Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6680/2023 20.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən çıxarılma, mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinə köçürülmə və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-130/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 14 oktyabr 1989-cu il tarixli, 028728 saylı Nərimanov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş orderə əsasən iddiaçının həmin vaxt əri X12 beş nəfər ailə tərkibi olaraq Kirov (Binəqədi) rayonu, küçə 1260-cı kvartal (hazırda 7ci mkr, F.Məlikov küçəsi adlanan) 2 “b”, blok 4, mənzil 82 ünvanda yerləşən 5 otaqdan ibarət ümumi sahəsi 75,61 kv.m olan mənzil verilmişdir.
2. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının 25 oktyabr 1999cu il tarixli, 748 saylı sərəncamı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-513 saylı qətnaməsi ilə 7-ci mkr, 2 “b” saylı evin 5 otaqlı, yaşayış sahəsi 75.61 kv.m olan 82 saylı mənzilini bölərək sahəsi, 13.4; 12.71; 16.5 kv.m olan 3 otağı uşaqları Növzər, Zəhra, Əbubəkrlə birlikdə iddiaçı X6, digər sahələri 16.5; 16.5 olan 2 otağı isə uşağı Umleylayla birlikdə cavabdeh X7 istifadəsinə vermişdir. Binəqədi Rayon Məhkəməsi hər kəsin ailəsi üçün ayrıca şəxsi hesab vərəqəsinin açılmasını Binəqədi rayon MKTB-nə tapşırılmışdır. Həmin sərəncamda bölgüyə müvafiq olaraq tərəflər X20 və X21 mənzilin əsas kirayəçisi hesab edilmişdir. Həmin sərəncamda hər iki ailə üçün hesab vərəqəsinin açılması MKİS-ə tapşırılmışdır.
3. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr küçəsi, 2”b” saylı evin 82 saylı mənzilinin 3 otağı X4 adına dövlət reyestrində xx.xx.2001-ci il tarixində qeydiyyatdan keçirilmişdir.
4. İddiaçının oğlu X22 ilə cavabdeh xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar və iddiaçının mülkiyyətində olan yaşayış sahəsində yaşamağa başlamışlar, onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2010-cü il təvəllüdlü X15 doğulmuşlar.
5. X22 xx.xx.2020-ci il tarixdə ölmüşdür.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8907/2022 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızı işə cəlb edilməklə “qeydiyyat vəsiqəsinin ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1396/2023 nömrəli qərardadı ilə təmin edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 himayəsində olan övladları xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X16 ilə birlikdə ünvan 1 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus üç otaqdan ibarət yaşayış sahəsindən çıxarılması, cavabdehə özünə yaşayış yeri seçənə kimi, 24 ay müddətində kirayə qalması üçün hər ay 300 manat ödənilməsi, həmin yaşayış sahəsinə iddiaçının köçürülməsi və cavabdehin yaşayış yerindən çıxarılması onun həmin ünvana istifadə hüququnun olmaması, onun və iki övladının həmin ünvan üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu il tarixdə Nərimanov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən mərhum həyat yoldaşı X12 verilmiş 028728 №-li orderə müvafiq olaraq X21 1930-cu il təvəllüdlü, Abiyev (Gülhəsənova) Gülnaz qulam qızı 1963-cü il təvəllüdlü, qızı X17 1983-cü il təvəllüdlü, oğlu X23 1984-cü il təvəllüdlü, qızı X26 1987-ci il təvəllüdlü, beş nəfər ailə tərkibi olaraq Kirov (Binəqədi) rayonu, küçə 1260-cı kvartal (hazırda 7-ci mkr, F.Məlikov küçəsi adlanan) 2 “b”, blok 4, mənzil 82 ünvanda yerləşən beş otaqdan ibarət, ümumi sahəsi 75,61 kv.m olan mənzil almışlar. 08 yanvar 1990-cı il tarixdə oğlu X18 dünyaya gəlmişdir. 1999-cu ildə mərhum yoldaşı X21 ilə nikahları ləğv olunduqdan sonra, birgə yaşamaq mümkün olmadığı üçün, qeyd olunan beş otaqlı mənzilin aralarında bölünməsinə dair Binəqədi Rayon Məhkəməsində xx.xx.1999-cu il tarixli, 2-513 saylı müvafiq qətnamə çıxarıldı. Həmin qətnamə ilə yaşadıqları 7-ci mkr 2 “b” saylı evin beş otaqlı, yaşayış sahəsi 75.61 kv.m olan mənzil bölünərək, sahəsi 13,40; 12,71 və 16.5 kv.m olan 3 otaq övladları Novzər, Zəhra və Abubəkirlə iddiaçıya verilmişdir. Digər iki iç-içə olan otaqlar isə sabiq yoldaşı Abıyev Yusif ilə qızı Umleylaya verilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin Başçısının 25 oktyabr 1999-cu il tarixli 748 nömrəli sərəncamə ilə həmin mənzilə iki ayrıca şəxsi hesab vərəqəsi açılmışdır. İddiaçı ümumi sahəsi 42.61 kv.m olan üç otağı özəlləşdirərək xx.xx.2001-ci il tarixli, 096109 qeydiyyat vəsiqəsinə müvafiq olaraq həmin otaqların mülkiyyətçisi olmuşdur. Digər iki otaqları isə sabiq həyat yoldaşı özəlləşdirməyərək icarə müqaviləsi əsasında həmin otaqlarda qızı Umleyla ilə yaşamağa başlamışdır. 2004-cü ildə sabiq həyat yoldaşı X1 Tahirə Rza qızı adlı bir qadınla yaşamağa başladı. 2008-ci ildə isə X24 öz bacısı qızı X5 oğlu X14 ərə verdi. X25, daha sonra isə Cavabdeh elə bir dözülməz vəziyyət yaratdılar ki, o, öz övladları Zəhra və Abubəkir ilə kirayə ev tutub orada yaşamağa məcbur olmuşdur. Hazırda iddiaçı və oğlu Abubəkir on beş ilə yaxındır ki, Varovski qəsəbəsində kirayədə qalır. Oğlu Növzər xəstə olduğu üçün vaxtaşırı ona baş çəkmək üçün evə gedirdi. Lakin oğlu Növzər rəhmətə gedəndən sonra Cavabdeh qapının kilidini (açarını) dəyişmişdir. Bu səbəbdən iddiaçı mülkiyyətində olan evə daxil ola bilmirdi. Özü birinci qrup əlildir. Cavabdeh ilə ailə quran oğlu Abıyev Novzər 2020-ci ildə onurğa beyninin bədxassəli yenitörəməsi səbəbindən rəhmətə getmişdir. Ondan iki il əvvəl isə 2018-ci ildə onun atası-sabiq yoldaşı X21 rəhmətə getmişdir. Hazırki günədək X7 icarə müqaviləsi ilə istifadəsində olmuş iç-içə iki otağı Qasımova Tahirə, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan üç otağı isə cavabdeh tutaraq onları evə buraxmırlar. İddia ərizəsinə əlavə etdiyi DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2021-ci il tarixli arayışından görünür ki, nə cavabdeh, nə də ki onun övladları mənzildə qeydiyyatda deyillər. Lakin DİN-nin BPQMİ-nin MAPS şöbəsindən alınmış arayışından görünür ki, cavabdeh və onun uşaqları ünvan 2 ünvanda qeydiyyatdadırlar. Lakin bir fərqlə belə ki, MAPS-ın arayışında küçə adı qeydə alınmamışdır. İstənilən halda cavabdehin yaşayış yeri üzrə qeydiyyatının özbaşınalıq və qanunsuzluq kimi qiymətləndirilir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 2183/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı qismən mümkün hesab edilmiş və iddia ərizəsinin cavabdehin yaşayış yerindən çıxarılmasının onun həmin ünvana istifadə hüququnun olmaması, onun və iki övladının həmin ünvan üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi hissəsində icraata qəbul edilməsindən imtina edilmişdir.
10. Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, iddianı qismən, yəni iddiaçının həmin mənzilə köçürülməsi hissəsində qəbul edir. O, heç vaxt iddiaçının həmin mənzilə gəlməsinə etiraz etməmişdir. Cavabdeh həmin mənzilə qanuni əsaslarla köçmüşdür. Belə ki, o, iddiaçının oğlu ilə xx.xx.2008-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuş və onun istəyi və həmin mənzildə yaşayan X9 razılığı ilə həmin mənzilə köçürülmüşdür. Cavabdeh həmin mənzilə köçərkən iddiaçı ilə əri arasında şəxsi problemlər olduğu üçün o, mübahisəli mənzildə yaşamamış, ümumiyyətlə ora gəlibgetməmişdir. İddiaçı öz övladları ilə başqa yerdə kirayədə yaşamışdır. Oğlu Novzər 2019cu ildə xəstə olduğu müddətdə iddiaçı həftədə bir dəfə gəlib oğluna baş çəkmiş və onun və qardaş və bacılarının gəlməsinə heç bir maneə və etiraz olunmamışdır. Novzər ölüm ayağında olan zaman vəsiyyət etmək üçün notariusun çağırılmasını istəmişdir ki, öz vəsiyyətini etsin, qardaşı Abubəkr ona söz vermişdir ki, heçnə lazım deyil və söz vermişdir ki, arvadını və uşaqlarını küçəyə atmayacaqdır. Evi satıb onlarla bərabər böləcəkdir. Lakin Növzər öləndən sonra onlar hər şeyi unudaraq məhkəmədə iddia qaldırmışlar. Bundan əlavə, məhkəmə qətnaməsi ilə artıq mənzilin sahibləri müəyyən edilmiş və həmin 3 otaqlı mənzildə Novzər Abiyevin payı olmuşdur. Hüquqları dövlət qeydiyyatına alınmasa da, Novzər Abiyevin payını məhkəmə ayırmışdır və bu gün Növzər Abiyevin payı vərəsəlik hüququna əsasən Cavabdeh və onun övladlarına məxsusdur. X19 və uşaqların arasında ailə hüquq münasibətlərinə xitam verilməmişdir. Novzərin bir otaqlı mənzilinin pulu ona verilərsə iddiaçıyla sülh yolu ilə razılaşmaları mümkündür.
11. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 130/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının gəlini kimi 2008-ci ilin aprel ayından mənzilə köçmüş və hazırda da yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilin həmin hissəsindən də istifadə etməklə yaşayır. Halbuki, cavabdehin həmin mənzilə münasibətdə nə əşya hüququ, nə də məhdud əşya hüququ mövcuddur. Çünki iddiaçı ilə cavabdeh arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi, xitamı barədə notarial qaydada təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Halbuki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeləri baxımından tərəflər arasında mübahisəli hüququ münasibəti 2008-ci ildə, yəni Mülki Məcəllənin 228.5-ci maddəsinin qüvvədə olduğu vaxt yarandığından, cavabdehin istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə riayət edilməli idi. Məhz bu səbəbdən də cavabdehin istifadə hüququnun mövcudluğu istisna edilir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin etirazının dəlili kimi istinad etdiyi hallar da istifadə hüququnun yaranmış olması hüquqi əsasını formalaşdırmır. Əvvəla mənzildə uzun müddət etirazsız yaşamaq və qeydiyyata düşmək istifadə hüququnu yaratmır, çünki yuxarıda qeyd olunan hüquqi mövqedən aydın olduğu kimi bunun üçün konkret olaraq notarial qaydada təsdiq olunmuş yazılı razılaşma zəruri şərtdir. Bundan əlavə, daşınmaz əmlakın həqiqiliyi prezumpsiyası baxımından nəzərə alınmalıdır ki, nə qədər ki daşınmaz əşyanın tam mülkiyyətçisi kimi iddiaçı tanınmışdır, onun əksini mülahizələrlə əsaslandırmaq hüquqi nəticə doğurmur.
13. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının nə əşya, nə məhdud əşya hüququ olmayan cavabdehin himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilin tam mülkiyyət hüququ ilə ona məxsus olan hissəsindən çıxarılması və özünün ora köçürülməsi ilə bağlı mülkiyyət hüququnun müdafiəsi barədə tələbi əsaslıdır.
14. Məkhəmə iddiaçının ondan 24 ay müddətində, hər ay 300 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulması barədə tələbini də prosessual qanunvericiliyin dispozitivlik prinsipi baxımından əsaslı hesab etmişdir. Belə ki, iddiaçının kompensasiya mahiyyətli pul ödəmək arzusu əksinə, cavabdehin maraqlarının qorunması üçün atılan addım olmaqla qanuna zidd deyildir. Hansı ki, cavabdehin tələbkar olaraq qətnamənin həmin hissəsinin icrasından imtina etmək səlahiyyətini qadağan etmir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.5, 152.7, 157.2, 157.4, 228.1, 228.2, 228.5-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarlarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2, 217.4, 218.1, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə məhkəmə iddia tələbinə münasibətdə tətbiq etməli maddi hüquq normasını səhv təfsir etməklə maddi hüquq normalarını pozmuşdur. Çıxarışla iddiaçıya mənzilin 3 otağına gəlin kimi xx.xx.2008-cil tarixdə köçmüşdür. Göründüyü kimi, hazırkı mübahisəyə dair hüquq münasibətləri 2000-ci il sentyabr ayının 1-dən sonra və 2009-cu ilin oktyabr ayının 1-dən əvvəl yarandığı üçün məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli və xx.xx.2013-cü il tarixli qərarlarına əsasən onun mübahisəli mənzilə dair istifadə hüququnun yaranıb-yaranmaması, yaranmışdırsa itirilib-itirilməməsi məsələlərinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəlarına uyğun qaydada həll olunmalıdır. Mübahisəli mənzilin 3 otağına dair iddiaçının adına yalnız mülkiyyət hüququna dair çıxarış verilməsinə baxmayaraq, 2001-ci il tarixdə mənzil özəlləşdirildiyi zaman, yetkinlik yaşına çatmayan, həmin vaxt razılıq verə bilməyən həmin mənzilin istifadə hüquqları olan digər şəxsləri, yəni Növzər, Zəhra və Əbubəkr, həmin mübahisəli mənzilin özəlləşən 3 otağının iddiaçı ilə birlikdə birgə paylı mülkiyyətçiləri hesab olunurlar. Bu baxımdan cavabdeh mübahisəli mənzilin 3 otağın birgə paylı mülkiyyətçisi olan əri Növzərin hissəsinə gəlin köçüb yaşadığı üçün onun uşaqları ilə birlikdə istifadə hüquqları yaranmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan məzmundan bir daha aydın olur ki, onun uşaqıları ilə birlikdə mübahisəli mənzilə dair istifadə hüquqları yaranmış və həmin yaranmış istifadə hüquqlarına xitam verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız kompensasiya vermək yolu ilə mümkündür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, o, birinci qrup əlildir, qızı Abıyeva Umleyla 3-cü qrup əlildir, oğlu Abıyev Abubəkir də 3-cü qrup əlildir. 20 ildir ki, onlar beş otaqlı mənzillərinin olduğu halda kirayələrdə qalırlar. Apellyasiya şikayəti vermiş cavabdehin əvvəlcə xalası - X2 həyat yoldaşına ərə gedərək öz bacısı qızı cavabdehi oğluna ərə verərək üç nəfər əlil insanı öz evindən didərgin salmışdır. Cavabdeh şikayətində bəzi məqamları təhrif etməklə yanaşı həmin hallara yanlış hüquqi qiymət vermişdir. Belə ki, apellyator hesab edir ki, mənzilin üç otağı özəlləşdirilən zaman əri Novzər Abıyev yetkinlik yaşına çatmayan şəxs olduğundan onun əvəzinə valideyni razılıq verdiyi üçün dolayı o (Novzər Abıyev) mülkiyyətçi olmuşdur. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən: Mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012ci il tarixli qərarının mənasına görə nəinki yekinlik yaşma çatmamış ailə üzvü, hətta ər və ya arvad belə həmin mənzilə birgə mülkiyyətçi sayıla bilməz. xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.6-cı maddəsinə əsasən: Uşaqlar valideynlərinin, valideynlər də uşaqlarının əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. Hazırda mülkiyyətində olan üç otaq onun tərəfındən xx.xx.2001-ci il tarixdə, 096109 qeydiyyat vəsiqəsinə müvafiq özəlləşdirilmişdir. Apellyator nəinki mülkiyyətində olan üç otağa pretenziya təqdim edir, o, hətta icarə müqaviləsi əsasında iddiaçının qızı Umleyla və onun mərhum atası X12 məxsus və hazırda cavabdehin xalasının “sərəncamında” olan iki otaqdan birinin belə onun isifadəsində olmuş olduğunu “iddia” edir. Apellyator həmçinin mübahisənin predmetinə aid olmayan, xalasının zəbt etdiyi iki otağa iddiaçının qızı Umleylanın hüquqularının itirmiş olması iddiasındadır, beləliklə cavabdeh özü etiraf edir ki, beş otaqlı mənzili özü və xalası zəbt edərək onları iyirmi ildir mənzillərindən didərgin salmışlar. Apellyatorun maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqeyi hesab edir ki, əsassızdır. O, cavabdehin onun oğlunun arvadı kimi digər ailə üzvü qismində evə köçürülməsinə heç bir yazılı notariat razılıq verməmişdir, istifadə hüququnu DƏDRX-də qeydə aldırmamışdır. Bununla yanaşı cavabdehin, iddiaçının mərhum oğlunun ailə üzvü olması, himayəsində iki yetkinlik yaşına çatmamış övladlarının olmasını nəzərə alaraq ona müəyyən mənada "kompensasiya” verərək ona məxsus yaşayış sahəsindən çıxarılmasının tərəfdarıdır. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin edilməməsi xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı verilmiş etirazın məzmununa uyğun izahatlar verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
23. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarı - 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.
25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsi, ev 2 “b”, 82 saylı mənzilin 3 otağı iddiaçının mülkiyyətindədir. Mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2001-ci il tarixində qeydiyyatdan keçirilmişdir. İddiaçının oğlu ilə cavabdeh xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar və iddiaçının mülkiyyətində olan yaşayış sahəsində yaşamağa başlamışlar, onların birgə nikahlarından iki uşaqları doğulmuşdur.
30. İddiaçı iddia edir ki, cavabdehin onun mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ yoxdur və onun uşaqları ilə birlikdə ona aid olan hissədən çıxarılmasını və özünün həmin hissəyə köçürülməsini tələb edir. Eyni zamanda, cavabdehin himayəsində iki yetkinlik yaşına çatmamış övladlarının olmasını nəzərə alaraq ona müəyyən mənada "kompensasiya” verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
31. Cavabdeh isə iddianı mənzilə köçürülmə hissəsində qəbul edir və digər hissədə iddianı qəbul etməyərək hesab edir ki, o, 2008-ci ildən daimi, etirazsız olaraq mənzildə yaşayır və onun istifadə hüququna xitam verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız kompensasiya vermək yolu ilə mümkündür.
32. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin istifadə hüququnun əmələ gəlməsi üçün tərəflər arasında notarial qaydada təsdiqlənən yazılı razılaşma mövcud olmalıdır. İstifadə hüququ yarandığı halda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (əgər həmin hüquqa xitam verilməsi haqqında başqa razılaşma yoxdursa).
33. Hazırki iş üzrə isə tərəflər arasında belə razılaşmanın bağlandığı müəyyən edilmir.
34. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, daşınmaz əmlakın həqiqiliyi prezumpsiyası baxımından nəzərə alınmalıdır ki, nə qədər ki daşınmaz əşyanın tam mülkiyyətçisi kimi iddiaçı tanınmışdır, onun əksini mülahizələrlə əsaslandırmaq hüquqi nəticə doğurmur. Bundan əlavə, iddiaçının kompensasiya mahiyyətli pul ödəmək arzusu cavabdehin maraqlarının qorunması üçün atılan addım olmaqla qanuna zidd deyildir. Cavabdeh qətnamənin həmin hissəsinin icrası zamanı bundan imtina etmək səlahiyyətinə malikdir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-130/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov