Məhkəmə qərarları › İş №2(103)-6619/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6619/2020

19.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6619/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(005)-2122/2020 №-li mülki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 Hülhüseyn oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və “iddianın dəqiqləşdirilməsi barədə” ərizələr ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı, “VAZ 21214” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərdən alınaraq ona qaytarılması, mülkiyyətdən istifadəyə qanunsuz maneələrin aradan qaldırılması, qətnamənin icra olunacağı vaxt avtomobilin möcud olmayacağı halda, əmlakın dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında başlanılmış mülki işin məhkəmə baxışı zamanı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə Sabunçu Rayon Məhkəməsində baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbi iddiaçının seçiminə görə düzgün olaraq Sabunçu Rayon Məhkəməsinə verilmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia ərizəsindən görünür ki, iddia Cavabdeh1 Hülhüseyn oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürülmüşdür. Belə olan halda MPM-nin 50.3-cü maddəsinə əsasən hazırki iş üzrə cavabdehlər adları qeyd edilən həmin şəxslər hesab olunur. MPM-nin 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından müəyyən edilir ki, iddia yönəlmiş Cavabdeh1 ünvanı Sabunçu rayonun, Cavabdeh2 ünvanı Bakı şəhəri Nizami rayonu, Cavabdeh3 isə ünvanı Şərur rayonun ərazisinə təsadüf edir. Belə olan halda iddianın cavabdehlərin birinin ünvanı üzrə verilməsi MPM-nin 36.2ci maddəsinin tələbinə uyğundur, çünki həmin maddənin tələbinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanıüzrə verilə bilər. MPM-nin 54-cü maddəsinə görə, iddia tələbi buna hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh iləəvəz edə bilər (maddə 54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehləəvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (maddə 54.2.). Mülki işin Sabunçu Rayon Məhkəməsində baxılmalı olmaması qənaətinə gəlmiş Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli avtomobilin Cavabdeh1 hər hansı aidiyyəti yoxdur; Cavabdeh1 qarşı iddia ərizəsində hər hansı tələb irəli sürülməmişdir; Cavabdeh1 cavabdeh qismində göstərilməsi məhz ərazi aidiyyətinin pozulması məqsədi daşıyır. İşdə olan Cavabdeh1 yazılı izahatından görünür ki, o, hazırki iş üzrə iddiaçının digər cavavbdehlərlə yanaşı ona qarşı irəli sürülmüş “avtomobilin qaytarılması barədə” iddia tələbini qəbul etmiş, mübahisəli avtomobilin onun tərəfindən üçüncü şəxslərə satıldığını göstərmişdir (iş v. 43). Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərini pozmuş, iddiaçının razılığı olmadan Cavabdeh1 faktiki olaraq cavabdehlər sırasından çıxararaq hazırki işi aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə göndərmişdir. Şərh olunanlara əsasən müəyyən edilir ki, barəsində şikayət verilmiş qərardad səhvdir. Ona görə də Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və hazırki mülki işə mahiyyəti üzrə baxılması üçün həmin iş Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 400-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı verdiyişikayət təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Hülhüseyn oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “avtomobilin qaytarılması və sair tələbləri barədə” iddiasına dair mülki işə mahiyyəti üzrə baxılması üçün iş Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar