Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6617/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İmaməli oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qızıl-zinət və əşya tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1185/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 13 aprel 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan uşaqları yoxdur. Hazırda tərəflər arasında nikahın pozulması ilə bağlı məhkəmə çəkişməsi var.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızıl-zinət əşyaları – 1 ədəd nişan üzüyü, brilyant qaşlı, 750 əyarlı, 8 qram çəkidə, 960 manat dəyərində; 1 dəst qızıl üzük-sırğa, qolbaq və zəncir brilyant qaşlı, 750 əyarlı, 29 qram çəkidə, 3.480 manat dəyərində; 1 dəst qızıl sırğa halqa, İtaliya qızılı, 3,5 qram çəkidə, 280 manat dəyərində; 1 ədəd qızıl zəncir, kulonlu, 585 əyarlı, 6 qram çəkidə, 480 manat dəyərində; 1 ədəd qızıl üzük, 2 qram çəkidə, 160 manat dəyərində; 1 ədəd qızıl qolbaq, 6 qram çəkidə, 480 manat dəyərində; cehiz əmlakları (qalan hissə) – 1 ədəd soyuducu, 1.600 manat dəyərində; şəxsi əşyaları – 1 ədəd palto, 70 manat dəyərində; 3 cüt ayaqqabı, 100 manat dəyərində; 1 ədəd çanta, 40 manat dəyərində; 3 ədəd köynək, 100 manat dəyərində; 2 ədəd don, 100 manat dəyərində; 1 ədəd gödəkcə, 90 manat dəyərində; dəst paltar (kofta, yubka), 100 manat dəyərində; 2 ədəd fen, 100 manat dəyərində olmaqla, həmin əşyaların, onlar mövcud olmadıqda isə dəyərinin və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 13 aprel 2021-ci il tarixdə rəsmi nikah münasibətinə daxil olmaqla, ailə həyatı qurmuşdur və cavabdehin yaşadığı evə gəlin köçmüşdür. Birgə nikahdan uşaqları yoxdur. Cavabdehlə onların yaşadıqları müddət ərzində ər-arvadlıq münasibətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehin məcbur tələbi ilə birgə yaşadıqları evdən çıxmışdır. Hal-hazırda, Saatlı rayonu Mustafabəyli kəndində yerləşən valideynlərinə məxsus evdə yaşayır. Cavabdeh ona qarşı Saatlı rayon Məhkəməsində «nikahın pozulması» tələbinə dair iddia qaldırmış və məhkəmənin icraatında 2(055)-141/2022 saylı mülki iş vardır. Nişan mərasimində ona cavabdeh tərəfindən qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Ona məxsus olan cehiz əmlakları, şəxsi əşyaları və cavabdeh tərəfindən ona hədiyyə olunan qızıl-zinət əşyaları cavabdehdə qalmış, indiyə kimi qaytarılmamışdır.
4. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1185/2022 saylı qətnaməsi ilə (hakim K.Əsədov) iddia qismən təmin edilərək iddiaçıya məxsus olan – 1 dəst qızıl üzük, sırğa, qolbaq və zəncirdən ibarət brilyant qaşlı komplekt dəsti (əyarı 14 K (585), brilyantın çəkisi 2,40 ct, ümumi çəkisi 20 qram) - dəyəri 2.200 manat; 1 ədəd nişan üzüyü (əyarı 18 K (750), brilyantın çəkisi 0,60, qızılın ümumi çəkisi 5 qram) – dəyəri 550 manat; 1 dəst qızıl sırğa halqa, İtaliya qızılı, 3,5 qram çəkidə, 280 manat dəyərində; 1 ədəd qızıl zəncir, kulonlu, 585 əyarlı, 6 qram çəkidə, 480 manat dəyərində; 1 ədəd qızıl üzük, 2 qram çəkidə, 160 manat dəyərində; 1 ədəd qızıl qolbaq, 6 qram çəkidə, 480 manat dəyərində; 1 ədəd palto, 70 manat dəyərində; 3 cüt ayaqqabı, 100 manat dəyərində; 1 ədəd çanta, 40 manat dəyərində; 3 ədəd köynək, 100 manat dəyərində; 2 ədəd don, 100 manat dəyərində; 1 ədəd gödəkcə, 90 manat dəyərində; dəst paltar (kofta, yubka), 100 manat dəyərində; 2 ədəd fen, 100 manat dəyərində olmaqla, həmin əşyaların, onlar mövcud olmadıqda isə dəyərinin və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
5. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1185/2022 saylı qərardadı ilə qətnamənin məzmununda və nəticə hissəsində yol verilmiş yanlışlıq düzəldilərək iddiaçıya məxsus olan – 1 dəst qızıl üzük, sırğa, qolbaq və zəncirdən ibarət brilyant qaşlı komplekt dəsti (əyarı 14 K (585), brilyantın çəkisi 2,40 ct, ümumi çəkisi 20 qram) - dəyəri 2.200 manat; 1 ədəd nişan üzüyü (əyarı 18 K (750), brilyantın çəkisi 0,60, qızılın ümumi çəkisi 5 qram) – dəyəri 550 manat; onlar mövcud olmadıqda isə dəyəri və ödənilmiş 30 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilmiş 20 manat məbləğində olan hissəsinin Cavabdeh alınaraq iddiaçıya verilməsi kimi oxunması qərara alınmışdır.
6. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 225.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi uyğun deyil. Pulsuz dövlət xəstəxanasında müalicə olunub və dövlət hesabına da müalicəsi təmin olunub. Məhkəmə prosesində iddia tələbi üzrə işin mahiyyətindən, mübahisənin predmetindən məlumatları olmayan yalançı şahidlərin ifadələrindən istifadə edilmişdir. Məhkəmə mütəxəssis rəyini yox, hansısa satıcının rəyinə əsasən, ona məxsus olan qızıl-zinət əşyalarına qiymət müəyyən etməklə əmlakımın sayını azaltmaqla yanaşı, qızıl-zinət əşyalarının real satış qiymətini qəsdən aşağı salıb. Ona məxsus əmlakın qanunsuz satılmasına, eləcə də hədiyyə olunan əşyalara məhkəmə qərəzli olaraq münasibət bildirməyib və bu hala hüquqi qiymət verməyib.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı, onun nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.
11. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
13. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
14. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
15. Maddə 34.2. Zinyət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
21. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, birinci instansiya məhkəməsinin qətnamənin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında uyğunsuzluq vardır. Belə ki, Rayon Məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qızıl-zinət və geyim əşyalarının qaytarılmasına dair tələbin tam təmin edilməsi qənaətinə gəlmişdir. Lakin məhkəmənin sonradan qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair qəbul etdiyi qərardaddan göründüyü kimi, iddia yalnız qızıl-zinət əşyaları tələbinə dair hissədə qismən təmin edilmişdir. Bununla da, birinci instansiya məhkəməsi MPM-in 217.1 və 217.3-cü maddəsinin tələblərinə əməl etməmiş, prosessual qanunvericiliyin tələblərini pozmuş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.
22. Göstərilən maddənin tələblərinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1). Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun (maddə 387.1).
23. Birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
24. İddianın mahiyyətinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
25. İşin mübahisəsiz hallarına görə tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikahda olmuşlar. Tərəflər rəsmi nikahdan sonra birlikdə yaşamış, iddiaçı cavabdehə məxsus evə gəlin köçmüşdür. Sonradan aralarında münasibətlər pozulmuş, iddiaçı evdən getmişdir. Hal-hazırda tərəflər arasında nikahın pozulması barədə mübahisə vardır. Baxılan mülki işdə iddiaçının tələb etdiyi qızıl-zinyət əşyalarının iddiaçıya toy və nişan zamanı hədiyyə verilməsi, yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması mübahisələndirilməyən haldır. İddiaçı iddia ərizəsində sadalanan qızıl-zinət, geyim əşyalarının və soyuducunun cavabdehdə qaldığına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə müvafiq olaraq nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
27. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3).
29. Sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, həmçinin tələb olunan qızılzinət əşyalarının iddia ərizəsində göstərilən dəyərdə olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi o halda əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir ki, həmin etiraf məhkəmə iclasının protokoluna yazılsın və bu barədə etiraf edən tərəf protokola imza etsin və ya faktın etiraf edildiyi yazılı ərizə işə tikilmiş olsun.
30. Hazırkı iş üzrə iddia tələbi 3 hissədən - iddiaçıya məxsus qızıl-zinət əşyalarının, şəxsi geyim əşyalarının və soyuducunun qaytarılmasından ibarətdir.
31. Kollegiya iddia tələbinin birinci hissəsi - qızıl-zinət əşyalarının qaytarılması tələbinə münasibətdə aşağıdakıları qeyd edir:
32. Mülki işin məhkəmə baxışı zamanı iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qaldığını bildirmişdir.
33. Qanunun göstərişinə əsasən tələb olunan qızıl-zinət əşyalarının hal-hazırda həqiqətən cavabdehdə olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür.
34. Cavabdehin nümayəndəsi X2 birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında verdiyi izahatında iddiaçının xəstəlikdən əziyyət çəkdiyini, müalicəyə ehtiyacı olduğunu, bu səbəbdən, gəlininə aid qızıl-zinət əşyalarını sataraq, əldə olunmuş pul vəsaitini onun müalicəsinə, dərman preparatlarının alınmasına sərf etdiyini bildirmişdir. İddiaçının nümayəndəsi həmin məzmunda izahatını apellyasiya baxışı zamanı da təsdiqləmişdir.
35. Apellyasiya baxışı zamanı iddiaçı vərəm xəstəsi olduğunu, bu xətəliyin müalicəsinin isə ödənişsiz olduğunu, xəstəliyinin onun qızıllarını satacaq dərəcədə ağır olmadığını, qızılları satılıbsa da, bunun ona xəbər verilmədən edildiyini bildirmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin göstərilən faktları etiraf etməsi iddiaçını qızıl-zinət əşyalarının özündə deyil, cavabdehdə olması faktını sübut etmək vəzifəsindən azad edir.
37. Belə ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
38. Cavabdeh tərəf iddiaçıya məxsus qızıl-zinət əşyalarının satılaraq əldə olunmuş vəsaitin onun müalicəsinə sərf olunduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş şahid X3 ifadəsinə kollegiya belə qiymət verir ki, cavabdehin nümayəndəsi (anası) tərəfindən iddiaçıya xəstəxanada olarkən qayğı göstərilməsi, habelə lazım olan bütün məsrəflərin ödənilməsi iddiaçıya məxsus qızıl-zinət əşyalarının satışından əldə olunmuş vəsait hesabına olduğu barədə qənaətə gəlmək üçün birmənalı əsas vermir. Əksinə iş materiallarından, həmçinin tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı dövlət tibb müəssisəsində müalicə olunmuşdur.
39. Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında Azərbaycan Respublikası Qanununa əsasən dövlət vərəm əleyhinə yardım məqsədi ilə vərəmin spesifik profilaktikasına, vərəm əleyhinə dövlət tibb müəssisələrində ambulatoriya, stasionar, sanatoriya şəraitində konsultativ-diaqnostikaya, müalicəyə və reabilitasiya yardımına təminat verir (maddə 4). Vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsi dövlət və yerli büdcələrin vəsaitləri, icbari tibbi sığorta vəsaitləri və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir (maddə 12).
40. Beləliklə, kollegiya qeyd edilənlər əsasında qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinin əsaslı olması qənaətinə gəlir.
41. Apellyasiya baxışı zamanı qızılların dəyəri ilə bağlı müvafiq sahədə ixtisaslaşmış qiymətləndiricinin - "xxxx" MMC-nin rəyi alınmışdır. Həmin cəmiyyətin xx.xx.2022-ci il tarixli, UNi/D 25-7019/22 saylı rəyi ilə müəyyən edilmişdir ki, brilyant daşlarla bəzədilmiş qızıl boyunbağı-kolyenin, brilyant daşlarla bəzədilmiş qızıl bilərzik-qolbağın, brilyant daşlarla bəzədilmiş qızıl üzük, 1 cüt brilyant qaşlarla bəzədilmiş sırğa dəstinin qiyməti (əyar 750, çəki 24 q, daşın ölçüsü 1,20 karat) 3200 manat, 1 cüt qızıl halqa sırğa (əyar 585, çəki 2,5 q) 200 manat, brilyant qaşlarla bəzədilmiş nişan üzüyü (əyar 750, çəki 8q, daşın ölçüsü 0,30 karat) dəyəri 920 manat, üzərində “N” hərfli kulon olan qızıl boyunbağı (əyar 585, çəki 6 q) dəyəri 420 manat, qızıl üzük ( əyar 585, çəki 2 q) dəyəri 160 manat, qızıl bilərziyin (əyar 585, çəki 3 q) dəyəri 240 manat, ümumilikdə isə sadalanan qızıl-zinət əşyalarının dəyəri 5140 manat təşkil edir.
42. Rəy kifayət qədər əsaslandırılmışdır, onun məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə kollegiyası qızıl-zinət əşyalarının rəydə müəyyən edilmiş dəyərini real hesab edir.
43. Qızıl zinyət əşyalarının qiymətləri ilə bağlı iş materiallarinda olan digər rəyləri isə kollegiya işin hallarına uyğun hesab etmir. Belə ki, həmin rəyləri tərtib etmiş qiymətləndiricilərin bu sahədə xüsusi biliklərinin olması və qiymətlərin hansı metodika əsasında hesablanması bu rəylərin məzmunundan müəyyən edilmir.
44. Kollegiya iddia tələbinin ikinci hissəsi - geyim əşyalarının qaytarılması tələbinə münasibətdə aşağıdakıları qeyd edir.
45. İddiaçı izahatında geyim əşyalarının bir qisminin verildiyini, tələb etdiyi geyimlərin isə ona verilmədiyini, ona məxsus geyimləri istifadə edəcək başqa şəxsin cavabdehin evində olmadığını, cavabdehin nümayəndəsi (anası) isə iddiaçının geyim əşyalarını apardığını bidlirir.
46. Kollegiya iddiaçıya geyim əşyaları verildiyini, tərəflər arasında bununla bağlı mübahisə olmadığını, tələb olunan digər geyimlərindən isə iddiaçının özünün də etirafına görə, başqa istifadə edəcək şəxsin olmadığını, habelə onların yüksək dəyərdə olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı həmin hissədə öz tələbini sübuta yetirə bilməmişdir.
47. İddia tələbinin üçüncü – soyuducunun qaytarılması tələbinə aid hissədə kollegiya hesab edir ki, iddiaçı soyuducunun ona cavabdehin əmisi tərəfindən 8 mart bayramı münasibətilə hədiyyə edildiyini bildirsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
48. Əksinə, birinci instansiya məhkəməsində şahid qismində ifadə verən cavabdehin əmisi X4 ifadəsində soyuducunu gəlinə deyil, cavabdehin anasına hədiyyə etdiyini bildirmişdir.
49. Qeyd edilənlərə əsasən Kollegiya soyuducunun qaytarılması hissəsində iddianı sübuta yetirilməmiş hesab edir və belə qənaətə gəlir ki, həmin hissədə iddia rədd edilməlidir.
50. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1185/2022 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. 1 ədəd brilyant daşlarla bəzədilmiş qızıl boyunbağı-kolye, brilyant daşlarla bəzədilmiş qızıl bilərzik-qolbağ, brilyant daşlarla bəzədilmiş qızıl üzük, 1 cüt brilyant qaşlarla bəzədilmiş sırğa dəsti (əyar 750, çəki 24 q, daşın ölçüsü 1,20 karat) qiyməti 3200 manat, 1 cüt qızıl halqa sırğa (əyar 585, çəki 2,5 q) qiyməti 200 manat, 1 ədəd brilyant qaşlarla bəzədilmiş nişan üzüyü (əyar 750, çəki 8q, daşın ölçüsü 0,30 karat) dəyəri 920 manat, 1 ədəd üzərində “N” hərfli kulon olan qızıl boyunbağı (əyar 585, çəki 6 q) dəyəri 420 manat, 1 ədəd qızıl üzük (əyar 585, çəki 2 q) dəyəri 160 manat, 1 ədəd qızıl bilərzik (əyar 585, çəki 3 q) dəyəri 240 manat, həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.