Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-660/2022 30.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(011)-2342/2021 saylı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmış, tərəflərin imzaladıqları xx.xx.2013-cü il tarixli sazişə əsasən kredit xəttinin məbləği 50000 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
2. Həmin kredit xətti müqaviləsi çərçivəsində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında Cavabdeh1 bankdan 48 ay müddətinə 1,8333 faiz dərəcəsi ilə hissə-hissə qaytarmaq şərtilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 3.Tərəflərin imzaladıqları əlavə sazişlərlə razılaşmaya və ödəniş cədvəlinə dəyişiklik edilmişdir. 06 dekabr 2017-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında sonuncu sazişə əsasən kreditin qaytarılma müddəti 03 sentyabr 2019-cu il hesab edilmişdir.
4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 27 oktyabr 2011-ci il tarixli zaminlik müqavilələrinə əsasən onlar Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasına zamin durmuşlar.
5. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı kimi mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndi Yeni məhəllədə 0,10 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 96,5 kv.metr yaşayış, 36,4 kv.metr yardımçı, 132,9 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evini həyətyanı tikili və qurğularla birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Bankın ipoteka hüququ və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
6. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixinə banka əsas borcu 16779,12 ABŞ dolları, faiz borcu 16054,04 ABŞ dolları, cərimə borcu 23131,74 ABŞ dolları təşkil edir.
a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə 16779,12 ABŞ dolları məbləğində əsas borc, 16054,04 ABŞ dolları məbləğində faiz borcu, 23131,74 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 55964,90 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan Abşeron rayonu Məmmədli kəndi Yeni məhəllədə 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 96,5 kv.metr yaşayış, 36,4 kv.metr yardımçı, 132,9 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsait hesabına kredit borcunun və məhkəmə xərclərinin ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə tutulması, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit razılaşmaları üzrə bank qarşısında öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun iddiaçı banka borcu yaranmışdır.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2342/2021 saylı iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 16779,12 ABŞ dolları məbləğində əsas borc, 16054,04 ABŞ dolları məbləğində faiz borcu, 2313 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 35146,16 ABŞ dolları məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Abşeron rayonu Məmmədli kəndi Yeni məhəllədə 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 96,5 kv.metr yaşayış, 36,4 kv.metr yardımçı, 132,9 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilməsi, ipoteka predmetinin likvid qiyməti 38000 manat müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsait hesabına kredit borcunun və məhkəmə xərclərinin ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə tutulması, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilməsi qət edilmişdir. (hakim X2)
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlərin iddiaçı bank qarşısında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlikləri yaranmışdır. Buna görə də iddia tələbi cərimə borcu hissəsində qismən, qalan tələblər üzrə isə tam təmin olunmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 739.1, 739.2, 442, 445, 470.1, 472.1, 472.2, 462.1, 467 və 317.1-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcun məbləğini müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş, faiz borcları artıq hesablanmış, cərimə borcu əsas borcun məbləğinə nisbətən tənasübsüz olmuşdur. Bundan əlavə, ipoteka predmeti olan daşınmaz əmlakın qiyməti likvid dəyəri ilə götürülməklə aşağı qiymətləndirilmişdir. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi. Cavabdeh1 apellyasiya icraatı zamanı işə baxılarkən ilk məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş, sonuncu məhkəmə iclasında isə səhhəti ilə bağlı iştirak edə bilməyəcəyi barədə teleqramla məhkəməyə müraciət etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasının təxirə salınmasına əsas olmadığından və Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.3 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya baxışının hədləri
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın rədd olunması xahiş olunsa da, qətnamədən digər proses iştirakçıları şikayət vermədiyindən, qətnamə yalnız Cavabdeh1 apellyasiya şikayəti üzrə ona münasibətdə mübahisələndirilən hissələrdə yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Lakin faiz və cərimə borcu ilə bağlı hissələrdə məhkəmə kollegiyası hesab edir ki, borcun məbləği düzgün müəyyən edilməmişdir. Buna görə də qətnamə həmin hissələrdə dəyişdirilməlidir.
19. İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və kredit razılaşmaları bağlanması, Cavabdeh2 və Cavabdeh3 həmin kreditin qaytarılmasına zamin durmaları, Cavabdeh1 öz mülkiyyətində olan daşınmaz əmlakı ipoteka ilə yüklü etməsi, Cavabdeh1 iddiaçı banka kredit borcunun olması işin mübahisələndirilməyən hallarıdır.
20. Apellyasiya icraatı zamanı işə baxılarkən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 10L000002866 saylı kredit xətti müqaviləsi, həmin kredit xətti üzrə xx.xx.2014-cü il tarixli 10R000015521 saylı kredit razılaşması və xx.xx.2017-ci il tarixli saziş üzrə Cavabdeh1 03 sentyabr 2019-cu il tarixinə və 05 oktyabr 2020-ci il tarixinə əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 06 iyun 2022-ci il tarixli 9/699 saylı rəyinə əsasən, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 10R000015521 saylı kredit razılaşması və xx.xx.2017-ci il tarixli sazişin şərtləri nəzərə alınmaqla onun 03 sentyabr 2019-cu il tarixinə (müddətin sonuna) əsas borcu 18147,48 ABŞ dolları, faiz borcu 5832,71 ABŞ dolları, maliyyə arayışının verildiyi 05 oktyabr 2020-ci il tarixinə əsas borcu 18147,48 ABŞ dolları, müqavilə müddətinə faiz borcu 5832,71 ABŞ dolları, müqavilə müddəti başa çatdıqdan sonra 5 faizlə hesablanmış borcu 988,03 ABŞ dolları təşkil edir.
21. İddia ərizəsində cavabdehlərdən iddiaçının xeyrinə 16779,12 ABŞ dolları məbləğində əsas borc, 16054,04 ABŞ dolları məbləğində faiz borcu, 23131,74 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 55964,90 ABŞ dolları məbləğində borcun tutulması xahiş olunmuşdur. Beləliklə, ekspert rəyi ilə müəyyən olunmuş əsas kredit borcunun məbləği (18147,48 ABŞ dolları), iddia tələbində göstərilən əsas kredit borcunun məbləğindən (16779,12 ABŞ dolları) çox, ekspert rəyi ilə müəyyən olunmuş müqavilə müddətinin sonuna faiz borcunun məbləği (5832,71 ABŞ dolları), iddia tələbində göstərilən faiz borcunun məbləğindən (16054,04 ABŞ dolları) azdır. Buna görə də Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbləri baxımından əsas kredit borcunun məbləği dəyişdirilmədən saxlanılmalı, faiz borcunun məbləği dəyişdirilərək 5832,71 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
22. Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kolllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun məbləğini 2313 ABŞ dolları məbləğində müəyyən edərkən borcluların əmlak mənafelərini nəzərə almamışdır. Buna görə də kollegiya hesab edir ki, hər iki tərəfin əsaslı mənafeyini və mövcud məhkəmə təcrübəsini nəzərə alaraq dəbbə pulunun məbləği əsas kredit borcunun 5 faizi məbləğində, yəni 16779,12x0,05=838,96 (yuvarlaq olaraq 839) ABŞ dolları məbləğində müəyyən edilməlidir.
23. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bildirir ki, ipoteka predmetinin ilkin satış qiyməti 28 mart 2013-cü il tarixli ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığına əsasən 16480 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi zamanı müstəqil qiymətləndiricinin rəyinə əsasən ipoteka predmeti olan torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin (həyətyanı tikili və qurğularla birlikdə) likvid dəyəri 01 iyun 2021-ci il tarixinə 38000 manat təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq likvid dəyəri ilə götürülməklə 38000 manat müəyyən edilmişdir. Apellyator ipoteka predmetinin ilkin satış qiymətinin daha yüksək olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də qətnamə ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilməlidir.
25. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2342/2021 saylı mülki iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə kredit xətti müqaviləsi və kredit razılaşması üzrə tutulan faiz borcunun məbləği 5832,71 ABŞ dolları, cərimənin məbləği 839 ABŞ dolları, cəmi borcun məbləği 23450,83 ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 200 manat pulun 100 manat hissəsi iddiaçıdan, 100 manat hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.