Məhkəmə qərarları › İş №2(103)-6746/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6746/2025

11.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6746/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” xüsusi icraat qaydasında verilmiş ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-2322/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Ərizəçi ilə Maraqlı şəxs arasında 20 saylı mediasiya təşkilatında aşağıdakı şərtlərlə xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00267 nömrəli barışıq sazişi bağlanmışdır:

1. Maraqlı şəxs tərəflərin birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında onun adına ipoteka ilə yüklü edilmiş və DƏDRX-dan çıxarış əldə olunmuş mənzil üzrə bank qarşısında olan öhdəliklərini bankın razılığı ilə Ərizəçi ötürməyi öhdəsinə götürür. 1.1. Öhdəlik Ərizəçi ötürülənədək ipoteka ödənişləri Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. 1.2. Maraqlı şəxs gələcəkdə ünvan 1 ünvanında yerləşən əmlakla bağlı iddia irəli sürməyəcəkdir.

2. Maraqlı şəxs 2024-cü ilin dekabr ayında Ərizəçi borc olaraq aldığı 21.000 ABŞ dollan (35.700 AZN) məbləğini hər ay 1.000 AZN olmaqla sonuncunun bank hesabına ödəməyi öz öhdəsinə götürür.

3. Tərəflərin övladı X5 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-2258/2024 saylı qətnaməsi ilə Ərizəçi himayəsinə verilmişdir. Uşağın yüksək həyat şəraitinin qorunub saxlanılması üçün Maraqlı şəxs X3 məktəb təhsil haqqını (özəl məktəb) bundan sonrakı illər üzrə ödəməyi öz öhdəsinə götürür.

2. Sazişin 2 və 3-cü bəndləri Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1998/2025 nömrəli qətnaməsi ilə təsdiq edilmişdir.

3. Daşınmaz əmlakın Dövlət reyetsrindən çıxarışa əsasən ünvan 1 Maraqlı şəxs adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli MŞB/20/2025- 00267 saylı mediasiya prosesi vasitəsilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış Barışıq Sazişinin 1, 1.1, 1.2-ci bəndlərinin təsdiq edilməsi və dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Ərizəçi ərizəsini işin hallarına uyğun əsaslandırmış, həmçinin qeyd etmişdir ki, o, Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixində Bakı 20 saylı Mediasiya Təşkilatı vasitəsilə MŞB/20/2025-00267 saylı Barışıq sazişi bağlamışdır. Hazırda maraqlı şəxs Sazişin 1, 1.1, 1.2-ci bəndləri üzrə də üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır və bu da Sazişin hüquqi xarakterini itirməsinə və öz əhəmiyyətinə görə barışıq yolu ilə icra olunmasına çətinliklər yaradır, buna görə də məhkəməyə müraciət olunması və mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin müvafiq bəndlərinin təsdiq edilməsi zərurəti meydana gəlmişdir. Barışıq sazişinin 8-ci maddəsinə görə saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)- 2322/2025 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) ərizə təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin şərtlərin məcburi icrası üçün təsdiq edilməsi qərara alınmışdır.

7. Məhkəmə belə qənaətə gəlmişdir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.

8. Məhkəmə öz mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 119.1, 305.1.17, 355-23.1, 355-24, 355-26-cı maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamə ilə razılaşmayan Maraqlı şəxs ondan apellyasiya şikayəti verərək barışıq sazişin 1.1 və 1.2-ci bəndlərinin təsdiq edilməsindən imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin 1.1 və 1.2 bəndlərinin məcburi icrası üçün təsdiq edilməsi qanunsuz və əsassızdır. Həmin bəndləri aşağıdakı kimi təhlil etsək, belə qənaətə gəlmək mümkün olur: 1.1. Öhdəlik Ərizəçi ötürülənədək ipoteka ödənişləri Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. 1.2. Maraqlı şəxs gələcəkdə ünvan 1 ünvanında yerləşən əmlakla bağlı iddia irəli sürməyəcəkdir. Əvvələ onu qeyd etmək lazımdır ki, 1.1 və 1.2 bəndləri 1-ci bəndin alt bəndləri olmaqla müstəqil bəndlər deyillər, hər bir alt bənd ayrı-ayrılıqda 1-ci bəndə bağlıdır. Yəni 1.1 və 1.2 altbəndləri 1-ci bəndlə birlikdə təhlil edilməlidir. 1.1 bəndində qeyd olunmuş "ötürülənədək" məzmunlu ifadə, habelə 1.2 bəndində "gələcəkdə" məzmunlu ifadə Mülki hüququn prinsipləri və normaları baxımından qüsurludur, aydın deyil, qeyri-müəyyəndir. Mediasiya sazişi özlüyündə əqd olmaqla Mülki Məcəllənin əqdlərlə, müqavilələrlə bağlı tələblərinə cavab verməlidir. Göründüyü kimi 1.1 bəndinin məzmunu qüsurlu, anlaşılmayan, qeyri-müəyyən olmaqla, hüquqlarımı əhəmiyyətli və tənasübsüzşəkildə pozur, etibarsızşərt kimi qəbul edilməlidir. Ümumiyyətlə, Barışıq Sazişinin 1-ci bəndi, 1.1 və 1.2 bəndlərin bir-biri ilə birgə təhlil edərkən etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərli, mütənasübsüz, əhəmiyyətli dərəcədə hüquqlarını pozan şərtlər olduğu aşkar nəzərə çarpır, dolayısı ilə etibarsızdır. Barışıq sazişinin 1.1 bəndinin məzmununda olan "ötürülənədək" ifadəsi hansısa hadisənin müəyyən müddətdə baş verəcəyinə dair şərtdir. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. Müqavilənin standart şərtlərində təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər müəyyənləşdirdiyini ifadə edən müddəalar, yəni Barışıq sazişinin 1.1 bəndinin məzmununda olan "ötürülənədək" müddəası və 1.2 bəndinin məzmununda olan "gələcəkdə" müddəası etibarsızdır. Barışıq sazişinin 1.1 bəndinin məzmununda olan "ötürülənədək" ifadəsi tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt olduğu üçün etibarsızdır. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin 1.1 və 1.2 bəndləri Mülki Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olduğu, icrası mümkün olmayan olduğu üçün etibarsızdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan halların müəyyən etməmiş, tərəflərin hansı hüquqi münasibətdə olmalarını yetərincə nəzərə almamış, iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Barışıq sazişinin 1.1 və 1.2 bəndlərinin məcburi icrası üçün təsdiq edilməsi qanunsuz və əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, öhdəliyi ötürməklə bağlı birinci instansiya məhkəməsində də bildirmişdir ki, ərizəçi öhdəliyi götürə biləcək bir vəziyyətdə deyil, çünki onun rəsmi iş yeri olmalıdır. Öhdəliyin ötürülməsi praktikada yox səviyyəsindədir, bunu ona bankdan da demişlər. O, ancaq barışıq sazişinin 1.1 və 1.2-ci bəndləri mübahisələndirir. Mənzilə görə sentyabr ayının ödənişini etmiş, sonradan ödəniş edilməmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Boşanandan sonra bu sazişi bağlamışlar, vəziyyət dəyişirsə, ərizəçi hər hansı bir təklif irəli sürməlidir. Onlar razılığa gəlib könüllü iradə ifadələrinə uyğun belə bir saziş imzalamışlar, bəndləri də açıq-aydın ortadadır.

Tətbiq edilən hüquq

14. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.17. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1.2. Barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı işdə ərizə təmin edilmiş və apellyasiya şikayətində qətnamə iş üzrə Maraqlı şəxs tərəfindən yalnız barışıq sazişinin 1.1 və 1.2-ci bəndlərinə münasibətdə mübahisələndirildiyindən apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin bəndlərin təsdiq edilməsi ilə bağlı hissələrin yoxlanılması təşkil edir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli, 2(103)-6746/2025 nömrəli qərardadı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-2322/2025 nömrəli qətnaməsi Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin 1.2-ci bəndinin təsdiq edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata, bu tələbə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə 20 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 1.1-ci bəndinin təsdiq edilməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, işdə olan barışıq sazişinin 1-ci bəndinə əsasən, Maraqlı şəxs birgə nikah dövründə əldə olunmuş onun adına ipoteka ilə yüklü edilmiş mübahisəli mənzil üzrə bank qarşısında olan öhdəliklərini bankın razılığı ilə Ərizəçi ötürməyi öhdəsinə götürmüşdür. Sazişin 1.1-ci bəndinə əsasən öhdəlik Ərizəçi ötürülənədək ipoteka ödənişlərinin Maraqlı şəxs tərəfindən ödəniləcəyi barədə tərəflər arasında razılıq əldə edilmişdir.

21. Qeyd edilməlidir ki, mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı prosesdir və həmin prosesin nəticəsində tərəflər arasında hər hansı razılaşma əldə edilirsə, bu razılıq yazılı formada barışıq sazişi ilə rəsmiləşdirilir.

22. Barışıq sazişi qanunvericiliyin tələblərinə zidd olmamalı, habelə mediasiyada iştirak etməyən üçüncü şəxslərin hər hansı hüquqlarına toxunmamalıdır.

23. Maraqlı şəxs hazırda ona istinad edir ki, Sazişin 1.1 bəndində qeyd olunmuş "ötürülənədək" məzmunlu ifadə mülki hüququn prinsipləri və normaları baxımından qüsurludur, aydın deyil, qeyri-müəyyəndir.

24. Kollegiya bu dəlil ilə razılaşmayaraq hesab edir ki, sözügedən bənddə hər hansı qeyri-aydın və ya qeyri-müəyyən ifadələrdən istifadə olunmamışdır. Bundan başqa, maraqlı şəxs üzərinə götürdüyü öhdəlik mülki qanunvericiliyin tələblərinə zidd deyil, habelə mediasiyada iştirak etməyən üçüncü şəxslərin hər hansı hüquqlarına toxunmur.

25. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan təlblərinə görə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün iki şərtdən biri mövcud olmalıdır: barışıq sazişi könüllü qaydada icra edilməməlidir; barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır.

26. Maraqlı şəxsin kollegiyanın iclasında bildirdiklərindən müəyyən edilir ki, barışıq sazişinin sözügedən bəndi onun tərəfindən icra edilmir. Belə olan halda, məcburi icrasının təmin edilməsi məqsədilə həmin bəndi məhkəmə tərəfindən təsdiq edilməlidir.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Maraqlı şəxs apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-2322/2025 nömrəli qətnaməsi Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə 20 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 1.1-ci bəndinin təsdiq edilməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği maraqlı şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar