Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6704/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər:maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 17 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. RX seriyalı ******* saylı Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2477 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır.
2. RX seriyalı ******* saylı Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh MMC-nin xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi ilə bağlı real zərər qismində 272 470, 00 manat, əldən çıxmış fayda qismində 144 000, 00 manat, cəmi 416 470, 00 manat pulun və 707 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən qeyri-qanuni zəbt edilmiş və həmin torpaq sahəsində yanacaqdoldurma məntəqəsi tikilmişdir. Qeyd edilən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt ediməsi faktı ekspert rəyi ilə təsdiq olunur. Torpaq sahəsinin cavabdeh tərəfindən istifadəsi ilə əlaqədar real zərərlə yanaşı, əldən çıxmış fayda da ödənilməlidir. Həmin torpaq sahəsini vaxtında və təyinatına uyğun istifadə edə bilsə, ən azı hər il 18 000 (on səkkiz min) manat qazana bilərdi. Beləliklə, iddiaçının torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində keçən 8 il üçün cəmi 144 000 (bir yüz qırx dörd min) manat əldən çıxmış fayda kimi qiymətləndirilməlidir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-878/2024 saylı qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia qismən təmin edilmiş, 36,575 manat məbləğində zərərin əvəzinin, dövlət rüsumunun 350 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması, ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsinin iddiaçıdan, 50 manat hissəsinin isə cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
6. Məhkəmə belə qənaətə gəlmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0,2477 ha torpaq sahəsinin 1463 kv.m hissəsi həqiqətən də cavabdeh tərəfindən zəbt edilməklə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbdən iddiaçının torpaq sahəsindən məhrum olması müqabilində ona dəymiş real zərər cavabdehdən tutulmalıdır. Məhkəmə zərərin məbləğini təyin etmiş olduğu ekspertiza rəyinə istinadla müəyyən etmiş, 36,575 manat məbləğində zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.
7. Məhkəmə iddia tələbinin “əldən çıxmış fayda qismində 144 000, 00 manat pulun tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə əsassızdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər nəzərə alınmalıdır. Lakin məhkəmə iclasında iddiaçının bu istiqamətdə hansı tədbirləri görməsini təsdiqləyən sübut təqdim edilməmişdir. Bunun əksinə olaraq, iddiaçı tərəfindən həqiqətən məhkəmədən öncə hazırkı mübahisə ilə bağlı cavabdeh şirkətə müraciət etməsini özündə əks etdirən hər hansı bir sübuta iş materiallarında rast gəlinməmişdir.
8. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.2, 443.4, 1096, 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.
10. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
11. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinin planı və ölçüsünün torpaq sahəsinin kadastr göstəriciləri hissəsində olan “rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda” iddiaçıya məxsus torpaq sahəsinin cavabdehə məxsus torpaq sahəsindən kənarda olduğu göstərilmişdir. Hətta həmin sənədə diqqətlə baxanda, iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsi arasında boş zolağın da olduğunu görmək mümkündür. Lakin, iddia ərizəsində iddiaçı, ona məxsus olan torpaq sahəsinin cavabdeh yəni "xxxx" MMC tərəfindən qeyri-qanuni zəbt edildiyi və həmin torpaq sahəsində yanacaqdoldurma məntəqəsinin inşa edildiyini qeyd etmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin "xxxx" MMC tərəfindən qeyri-qanuni zəbt edildiyini qeyd etsə də, bununla bağlı hər hansı bir mötəbər sübutu iddia ərizəsinə əlavə etməmişdir. Yalnız, müstəqil fəaliyyət göstərən "xxxx" MMCnin vermiş olduğu xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində, İddiaçı məxsus 0,2477 ha torpaq sahəsinin bir hissəsinin "xxxx" MMCyə məxsus “Masazır” YDM-nin inzibati binasının və mülkiyyətimizdə olan torpaq sahəsinin üzərinə, müəyyən bir hissəsinin isə, cavabdehə məxsus olmayan başqa şəxs(lər)ə məxsus torpaq sahəsinin üzərinə düşdüyü göstərilmişdir. Halbuki, əvvəlcə "xxxx" MMCnin müvafiq mütəxəssis rəyi verə bilməsi üçün müvafiq lisenziyanın olması zəruri olduğu halda, mövcud rəyə lisenziya əlavə edilməmişdir. İkincisi isə rəydə, sözügedən MMC-nin iddiaçıya və cavabdehə məxsus torpaq sahələrinin kod-koordinatlarının müəyyən edilməsi, eyni zamanda torpaq sahələrinin üst-üstə düşüb-düşmədiklərini müəyyən etmək üçün hansı texniki imkanının və müvafiq elektron (xəritə) məlumat bazasına giriş izninin olubolmadığına dair hər hansı bir qeyd-şərt mövcud deyildir. İddiaçının torpaq sahəsində mülkiyyət hüquqları xx.xx.2016-cı il tarixində, cavabdehin torpaq sahəsində mülkiyyət hüquqları isə daha əvvəl yəni, xx.xx.2016-cı il tarixində qeydə alınmışdır. Bu da onu deməyə əsas verir ki, "xxxx" MMC heç kəsin torpağını zəbt etməmiş və bu zamanla baxımından da mümkün deyildir. Yanacaqdoldurma məntəqəsi artıq 2017- ci il tarixindən istismara verilmiş və fəaliyyət göstərir. Lakin iddiaçı 8 (səkkiz) ildən çox olan müddətdə kənd təsərrüfatı təyinatlı öz torpağı ilə maraqlanmamış, ümumiyyətlə məntəqə tikilən müddətdə və ondan sonrakı bu illərdə onun hər hansı bir etirazı olmamışdır.
12. İddiaçı isə qətnamənin qismən – iddianın təmin olunmayan hissəsində ləğv olunmasını, iddianın tam olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və ikinci rəylər iddiaçı tərəfindən təqdim edilsə də həmin rəylər iddiaçının özü tərəfindən deyil və bu sahədə rəy vermək hüququna malik olan hüquqi şəxslər tərəfindən tərtib edilmişdir. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçını təmsil etmir və dövlət orqanıdır. Birinci instansiya məhkəməsi faktiki olaraq iddiaçının iradəsi əleyhinə iddiaçıya məxsus torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququnu tanımaqla iddiaçını mülkiyyət hüququndan məhrum etmişdir. Təəssüf ki, Azərbaycan Respublikasında kadastr qiyməti və bazar qiymətinin müəyyən edilməsi istiqamətində işgüzar adətlər formalaşmadığı üçün birinci instansiya məhkəməsi də iddiaçı tərəfindən təqdim edilən dövlət orqanı tərəfindən müəyyən edilən kadastr qiyməti və müvafiq olaraq bazar qiymətini geniş araşdıran müstəqil qiymətləndiricinin rəyini nəzərə almamış və bu rəylər arasında kəskin fərqin nədən ibarət olmasını araşdırmamışdır. Birinci instansiya məhkəməsi eyni zamanda iddiaçıya məxsus torpaq sahəsinin böyük bir qismini ucuz qiymətə cavabdehə verməklə yerdə qalan torpaq sahəsinin iddiaçı üçün iqtisadi maraq kəsb edib-etməməsini araşdırmamışdır. İddiaçı tərəfindən təqdim edilən arayışda həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu üçün onun təyinatına uyğun istifadəsi nəticəsində əldə edəcəyi gəlir barədə rəy təqdim etmişdi. Birinci instansiya məhkəməsi həmin rəyi nəzərə almamaqla prosessual hüquq pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus olan və kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehin mülkiyyətinə verməklə faktiki olaraq iddiaçıya məxsus olan torpağın da kateqoriyasını dəyişmiş olur. Birinci instansiya məhkəməsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kateqoriyasının dəyişməsinə hansı ımüstəsna halın səbəb olduğunu öz qətnaməsində göstərməmiş, bunu kifayət qədər əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi təqdim edilən iki rəyin iddiaçı tərəfindən təqdim edilməsini əsas gətirərək həmin rəylərə şübhə ilə yanaşmış, rəylər arasındakı uyğunsuzluğu araşdırmamış, təkrar ekspertiza keçirməmişdir. Faktiki olaraq, birinci instansiya məhkəməsində ekspertiza 03 may 2024-cü tarixdə təyin edilmişdir. Mülki iş 29 may 2024-cü il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və ekspert tərəfindən torpaq sahəsinə 12 iyul 2024-cü il tarixdə baxış keçirilmişdir. Artıq işin daxil olmasından 2 ay sonra baxış təyin edilməsi ekspert tərəfindən 30 gün ərzində rəy verilməsi tələbi ilə bağlı qanun pozuntusu idi. Bu halı ekspertin işinin çox olması ilə bağlamaq olar. Lakin ekspert rəyinin 2024-cü ilin sentyabr ayında, yəni 4 ay sonra iddiaçının nümayəndəsi və vəkilinin şikayətindən sonra verilməsi faktı birinci instansiya məhkəməsi tərəfindən diqqətə alınmamışdır. Məhz iddiaçının nümayəndəsinin israrlı tələbi ilə ekspert, rəyi yazaraq məhkəməyə göndərmişdir. Görünür, ekspert iddiaçının şikayətlərini onun şəxsinə təhqir kimi qiymətləndirmiş və bu səbəbdən subyektiv rəy vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.
16. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında təmsil etdiyi müəssisənin apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
22. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. İddiaçı iddia edir ki, ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə "xxxx" MMC-nin rəyini təqdim etmişdir.
24. Cavabdeh isə torpaq sahəsinə hüquqlarını müəyyən edən sənədi iddiaçıdan daha əvvəl əldə etdiyini və bu səbəbdən tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşməsinin mümkün olmadığını bildirərək iddiaya etiraz edir.
25. Birinci instansiya məhkəməsi mübahisənin həlli istiqamətində məhkəmə tikintitexniki və əmtəəşünaslıq ekspertizaları təyin etmiş, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin faktiki istifadəsində olan 1,52 ha torpaq sahəsi ilə İddiaçı mülkiyyətinə verilmiş 0,2477 ha torpaq sahəsinin koordinatları 1463 kv.m hissədə üst-üstə düşür.
26. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1, 97.1-ci maddələri).
27. İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişin əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir.
28. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin 01 mart 2024-cü il tarixli rəyində də qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib olunmuş **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışa əlavə edilmiş eyni reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0.1467 ha hissəsi yanacaqdoldurma məntəqəsinin (AZPETROL) naturada faktiki istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşir.
29. Zərərin məbləğini müəyyənləşdirərkən məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsaslanmış, rəyə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2477 ha torpaq sahəsinin (1 sotu 2500 manat) hazırki dövr üçün bazar qiyməti təqribən 61,900 manat məbləğində müəyyən edilmişdir.
30. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2477 ha torpaq sahəsinin 0,01 ha 11,000 manat olmaqla ümumilikdə 272,470 manat təşkil edir. İddiaçı tərəfindən təqdim olunmuş DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin arayışında qeyd edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2477 ha torpaq sahəsinin bazar dəyəri 100,000 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən təqdim edilmiş rəydə və arayışda müxtəlif cür göstərilmişdir. Belə ki, bir rəydə həmin qiymət 272,470 manat dəyərində göstərilməsinə baxmayaraq, digər arayışda bundan kəskin fərqli şəkildə 100,000 manat dəyərində qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının özünün təqdim etdiyi rəylər bir-birini inkar etməklə ziddiyyət təşkil edir. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, müstəqil qiymətləndirici kimi məhkəmənin təyin etmiş olduğu ekspertiza rəyində qeyd olunmuş məbləğ real məbləğ kimi götürülməli və cavabdeh tərəfindən zəbt edilmiş 1463 kv.m torpaq sahəsinin dəyəri kimi (1 sotu 2500 manat hesablanmaqla) 36,575 manat məbləğində zərərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, əldən çıxmış fayda tələbi üzrə mötəbər sübutlar təqdim olunmadığından iddia həmin hissədə rədd edilməlidir.
31. Qeyd edilənlərə əsasən Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün əsas ola bilməz.
32. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 11 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.