Məhkəmə qərarları › İş №2(103)-6736/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6736/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6736/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-452/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xeyrinə xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı İstehlak krediti müqaviləsi üzrə 11771,03 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 794,7 manat məbləğində faiz borcu və 3457,16 manat məbləğində dəbbə borcu, cəmi 16022,89 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 60 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 mənzil 22 ünvanında yerləşən 3 otaqlı, 68,73 kv.m. ümumi sahəsi, 46,73 kv.m yaşayış, 18 kv.m yardımçı sahədən ibarət mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2016-cı il tarixli, NZNPT- 0026 saylı İstehlak krediti müqaviləsi üzrə cəmi 16022,89 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 mənzil 33 ünvanında yerləşən 3 otaqlı, 68,73 kv.m. ümumi sahəsi, 46,73 kv.m yaşayış sahəsi, 18 kv.m yardımçı sahədən ibarət mənzilə yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində X1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-452/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı X6 ləğv edilmiş, Cavabdeh1 və X2 müştərək qaydada əsas borc üzrə 8684 (səkkiz min altı yüz səksən dörd) manat 05 (beş) qəpik, faiz borcu üzrə 05 (beş) manat 58 (əlli səkkiz) qəpik, cərimə borcu üzrə 200 (iki yüz) manat, bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat, ümumilikdə 8918 (səkkiz min doqquz yüz on səkkiz) manat 63 (altmış üç) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Tələb Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin, 33 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin, 33 saylı mənzilin dəyəri 80000 (səksən min) manat müəyyən edilməsi, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin, 33 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılsın və evin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdehlər tərəfindən həmin qətnamə mübahisələndirilməmişdir. Apellyasiya şikayətləri və onların dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə faiz və cərimə borcu hissəsində əsassızdır, belə ki, cərimə borcunun azaldılaraq 200 manat məbləğində müəyyən edilməsi bankın mənafelərinə zidd olmaqla, hazırkı halda ağlabatan deyildir, odur ki, qətnamənin qismən – faiz və cərimə hissəsində ləğv edilməsini və cavabdehlərdən faiz borcuna görə 994,84 manat, cərimə borcuna görə 5351,60 manat məbləğində pulun tutulmasına dair iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ə.Zeynallı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan xx.xx.2016-ci il tarixli NZNPT-0026 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilənin 1-ci bəndinə görə İddiaçı ASC tərəfindən illik 22% olmaqla 60 ay müddətinə 26758 manat məbləğində Cavabdeh1 kredit verilir, müqavilənin 2-ci bəndinə görə, Bank müqavilədə nəzərdə tutulan müddətdə və qaydada krediti “borc alana” verməyi, “Borc alan” isə bu müqavilənin bütün şərtlərini əməl etməyi və üzərinə götürdüyü öhdəlikləri pozmamağı, bütün ödənişləri vaxtında həyata keçirməyi, faizləri ödəməyi və kreditin əsas məbləğini qaytarmağı, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. İddiaçı ASC–nin “Nizami” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi və xx.xx.2016-cı il tarixli xx.xx.2013-cü il tarixli NZNPT-0001 saylı ipoteka müqaviləsina 1 nömrəli Əlavədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ünvan 1 33 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. xx.xx.2016-ci il tarixli NZNPT-0026 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı ASC ilə X5 arasında zaminlik müqaviləsi bağlanmış, zaminliklə təmin edilən öhdəlik xx.xx.2016-ci il tarixli NZNPT-0026 saylı kredit müqaviləsindən irəli gələn pul tələbidir və zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2016cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 33 saylı mənzil üzrə xeyrinə hüquq yüklü edilən şəxs İddiaçı ASC-nin Nizami filialı, hüququ yüklü edilən şəxs isə Cavabdeh1dır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2013cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 33 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən banka ünvanlanan xx.xx.2016-cı il tarixli, **********64 saylı arayışdan görünür ki, bankın xx.xx.2016-cı il tarixli məktubuna əsasən Cavabdeh1 məxsus ünvan 1 33 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 hesabdan 26758 manat məblğində nəğd pul götürmüşdür. xx.xx.2019-cu il tarixli İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə olan əsas borcu 11771,03 manat, faiz borcu 794,7 manat, cərimə borcu 3457,16 manat, cəmi borcu 16022,89 manat təşkil edir. xx.xx.2019-cu il tarixli İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə olan əsas borcu 10504,5 manat, faiz borcu 473,56 manat, cərimə borcu 4470,52 manat, cəmi borcu 15448,58 manat təşkil edir. xx.xx.2020-ci il tarixli İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə olan əsas borcu 8684,5 manat, faiz borcu 994,84 manat, cərimə borcu 5351,6 manat, cəmi borcu 15030,94 manat təşkil edir. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixə borc məbləği kimi 10714,89 manat qalması göstərilmişdir. Ödənişin yerinə yetirilməsi barədə kreditin tarixi cədvəlindən görünür ki, xx.xx.2019cu il tarixdə cavabdehin borcu 11771,03 manat təşkil edir. xx.xx.2019-cu il tarixli 06/4563 saylı xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcla əlaqədar və müqavilə öhdəliklərinə görə bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmiş, kredit borcu ödənilməzsə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 32144 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarışlardan və İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı təminatlı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2019-cu il tarixə Banka olan borcu əsas borc üzrə 11592,95, faiz borcu üzrə 21025 manat, xx.xx.2019-cu il tarixdən sonra 2372,0 manat məbləğində pul vəsaiti ödənilməsi müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/526 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə olan borcu ümumilikdə 9142,74 manat, o cümlədən əsas kredit borcu 9137,16 manat, faiz borcu 5,58 manat məbləğində müəyyən edilir. Həmin Rəylərə əlavə olunmuş ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 120 manat və 150 manat olmaqla ümumilikdə 270 manat təşkil edir. “xxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli MB13/373 saylı mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin 33 saylı mənzilinin xx xxxx 2020-ci il tarixinə hesablanmış bazar dəyəri 80000 (səksən min) manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, qiymətləndiricinin xidmət haqqı 150 manat təşkil edir. Cavabdehin xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı kredit müqaviləsi üzrə borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşmür. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki,tərəflər arasında 60 ay müddətinə 26758 manat məbləğində kredit xətti açılmasını nəzərdə tutan kredit müqaviləsi bağlanmışdır, müqavilə müddətinin son tarixi xx.xx.2021-ci il tarixidir, bu müqaviləyə əsasən Cavabdeh1 həmin məbləği iddiaçıdan qəbul edərək götürmüşdür, kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin 33 saylı mənzil Bankın xeyrinə yüklü edilmişdir, X8 həmin mənzildə qeydiyyatdadır, X5 borcalan Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməklə zamin durmuşdur, ipoteka predmeti olan mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləği 80000 manat təşkil edir, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə ünvanlanmış xx.xx.2019-ci il xəbərdarlıq tarixinə cavabdehin müqavilə öhdəlikləri üzrə borcu ümumilikdə 10714,89 manat olmalı olduğu halda, onun həmin tarixə borcunun məbləği 12232,95 manat təşkil etmiş, həmin tarixdən sonrakı dövrlərdə də ödəmələrin həyata keçirilməsi cədvəlinə uyğun olaraq ödənişlər vaxtında icra olunmamaqla şərtləşdirilmiş öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirilməmişdir, onun hazırda müqavilə tarixinə olan əsas borcu üzrə 8684,5 manat, faiz borcu üzrə isə 5,58 manat qalmışdır, ekspertizanın dəyəri ümumilikdə 120, 150 və 150 manat olmaqla, ümumilikdə 420 manat təşkil edir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə borcun məbləğinə proporsional şəkildə azaldılmamışdır, bu səbəbdən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cərimə hissəsində dəyişdirilərək cərimə əsas borca adekvat şəkildə olmaqla 530 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin faiz borcunun məbləğinin dəyişdirilməsi ilə bağlı dəlili üzrə qeyd edir ki, rayon məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/526 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə olan borcu ümumilikdə 9142,74 manat, o cümlədən əsas kredit borcu 9137,16 manat, faiz borcu 5,58 manat məbləğində müəyyən edilir. Belə olan halda, iddiaçının apellyasiya şikayətinin faiz borcu ilə bağlı əsassız olduğundan təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə qismən, cavabdehdən tutulacaq penyanın məbləğinə münasibətdə dəyişdirilməli, cavabdehdən tutulacaq penya 530 (beş yüz otuz) manat müəyyən edilməli, iddiaçının apellyasiya şikayətinə münasibətdə qətnamə qalan hissədə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-452/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən, dəbbə puluna aid hissədə dəyişdirilsin və cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada iddiaçının xeyrinə 530 (beş yüz otuz) manat cərimə tutulsun. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar