Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6693/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Ərizəçinin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nizami Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “şəxsin ölmüş elan olunması”na dair ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1922/2020 saylı qərardadından iş üzrə ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nizami Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “şəxsin ölmüş elan olunması” haqqında ərizə ilə Bakı şəgəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş X1 Suriya Ərəb Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1922/2020 saylı qərardadı ilə ərizənin ona əlavə edilmiş sənədlərlə geri qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan ərizəçi şikayət verərək, qərardadın ləğv ediməsini və ərizənin icraata götürlməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən eyni tələbə dair 2019 - cu il tarixdə verdiyi ərizənin rədd olunması göstərilmişdir. 2019-cu il tarixdə ərizənin təmin olunmama əsası kimi Suriya Ərəb Respublikasında döyüşlərin bitməsindən iki il müddətin keçməməsi göstərilmişdir. Suriya Ərəb Respublikasında döyüşlərin 2018-ci ildə bitməsi səbəbi ilə, yəni döyüşlərin bitməsindən iki il keçməsini nəzərə alaraq yenidən ərizə ilə məhkəməyə müraciət edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1922/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin vəkili-nümayəndəsi Vəkil şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş məhkəmənin icraatına qəbul edilməsi məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Kollegiya qeyd edir ki, ərizəçi məhkəməyə müraciət edərkən, qanunvericiliyin tələblərinə əməl etmişdir. Belə ki, ərizəçi məhkəməyə müraciət edərək, X1 Suriya Ərəb Respublikasında ölmüş elan edilməsi faktının müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş еtmiş, eyni zamanda iş üzrə Nizami Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etmişdir. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2044/2019 saylı qətnamənin surətindən görünür ki, X2 xx.xx.2012-ci il tarixdə ölkə ərazisini tərk edərək naməlum yollarla Suriya Ərəb Respublikasının ərazisinə gedərək, ölkənin ərazisindı ağır və xüsusilə ağır cinayətlər məqsədi ilə yaradılmış “İŞİD” adlı cinayətkar birliyin tərkibinə daxil olub, həmin dövlətin ərazisində aparılan silahlı münaqişələrdə və terror fəaliyyətlərində iştirak etmişdir. Bunun əsasında onun Azərbaycan Respublikası vətəndaşlığı itirilmişdir. Göründüyü kimi R.Bəybudaqov 2012-ci il tarixdən ölkə ərazisini tərk etmiş və həmin vaxtdan onun barəsində hər-hansı məlumat olmamışdır. Kollegiya qeyd edir ki, ərizə xüsusi icraat qaydasında baxılmalı olduğu halda, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1922/2020 saylı qərardadı ilə birinci instansiya məhkəməsi ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytararaq, ərizəçini məhkəmə müdafiəsi hüququndan əsassız olaraq məhrum etmişdir. Bununlada Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli qərarında X4 Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə ərizəni icraata qəbul edib baxmalı olduğu halda baxmamış və icraata qəbul etmədən geri qaytarmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1922/2020 saylı qərardadı ləğv edilməli, mülki iş məhkəmənin icraatına qəbul edilməsi məsələsinə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263,264, 269, 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1922/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş məhkəmənin icraatına qəbul edilməsi məsələsinə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6693/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6693/2020
01.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver