Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6554/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nın X2 Consulting Company MMC-yə qarşı (Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: əmlakın qaytarılması və mənəvi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3521/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları
1. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi AB№578175 olan girovda qalmaq şərtilə müvəqqəti idarə etməyə bank etiraz etmir.
2. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6162/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 11653,55 ABŞ dolları əsas, 7127,80 ABŞ dolları faiz, 1900 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20681,35 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-nın X2 Consulting Company MMC-nə ödənilməsi, həmin borcun "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vsaitinə yönəldilməsi qət edilmişdir.
3. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 436/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X9 qarşı ““Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, 90- GU-940 dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması” barədə iddia tələbin rədd edilməsi qət edilmişdir.
4. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı 100 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına köçürülmüşdür.
5. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, ““Mercedes Benz C240” markalı, 90- GU-940 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. X9 xx.xx.2012-xx.xx.2019- cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə verilmişdir.
6. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2(81)- 2410/2012 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən "xxxx" ASC-yə ləğvedicisi qismində təyin olunmuş X3 Company MMC-nin Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nın X2 Consulting Company MMC-yə qarşı “əmlakın qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması, cavabdehlər Cavabdeh1 və Royal Bank ASCnin ləğv edicisi X4 Company MMC-dən mənəvi ziyana görə 500 manat pulun tutulması, Cavabdeh1 ödənilmiş 100 dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil yüklü edilmişdir. İpoteka iddiaçının adına rəsmiləşdirilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-6162/2015 saylı qətnaməsinə əsasən iddiaçıdan 11.653,55 ABŞ dolları faiz, 1900 ABŞ dolları cərimə borcu, cəmi 20.681,35 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin ləğvedicisi "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin borcun "xxxx" ASC ilə iddiaçının arasında 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaitinə yönəldilməsi qət edilmişdir. İddiaçının bundan Yasamal rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarı qəbul edib onun ünvanına göndərdikdən sonra məlumatı olmuşdur. İddiaçı X9 25 aprel 2012-ci il tarixdə etibarnamə vermişdir. Razılaşmaya əsasən X10 adlı şəxs iddiaçı"xxxx" ASC-yə olan borcu ödəməyi öz üzərinə götürmüşdür. Sonra onun ödənişlərdən məlumatı olmamışdır. Hadisə ona məlum olduqdan sonra iddiaçı maşını axtarıb tapıb banka təhvil vermək istəmişdir. Bu məqsədlə X9 qarşı iddia verilmiş, lakin iddia təmin edilməmişdir. Məhkəmə araşdırmasına əsasən hesab edilmişdir ki, X1 nəqliyyat vasitəsi olmadığından X10 nə iddiaçı, nə də bank qarşısında heç bir öhdəlik daşımır. Həmin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sonuncu dəfə nəqliyyat vasitəsi bankın razılığı ilə xx.xx.2012-ci il tarixdə Cavabdeh1 verilmişdir. Bank nümayəndələri Cavabdeh1 ilə əlbir olaraq nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. Baxmayaraq ki, Cavabdeh1 Xətai Rayon məhkəməsində iştirak etmişdir, o, nə nəqliyyat vasitəsini qaytarmamış, nə də girov hüququ ilə ona verilən nəqliyyat vasitəsindən istifadə nəticəsində iddiaçının bank qarşısında olan öhdəliyini icra etməmişdir. Hazırda Yasamal icra şbəsi tərəfindən nəqliyyat vasitəsi axtarışda olsa da, nə nəqliyyat vasitəsi tapılır, nə də Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi icra etməyərək iddiaçını bank qarşısında borclandırmışdır. Etibarnamə nəqliyyat vasitəsinin idarə edilməsinə səlahiyyət verən sənəd olduğundan, mübahisəli nəqliyyat vasitəsinin idarə edilməsinə dair mülkiyyətçi olan iddiaçı tərəfindən X9 etibarnamə verilmişdir. Sonuncu etibarnamə cavabdeh qismində göstərilən Cavabdeh1 verilmişdir. Etibar edilən digər şəxslərin sahibliyində isə avtomobilin olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməmişdir, eyni zamanda etibarnamə olmayan şəxs tərəfindən avtomaşının idarə olunması və həmin şəxsin sahibliyində olması məntiqli və mümkün ola bilən hal kimi hesab edilə bilməz. Hesab edir ki, həmin avtomaşının sonuncu etibar edilən şəxsdə olması ehtimal edilməli və məhz Cavabdeh1 hazırkı tələbə dair cavabdehlik daşıması nəzərə alınmalıdır. İddiaçının mülkiyyətində olan və cavabdehin etibarnaməli idarəçiliyində olan avtomaşına dair iddiaçının bank qarşısında olan öhdəliklərin icrası barədə pulun tutulması və tələbin həmin avtomaşına yönəldilməsinə dair məhkəmə qərarı mövcud olduğundan, tələbin həmin avtomaşına yönəldilməsi üçün onun axtarışına dair qərar qəbul edildiyindən, avtomaşının digər şəxsin sahibliyində olması iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli olduğundan, cavabdeh avtomaşına dair hər hansı bir hüquqlara malik olmadığından, iddiaçı mülkiyyətində olan daşınar əmlakın geri qaytarılmasını tələb etməkdə haqlıdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3521/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, "Marks Belçikaya qarşı", "Mançini İtaliyaya qarşı", “Loizidu Türkiyəyə qarşı” AİHM-in Qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 48, 50.3, 54.1, 54.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3521/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Əsas olaraq qeyd edilmişdir ki, məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi faktları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməlidir. Ancaq məhkəmə təqdim edilən sübutların hara yoxa çıxmasını qeyd etməmişdir. Daha sonra məhkəmə guya müəyyən edir ki, iddiaçı “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını güman edir. Lakin həmin nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Burda da iddiaçının sübutları yoxa çıxır. "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU- *** dövlət qeydiyyat nişanlı avtomobil yüklü edilmişdir. İpoteka iddiaçının adına rəsmiləşdirilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)- 6162/2015 saylı qətnaməsinə əsasən iddiaçıdan 11.653,55 ABŞ dolları faiz, 1900 ABŞ dolları cərimə borcu,cəmi 20.681,35 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin ləğvedicisi "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin borcun "xxxx" ASC ilə iddiaçının arasında 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaitinə yönəldilməsi qət edilmişdir. İddiaçının bundan Yasamal rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarı qəbul edib onun ünvanına göndərdikdən sonra məlumatı olmuşdur. İddiaçı X9 25 aprel 2012-ci il tarixdə etibarnamə vermişdir. Razılaşmaya əsasən X10 adlı şəxs iddiaçı "xxxx" ASC-yə olan borcu ödəməyi öz üzərinə götürmüşdür. Sonra onun ödənişlərdən məlumatı olmamışdır. Hadisə ona məlum olduqdan sonra iddiaçı maşını axtarıb tapıb banka təhvil vermək istəmişdir. Bu məqsədlə X9 qarşı iddia verilmiş, lakin iddia təmin edilməmişdir. Məhkəmə araşdırmasına əsasən hesab edilmişdir ki, X1 nəqliyyat vasitəsi olmadığından X10 nə iddiaçı nə də bank qarşısında heç bir öhdəlik daşımır. Həmin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sonuncu dəfə nəqliyyat vasitəsi bankın razılığı ilə xx.xx.2012-ci il tarixdə Cavabdeh1 verilmişdir. Bank nümayəndələri Cavabdeh1 ilə əlbir olaraq nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. Baxmayaraq ki, Cavabdeh1 Xətai Rayon Məhkəməsində iştirak etmişdir, o, nə nəqliyyat vasitəsini qaytarmamış, nə də girov hüququ ilə ona verilən nəqliyyat vasitəsindən istifadə nəticəsində iddiaçının bank qarşısında olan öhdəliyini icra etməmişdir. Hazırda Yasamal icra şöbəsi tərəfindən nəqliyyat vasitəsi axtarışda olsa da nə nəqliyyat vasitəsi nə tapılır, nə də Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi icra etməyərək iddiaçını bank qarşısında borclandırmışdır. Etibarnamə nəqliyyat vasitəsinin idarə edilməsinə səlahiyyət verən sənəd olduğundan, mübahisəli nəqliyyat vasitəsinin idarə edilməsinə dair mülkiyyətçi olan iddiaçı tərəfindən X9 etibarnamə verilmişdir. Sonuncu etibarnamə cavabdeh qismində göstərilən Cavabdeh1 verilmişdir. Etibar edilən digər şəxslərin sahibliyində isə avtomobilin olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməmişdir, eyni zamanda etibarnamə olmayan şəxs tərəfindən avtomaşının idarə olunması və həmin şəxsin sahibliyində olması məntiqli və mümkün ola bilən hal kimi hesab edilə bilməz. Hesab edir ki, həmin avtomaşının sonuncu etibar edilən şəxsdə olması ehtimal edilməli və məhz Cavabdeh1 hazırkı tələbə dair cavabdehlik daşıması nəzərə alınmalıdır. İddiaçının mülkiyyətində olan və cavabdehin etibarnaməli idarəçiliyində olan avtomaşına dair iddiaçının bank qarşısında olan öhdəliklərin icrası barədə pulun tutulması və tələbin həmin avtomaşına yönəldilməsinə dair məhkəmə qərarı mövcud olduğundan, tələbin həmin avtomaşına yönəldilməsi üçün onun axtarışına dair qərar qəbul edildiyindən,avtomaşının digər şəxsin sahibliyində olması iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli olduğundan, cavabdeh avtomaşına dair hər hansı bir hüquqlara malik olmadığından, iddiaçı mülkiyyətində olan daşınar əmlakın geri qaytarılmasını tələb etməkdə haqlıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi .
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının:
17. 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
19. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
20. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.
21. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
25. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.
28. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
29. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
30. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3521/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur..
40. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6162/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 11653,55 ABŞ dolları əsas, 7127,80 ABŞ dolları faiz, 1900 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20681,35 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-nın X2 Consulting Company MMC-nə ödənilməsi, həmin borcun "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaitinə yönəldilməsi qət edilmişdir. Bundan sonra, qətnamə icraya yönəldilmiş, lakin İddiaçı banka olan borcunun İddiaçı məxsus “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yerini müəyyən etmək mümkün olmadığından nəqliyyat vasitəsinin satışından əldə edilən pul vəsaitinə yönəldilməsi mümkün olmamışdır. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, ““Mercedes Benz C240” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. X9 xx.xx.2012-xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə verilmişdir. Bu səbəbdən İddiaçı cavabdeh X9 qarşı ““Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU- *** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması” barədə iddia tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 436/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddianın rədd edilməsi qət edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktubuna istinad edərək X6 MMC-yə qarşı “əmlakın qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması, cavabdehlər Cavabdeh1 və Royal Bank ASC-ninləğv edicisi X4 Company MMC-dən mənəvi ziyana görə 500 manat pulun tutulması, Cavabdeh1 ödənilmiş 100 dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
41. Kollegiya qeyd edir ki, iddiaçı “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını güman edir. Lakin həmin nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktuba istinad edərək mübahisəli nəqliyyat vasitəsinin Cavabdeh1 olmasına istinad etmək olmaz. Belə ki, "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktubdan görünən odur ki, İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı 90- GU- 940 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi AB№578175 olan girovda qalmaq şərtilə müvəqqəti idarə edilməyə verilməsinə bank etiraz etmədiyini bildirmişdir. Həmin məktuba istinad edərək “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 olduğunu söyləmək düzgün deyildir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, ““Mercedes Benz C240” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. X9 xx.xx.2012-xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə verilmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışdan da görünür ki, Cavabdeh1 “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə istifadə hüququ verən hər hansı etibarnamə verilməmiş, əksinə tarix olaraq sonuncu dəfə xx.xx.2012-xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə X9 verilmişdir. Tarixdən də görünən odur ki, X9 nəqliyyat avsitəsinə istifadə hüququ verən etibarnamə, "xxxx" ASC tərəfindən İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı **- GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 müvəqqəti idarə edilməyə verilməsinə etiraz etmədiyini bildirməsilə ilə bağlı məktub ünvanladıqdan (xx.xx.2012) xeyli müddət sonra, yəni xx.xx.2012-ci il tarixdə verilmişdir. Məhz bu səbəbdən də iddiaçının gətirdiyi bu dəlil mötəbər sübut hesab edilə bilməz. Bu baxımdan iddia tələbi cavabdeh “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması hissəsində təmin edilə bilməz.
43. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
44. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2(81)- 2410/2012 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən "xxxx" ASC-yə ləğvedicisi qismində təyin olunmuş X3 Company MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edildiyindən cavabdeh qismində X3 Company MMC deyil, Əmanətlərin Sığortalanması Fondu qoyulmalı idi. Bu baxımdan cavabdehlər Cavabdeh1 və Royal Bank ASC-nin ləğv edicisi X4 Company MMC-dən mənəvi ziyana görə 500 manat pulun tutulması iddiası X4 Company MMC-yə münasibətdə iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən hazırda təmin edilə bilməz.
45. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunmasını təklif etmiş, lakin iddiaçının nümayəndəsi və vəkili etiraz etmişdir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
47. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən iddianı rədd etməkdə haqlı olmuşdur.
48. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
51. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3521/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.