Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6631/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bank Olmayan Kredit X6 Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının, digər ödənclərin verilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh Bank Olmayan Kredit X6 Cəmiyyətinin nümayəndələri (icraçı direktor) X4 və (müşahidə şurasının sədri) X2, İddiaçı iştirakı ilə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) birinci instansiya məhkəməsindəki icraat barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh ASC arasında bağlanmış "xxxx" xitam verilməsi haqqında cavabdeh ASC üzrə verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli əmrlərin ləğv edilməsi, onun əvvəlki işinə - ASC-nin hüquqşünası vəzifəsinə bərpa edilməsi, ötən müddət üçün almadığı əmək haqqının, Yeni il bayramı ilə əlaqədar (2024-2025) 100% əmək haqqı qədər mükafat məbləğinin və istifadə etmədiyi məzuniyyət pulunun ona verilməsinin ASC-yə tapşırılması, işdən qanunsuz olaraq çıxarılması ilə əlaqədar ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl bu əmək mübahisəsinin məhkəmədən kənar həll edilməsi məqsədi ilə mediasiya sesiyasının keçirilməsinə görə çəkdiyi mediasiya xərcin əvəzi olaraq 60 manat məbləğində pulun cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə, iddianı qismən təmin edilməsini, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi haqqında cavabdeh ASC üzrə verilmiş xx.xx.2024-cü il tarixli əmrin və həmin əmrə düzəliş edilməsi ilə bağlı verilmiş xx.xx.2025-ci il tarixli əmrlərin ləğv edilməsini, iddiaçının əvvəlki işinə - ASC-nin Hüquq departamentinə hüquqşünas vəzifəsinə işə bərpa edilməsini, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin ASC-nin üzərinə qoyulmasını, iddiaçının çəkdiyi mediasiya xərcinin əvəzinin – 60 manat məbləğində pulun ASC-dən iddiaçının xeyrinə tutulmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
3. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işçi olan iddiaçı “işdən azad olunması barədə verdiyi ərizəni geri götürməsi haqqında” ərizə təqdim etsə də, işəgötürən iddiaçı ilə bağlanmış "xxxx" əsassız olaraq xitam vermişdir. Buna görə də ASC-nin həmin əmrləri ləğv edilməli, iddiaçı işə bərpa edilməlidir. İddia tələbinin qalan hissəsi isə əsassız olduğundan və sübuta yetmədiyindən təmin edilməməlidir.
4. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. b) hazırkı iş üzrə apellyasiya baxışının həddi barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddianı qismən təmin etsə də, cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmişdir.
6. Odur ki, bunu, iddiaçının verdiyi apellyasiya şikayətinin qətnamənin yalnız iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsinə yönəldiyini və mübahisə predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. c) apellyasiya baxışının predmeti olan hissədə üzrə iş üzrə tərəflərin mövqeyi barədə məlumat
7. Apellyasiya baxışının predmeti olan hissədə iddiaçının iddia ərizəsində, apellyasiya şikayətində ifadə etdiyi dəlillər, birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı verdiyi izahatlar aşağıdakılardan ibarətdir: 7.1. İddiaçı, onunla cavabdeh ASC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış "xxxx" əsasən ASC-yə hüquqşünas vəzifəsinə işə qəbul edilmiş və ona aylıq 1.000 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. ASC üzrə verilmiş xx.xx.2024-cü il tarixli əmrlə, həmin əmrə düzəliş edilməsi ilə bağlı verilmiş xx.xx.2025-ci il tarixli əmr nəzərə alınmaqla iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli əmrdə, istifadə edilməmiş 16 məzuniyyət gününün son haqqhesabın iddiaçıya ödənilməsi nəzərdə tutulsa da, həmin məbləğ ASC tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı həmin məbləğin ASC-dən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etsə və ASC həmin məbləğin ona ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməsə də, Rayon Məhkəməsi bunu nəzərə almamış bu tələbi əsassız olaraq təmin etməmişdir. Buna gərə də, qətnamə həmin hissədə ləğv edilməli və istifadə olunmamış 16 məzuniyyət günü üçün məbləğin ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir. 7.2. "xxxx" bayramı (2024-2025) ilə əlaqədar ASC-nin əməkdaşlarına onların əmək haqqılarına uyğun olaraq (əmək haqqının 100% həcmində) mükafat verilmiş, lakin iddiaçıya mükafat verilməmişdir. Baxmayaraq ki, o, işə qəbul ediləndən sonra, məhkəmələr tərəfindən ASC-nin xeyrinə qəbul edilmiş və illərlə icrasız qalmış məhkəmə qətnamələrinin icrasına nail olmuş, bununla da ASC-nin maliyyə vəziyyətini yaxşılaşdırmışdır. Göründüyü kimi işəgötürən tərəfindən iddiaçıya münasibətdə ayrıseçkiliyə yol verilmişdir ki, bu yolverilməzdir. Məhkəmə baxışı iclasında cavabdeh tərəf bu kimi ayrıseçkiliyin səbəbini izah edə bilməmiş və iddiaçıya da mükafat verməyə hazır olduğunu bildirmişdir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamış, mükafatla bağlı tələbi əsassız olaraq təmin etməmişdir. Buna gərə də, qətnamə həmin hissədə ləğv edilməli və mükafatın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh ASC-nin üzərinə qoyulması barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. 7.3. ASC-nin əvvəlki rəhbəri Azad Cavadov 2024-cü ilin sonuncu rübündə işdən çıxmış və ondan sonra ASC-nin rəhbəri Səməd Mirzəyev olmuşdur. Müşahidə Şurasının xx.xx.2024-cü il tarixli iclasında Səməd Mirzəyev heç bir əsas olmadan iddiaçı ilə kobud rəftar etmiş, uyğun olmayan ifadələr işlətmişdir. İddiaçı da, öz növbəsində Səməd Mirzəyevə iradını, nalayiq ifadələr işlətməyə mənəvi haqqının olmadığını bildirmişdir. İclasda iştirak edənlər Səməd Mirzəyevi bu hərəkətlərinə görə qınamışlar. ASC-nin rəhbərinin bu kimi hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirab keçirmiş, ona mənəvi zərər dəymişdir. Amma Rayon Məhkəməsi bunu nəzərə almamış, iddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun ASC-dən iddiaçının xeyrinə tutulması barədə” hissəsini əsassız olaraq təmin etməmişdir. Buna gərə də, qətnamə həmin hissədə də ləğv edilməli və iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə ASC-dən iddiaçının xeyrinə 5.000 manat məbləğində pulun tutulması barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
8. Apellyasiya baxışının predmeti olan hissədə cavabdeh ASC-nin birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində sərgilədiyi mövqe aşağıdakılardan ibarətdir: 8.1. İddiaçı bildirir ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş Müşahidə Şurasının iclasında o, Səməd Mirzəyev tərəfindən təhqir olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, nə Səməd Mirzəyev, nə hər hansı başqa şəxs iddiaçını təhqir etməmiş, ümumiyyətlə xx.xx.2024-cü il tarixdə iclas keçirilməmişdir. İclas 2024-cü ilin oktyabr ayının 30-da və dekabr ayının 3-də keçirilmişdir. Həmin iclaslarda da, heç kim iddiaçını təhqir etməmişdir. İşə baxmış Rayon Məhkəməsi bu məsələni kifayət qədər ətraflı araşdırmış və müəyyən etmişdir ki, iddianın mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsi sübuta yetmir. Bu səbəbdən də Rayon Məhkəməsi həmin tələbi rədd etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya icraatında da bu tələbin əsaslı olmasını təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Buna görə hesab edilməlidir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı dəlilləri əsassızdır. 8.2. İddia ərizəsinin və apellyasiya şikayətinin mükafatın ödənilməsi ilə bağlı dəlilləri də əsassızdır. Çünki ASC-nin əməkdaşlarının mükafatlandırılması kütləvi xarakter daşımamış, fərdi xarakter daşımış, öz işlərində müsbət fərqlənən işçilərə mükafat verilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsində” iddiaçıya mükafatın verilməsi nəzərdə tutulmamışdır. Buna görə də, iddiaçıya mükafat verilməmişdir. Bu hal nəzərə alınmasa belə iddiaçıya mükafat verilməməli idi. Çünki, iddiaçı, ASCnin hüquqşünası olaraq ASC-nin adından bir neçə borcluya qarşı hazırladığı “Kredit müqavilələri üzrə yaranmış borcların ödənilməsi tələbi barədə” iddiaların bir neçəsi birinci instansiya məhkəmələri tərəfindən təmin edilməsə də, iddiaçı bu barədə işəgötürənə məlumat verməmiş və işəgötürənin buna dair iradəsi olmadığı halda həmin məhkəmə qətnamələrindən apellyasiya şikayəti verməmiş, bununla da ASC-yə ziyan vurmuşdur. Göründüyü kimi, işçi olan iddiaçı, onunla ASC arasında bağlanmış “Əmək müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmişdir. Hal hazırda iddiaçı artıq işə bərpa olunub. Əgər gələcəkdə iddiaçı öz işində müsbət cəhətdən fərqlənərsə, onda ona da mükafat veriləcək. 8.3. İddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi haqqında əmrdə nəzərdə tutulmuşdur ki, istifadə edilməmiş 16 məzuniyyət gününün son haqq-hesabı iddiaçıya ödənilsin. Həmin əmr icra edilmiş və həmin məbləğ ASC tərəfindən iddiaçıya ödənilmişdir. Bu hal, onlar tərəfindən Rayon Məhkəməsinə təqdim etdikləri ödəniş sənədi ilə təsdiq edilir. d) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı, onunla cavabdeh ASC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış "xxxx" əsasən ASC-nin Hüquq Departamentinə hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış "xxxx" ASC üzrə verilmiş xx.xx.2024-cü il tarixli əmrlə (həmin əmrə düzəliş edilməsi ilə bağlı verilmiş xx.xx.2025-ci il tarixli əmr nəzərə alınmaqla) xx.xx.2025-ci il tarixdən xitam verilsə də, həmin əmr (xx.xx.2025-ci il tarixli əmr də o cümlədən) Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə ləğv edilmiş və iddiaçı əvvəlki işinə bərpa edilmişdir.
11. İddiaçı iddia ərizəsində və qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş Müşahidə Şurasının iclasında o, həmin vaxt ASC-nin rəhbəri olmuş Səməd Mirzəyev tərəfindən iclasda iştirak edən şəxslər qarşısında təhqir olunmuş və Səməd Mirzəyevin bu kimi hərəkətləri nəticəsində o mənəvi sarsıntı və iztirab keçirmiş, ona mənəvi zərər dəymişdir. Amma Rayon Məhkəməsi bunu nəzərə almamış, iddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun ASC-dən iddiaçının xeyrinə tutulması barədə” hissəsini əsassız olaraq təmin etməmişdir.
12. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.).
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
14. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il 20 saylı qərarında qeyd edilmişdir ki, ... əmək hüquqlarına hüquqazidd müdaxilə faktının mövcudluğu yoxlanılarkən, işin hallarından asılı olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və (və ya) ümumi əsaslara uyğun qiymətləndirilmə aparılmalıdır (bənd 3.2.2.). Əmək münasibətləri prosesində mənəvi zərərin vurulmasına əsas olan halların dairəsinə Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, bu münasibətlərin subyektlərinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da aiddir (bənd 3.2.3.). Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinin qeyd hissəsinin tətbiqi zamanı nəzərə alınmalıdır ki, həmin maddənin qeyd hissəsindən göründüyü kimi, işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan əməllərin mövcudluğu faktı əksi sübuta yetirilməyincə mənəvi zərərin tutulması üçün yetərli olacaqdır. Bundan fərqli olaraq, işçinin barəsində yalan məlumatların yayılması o zaman mənəvi zərərin vurulması ilə nəticələnə bilər ki, bu əməllər işçinin kollektiv arasında gözdən salınması məqsədi ilə edilmiş olsun. Nəzərə alınmalıdır ki, sözügedən faktların mövcudluğu üzrə sübutetmə yükü işçinin, onların əksini sübutetmə yükü isə işəgötürənin üzərindədir. Lakin işçi barəsində yalan məlumatların yayılması faktına istinadən mənəvi zərərin ödənilməsini tələb edərsə, bu faktın mövcudluğu ilə yanaşı, yayılmanın onun kollektiv arasında gözdən salınması məqsədi ilə edilməsi halını da sübut etməlidir (maddə 3.2.5.).
15. MPM-nin tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.).
16. Qeyd edilənləri nəzərə alan Məhkəmə mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, işçi olan iddiaçı işəgötürən – ASC-nin rəhbəri tərəfindən təhqir olunduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Belə olan halda, mənəvi ziyana görə əlavə olaraq hər hansı məbləğində pulun tələb edilməsi əsaslı sayıla bilməz.
17. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsaslı deyil.
18. İşəgötürən tərəfindən iddiaçıya münasibətdə ayrıseçkiliyə yol verilməsi və bununla bağlı iddiaçıya mükafatın verilməməsi ilə bağlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə qiymət verən Məhkəmə bildirir ki, ölkədaxili və beynəlxalq normalara görə işəgötürən tərəfindən işçıyə qarşı ayrıseçkiliyə yol verilməsi qadağandır. Bu kimi hərəkətə yol verildiyi halda işəgötürən maliyyə sanksiyasına məruz qalmalı və işçinin pozulmuş hüququnu bərpa etməlidir.
19. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, mükafat – əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər (157-ci maddənin 2-ci və 6-cı hissələri). Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, daxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən: pul və ya qiymətli əşyalar hədiyyə edilməklə; əlavə məzuniyyət verilməklə; əmək haqqına fərdi əlavə edilməklə; daha yüksək məbləğdə fərdi sığorta edilməklə; sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər (maddə 185.).
20. Göründüyü kimi, işçinin mükafatlandırılması üçün şərt - işçinin öz əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsindən və daxili intizam qaydalarına əməl etməsindən ibarətdir.
21. Lakin işin hallarından müəyyən edilmişdir ki, iddiaçı, ASC-nin hüquqşünası olaraq ASC-nin adından bir neçə borcluya qarşı hazırladığı “Kredit müqavilələri üzrə yaranmış borcların ödənilməsi tələbi barədə” iddiaların bir qisminin birinci instansiya məhkəmələri tərəfindən təmin edilməməsinə baxmayaraq bu barədə işəgötürənə məlumat verməmişdir.
22. İddiaçı bunu apellyasiya şikayətlərinin verilməsinin perspektivsiz olması ilə izah etsə də, müəyyən edilir ki, işəgötürənin buna dair iradəsi olmamışdır. Halbuki, ASC-nin adından ona verilmiş etibarnamələr əsasında çıxış edən iddiaçı ASC-nin nümayəndəsi olaraq ASC-nin iradə ifadəsinə uyğun hərəkət etməli idi (MPM, maddə 74.).
23. Göründüyü kimi hazırkı halda ASC tərəfindən iddiaçıya mükafatın verilməsi üçün əsas yaranmamışdır.
24. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı, ASC tərəfindən işçilərin hamısına mükafatın verilməsini bildirsə də, «Cavabdeh BOKT ASC-nin əməkdaşlarına 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı münasibəti ilə mükafatların verilməsi barədə» xx.xx.2024-cü il tarixdə ASC üzrə verilmiş 152A saylı əmrdən və həmin əmrə əlavə edilmiş siyahıdan görünür ki, mükafatın verilməsi kütləvi xarakter daşımamış, fərdi xarakter daşımışdır.
25. Bununla da müəyyən edilir ki, işəgötürən ASC tərəfindən işçi olan iddiaçıya münasibətdə ayrıseçkiliyə yol verilməmişdir. İddia tələbinin müzakirə edilən bu hissəsi əsassızdır.
26. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin həmin nəticəyə aid dəlili əsassızdır.
27. İddiaçı daha sonra bildirir ki, onunla bağlanmış "xxxx" xitam verilməsi haqqında əmrdə qeyd edilmişdir ki, istifadə edilməmiş 16 məzuniyyət gününün son haqq-hesabı ona ödənilməlidir. Lakin həmin məbləğ ASC tərəfindən ona ödənilməmişdir. O, həmin məbləğin ASC-dən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etsə və ASC həmin məbləğin ona ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməsə də, Rayon Məhkəməsi bunu nəzərə almamış bu tələbi əsassız olaraq təmin etməmişdir.
28. Məhkəmə iddiaçının bu kimi dəlillərini əsaslı hesab etmir. Belə ki, ASC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş ödəniş sənədindən görünür ki, ASC tərəfindən iddiaçının hesabına xx.xx.2025-ci il tarixdə 473,20 manat məbləğində pul köçürülmüşdür.
29. Bununla da müəyyən edilir ki, iddia tələbinin müzakirə edilən bu hissəsi də əsassızdır. İşə baxmış Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin həmin nəticəyə aid dəlili əsassızdır. e) apellyasiya baxışının nəticəsi
30. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil etdiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. Buna görə də MPM-in 385.2-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Nəsimi Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə Cavabdeh Bank Olmayan Kredit X6 Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.