Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6700/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardaddan ərizəçinin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizənin geri qaytarılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçi Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 29 saylı evdə yaşayır. Buna görə də, ərizəçinin “ölüm faktının müəyyən edilməsi tələbi barədə” ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilməlidir. Ərizəçi həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuzdur. Belə ki, ərizəçi faktiki olaraq Xətai rayonu ərazisində yaşasa da, ünvan 1 102 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Ona görə də ərizəsinə onun rəsmi qeydə alındığı yer üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Lakin Rayon Məhkəməsi buna əhəmiyyət verməmiş, bununla da, mülki prosessual normalarının tələblərini pozmuşdur. Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və “ölüm faktının müəyyən edilməsi tələbi barədə” ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, ərizəçinin adına verilmiş AZE seriyalı, 0******* №-li “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”ndən görünür ki, ərizəçi ünvan 1 102 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Ərizəçi ərizəsinin məzmunundan görünür ki, ərizəçi arvadının xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi hesab etmişdir ki, hazırki işə ərizəçinin faktiki yaşadığı ərazi üzrə baxılmalıdır. Ərizəçi isə hesab edir ki, işə onun rəsmi qeydiyyata alındığı yaşayış yeri üzrə baxılmalıdır. Yaranmış vəziyyətə qiymət vermək üçün Məhkəmə “yaşayış yerinin” anlayışına aydınlıq gətirməyi vacib bilir və qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinin mənasına görə, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin mənasına görə, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qeyd edilən maddi hüquq normalarının hazırki işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, Azərbaycan Respublikası vətəndaşı olan ərizəçinin yaşayış yeri ünvan 1 102 ünvandır, onun hazırda faktiki olaraq qeydiyyatsız yaşadığı Bakı şəhəri, Xətai rayonu, 20-ci Zeytun sovxozu, Zneytun küçəsi, ev № 29 onun yaşayış yeri hesab edilmir. MPM-nin 309.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçinin yaşayış yeri ünvan 1 102 ünvan olduğundan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ərizəçinin ərizəsinin aidiyyət qaydalarına əməl edilməməsi əsası ilə qaytarılması barədə qərardad qəbul etməklə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və ərizəçinin ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Qərardaddan verilmiş şikayətdə, qərardadın ləğv edilməsi ilə yanaşı ərizənin icraata qəbul edilməsi xahiş olunduğundan, lakin ərizənin icraata qəbulu məsələsinə yenidən baxılması Rayon Məhkəməsinə tapşırıldığından şikayət qismən təmin edilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Ərizəçi şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. Ərizəçi “ölüm faktının müəyyən edilməsi tələbi barədə” ərizənin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6700/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6700/2020
19.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver