müddətinin uzadılmasını bildirmişdir. Bu isə müqavilənin birbaşa etibarsızlığı üçün əsasdır. Cavabdehin ailə üzvləri notarial qaydada razılıq verməmişlər və mənzildən çıxmaq barədə öhdəlik götürməmişlər. Ümumiyyətlə ikinci müqavilə üzrə ipoteka müqaviləsi tərəflər arasında bağlanmadığı halda məhkəmə necə tutmanı ipotoka predmetinə yönəldə bilər? Bu barədə iddiaçı tərəfə verilən suallar cavabsız qalmışdır. Məhkəmə isə ədalətli araşdırmaya şərait yaratmayaraq işi yekunlaşdırmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
21. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin iddia üzrə digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
27. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
29. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
30. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
31. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
32. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
33. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
34. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir.
35. Maddə 269.1; 269.7. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.
36. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
37. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
38. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
39. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər.
«İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu
40. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
41. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir.
42. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.
43. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir.
44. Maddə 39.3; 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
45. Maddə 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
46. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
Qarşılıqlı iddia tələbinə münasibətdə: Azərbaycan Respublikası Mülki Məcəlləsi
47. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
48. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
49. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
50. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
51. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
52. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
53. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
60. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - ilk iddia tələbinin Cavabdeh1 qarşı təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməməsinə dair hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - ilk iddia tələbinin Cavabdeh1 qarşı təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməməsinə dair hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
62. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 23-3268.2 saylı kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 60 ay müddətinə illik 10 faiz dərəcəsi ilə 37846 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq dəbbə pulunu ödəməyi barədə ödənilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı həmin məbləğdə krediti qəbul etməsini məxaric kassa orderinə imza etməklə təsdiq etmişdir.
63. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilə şərtləri pozulmuşdur.
64. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində kredit müqaviləsinə imza atmışdır. Halbuki, iddiaçı tərəf ona müqavilənin müddətinin uzadılmasını bildirmişdir. Ona görə də müqavilə etibarsız hesab edilməlidir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 həmin dəlili əsassızdır. Belə ki, tərəflər arasında sərbəst iradə ifadəsinə uyğun olaraq müqavilə bağlanmışdır, Cavabdeh1 müqavilə ilə tanış olmuş, şərtləri ilə razı olduğu üçün müqaviləni imzalamışdır. Həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsas mövcud deyildir.
66. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, o, borcu tam olaraq ödəmişdir. Kollegiya qeyd edir ki, Cavabdeh1 həmin dəlili də əsassızdır. Belə ki, ödənişlərin hamısı nəzərə alınaraq, ümumi borc məbləği hesablanmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2022-ci il tarixli, 9/1964 nömrəli ekspert rəyinə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 06 aprel 2017-ci il tarixli 23-3268.2 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı-yə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2021-ci il tarixə olan borcu: əsas borc üzrə - 25749,67 ABŞ dolları, faiz üzrə - 5135,63 ABŞ dolları. xx.xx.2021-ci il tarixə olan borcu: əsas borc üzrə - 25749,67 ABŞ dolları, faiz üzrə - 5800,83 ABŞ dolları təşkil edir.
67. Apellyasiya şikayətinin başqa dəlili ondan ibarətdir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ailə üzvləri mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq verməmişlər.
68. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 qeyd edilən dəlili də əsassızdır. Çünki, ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur.
69. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-296/2022 saylı iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən - ilk iddia tələbinin Cavabdeh1 qarşı təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməməsinə dair hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.