Məhkəmə qərarları › İş №2(103)-6621/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6621/2023

27.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6621/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş (Açar sözlər: «mediasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4295/2023 saylı, 25 avqust 2023cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən “Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək ananın (Ərizəçi) yanında qalmasına etiraz etmir. xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment Ərizəçi ödənilsin. Hər həftənin bazar günü saat 12:00-dan 18:00-a qədər uşaqların Maraqlı şəxs ilə ünsiyyəti təmin edilsin.” şərtləri tərəflər arasında razılaşdırılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. Ərizəçi Maraqlı şəxs cəlb edilməklə barışıq sazişinin şərtlərinin təsdiq edilməsi dair ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2, 3 və 4-cü bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Ərizədə göstərilib ki, sözügedən barışıq sazişinin şərtləri Maraqlı şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmir. Bu səbəbdən, ərizənin təmin edilməsini xahiş edir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4295/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) ərizənin təmin edilərək Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023cü il tarixli barışıq sazişinin “Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək ananın (Ərizəçi) yanında qalmasına etiraz etmir. xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment Ərizəçi ödənilsin. Hər həftənin bazar günü saat 12:00-dan 18:00-a qədər uşaqların Maraqlı şəxs ilə ünsiyyəti təmin edilsin.” hissəsində təsdiq edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab etmişdir ki, ərizə təmin edilməli və Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi “Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək ananın (Ərizəçi) yanında qalmasına etiraz etmir. xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment Ərizəçi ödənilsin. Hər həftənin bazar günü saat 12:00-dan 18:00-a qədər uşaqların Maraqlı şəxs ilə ünsiyyəti təmin edilsin.” hissəsində təsdiq edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətində göstərib ki, iş hərtərəfli araşdırılmamış, maraqlı şəxsin fikri məhkəmədə dinlənilməmiş, əslində sazişin kim tərəfindən icra edilməməsi halına hüquqi qiymət verməmişdir. Belə ki, Maraqlı şəxs bildirməsinə görə onlar arasında saziş xx.xx.2023-cü il tarixdə bağlanmış, saziş 10 gün müddətində könüllü şəkildə icra edilməli olsa da, 5-6 və 12-13 avqustda uşaqlar ünsiyyət üçün ona verilməmiş və alimenti köçürmək üçün kart hesabı verilməmişdir. Hesab edir ki, ərizəçi bunu bilərəkdən etmişdir ki, məhkəməyə müraciət edib qətnamə qəbul edilməsinə və onun icra qaydasında həll edilməsinə nail olsun. Eyni zamanda, maraqlı şəxs bildirmişdir ki, onlar ayrıldıqdan sonra uşaqların anası işlədiyinə və evə gec gəldiyindən uşaqlarla ümumiyyətlə maraqlanmamış, uşaqlar dəfələrlə azmış, 102 xidmətinə zəng və qonşular vasitəsi ilə uşaqların yeri müəyyən edilib ərizəçinin yaşadığı evə gətirilmişdir. Eləcə də, uşaqların bədənində sıyırıqlar, göyərmə izləri olmuşdur ki, uşaqlar anasının sözünə baxmadıqda tənbeh edildiyini bildirmişlər. Maraqlı şəxs qeyd edir ki, uşaqları evdə qoyub qapını çöl tərəfdən bağlayaraq naməlum yerlərə getdiyindən uşaqlar evdə gecə vaxtı tək qorxaraq onu köməyə çağırmışlar. Lakin qapı bağlı olduğundan o, heç nə edə bilməmişdir. Hesab edir ki, uşaqlar şiddətə məruz qaldıqlarına və yuxarıda sadalanan hallara görə onlar arasında bağlanmış müqavilə şərtləri təsdiq edə bilməz. Belə ki, o, həmin sazişin ləğv edilməsinə dair məhkəmədə iddia ərizəsi ilə də müraciət edəcəkdir. Hesab edir ki, məhkəmə iclasında iştirakı təmin edilmiş olsaydı, bu halları məhkəmənin nəzərinə çatdıra bilərdi. Sazişin şərtləri ərizəçi tərəfindən pozulduğu üçün sazişin ləğvini tələb edir. Uşaqların onun yanında qalmasını vacib şərt hesab edir. Hazırki işdən görünür ki, uşaqları daim bir yerdə yaşamış olduğu atadan, nənə və babadan bir anda ayırmaq gələcəkdə onları daha da aqressiv, depressiv vəziyyətə salma ehtimalı vardır. Lakin ərizəçi tərəf uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl gətirə biləcək hərəkətlərdən çəkinməmiş, uşaqları zorla atasından, nənə və babasından ayırmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

7. Ərizəçi elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə etirazda apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edərək mövqeyini bununla əsaslandırmışdır ki, verilən apellyasiya şikayəti qanunsuz və əsassız olmaqla tamamilə şər-böhtan xarakterlidir. Belə ki, cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd edilmişdir ki, guya o, evə gec gəlir, uşaqlara fiziki və yaxud digər formada təziqlər göstərir və s. Bütün bunlar cavabdeh tərəfindən uydurulmuşdur. Şikayətdə guya qeyd edilmişdir ki, o, cavabdehə aliment ödəmək üçün kart və yaxud görüş üçün şərait yaratmayıb. Halbuki, cavabdeh tərəfindən bu faktları təsdiq edəcək heç bir sübut yoxdur. Sazişin məhkəmə qaydasında təsdiq edilməsi elə cavabdehin özü üçün də yaxşıdır və əlverişlidir ki, əgər o, uşaqlarla görüş üçün sazişə əsasən şərait yaratmırsa, bundan sonra Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsində onun övladları ilə görüş hüququ müəyyən ediləcək. Yəni, göründüyü kimi sazişin birmənalı olaraq cavabdehə faydası vardır. Əgər o, bunun icrasından yayınırdısa, o zaman niyə məhkəməyə müraciət edir? Göründüyü kimi, cavabdehin yalanları şikayətində öz əksini tapmaqdadır. Uşaqlarla maraqlanmamaq, uşaqları günlərlə təkbaşına qoymaq, uşaqların günlərlə itməyi və digər faktlar tamamilə şər-böhtandır. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşıdır və xidmətlə əlaqədar olaraq Bakı şəhərini tərk etməyi ümumiyyətlə icazəli deyil. O, sabit qrafik üzrə fəaliyyət göstərir. Ezamiyyətdə və ölkə xaricində işgüzar səfərlərdə olmur. 102 qaynar xəttinə edilən müraciətlər əsasında necə oldu ki, iş yeri bəlli olan, sabit xətt bir telefon işlədən və evi, yaşayış yeri bəlli olan bir insan tapıla bilmədi və araşdırılma üçün dəvət edilmədi? Bundan başqa, uşaqlarla bir ildir ki, Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən ailə üzvlərinə məxsus evdə fasiləsiz olaraq yaşayır. Bununla bağlı MKİS tərəfindən müvafiq məktub iş materiallarına sübut kimi əlavə edilir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırki barışıq sazişinin ləğv edilməsi tələbi ilə ayrıca iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi geri qaytarılmışdır. Hazırda həmin iş apellyasiya icraatındadır. Ərizəçi barışıq sazişinin şərtləri Maraqlı şəxs tərəfindən pozulmadığı halda hazırki iddianı əsassız olaraq, yalnış hüquqi yönləndirmə nəticəsində qaldırıb.

9. Məhkəmə iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qarşı tərəf 102-yə zəng edilməsi, eləcə də uşaqların bədənində zorakılıq izlərinin olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Uşaqları ilə birlikdə yaşayır, işdə olanda isə atası və anası uşaqlara nəzarət edir. Uşaqların ataları ilə görüşmələrinə maneçilik törətməyib. Qarşı tərəf şərtlərdən narazılıq etdi, ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etdi. Maraqlı şəxs avqust və noyabr ayında aliment ödəməyib. Hazırki iddia ilə məhkəməyə müraciət edəndən sonra alimenti ödəyib. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.7. Barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 9.3 və 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, ərizə təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Ərizədəki tələbin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik maraqlı şəxsin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından ərizə haqlı sayılırdı.

19. Hazırki ərizədəki tələb mediasiya qaydasında bağlanılmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi ilə bağlı olub. Maraqlı şəxsin apellyasiya şikayətindəki dəlillər isə həqiqi olsa belə onlar qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi üçün əsas ola bilməzdi. Çünki, “Mediasiya haqqında” Qanunda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Ərizəçi də barışıq sazişi maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə onun məcburi icrası üçün təsdiq edilməsinə görə məhkəməyə müraciət edib. Apellyasiya baxışı zamanı da işdə iştirak edən şəxslərin izahatları ilə təsdiq olundu ki, barışıq sazişinin bağlanmasından 4 aya yaxın müddət keçməsinə baxmayaraq maraqlı şəxs yalnız 2 ay, yəni məhkəməyə müraciət edildikdən sonra sentyabr və oktyabr ayı üzrə aliment ödənilməyə başlamışdır. Demək ki, həm barışıq sazişi imzalandığı, yəni xx.xx.2023-cü ildən başlayaraq, həm də “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsində da müəyyən edilmiş 10 gün müddətində maraqlı şəxs onu icra etmədiyinə görə ərizəçi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

20. Göründüyü kimi, maraqlı şəxsin şikayətində göstərilən dəlillər hazırki icraatın predmeti ilə uzlaşmır və onlar barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsas ola bilməzdi. Çünki, məhkəmə “Mediasiya haqqında” Qanunun 3.3, 33.3 və 34.5-ci maddələrinə zidd olduqda və Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsində nəzərdə tutulmuş hallarda barışıq sazişini təsdiq etməkdən imtina edə bilərdi. Barışıq sazişi qanuna, o cümlədən əvvəlki cümlədə qeyd olunan normalara zidd olmadığından və həmin normada nəzərdə tutulan halar olmadığına görə onun təsdiq edilməsindən imtina üçün də əsas yaranmamışdır.

21. Alimenti köçürmək üçün kart hesabının verilməməsi dəlili də əsaslı hesab edilə bilməz. Çünki, alimentin ödənilməsi üçün kart hesabının verilməməsi onun başqa qaydada ödənilməsinə maneə deyildir. Yetərdi ki, aliment ödənilməsi üçün maraqlı şəxsdə istək və xoş niyyət olsun.Yəni, maraqlı şəxs istəsəydi ödəməli olduğu alimenti bilavasitə də ərizəçiyə çatdıra bilərdi, ancaq çatdırmayıb yaxud bunu istəməyib. 22.Bununla yanaşı, barışıq sazişinin təsdiqi həm də maraqlı şəxsin mənafeyinə uyğun olmuşdur. Çünki, uşaqlarla ünsiyyətlə bağlı şərt də təsdiq edilmiş və ərizəçi üçün də məcburi icrası məhkəmə qətnaməsi ilə təsdiq edilib. Deməli, uşaqların ünsiyyət üçün maraqlı şəxsə təqdim edilməməsi dəlilinin də əhəmiyyəti itmiş olur. Ən azından ona görə ki, ərizəçi barışıq sazişinin bu şərti üzrə özü üçün məcburi icra yaratmaqda maraqlı olmaq istəməzdi.

23. Maraqlı şəxsin bir tərəfdən barışıq sazişi ilə razı olduğunu və şərtlərinə əməl etdiyini bildirməsi ilə digər tərəfdən onun ləğvi barədə ayrıca iddia qaldırmağa cəhd etməsi bir-birini təkzib edən hüquqi yanaşmalardır. Çünki, şərtlərinə əməl etdiyini bildirdiyi barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi əslində maraqlı şəxsin ifadə etdiyi mövqeyinə zidd olan hal sayıla bilməz. Yəni, maraqlı şəxs sazişin könüllü icrasından imtina etmirsə, deməli sazişin təsdiq edilməsini də mənafeyinə zidd olan hal kimi qiymətləndirməməlidir.Demək, ziddiyyəti iki mövqe də şikayətin əsaslı olmadığını təsdiq edir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4295/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4295/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar