Məhkəmə qərarları › İş №2(103)-6634/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6634/2024

16.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6634/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (əmlak ) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh (Mamedov Sakhır) qarşı “əmlak” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1530/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh (Mamedov Sakhıra) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (Mamedov Sakhırdan) 83000 manat məbləğində pulun, 2006-cı il tarixdən işdən azad edildiyi xx.xx.2021-ci il tarixədək orta aylıq əmək haqqları, məzuniyyət və son haqq-hesab pullarının, ödənilmiş 369 manat dövlət rüsumunun, dəyəri 5000 manat olan bır ədəd qızıl qol saatının, bir ədədinin dəyəri 200 manat olmaqla cəmi 600 manat təşkil edən üç ədəd xalçanın, dəyəri 1500 manat olan “LG” markalı bir ədəd televizorun, dəyəri 550 manat olan “Samsung” markalı bir ədəd kompüter dəstinin, dəyəri 800 manat olan bir ədəd kompüter masasının və dolabının, bir ədədinin dəyəri 1500 manat - cəmi 3000 manat təşkil edən iki ədəd kondisionerin, iki ədəd dəyəri 800 manat olan “LG” markalı tozsoranın, dəyəri 300 manat olan bir ədəd mikrodalğalı sobanın, dəyəri 900 manat olan “Samsung” markalı bir ədəd soyuducunun, dəyəri 700 manat olan bir ədəd paltaryuyanın, dəyəri 250 manat olan bir ədəd akvariumun, dəyəri 150 manat olan bir ədəd ətçəkən maşının, dəyəri 110 manat olan “Tefal” markalı çaynik dəstinin, dəyəri 1000 manat olan bir ədəd sobanın (duxovka), dəyəri 1500 manat olan bir ədəd divan dəstinin (yazı masası ilə birlikdə), dəyəri 3500 manat olan bir dəst yataq mebelinin (1 ədəd çarpayı, iki ədəd dolabça, bir ədəd güzgülü siyirtmə, bir ədəd şifonyer ), dəyəri 2000 manat olan bir dəst qonaq mebelinin (bir ədəd masa, 8 ədəd miz, bir ədəd bar, bir ədəd qorka, bir ədəd güzgülü siyirtmə ), dəyəri 2000 manat olan bir ədəd güzgülü qarderobun, dəyəri 1500 manat olan bir dəst mətbəx mebelinin, ümumi dəyəri 3000 manat təşkil edən ev əşyalarının (qab-qacaqlar, suveniriər, yorğanlar, döşəklər, ədyallar, pokrıvallar ) cavabdehdən alınıb ona verilməsi, tələb etdiyi əşyalar mövcud olmadıqda və ya yararsız hala salındıqda dəyərlərinin, 10000 manat mənəvi zərərin, gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri hesablanmaqla tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ev təmiri ilə məşğul olmaqla ailəsini dolandıran bir şəxs olmuşdur. Təxminən 2006-2007-ci illərdə Qaradağ rayonu, Sahil qəsəbəsində 13 mərtəbəli təmirsiz binanın və "xxxx" şadlıq sarayının sahibi, ikili vətəndaşlığı olan Şamaxı rayonu Xınıslı kəndində doğulmuş, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh (Mamedov Sakhır) ilə tanış olmuşdur. Cavabdeh həmin 13 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən iki otaqlı 16 saylı mənzilin təmirini ona həvalə etmişdir. Onunla eyni vaxtda 17 saylı mənzilin təmirini başqa bir briqadaya həvalə etmişdir. O vaxt həmin binada olan 72 mənzilin cəmi 28-i təmirli idi. Qalan mənzillərin heç arakəsmələri belə hörülməmişdi. Mənzilin təmiri ilə bağlı aralarında qiymət danışılmamışdır. Cavabdeh ona bildirmişdir ki, işini təmiz, səliqəli və məsuliyyətlə yerinə yetirsin, qiymətindən narahat olmasın. O, işini məsuliyyətlə yerinə yetirmiş və həmin mənzildə işi tamamlamamış həmin mərtəbədə 14 saylı 3 otaqlı mənzilin də təmirinə başlamağı ona tapşırmışdır. İşin davam etdiyi müddətdə ona ara-sıra avans ödənilsə də, qiymətlə bağlı heç bir söhbət etməmişlər. Bundan sonra, cavabdeh onunla paralel işləyən digər briqadanı yola salaraq, daimi işləmələrini ona təklif etmişdir. O, təkliflə razılaşdıqdan sonra 15 nəfərlik briqada toplayaraq digər təmirsiz 32 mənzilin təmirini öz öhdəsinə götürmüşdür. Cavabdeh gündəlik zəruri xərcləri və material pullarını qarşılayırdı. O, bundan əlavə, "xxxx" şadlıq sarayında da gedən təmir işlərini həyata keçirmişdir. Mənzilləri təmir edib kirayəçilərə təhvil vermişlər. Bu qaydada işlərinə davam etmişlər. Lakin binanın maliyyə işləri ilə məşğul olan Mehdi adlı şəxs həmin binanın 8-ci mərtəbəsində yerləşən 40 nömrəli mənzildə özünü asaraq intihar etdikdən sonra Cavabdeh həmin şəxsin işlərini də ona həvalə etmişdir. O, buna etiraz etmişdir. Lakin cavabdeh xahiş edərək bildirmişdir ki , ondan etibarlı və inandığı adamı olmadığına görə onu pis vəziyyətə qoymasın. Beləliklə, o, əlavə olaraq həmin binada yaşayanlardan kirayə və kommunal haqqları yığmış, bütün lift, su, istilik, santexnika və elektrikdə yaranmış problemlərin həll edilməsi məsələlərinə baxmışdır. İş həcmi o qədər çox idi ki, hətta istirahət belə etmədən işləmişdir. Lakin bunun müqabilində Cavabdeh ona yalnız gündəlik zəruri xərcləri (yemək və s.) ödəyirdi. Həmin vaxt cavabdeh ona bildirmişdir ki, o, ev almaq niyyətindədir, pulu ona versə xərcləyib ortalığa bir şey çıxarmayacaq. Arada zarafatla “ondan yaxşı bank tapa bilməyəcəyini “deyib, pullarını ona verməyib, dəftərində qeyd edirdi. Aralarında inam və etibar olduğundan cavabdehin dediklərinə əməl etmişdir. Bir gün həmin binada yaşayan Elşən Ələkbərov adlı şəxs biri həmin binanın 6-cı mərtəbəsində, digəri isə həmin qəsəbədə başqa ünvanda yerləşən iki otaqlı mənzili satmaq niyyəti ilə ona müraciət etmişdir. Həmin mənzillərə baxdıqdan sonra onların binadakı 6-cı mərtəbədə yerləşən 30 saylı mənzili özü almaq qərarına gəlmişdir. Mənzilin dəyərini 83.000 manata razılaşmışlar. Elşən Ələkbərov mənzili özü alacağı halda içindəki əşyaları ona hədiyyə kimi verəcəyini bildirmişdir. O, bu barədə Cavabdeh bildirmişdir. O, razı olduğundan 83.000 manat pulu həmin evin alınmasına ödəmişdir. Lakin bütün alğı-satqı xərclərini özü çəkmişdir. Cavabdeh bildirmişdir ki, aralarında yekun haqq-hesab edənə kimi ev onun adında qalacaq. Bundan əlavə, həmin binanın 8-ci mərtəbəsində yerləşən 37, 38, 39, 41, 42 nömrəli mənzillərin sahibi, əslən Hacıqabul rayonundan olan Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mübariz adlı şəxs Cavabdehla aralarında yaranmış mübahisə səbəbindən həmin əraziyə gəlmədiyi üçün qeyd edilən mənzillərin açarlarını ona təhvil verərək, həmin mənzillərdən muğayat olmasını ondan xahiş etmişdir. Həmin mənzillərdən 37 və 38 nömrəli mənzillər istifadəyə tam yararlı olduğundan xarici vətəndaşlara kirayə verilmişdir. Həmin kirayə pullarını Cavabdeh hesabına köçürmüşdür. O, həmin pulun Cavabdeh tərəfindən Mübarizə çatdırıldığını düşünsə də, Mübariz də onun aldığını düşünürmüş, lakin həmin pulları Cavabdeh Mübarizə verməmişdir. Bundan sonra Mübariz həmin mənzilləri satmağı ondan xahiş etmişdir. Ona bildirmişdir ki, bazar qiymətindən daha aşağı satıb, qalan qazancı özünə götürə bilər. Belə ki, bir mənzilin dəyəri təxminən 105.000 manat olsa da, Mübariz ona 50.000 manat verməsini, qalan pulları özünə götürməsini demişdir. O, bu halı Cavabdeh bildirdikdən sonra, Cavabdeh həmin pulları ödəyib mənzili almışdır. Lakin ona çatmalı olan təxminən bir mənzil üçün 110.000 manat pulu da ona verməmişdir. Həmin vaxt məsələnin üstü açılmışdır ki, onun Mübarizə vermək üçün göndərdiyi 12.000 manat Cavabdeh tərəfindən Mübarizə çatdırılmayıb. Lakin buna baxmayaraq, o, sonuncuları barışdırmışdır. Bundan əlavə olaraq, “Vanorod” xarici şirkəti onun vasitəçiliyi ilə həmin binada öz işçi qüvvəsi üçün 10 mənzil kirayələmiş və sonunculara göstərdiyi xidmətin əvəzi olaraq ona ödəməli olduqları 27.000 manatı nağd deyil, yalnız bank hesabına köçürə biləcəklərindən, Cavabdeh hesab nömrəsini vermiş və şirkət həmin məbləği onun hesabına köçürmüşdür. Bundan əlavə olaraq, həmin binaların tikintisinə sərf olunan rəhbərlik etdiyi təsərrüfat malları dükanından nisyə götürülən 10000 manat dəyərində materialların pulunu ödəməmişdir. Hər dəfə haqq-hesab etmək üçün müraciət edəndə, “hara tələsirsən, sən burada, mən burada” deyərək vaxtı o vaxta gətirmişdir ki, pandemiya səbəbindən 2020-ci ildən 2021-ci ilin fevral ayına kimi cavabdeh RF-dən Azərbaycana qayıda bilməmişdir. Lakin o, vicdanla bir il ərzində 400000 manat məbləğində pul yığmış və sonuncunun “WhatsApp” proqramı vasitəsi ilə verdiyi bütün əmrlərini yerinə yetirmişdir. Nəhayət, cavabdeh Azərbaycana qayıtmış və o, təkidlə sonuncudan haqq-hesab etməyi tələb etmişdir. Bu cavabdehin xoşuna gəlməmişdir. Cavabdeh ona bildirmişdir ki, ona ev vermişdir, bəsidir. O, narazı qalmışdır. Belə ki, evin dəyəri 83.000 manat olduğu halda o, 2006-cı ildən bu günə kimi yalnız 83.000 manatlıq iş görmüşdür? Bəs bu illər ərzində onun çəkdiyi əziyyətin, zəhmətin haqqları və qeyd etdiyi məbləğlər necə oldu? Aralarında mübahisə baş vermişdir. Lakin həyat yoldaşı xəstə olduğundan o, həyat yoldaşını rayona aparmalı olmuşdur. Bakıya qayıdarkən qonşular zəng edib, S. A. Məmmədovun bir neçə nəfərlə gəlib, mənzilinin qapısını sındırdığını ona xəbər vermişlər. O, dərhal DİN-ə zəng edərək, bu barədə məlumat vermişdir. Lakin həmin gündən ona, oğluna və yoldaşına aid olan, eləcə də min zəhmətlə əldə etdiyi bütün əmlaklar da həmin mənzildə qalmışdır. Qapının açarı dəyişdirildiyindən mənzildən də həmin əmlakları götürə bilməmişdir. Bundan sonra, Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə onun həmin mənzildən çıxarılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş və iddiası təmin edilmişdir. Həmin mübahisə zamanı məlum olmuşdur ki, Cavabdeh onu faktiki olaraq özünə məxsus olan, lakin rəsmən fiziki şəxs X2 adında olan "xxxx" MMC-yə ofisiant köməkçisi, ofisiant və mühafizəçi kimi sənədləşdirmişdir. Belə olan halda, o, Əmək Müfəttişliyi Xidmətinə şikayət ərizəsi ünvanlamışdır. Şikayəti araşdırılaraq həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2022- ci il tarixdə tənbehvermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda onun əmək haqqlarının verilməsi ilə bağlı cavabdehə göstəriş xarakterli məktub ünvanlanmışdır. Lakin heç biri 2006-cı il tarixdən bu günə kimi onun nə əmək haqqını vermiş, nə də əvəzində əldə etdiyi mənzili geri qaytarmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin şəxsin ona vurduğu mənəvi zərərin dəyəri böyükdür, lakin o rüsum ödəməyə maddi vəziyyəti imkan vermədiyindən həmin hissədə pul tələb edə bilmir. Amma ona dəymiş real zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada ona verməli olduqları cəmi 217.000 manat (12.000 + 110.000 + 27.000 + 11.000 və əmək haqqları, məzuniyyət pulları və son haqq-hesab pulu) məbləğində pulun, ödənilmiş 508 manat dövlət rüsumunun və eyni zamanda Əmək qanunvericiliyinə uyğun olaraq gecikdirilmiş əmək haqqının qətnamə icra olunan günə qədər faizləri hesablanmaqla tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh onun pulunu özündə əsassız olaraq saxlamaqla ona maddi ziyan da vurmuşdur. Buna görə də hesab edir ki, həmin pullar da məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir. Eyni zamanda ona məxsus olan bütün əşyalar, avadanlıqlar da həmin mənzildə qaldığından əşyaların və avadanlıqların da cavabdehdən alınıb ona verilməsinə zərurət vardır. O, təhsilsiz, heç bir yerdə işləməyən insandır. Savadsızlığından, sadəlövhlüyündən istifadə edən cavabdehlər onun hüquqlarını pozmuşlar. Bu insanlar onu 15 il istismar etmişlər, min bir zülmlə qazandığı pulları əlindən alıb, onu pis vəziyyətə salmışlar. Buna görə də, xahiş edir ki, onun hüquqları bərpa olunsun. Bundan əvvəl Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etsə də, iddiası təmin edilməmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti isə təmin edilərək qətnamə ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmənin gəldiyi mövqe bundan ibarət olmuşdur ki, hər iki şəxsə qarşı verdiyi iddia ərizələrinə bir yerdə baxıla bilməz. Mübahisələrə ayrı-ayrılıqda baxılmalıdır. O, ödədiyi dövlət rüsumunu bu günə qədər ala bilmədiyindən, yenidən iddia ərizəsi verə, vəkillə müqavilə bağlaya bilmirdi. Hazırda ödədiyi rüsumun geri qaytarılması ilə bağlı qərardad icra edildiyinə görə yenidən məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdeh qeyd edilən məbləği özündə saxlamaqla onun pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Onunla cavabdeh arasında iddia ərizəsində qeyd etdiyi maddi hüquq normalarında nəzərdə tutulan pul tələbi hüquqi münasibətlərin əmələ gəlməsi mülki iş materiallarından aydın olur. Cavabdeh şifahi formada əməyinin əvəzi olaraq mənzil verməyi və işin müqabilində ona pul ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Mülki qanunvericilikdə nəzərdə tutulmuş borc müqaviləsinə görə tərəflərdən biri olan borc verən pulu və ya digər əvəz edən əşyalara mülkiyyət hüququnu digər tərəfə borc alana keçirməyi öhdəsinə götürdüyü kimi, borc alan da aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öz öhdəsinə götürməlidir. Dövlət rüsumunu ödəməyə gücü çatmadığından yalnız mənzilin dəyərini, 2016-cı il tarixdən bu günə kimi orta aylıq əmək haqqı ödənişlərini, ona məxsus olan əyşaları və mənəvi zərərin az bir hissəsinin əvəzini tələb edir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(002)-798/2024 saylı qərardadına əsasən «əmlak» tələbi digər (əmək mübahisəsi, həmin mübahisədən doğan mənəvi ziyanın vurulması) tələblərdən ayrılmışdır və hazırki mülki iş üzrə iddia predmetini əmlakın, əmlak mövcud olmadıqda isə dəyərinin cavabdehdən tutulması tələbi təşkil edir. X5 yuxarıda qeyd edilən əmək mübahisəsi üzrə tələblərə münasibətdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyindən və hazırki tələblər üzrə üçüncü şəxs olmadığından, öncəki məhkəmə iclaslarında iştirak etmiş Adil Həsənovun adı iddia ərizəsindəki tərəflərin siyahısından çıxarılmışdır.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1530/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 217.4; Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarına; “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, o, iddia tələbində istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmədə mübahisələndirilən hüquq münasibətində tərəfin müvafiq sübutları təqdim etməməsi onun haqsız olması prezumpsiyasını ehtiva edir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında Cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki iş olmuşdur. Həmin mülki işə baxılarkən İddiaçı vəkili X6 vəsatətlə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılanadək cavabdeh və ailə üzvlərinin, habelə onlara məxsus əşyaların mübahisəli mənzildən çıxarılmasının Cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 noyabr 2021-ci il tarixli, e-2(002)-3158/2021 saylı qərardadı ilə vəsatət təmin edilmiş, qərardad üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş, icra vərəqəsi xx.xx.2021-ci il tarixdə icra məmuru X3 icraatına daxil olmuşdur. İcra işində olan sənədlərdən göründüyü kimi, icra sənədi icra edilmiş, icra sənədi tam icra edildiyindən icraata xitam verilmişdir. E.M.Ələkbərov həmin ərizədə qeyd etmişdir ki, özünə məxsus olan ünvan 1 ünvanda yerləşən iki otaqlı mənzili İddiaçılə anlaşaraq ona satmaq qərarına gəmişdir. Aralarında olan yaxşı münasibətlərə görə alğı-satqı zamanı mənzildən heç bir əşya və mebel götürülməyib və İddiaçı hədiyyə edilmişdir. Lakin alğı-satqı zamanı notariusda İddiaçı mənzili Cavabdeh adına rəsmiləşdirmişdir və 1.600 manat dövlət rüsumu ödəmişdir. Ona sual veriləndə ki, mənzili niyə öz adına keçirmir, İddiaçı cavab verərək bildirmişdir ki, aralarında bir mübahisəyə görə evi girov qoyur, sonra öz adına keçirəcək. O, səhhəti ilə bağlı məhkəməyə gələ bilmir, üzürlü hesab edilməsini xahiş edir. Məhkəmə aşağıdakılara görə həmin ərizəyə tənqidi yanaşır və onu mötəbər sübut hesab etmir. Birincisi, tərəflər arasında bağlanmış alğısatqı müqaviləsində adı, sayı və digər xüsusiyyətləri göstərilməklə mənzildə olan əşyaların üçüncü şəxsə hədiyyə edilməsi barədə qeyd-şərt mövcud deyildir; İkincisi, E.Ə.Məmmədov mənzildə olan əşyaların və mebellərin adını, sayını, digər xüsusiyyətlərini bildirməmişdir; Üçüncüsü, E.Ə.Məmmədov İddiaçıla hansı müddətdə tanış olduqlarını, aralarında yaxşı münasibətlərin hansı zəmində yarandığını bildirməmişdir. E.Ə.Məmmədov alğı-satqı müqaviləsi bağlanarkən rəsmiləşdirmənin başqa şəxsin adına aparıldığını öyrəndiyini, bununla maraqlandığını, verdiyi sual əsnasında mənzilin alınmasında iştirak edən şəxslə mənzili alan şəxs arasında mübahisə olduğunu, mənzilin girov müqaviləsi bağlanmadan girov qoyulduğunu öyrəndiyini qeyd etsə də, bunlara rəğmən mənzili alan şəxsin mənzili mənzildə yerləşən əşyalar və mebellərlə birlikdə alıb-almaması, əşyalar və mebellərin üçüncü şəxsə hədiyyə edilməsinin alıcıda narazıçılıq yaradıb-yaratmayacağı, mənzili əşyaları ilə birlikdə bəyənib alması ilə, ümumiyyətlə, mənzillə bağlı gələcəkdə mübahisə yaranıb-yaranmayacağı və s. bu kimi suallarla maraqlanmaması ərizənin təzadlı olduğunu ehtiva edir; Dördüncüsü, E.M.Ələkbərov xəstə olmasını, səhhəti ilə bağlı məhkəməyə gələ bilməməsini təsdiq edən sübutları həmin ərizəyə əlavə etməmişdir. Beşincisi, mənzilə yerində baxış zamanı, müəyyən edildi ki, mənzildə olan mebellər iddiaçının iddia ərizəsində qeyd edilən siyahıdakı mebellər deyildir. Mebellər mənzilin ölçülərinə uyğun yığılmışdır, onların ölçüsü və dizaynı (görünüşü) sırf bu mənzilə uyğundur. İçərisində avadanlıq quraşdırılmış mənzillərin alğı-satqısı ilə bağlı müasir adətlər onu göstərir ki, mənzillərdən otaqların ölçüsünə uyğun özünəməxsus tərzdə yığılmış mebellər mənzillə birlikdə, mənzilin tərkib hissəsi, dəyər yaradan əşyalar kimi satılır. Hətta alğı-satqı müqavilələrinin standart şərtlərində də qeyd olunur ki, mənzil alıcının görüb bəyəndiyi vəziyyətdə satılır. Preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktlarından göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, e-2(002)-3158/2021 saylı qətnaməsi qanun qüvvəsini almış, icraya yönəldilmiş və həmin qətnamə üzrə verilmiş icra sənədi icra olunmuş, icra sənədi üzrə icraata xitam verilmişdir. Başqa sözlə, İddiaçı və ailə üzvləri, onlara məxsus əşyalarla birlikdə mübahisəli mənzildən çıxarılmışlar. Qeyd olunan mənzildə iddiaçıya aid heç bir əşya qalmamışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, bir neçə tələb irəli sürmüş və cəmi 369 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmin məbləğdən yalnız 100 manatı hazırki tələb üzrə ödənilmiş dövlət rüsumudur. İddiaçının hazırki tələbi qiymətləndirilməyən iddia tələbinə aid olmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq iddiaçı tərəfindən ödənilməli dövlət rüsumunun məbləği 100 manat təşkil etmişdir. 369 manat dövlət rüsumunun qalan hissəsi hazırki iddia tələblərindən ayrılaraq baxılması üçün digər məhkəməyə göndərilmiş iddia tələbləri (əmək mübahisəsi, həmin mübahisədən doğması qeyd olunan mənəvi ziyanın vurulması tələbləri) ilə əlaqədardır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş materiallarından həmçinin o da görünür ki, iddiaçı hazırkı iddianın predmetini təşkil edən əmlak tələbi ilə bağlı deyil, əmək mübahisəsinə dair tələblərlə bağlı Bakı 2 saylı Mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2022-ci il tarixli, MŞB/2-1802 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almış və 50 manat mediasiya xərci ödəmişdir. Hazırki iş üzrə mediasiyaya dair xərc ödənilmədiyindən, həmin məsələ həll olunmuşdir.

5. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində göstərilmişdir ki: İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında Cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki iş olmuşdur. Həmin mülki işə baxılarkən İddiaçı vəkili X6 vəsatətlə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılanadək cavabdeh və ailə üzvlərinin, habelə onlara məxsus əşyaların mübahisəli mənzildən çıxarılmasının Cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 noyabr 2021-ci il tarixli, e-2(002)- 3158/2021 saylı qərardadı ilə vəsatət təmin edilmiş, qərardad üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş, icra vərəqəsi xx.xx.2021-ci il tarixdə icra məmuru X3 icraatına daxil olmuşdur. İcra işində olan sənədlərdən göründüyü kimi, icra sənədi icra edilmiş, icra sənədi tam icra edildiyindən icraata xitam verilmişdir;- Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, e-2(002)-3158/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ünvan 2 ünvanda yerləşən 30 saylı mənzildən öz əmlakları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və Cavabdeh təhvil verilməsi qət edilmişdir;- Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 4049/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, e- 2(002)-3158/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır;- Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5509/2022 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4049/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır;- ş materiallarına əlavə olunmuş, yuxarıda adları qeyd olunan sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, e- 2(002)- 3158/2021 saylı qətnaməsi üzrə verilmiş icra sənədi Qaradağ rayon İcra şöbəsinə daxil olmuş, böyük icra məmuru Səbuhi Bağırov tərəfindən 05 yanvar 2022-ci il tarixli qərara əsasən icraatına qəbul olunmuşdur. Tələbin könüllü icrası barədə cavabdehə həmin tarixdə bildiriş göndərilmişdir;- Məhkəmə tərəfindən ünvan 2 ünvanda yerləşən 30 saylı mənzilə yerində baxış keçirilən zaman müəyyən olundu ki, qeyd olunan mənzildə yerləşən əşyaların heç biri iddiaçıya məxsus deyildir. Mənzildə olan mebellər iddiaçının iddia ərizəsində qeyd edilən siyahıdakı mebellər deyil, eləcə də mənzilin ölçülərinə uyğun yığılmışdır, onların ölçüsü və dizaynı (görünüşü) sırf bu mənzilə uyuğundur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1530/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 127; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 390.1, 425.1, 449.1, 882.1; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135, 144, 154, 175; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88.1, 106.1, 218.1, 217.1, 217.3 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cüil tarixli, 2(002)-1530/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh MəmmədovSahir Ağabəy oğluna (Mamedov Sakhır) qarşı“əmlak” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə qətnaməsini hüquqi cəhətdən əsaslandırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən iddianı rədd etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar mötəbər deyil, mebellər otağa uyğundur, iddiaçıya aid deyil və s. Pulla bağlı hissəyə ümumiyyətlə fikir bildirməmişdir. Bu “əsaslandırma” ilə qəbul edilmiş yekun nəticə absurd olduğundan iddiaçı məhkəmənin mövqeyi ilə razılaşmamışdır. Apellyasiya şikayəti verilməsi zərurəti yaranmışdır. Həmin şəxsin ona vurduğu mənəvi zərərin dəyəri ödənilməzdir, lakin o qədər rüsum ödəməyə maddi vəziyyəti imkan vermədiyindən həmin hissədə pul tələb edə bilmir. Amma ona dəymiş real zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada ona verməli olduqları cəmi 217 000 manat (12000+110000+27000+11000 və əmək haqqları, məzuniyyət pulları və son haqq-hesaba görə) məbləğində pulun, ödənilmiş 508 manat dövlət rüsumunun və eyni zamanda Əmək qanunvericiliyinə uyğun olaraq gecikdirilmiş əmək haqqının qətnamə icra olunan günə qədər faizləri hesablanmaqla tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər onun pulunu özündə əsassız olaraq saxlamaqla ona maddi və mənəvi cəhətdən ziyan da vurmuşdur. Buna görə də hesab edir ki, həmin pullar məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir. Eyni zamanda ona məxsus olan bütün əşyalar, avadanlıqlar da həmin mənzildə qaldığından onların da cavabdehdən alınıb ona verilməsinə zərurət vardır. O təhsilsiz, heç bir yerdə işləməyən inşandır. Savadsızlığından,sadəlövhlüyündən istifadə edən cavabdeh onun hüquqlarını pozmuşdur. Bu insanlar onu 15 il istismar ediblər, min bir zülümlə qazandığı pulları əlindən alıb, onu pis vəziyyətə salıblar. Buna görə də xahiş edir ki, onun hüquqları bərpa edilsin. Bundan əvvəl Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət etsə də iddiası təmin edilməmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti isə təmin edilərək qətnamə ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmənin gəldiyi mövqe bundan ibarət olmuşdur ki, hər iki şəxsə qarşı verdiyi iddia ərizələrinə bir yerdə baxıla bilməz. Mübahisələrə ayrı-ayrılıqda baxılmalıdır. O ödədiyi dövlət rüsumunu bu günə qədər ala bilmədiyindən yenidən iddia ərizəsi verə, vəkillə müqavilə bağlaya bilmirdi. Hazırda ödədiyi rüsumun geri qaytarılması ilə bağlı qərardad icra edildiyinə görə yenidən məhkəməyə müraciət etməli oldu. ” Buna görə də o məhkəmədən cavabdeh Mamedov Sakhırdan (Cavabdeh) 83000 manatın, 2006-cı il tarixdən işdən azad edildiyim xx.xx.2021-ci il tarixədək orta aylıq əmək haqqlarının, məzuniyyət pullarının və son haqq-hesabın, ödənilmiş 369 manat dövlət rüsumunun, dəyəri 5000 manat olan bir ədəd qızıl qol saatının, bir ədədinin dəyəri 200 manat olmaqla cəmi 600 manat təşkil edən üç ədəd xalçanın, dəyəri 1500 manat olan LG markalı birədəd televizorun, dəyəri 550 manat olan Samsung markalı bir ədəd kompüter dəstinin, dəyəri 800 manat olan bir ədəd kompüter stolunun və dolabının, bir ədədinin dəyəri 1500 manat olan cəmi 3000 manat təşkil edən iki ədəd kondisionerin, iki ədəd dəyəri 800 manat olan LG markalı bir ədəd tozsoranın, dəyəri 300 manat olan bir ədəd mikrovalnovkanın, dəyəri 900 manat olan Samsung markalı bir ədəd soyuducunun, dəyəri 700 manat olan bir ədəd paltaryuyanın, dəyəri 250 manat olan bir ədəd akvariumun, dəyəri 150 manat olan bir ədəd ətçəkən maşının, dəyəri 110 manat olan Tefal markalı çaynik dəstinin, dəyəri 1000 manat olan bir ədəd duxovkanın, dəyəri 1500 manat olan bir ədəd divan dəstinin (yazı masası ilə birlikdə), dəyəri 3500 manat olan bir dəst yataq mebelinin (1 ədəd kravat, ədəd iki tumba, bir ədəd güzgülü kamod, bir ədəd şifoner daxil), dəyəri 2000 manat olan bir dəst qonaq mebelinin (bir ədəd stol, 8 ədəd stul, bir ədəd bar, bir ədəd korka, bir ədəd güzgülü kamod daxil), dəyəri 2000 manat olan bir ədəd güzgülü qarderobun, dəyəri 1500 manat olan bir dəst mətbəx mebelinin, ümumi dəyəri 3000 manat təşkil edən ev əşyalarının (qab-qacaqlar, suvinirlər, yorğanlar, döşəklər, adyalllar, pakrıvallar daxil) cavabdehdən alınıb mənə verilməsi (mövcud olmadıqda və ya yararsız hala salındıqda dəyərinin), mənəvi zərərə görə 10000 manatın və eyni zamanda qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri hesablanmaqla tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə həmin iddianın əmək haqqı hissəsini ayrıca icraata ayırmış, həmin icraatın Suraxanı Rayon Məhkəməsindəki mülki işə birləşməsi üçün göndərmişdir. Əmlaklara aid hissədə isə iddianı təmin etməmişdir. Halbuki iddia tələbində göstərilən bütün hallar iddiaçı tərəfindən tam sübuta yetirilmişdir. Hazırki işdə araşdırılmış hallardan göründüyü kimi cavabdeh uzun illər iddiaçının əməyini istismar etmişdir. Lakin onun əməkhaqqının ödənilməsinə dair heç bir sübut mövcud deyildir. aydındır ki, əməkhaqqı pul və ya natura şəkilində iddiaçıya ödənilməli idi. Belə bir ödənişin olmaması iddiaçı tərəfindən tam sübuta yetirilmişdir. Tərəflər arasında da razılaşdırılmış hal bundan ibarət olmuşdur ki, əməyinin qarşılığında mənzili iddiaçıya veriləcək. Lakin nə mənzil verilməmiş, üstəlik iddiaçıya məxsus olan əmlaklar da cavabdehdə qalmışdır. Bu cür müqavilə ilə işlətmək cavabdehə xarakterik olmuşdur. Belə ki, Həsənov Adil məhkəmə iclasında verdiyi izahatlarında bunu təsdiq etmiş, cavabdehdən bir otaqlı mənzil əldə etdiyini bildirmişdir. İddiaçı neçə illər cavabdehin tapşırıqlarını lazımi qaydada icra etdiyini sübut etmişdir. Buna görə də onun tələbi haqlı olmuşdur. cavabdeh qeyd edilən məbləği özündə saxlamaqla iddiaçının pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Bu ,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 iyul 2009cu il Qərarında tam öz əksini tapmışdır. Həmin qərarın şərhinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulması müəyyən edilmişdir. Bununla yanaşı, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Tərəflər arasında əməyin qarşılığı olaraq ev verilməsi barədə razılaşma MM-in 882.4-cü maddəsi anlamında öhdəliyi öz üzərinə götürmək haqqında müqavilələrdir; MM-in 882.4-cü maddəsi isə həm də blanket xarakterlidir, yəni mövcud borcun etirafı haqqında müqaviləyə dair müddəaların öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə də eynilə şamil edilməsini nəzərdə tutur. Belə ki, iddiaçı ilə cavabdeh arasında qeyd olunan maddələrdə nəzərdə tutulan pul tələbi hüquqi münasibətlərin əmələ gəlməsi mülki iş materiallarından aydın olur. Cavabdeh Sahir şifahi formada əməyinin əvəzi olaraq mənzil verməyi və işin müqabilində ona pul ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Mülki qanunvericilikdə nəzərdə tutulan borc müqaviləsinə görə tərəflərdən biri olan borc verən pulu və ya digər əvəz edən əşyalara mülkiyyət hüququnu digər tərəfə borc alana keçirməyi öhdəsinə götürdüyü kimi, borc alan da aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öz öhdəsinə götürməlidir. Digər cavabdeh əmək münasibətlərinə daxil olmaqla ona aylıq maaş ödəməyi öhdəsinə götürmüş lakin öhdəliyini yerinə yetirməmişdir. Hazırki işdən görünür ki, iddiaçının əməyini istismar etsələr də heç bir əməkhaqqı, məzuniyyət və s. ödənişlər həyata keçirilməmişdir. Buna görə AR İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə tənbehvermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi iddiaçıya pul əvəzi ödənilməmiş,son haqqhesab edilməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tələbində haqlı olmuşdur. İddia tələbindən, təqdim edilmiş sübutlardan və şahid ifadələrindən də görünür ki, iddiaçının tələbi məhz bununla əlaqədar olmuşdur. Məhkəmə iclasında cavabdehlər iddiaçının əmək funksiyalarını yerinə yetirdiyini təsdiq etsələr də, ona hər hansı formada əməyin əvəzinin ödənilməsini sübut edə bilməmişdir. Eləcə də iddiaçının mənzildən çıxarkən aparılmış video çəkiliş zamanı yalnız iki çantaya yerləşə biləcək geyim əşyalarını götürməsi açıq-aşkar görünmüşdür. İddiaçıya məxsus olan sənədlər, haqqı-hesab dəftərləri səbətin içərisində mənzildə qalmış, iddiaçı təkid etsə də, həmin səbət ona təqdim edilməmişdir. İddiaçı iddia tələbində göstərdiyi bütün halları sübut etmişdir. (cavabdehlərin etirafı, səs yazıları, şahid ifadələri, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qətnaməsi və Əmək Müfəttişliyinin məktubu) Məhkəmə isə öz qətnaməsini əsaslandırmamışdır. İddia tələbinin nə üçün rədd edildiyi məhkəmə qətnaməsində ifadə edilməmişdir. Məhkəmə yalnız iddiçının sübutlarına tənqidi yanaşmaqla əsaslı sübutlara münasibət bildirməmişdir. Münasibət bildirdiyi məsələlərdə isə tamamilə haqsız olmuşdur Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. Cavabdehin nümayəndəsi Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə etiraz təqdim etmiş, etirazda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(002)-1530/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, iddiaçının cavabdehlə əslində faktiki olaraq əmək münasibətlərində olduğunu, rəsmişləşdirmənin Həsənov Adillə iddiaçı arasında olmasına baxmayaraq iddiaçının bu illər ərzində Məmmədova Sahirə xidmət göstərdiyini, onun üçün işlər gördüyünü, belə ki, iddiaçının usta olduğunu və uzun illər ərzində cavabdehin təmirsiz mənzillərini təmir etdiyini, sonra binada kommunal xərclərlə bağlı məsələlərin də onun öhdəliyinə verildiyini, illərcə cavabdehin binalarına kirayəşinlər tapdığını, binalarda yaranmış bütün problemlərin onun tərəfindən həll edildiyini, tərəflər arasındakı razılaşmaya əsasən iddiaçıya göstərdiyi xidmətlərin müqabilində cavabdeh tərəfindən ev verilməli olduğunu, cavabdehin də həqiqətən də həmin evi iddiaçıya verdiyini, evin də elə iddiaçının tanışı vasitəsi ilə tapıldığını, həmin dövrdə rəsmiləşdirmənin cavabdehin adına edildiyini , lakin ev alındığı gündən iddiaçının həmin evdə köçüb yaşadığını, ev alınan zaman əvvəlki mülkiyyətçinin evin içindəki əşyaları iddiaçıya hədiyyə kimi bağışladığını,sonradan iddiaçı cavabdehdən illər ərzində gördüyü işlərin müqabilində xidmət haqqı istədiyi üçün tərəflər arasında narazılıqların yaranmağa başladığını, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya qarşı mənzildə çıxarılma tələbi ilə məhkəməyə müraciət etdiyini, iddiasının da təmin olunduğunu, iddiaçı mənzildən çıxarılarkən ona məxsus bütün əşyaların mənzildə qaldığını,ümumiyyətlə, məhkəmə qərarı icra olunarkən İddiaçı orada olmadığını, iddiaçının Lənkərana getdiyini, qayıdanda evin açarının artıq dəyişdiyini gördüyünü, məhkəmə qətnaməsində yerli baxış zamanı həmin əşyalarının evdə olmadığının müəyyən edildiyinə istinad etsə də, həmin əşyaların iddiaçı tərəfindən götürülmədiyini, hətta iddiaçı mənzildən çıxarılarkən qarşı tərəfin videoçəkiliş apardığını və həmin videoçəkilişdə də aydın şəkildə həmin əşyaların evdə qaldığının göründüyünü, bu səbəbdən də məhkəmə kollegiyasından həmin videoçəkilişə məhkəmə iclasında baxılması ilə bağlı vəsatət verdiyini, həmçinin Qaradağ Rayon Məhkəməsinin ilk iclasında Həsənov Adilin də iştirak etdiyi və onun tərəfindən məhkəməyə verilmiş izahatda da Sahirin bu prinsiplə işlədiyini, yəni ona görüdüyü işlərin müqabilində ev verdiyini bildirdiyini, həmçinin Əmək Müfəttişliyi tərəfindən də araşdırlma aparıldığını və Həsənov Adilin işəgötürən kimi bu qədər müddət ərzində iddiaçıya əmək haqqı və s. ödəmədiyinə görə cərimə edildiyini, Həsənov Adilə qarşı ayrıca əmək haqqı tələbi də irəli sürdüklərini və onun vəsatəti əsasında məhkəmə qərardadı ilə həmin iş üzrə icraatın bu işin nəticəsinə bağlı olaraq dayandırıldığını , hazırkı iddia tələbinin Həsənov Adilə heç bir aidiyyatının olmadığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, 2006-ci ildən 2021-ci ilə qədər cavabdehə işlər gördüyünü, 2012-ci ilə qədər usta kimi fəaliyyət göstərdiyini, 2012-ci ildən 2021-ci ilə qədər 45-50 mənzilin kirayəşinlərlə təmin olunması, kommunal məsələlər və s ilə özünün məşğul olduğunu, aralarındakı razılaşmaya əsasən onun gördüyü işlərin qarşılığında ona mənzil verilməli olduğunun, onun tanışının özünə məxsus olan mənzilini satdığını və onun da cavabdehə həmin mənzili almaq istədiyini və gördüyü işlərin müqabilində onun üçün mənzili aldığını, lakin rəsmiləşdirmənin cavabdehin öz adına edildiyini, rəsmiləşdirmənin cavabdehin adına edilməsinə səbəb isə girov kimi bunu etdiyini, öz aralarında haqq-hesab elədikdən sonra evin onun adına keçiriləcəyi ilə bağlı aralarında danışıq olduğunu, evdə olan əşyaların da evi satan tanışı tərəfindən ona bağışlandığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab edərək, apellyasiya şikayətinə qarşı etirazını elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etdiyini, həmçinin hüquqlarını təmsil etdiyi şəxsin rəsmi iş adamı olduğunu və mülkiyyətində də kifayət qədər əmlaklarının olduğunu, artıq əmək mübahisəsi hissəsində işin ayrılaraq Suraxanı Rayon Məhkəməsinə göndərildiyini, əşyalarla bağlı məsələyə münasibətdə isə hazırkı iş üzrə cavabdehin evdən çıxarılma ilə bağlı iddiasının olduğunu və iddialarının təmin edildiyini və qətnamənin də icra olunduğunu, qətnamə icra olunan zaman iddiaçının ona məxsus olan bütün əşyaları özü ilə apardığını, ümumiyyətlə icra prosesi zamanı iddiaçıya qarşı hər hansı zorakılıq tətbiq edilmədiyini, mənzilin rəsmi qaydada mülkiyyətçisinin də Cavabdeh olduğunu, iddiaçının 2006-cı ildən 2021-ci ilə qədər cavabdehə bir çox xidmətlər göstərməsi və bunun müqabilində hazırkı vaxtadək heç bir xidmət haqqı verilməməsinin də inandırıcı olmadığını, Sahirin uzun müddət Moskva şəhərində yaşadığını, əksinə həmin müddət ərzində iddiaçının cavabdehə xeyli zərər vurduğunu, o Bakıya qaytıdıqdan sonra bu barədə iddia da qaldırdıqlarını, lakin sonradan tələbini geri çəkdiyini bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

11. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. Qeyd edilməlidir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mübahisəli mənzildən çıxarılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qətnamənin icrası mərhələsində iddiaçıya mənzildən çıxarılarkən özünə məxsus olan əşyaları götürməsi üçün ona lazımi şərait yaradılmış və birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı da iddiaçının iddia ərizəsində qeyd etdiyi əşyaların mübahisəli mənzildə olmadığı müəyyən edilmişdir. İddiaçı və onun nümayəndəsi icra mərhələsində iddiaçının sadəcə şəxsi geyim əşyalarını götürə bildiyini qeyd etmiş, lakin icra işindən şikayət verməmişdir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80.Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

15. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş hissələrdə tərəflərin özlərinə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1530/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar