Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6567/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı iddianı təmin tədbiri haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-3294/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı iddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmini tədbiri olaraq işə mahiyyəti üzrə baxılıb qurtarana kimi, iddianın predmeti olan mübahisəli, ünvan 1 mənzil 2 ünvanının özgəninkiləşdirilməsinə, mənzil üzərində hər hansı başqa sərəncam verilməsinə, Cavabdeh və digər şəxslərə orada təmir-tikinti işlərinin həyata keçirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-3294/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh və digər şəxslərə ünvan 1 mənzil 2 ünvanında təmir- tikinti işlərinin həyata keçirilməsi qadağan edilmişdir. Cavabdeh həmin qərardaddan şikayətverərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayonu T.Hacıbabayev küçəsi ev 20-də yerləşən 2 saylı mənzil onun xüsusi mülkiyyətindədir və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Ona və iddiaçıya məxsus mənzillər köhnə tikili olduqlarına görə yenidən təmir və bərpaya ehtiyac vardır. İddiaçı öz mənzilini təmir və bərpa etmiş, o da öz növbəsində təmir-bərpa işləri aparır. Ona aid mənzildə təmir-bərpa işlərinin aparılmasının iddiaçıya heç bir aidiyyatı yoxdur və ona maneçilik törətmir. Hətta aralarında bu barədə razılaşmışlar. Onun mənzili qəzalı vəziyyətdə olduğuna görə orada təxirə salınmadan təmir-bərpa işləri aparmalıdır. Bu səbəbdən də hesab edir ki, həmin qərardad ləğv edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-3294/2020 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməməsini, cavabdeh isə şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)- 3294/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Eyni Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1, 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən məhkəmə tərəfindən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə əsasən qeyd edir ki, iddiaçının iddianı təminetmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmək hüququ var. Məhkəmə qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə uzlaşır. İddiaçının mülkiyyətində olan mənzilin ətrafında cavabdeh tərəfindən tikinti və digər işlərin davam etdirilməsi iddia tələbinin təmin olunduğu təqdirdə qətnamənin icrasında çətinliklər yarada bilər. Cavabdehin şikayətini əsaslandırmaq üçün gətirdiyi dəlillər isə əsassız olmaqla, iddianı təmin tədbirinin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-3294/2020 saylı qərardadından Cavabdeh şikayəti təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6567/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6567/2020
11.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver