Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6563/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyəti olan fatkın müəyyən edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri Sabunçi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3835/2023 nömrəli 03 avqust 2023-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 31 oktyabr 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Namdar Abdin oğlu 1894-cü ildə doğulmuşdur, atası Abdin Aslan oğludur. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arxiv arayışına görə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1931-ci ilə dair Bakı şəhəri Balaxanı qəsəbəsi üzrə ölüm haqqında qeydiyyat kitablarında 26 noyabr 1931-ci ildə Namdar Abdin oğlunun vəfatı qeyd olunur.
2. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arxiv arayışına görə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1920-1927-ci illərə dair Bakı şəhəri Balaxanı kəndi üzrə doğum haqqında bərpa kitablarında 16 iyul 1923-cü ildə doğulan Abdin Namdar oğlunun təvəllüdü qeyd olunur. Atası: Namdar Abdul oğlu, anası: Bibi xanım Çimər qızı.
3. Maraqlı şəxs tərəfindən verilmiş 2636 nömrəli xx.xx.2015-ci il tarixli arayışa əsasən X12 ilə Təbiyə Həbib qızı xx.xx.1947-ci il tarixdə Bakı şəhərində nikahlarını bağlamışlar.
4. AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.1949cu ildə Bakı şəhərində doğulmuşdur, atası Abdin Nəmdər oğlu, anası Təbiyə Həbib qızıdır.
5. AZ-İ seriyalı 443519 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2010cu ildə Bakı şəhərində ölmüşdür.
6. AZ-İ seriyalı 771890 nömrəli ölüm haqqında şəhadətnaməyə görə Təbiyə Həbib qızı xx.xx.1988-ci ildə Bakı şəhərində ölmüşdür.
7. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin sənədlərində Balaxanı kəndi üzrə istifadələri üçün ayrılmış həyətbaşı miras torpaq sahələri olan şəxslərin 15 may 1916-cı ilə dair siyahılarından məlum olur ki, Abdin Aslan oğlunun Kürdəxanı kəndində 1800 kv.sajina bərabər olan torpaq sahəsi olmuşdur.
8. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışına görə Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi üzrə Balaxanı kəndinin 1886-cı ilə dair kameral siyahısında Abdin Əli (sənəddə olduğu kimi) Aslan oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1855-ci il (sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb). Atası: X20. Anası: sənəddə olduğu kimi qeyd olunmayıb.
9. Sabunçu RİHB-nın Balaxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3295 nömrəli xx.xx.2019-cu il tarixli arayışa əsasən Rəhimova X8 qəsəbəsi P.Məmməd küçəsi ev 7 ünvanında yaşayır. X13 1894-cü ildən 1931-ci ilə kimi (Balaxanı qəsəbəsi Yanardağ ev 18) vəfat edən günə kimi qeydiyyatda olub, yaşayıb. Atası X6 vəfat edən günə kimi (xx.xx.2010) Yanardağ 18-də qeydiyyatda olub, yaşayıb.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2348/2022 nömrəli xx.xx.2022- ci il tarixli qətnaməsi ilə (qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı nəzərə alınmaqla) Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsinin Ərizəçi tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir.
11. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 saylı qərarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atasının babası - 1855-ci il təvəllüdlü Abdin Aslan oğlunun 1923-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Ərizə belə əsaslandırılmışdır ki, o, 16 dekabr 2010-cu il tarixdə vəfat etmiş atası X2 babası Abdin Aslan oğlundan miras qalmış Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları ərazisində yerləşən 0.82 ha torpaq sahəsinə dair əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 4 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. 4 saylı notariat ofisi xx.xx.2021-ci il tarixli 58/2021 nömrəli məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxılması, mirasın ardıcıl olaraq, babası, atası və onun tərəfindən qəbulu faktının, həmçinin Abdin Aslan oğlunun ölüm faktını təsdiq edən sənədlərin və miras əmlak üzərində Abdin Aslan oğlunun mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin təqdim edilmədiyi bildirilmiş və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeyd olunan faktın müəyyən edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilərək, icra edilməsi üçün notariat kontoruna göndərilmiş, lakin notarius tərəfindən miras qoyanın ölüm haqqında şəhadətnaməsi olmadığı üçün məhkəmədən müvafiq hüquqi faktı təsdiq edən qətnamə təqdim edilməsi tələbi edilmişdir. Notariat kontoru tərəfindən ölüm haqqında şəhadətnamə tələb etdiyi Abdin Aslan oğlu 1855-ci ildə doğulmuş və 1923-cü ildə ölmüşdür. 1855-ci ildə doğulmuş şəxsin hələ sağ olması qeyrimümkündür.
14. Birinci intansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, ərizəçinin ulu babasını tanımır, onun haqqında heç bir məlumatı yoxdur. O, ərizəçinin atasını tanımış, ataları dost olmuşlar.
15. X1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin ulu babasını tanımır, sonuncu vəfat edəndə o, doğulmamışdır. Ərizəçinin ulu babasının vəfat etməsi barədə heç bir məlumatı yoxdur. Ərizəçinin yalnız atasını tanıyır, atası onun atası ilə bir yerdə oxumuşlar.
16. Şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçinin ulu babasını tanımır, sadəcə adını eşitmişdir. Ərizəçinin ulu babası haqqında heç bir məlumatı yoxdur. Eşitdiyinə görə ərizəçinin ulu babasının adı Abidin olmuşdur.
17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 avqust 2023-cü il tarixli 2(008)-3835/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) ərizə rədd edilmişdir.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, ərizəçinin təşəbbüsü ilə dindirilmiş şahidlər isə Abdin Aslan oğlu haqqında hər hansı məlumatlarının olmadıqlarını bildirmişlər. Bundan başqa, qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2348/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Abdin Aslan oğlunun ölümü haqqında mühafizə edilən sənədlərdə 1923-1924-cü illərə dair məlumat aşkar edilməmiş, 1919-1922-ci illərə dair isə ölüm haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 305.1.1, 307, 218.1, 82.3, 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, ölüm faktının müəyyən edilməsi istənilən şəxs 1855-ci il tarixdə doğulmuşdur, onun doğulmasına dair arxivdə müvafiq qeyd var. Məhkəmə nəzərə almamışdır ki, şəxsin 168 yaşı olması özü elə ölüm faktının təsdiqinə birbaşa əsasdır. Ulu babasının ölməsinin sübutla təsdiq edilməsinin gözlənilməsi ağlabatan deyildir. Məhkəmə digər qətnaməyə istinad etsə də, nəzərə almamışdır ki, həmin qətnamədə hakim göstərmişdir ki, 1855-ci ildə doğulmuş Abidin Aslan oğlunun ölüm faktı barədə məlumat aşkar edilməmiş, lakin 165 il yaşaması mümkün deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
23. Məhkəmə iclasında iştirak edən ərizəçi və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı .əxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
28. Maddə 307. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
29. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə (qətnamədə yol verilmiş yanlışlıq barədə qərardad nəzərə alınmaqla) Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsinin Ərizəçi tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi müəyyən edilmişdir.
37. Həmin torpaq sahəsi atasının babası Abdin Aslan oğlundan miras qalmışdır.
38. Hazırda ərizəçi atasının babasının ölüm faktının müəyyən edilməsini tələb edir və tələbini belə əsaslandırır ki, bu faktın müəyyən edilməsi vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün lazımdır.
39. Kollegiya hesab edir ki, məhkəmənin ərizənin rədd edilməsi barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur, çünki ərizəçi istinad etdiyi halları sübut edə bilməmişdir.
40. Bununla belə Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.
41. Yuxarıda da qeyd edildiyi kimi, artıq qüvvədə olan qətnamə ilə ərizəçinin mübahisəli torpaq sahəsini vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilmişdir.
42. Kollegiya izah edir ki, ərizəçinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məhkəmə qətnaməsi əsasında baş verdiyi üçün, əlavə olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına ehtiyac yoxdur.
43. Beləliklə, apellyasiya şikayəti əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3835/2023 nömrəli iş üzrə 03 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.