Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-679/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə öhdəlikləri üzrə zərərin əvəzinin ödənilməsi tələbinə dair” 2(005)-2405/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilədə göstərilən mənzilin çatışmayan sahəsi üçün 3005,60 manat, vurulmuş zərərin əvəzi olararaq 2554,76 manat və göstərilmiş hüquqi yardıma görə 110 manat olmaqla, cəmi 5670,36 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 06.06.2003-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 140 saylı evin 10-cu mərtəbəsində 4 otaqdan ibarət, 155,7 kv.m olan 28 saylı mənzili “MARS’' MTK-dan almış və pulunu tam ödəmişdir. Lakin, həmin mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ********** nömrəli, 21.08.2020-ci il tarixli verilmiş çıxarışdan məlum olmuşdur ki, cavadeh tərəfindən müqavilə üzrə qeyd olunan mənzil sahəsi tam yox, 10,4 kv.metr az verilmişdir, ödəniş isə azaldılmamışdır. Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 145,30 kv.metr, lakin müqaviləyə əsasən ondan ödəniş 155,7 kv.metr üçün götürülmüşdür. 2003-cü il tarixdə 155,7 kv metrə dair 128 639 340 manatın (AZM) dollar ekvivalenti ilə 26 469 dollar, hər kvadrat üçün 170 ABŞ dolları ödəmiş və neçə illərdir ki, kommunal pulu sahib olmadığı, üzərinə yalandan yazılan 10,4 kv.metr üçün pul ödəmişdir. Cavabdeh tərəfindən öhdəliyin icrası üçün gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 2554,25 manat ona ödənilməlidir. Lakin onun Cavabdeh MTK-ya rəsmi ərizə ilə müraciət etməyinə baxmayaraq, ərizəsinə heç bir münasibət bildirməmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən hazırkı mübahisəyə heç bir aidiyyəti olmayan normalar tətbiq edilmişdir. Mənzilin arakəsmə divarlarının altındakı sahələrlə bağlı umumiyyətlə işdə hər hansı dəlil mövcud deyildir. Tərəflər arasında müqavilədə də onunla bağlı hər hansı hal şərtləndirilməmişdir. Amma iddianın təmin edilməməsinin əsası kimi qətnamədə məhz arakəsmə divarların altındakı sahəyə istinad edilmişdir. Adı keçən mənzilin arakəsmə divarlarının tutduğu sahənin, tərəflər arasında mövcud müqavilədə razılaşdırılmış mənzilin sahəsi olan 155,7 kv.metr ölçüyə daxil olub-olmadığı, həmçinin divarların altındakı sahələrinin hansı ölçüdə olması halı tam aydınlaşdırılmamışdır. İddia tələbinin əsası kimi iddiaçı ona verilmiş mənzilin sahəsinin, müqavilədə nəzərdə tutulmuş ölçüdən 10,4 kv.m. az olduğunu bildirir və buna dair sənədli sübut təqdim edir. Məhkəmə isə otağın faktiki sahəsi ilə müqavilədə qeyd olunan sahəsindən çatışmayan hissənin arakəsmə divarların altında qalmış sahələr olduğuna istinad edir. Lakin iş materiallarında mənzilin arakəsmə divarların altında qalmış sahənin məhz 10,4 kv.metr olduğuna dair heç bir sübut yoxdur. Apellyasiya baxışı zamanı iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili ayrıayrılıqda şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi və əlavə etdi ki, hazırkı iddia ərizəsi iddia müddətinin ötürülməsi ilə verilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki apellyasiya baxışının predmetini iddianın təmin edilməməsi barədə qətnamənin tam yoxlanılması təşkil edir. İş materiallarında olan tərəflər arasında bağlanmış 06.06.2003-cü il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 140 saylı yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 155,7 kv.metr təşkil edən 4 otaqlı mənzilə dair Cavabdeh MTK ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən 4 otaqlı mənzilin ümumi sahəsinin ölçüsü 155,7 kv.metr təşkil edir, bu sahənin ümumi dəyəri 26469 ABŞ dolları, hər 1 kv.metrinə 170 ABŞ dolları qiymət müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, ev 140, mənzil 28 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ 21.08.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzilin ümumi sahəsi 145,30 kv.metr təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 20.08.2021-ci il tarixli, 10/2753 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04.12.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsu, 140 saylı evin 28 nömrəli mənzilinin ümumi sahəsinin 143,7 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur. Tədqiq olunan mənzilin təmirdən əvvəlki vəziyyətdə olan ölçülərini əks etdirən layihə sənədi və ya plan-sxem mülki iş materiallarında olmadığından, həmin mənzilin ümumi sahəsinin təmirdən əvvəl nə qədər təşkil etdiyi müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 20.08.2020-ci il tarixli texniki pasportda tədqiq olunan mənzil üzrə qeyd edilmiş tikililərin ölçülərini və sahəsini nəzərə alaraq, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsu, 140 saylı evin 28 nömrəli mənzilə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 21.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilərkən, həmin mənzilin sahəsinin ölçülməsi qaydasının faktiki sahəyə uyğun (arakəsmələr, divar və s. çıxılmaqla) aparıldığı müəyyən edilmişdir. "MARS” MTK ilə İddiaçı arasında bağlanmış 06 iyun 2003-cü il tarixli müqavilədə mənzilin sahəsinin hesablanma qaydası göstərilmədiyindən, müqavilənin 5.1ci bəndində tədqiq olunan mənzilin sahəsinin 155,7 kv.metr göstərilməsinin səbəbini, eləcə də müqavilədə göstərilən sahə ilə 21.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilən sahə arasındakı sahə fərqinin hansı səbəbdən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan mənzilə dair tərtib edilmiş 20.08.2020-ci il tarixli texniki pasportun məlumatları ilə həmin mənzilin tikililərinin faktiki vəziyyətdə planlı yerləşməsi müqayisə edilərkən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsu, 140 saylı evin 28 nömrəli mənzil üzrə təmirlə bağlı konstruktiv dəyişikliklər aparılmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 155,7 kv.metrdir. Mənzilin arakəsmələri, dəhliz və eyvanları, habelə yardımçı sahələri nəzərə alınmadan cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, alıcıya şərtləşdirilmiş qaydada deyil deyil, daha az sahəli mənzil satması, bunun da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olması barədə nəticəyə gəlmək tərəflərin razılaşmasına açıq-aşkar zidd qənaətdir. İşin həlli üçün mühüm əhəmiyyət kəsb edən tərəflər arasında bağlanmış 06.06.2003-cü il tarixli müqavilənin 1.1 və 1.2-ci bəndləri nəzərə alınmalı və bu xüsusata qiymət verilməlidir. Digər tərəfdən müqavilədə mənzilin razılaşdırılmış ümumi qiyməti olan 26469 ABŞ dolları məhz mənzilin kvadrat metrinə (yaxud 1 kv.metrinə) görə hesablanmasına dair mövqe də əsassızdır. Çünki, müqavilədə həmin qiymətin mənzilin bir kvadrat metrinə görə müəyyənləşdirilməsi barədə şərt yoxdur. Müqavilədən ümumi sahəsi (daxili divarları, arakəsmələr də daxil olmaqla) 155.7 kv.m. olan dörd otaqlı mənzilə görə ödəniləcək məbləğin 26469 ABŞ dolları razılaşdırıldığı açıqca görünür. Başqa sözlə, tərəflər mənzilin onun ümumi qiymətini şərtləşdirmişlər. Bu hallar ona dəlalət edir ki, iddiaçıya mənzili aldığı zaman onun sahəsi, bu sahənin hesablanma şərtləri və qiyməti məlum idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq qeyd edir ki, iş üzrə tərəflər 06.06.2003-cü il tarixli müqaviləyə əsasən sahəsi 155,7 kv.m olan mənzilin alınması ilə bağlı razılığa gəlmişlər, bu işin mübahisəsiz halıdır. Mənzilin hər kv.metr sahəsi üçün isə 170 ABŞ dolları olmaqla cəmi 26469 ABŞ dolları məbləğində pulun ödənilməli olduğu qeyd edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında ekspert qismində iştirak edən İ.Xudiyev özü tərəfindən verilmiş 20.08.2021-ci il tarixli, 10/2753 nömrəli ekspert rəyinə istinadən bildirmişdir ki, mübahisəli mənzilin faktiki sahəsi (lociya və balkon sahəsinin azaltma əmsallarına vurulmadan sahəsi) 148,79 kv.m təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin müqavilə üzrə iddiaçı öz öhdəliklərini icra etmiş olsa da, cavabdeh öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Çünki iddiaçıya təklif edilmiş mənzilin sahəsi ilə faktiki sahə arasında 6,91 kv.metr fərq mövcuddur, bu səbəbdən də iddiaçıya 6,91 kv.metr əksik gələn sahə üçün 1996,99 manat (6,91 x 170=1.174,7 ABŞ dolları x 1,70 manat) məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası iddia müddətinin keçməsi barədə cavabdehin nümayəndəsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırkı iş üzrə iddiaçı mülkiyyətində olan mənzilin sahəsinin az olmasını həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən 21.08.2020-ci il tarixdə qeydiyyat vəsiqəsi verilən zaman xəbəri olmuşdur. Ona görə də onun tərəfindən hazırkı iddia qaldırılan zaman iddia müddəti ötürülməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası iddianın “vurulmuş zərərin əvəzi olararaq 2554,76 manatın və göstərilmiş hüquqi yardıma görə 110 manatın tutularaq iddiaçıya ödənilməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən həmin tələblərə dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh Mənzil Tikinti Koperativindən qeyd edilən müqavilədə göstərilən mənzilin çatışmayan sahəsi üçün 1996,99 manat və 10,5 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci tarixli, 2(005)- 2405/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Cavabdeh Mənzil Tikinti Koopertivindən tərəflər arasında bağlanmış 06.06.2003-cü il tarixli müqavilədə göstərilən mənzilin çatışmayan sahəsi üçün 1996,99 (bir min doqquz yüz doxsan altı manat, doxsan doqquz qəpik) manat və 10,5 (on manat, əlli qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manatın 65 (altmış beş) manatı cavabdeh İddiaçı, 35 (otuz beş) manatı Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-679/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-679/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver