Məhkəmə qərarları › İş №2(103)-6637/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6637/2022

25.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6637/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-571/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ciil tarixli, 28-xx-xx-2017-AF-BP saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh1 224 ay müddətinə, illik 8% ödəmək şərti ilə 182.800 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür.

2. "xxxx" ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzil xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin icrasının təminatı üçün ipoteka ilə yüklü edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzil "xxxx" ASC-nin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə 3135 nömrəli reyestr kitabının 292799 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. "xxxx" ASC ilə Cavabdeh3 MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 28-xx-xx- 2017-AF-BP saylı zaminlik müqaviləsinə əsasən, borcalan Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin Cavabdeh3 MTK borcalan Cavabdeh1 ilə "xxxx" ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür.

5. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 28-xx-xx-2017- AF-BP saylı zaminlik müqaviləsinə əsasən, borcalanCavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin Cavabdeh2 borcalanCavabdeh1 ilə "xxxx" ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür.; İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada xx.xx.2017-ci il tarixli, 28-xx-xx-2017-AF-BP saylı kredit müqaviləsi üzrə 170.730,10 manat əsas, 4.704,35 manat faiz borcu olmaqla, cəmi 175.434,45 manat kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 465,43 manat dövlət rüsumunun, 0,70 manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün Ödənilmiş 20 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzilə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019-cu il) yönəldilməsi, İpoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca tutulması, həmçinin mənzil satıldıqdan sonra Cavabdeh1 mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, mənzili ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etməsi, əks təqdirdə mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən iddiaçı "xxxx" ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəCavabdeh3ndən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 28-xx-xx-2017-AF-BP saylı kredit müqaviləsi üzrə 170.730,10 manat əsas, 6.320,94 manat faiz borcu olmaqla, cəmi 177.051,04 manat kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 465,43 manat dövlət rüsumunun, 0,70 manat bank xidmət haqqının, daha sonra tələbin həcminin artırılması üçün ödənilmiş 1,65 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzilə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019-cu il) yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca tutulması, həmçinin mənzil satıldıqdan sonra Cavabdeh1 mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, mənzili ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etməsi, əks təqdirdə mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 28-xx-xx-2017-AF-BP nömrəli, xx.xx.2017-ci il tarixli Təminatlı Kredit müqaviləsinə əsasən cavabdehə 224 ay müddətinə, illik 8 faiz olmaqla 182.800 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit borcunun təminatı kimi Bankla Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və sonuncuya məxsus ümumi sahəsi 107.3 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi ünvanında yerləşən 73 saylı evin 52 nömrəli mənzili (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) ipoteka hüquqi ilə yüklü edilmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 28-xx-xx-2017-AF-BP saylı, xx.xx.2017-cı il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Göstərilən Təminatlı Kredit müqaviləsinə əsasən borc alan Cavabdeh1 müqavilədə göstərilən müddətdə və qaydada krediti, kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda Zaminlik müqavilələrinə əsasən borclu üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zaminlər kreditor qarşısında kredit məbləğini, hesablanacaq faizləri, dəbbə pulunu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşıyırlar. Lakin, borc alan tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehlərə kreditin qaytarılması haqqında tərəfindən xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, müqavilə üzrə Öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun tələb edilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin (likvid qiymətinin) müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Cavabdehlərə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilmişdir. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün bank tərəfindən ümumilikdə 50 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Bundan başqa, bank tərəfindən 465,43 manat dövlət rüsumu və 0,70 manat bank xidməti haqqı ödənilmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-571/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 170.730,10 AZN, faiz borcu üzrə 6.320,94 AZN, cəmi 177.051,04 (yüz yetmiş yeddi min əlli bir manat dörd qəpik) AZN kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 465,43 manat dövlət rüsumunun, 0,70 manat bank xidmət haqqının, tələbin həcminin artırılması üçün ödənilmiş 1,65 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi iddiaçı "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh1 verilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzilin ilkin satış qiymətinin 203.000 (iki yüz üç min) manat məbləğində müəyyən olunması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzili açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olan 150 (bir yüz əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir.

11. Həmçinin birinci instansiya məhkəməsi mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, belə nəticəyə gəlmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada əsas borc üzrə 170.730,10 AZN, faiz borcu üzrə 6.320,94 AZN, cəmi 177.051,04 manat "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 269.1, 269.4, 269.7, 317.1, 319.1, 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 470.1, 472.1, 472.1, 477.0.4, 739 və 743-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1, 216-220-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 36, 39, 47 və 59-cu maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7 və 8-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

14. İddiaçı "xxxx" ASC apelyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi, yəni ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı "xxxx" ASC-nin apelyasiya şikayətində göstərilmişdir ki, Mülki Məcəllənin 319.6-cı maddəsinin tələbindən göründüyü kimi, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir, yəni borc tələbinin ödənilməsi üçün çatışmayan məbləğ cavabdehlərdən alınmalıdır. Hesab edir ki, çatışmayan məbləği borcluların başqa əmlaklarından (pul və s.) almaq üçün isə həmin hal mütləq şəkildə qətnamədə göstərilməlidir ki, gələcəkdə icra mərhələsində tələbkar olaraq ipoteka saxlayan maneələrlə üzləşməsin və çatışmayan məbləğin tələb edilməsi üçün yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmasın. Nəzərə alınmalıdır ki, kredit borcunun təminatı qismində ipoteka əmlakı ilə yanaşı həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MTK ilə bağlanmış zaminlik müqavilələridə çıxış edir. Hesab edirik ki, ipoteka predmeti satıltıqdan sonra borc qaldığı təqdirdə, borcun onlarda tutulması qaydası qətnamədə aydın şəkildə göstərilməlidir. Məhkəmə iddianın təmin edilməyən hissəsini hansı səbəblərə görə təmin edilmədiyini qətnamədə göstərməmiş, eyni zamanda qeyd edilənlə bağlı hər hansı hüquq normasına da istinad etməmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTKnın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Qətnamədən iddiaçı "xxxx" ASC apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsini xahiş etməklə, qətnaməni qisçən mübahisələndirdiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

25. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

28. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

29. Maddə 445.2.1. “Öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır.

30. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

33. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

34. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

35. Maddə 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

36. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

37. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

38. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

39. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir.

40. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

41. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

42. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

43. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

44. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu.

45. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi”.

46. Həmin Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

47. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir;

48. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.

49. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

50. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır;

51. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.

52. Həmin Qanunun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

59. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən borcluya 224 ay müddətinə, illik 8 faiz olmaqla 182.800 manat məbləğində kredit verilmiş və cavabdeh həmin məbləğdə krediti qəbul etmişdir.

63. Birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 sentyabr 2019-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzil iddiaçı "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən əmlak 219.437,55 manata qiymətləndirilmişdir (1.6-cı bənd).

64. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 və Cavabdeh3 MTK arasında ayrı-ayrılıqda xx.xx.2017-ci il tarixdə zaminlik müqavilələri imzalanmış və zaminlik müqavilələrinin şərtlərinə əsasən zaminlər borcalanın kreditor qarşısında öhdəliyin icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Lakin, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuş və nəticədə banka borcu

65. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, belə nəticəyə gəlmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada əsas borc üzrə 170.730,10 AZN, faiz borcu üzrə 6.320,94 AZN, cəmi 177.051,04 manat "xxxx" ASC-nin xeyrinə tutulmalı, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır.

66. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə qanuni və əsaslıdır.

67. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş iddiaçı "xxxx" ASC-nin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Mülki Məcəllənin 319.6-cı maddəsinin tələbinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir, yəni borc tələbinin ödənilməsi üçün çatışmayan məbləğ cavabdehlərdən alınmalıdır. Hesab edir ki, çatışmayan məbləği borcluların başqa əmlaklarından (pul və s.) almaq üçün isə həmin hal mütləq şəkildə qətnamədə göstərilməlidir ki, gələcəkdə icra mərhələsində tələbkar olaraq ipoteka saxlayan maneələrlə üzləşməsin və çatışmayan məbləğin tələb edilməsi üçün yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmasın.

68. Məhkəmə kollegiyası iddiaçı "xxxx" ASC-nin apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşaqıdakıları qeyd etməyi zəruri hesab edir.

69. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.5ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.

70. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 47.5-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinin tələbindən göründüyü kimi qanunvericilik ipoteka predmetinin satışından götürülən məbləğin ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli olmadığı halda, onun çatışmayan məbləğinin borclunun başqa əmlakından almaq hüququnun olması iddiaçının hüququ kimi təsvir edilmişdir. Odurki iddiaçının belə hüquqa malik olmasının qətnamədə göstərilməsi apelyasiya şikayətinin təmin edilməsi üçün əsas deyil.

71. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya məhkəməsinə daxil olmuş Cavabdeh1 ərizəsinin məzmunundan görünür ki, hazırki iş üz üzrə məhkəmənin qətnaməsindən sonra o, 27 iyun 2022-ci il tarixdə ondan tələb olunan cərimə faizlərinin ümumi məbləğini, yəni 17.300 (on yeddi min üç yüz) manatı banka ödəmiş və iyul ayından başlayaraq hər ay aylıq ödənişin 1.575 (min beş yüz yetmiş beş) manat olduğu halda o, 2.500 (iki min beş yüz) manat aylıq ödəniş etmiş və bu qaydada ödənişlərini davam etdirir. Bankın problemli kreditlər şöbəsinin rəhbərliyi ilə razılaşmasına əsasən bankın yeni qrafik tərtib edəcəyinə söz vermişdir.

72. Həmçinin Cavabdeh1 həmin ərizəsinə əlavə edilmiş əlavə ödənişlərə dair qəbzlərin surətlərindən də görünür ki, həqiqətən də cavabdeh tərfindən iddiaçı banka 17.300 (on yeddi min üç yüz) manat və iyul ayından başlayaraq hər ay 2.500 (iki min beş yüz) manat aylıq ödəniş etmişdir.

73. Göründüyü kimi, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 28-xx-xx-2017-AF- BP saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyini icra edərək, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödənişlərini hal-hazırda da davam etdirir.

74. Odur ki, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətinin dəlillərinin təmin edilməsini əsaslı hesab etmir.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-571/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar