Məhkəmə qərarları › İş №2(103)-6638/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6638/2022

23.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6638/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Ərizəçinən “ölüm faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Ərizəçi şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizənin icraata qəbul edilməsindən imtina olunsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəməyə belə ərizələr verilərkən 2 fakt bir-birindən fərqləndirilməlidir: 1) ölüm faktı; 2) ölümün qeyd edilmə faktı. Ölüm faktı o halda məhkəmə tərəfindən müəyyən edilir ki, ölüm qeydə alınmayıb. Ölümün qeyd edilmə faktı isə o halda məhkəmə tərəfindən müəyyən edilir ki, ölüm qeydə alınıb, lakin qeydiyyatı təsdiq edən sənədi əldə etmək mümkün deyil. Hazırkı ərizə ölüm faktının müəyyən edilməsi barədədir, yəni ərizəçi məhkəmədən xahiş edib ki, qardaşı X1 xx.xx.1997-ci ildə Ukraynanın Mariupol şəhərinin İliçevski kəndində ölməsi faktı müəyyən olunsun. Həmin şəxsin ölüm faktı Ukraynada müəyyən edilib və müvafiq qeyd aparılıb. Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə görə, belə halda ölüm faktının müəyyən edilməsi barədə ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Çünki müəyyən olunmuş fakt yenidən müəyyən oluna bilməz. Əgər ərizəçi Ukraynada davam edən hərbi münaqişə səbəbindən ölümün qeydə alındığını təsdiq edən sənədi əldə edə bilmirsə, ölümün qeydə edilmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsindən görünür ki, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işə məhkəmə tərəfindən baxılır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar