Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-681/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakı ilə İddiaçı ASC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit börcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4287/2019 saylı 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 09.02.2016-cı il tarixli, 105850-160793/1 saylı kredit müqaviləsi üzrə 84074 manat əsas borc, 1813,97 manat faiz borcu olmaqla, cəmi 85887,97 manat (səksən beş min səkkiz yüz səksən yeddi manat doxsan yeddi qəpik) manat məbləğində borc və 60,40 (altmış manat qırx qəpik) manat məhkəmə xərcləri İddiaçı ASC-nın xeyrinə tutulsun. Tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzilinə yönəldilməsi və həmin mənzililkin satış qiymətinin 105000 (bir yüz beş min) manat müəyyən edilməklə, açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, tutma yönəldildikdə və açıq hərracda satıldıqdan ən geci 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzildən çıxarılmaları və qeyri-yaşayış sahəsinin boşadılması qət olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 94538,21 manat əsas borc, 2657,84 manat faiz borcu olmaqla, cəmi 97196,05 manat məbləğində borcun, 30 manat məhkəmə üçün və 30,40 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60,40 manat məbləğində dövlət rüsümunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91,2 kv.m, yaşayış sahəsi 59,8 kv.m olan 30 saylı mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyən edilərək açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehlərin mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.02.2016-cı il tarixli, 105850-160793/1 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalana şəxsi istehlak məqsədi ilə illik 6 faiz dərəcəsi ilə 60 ay müddətinə 130000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, 09.02.2016-cı il tarixli, 105850-160793/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzil banka ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, borcalan bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə 02.05.2019-cu il tarixli, 001/007/2415/2019 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh1 göndərilmiş və qeyd edilən bildiriş 03.05.2019-cu il tarixdə rəsmi qaydada şəxsən qəbul edilmişdir. Bildiriş 06.05.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, "xxxx" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Cavabdehin (borcalanın) öz öhdəliyini icra etməməsi nəticəsində banka olan borcu 03.06.2019-cu il tarixə 94538,21 manat əsas borc, 2657,84 manat faiz borcu olmaqla, cəmi 97196,05 manat təşkil edir. Sonradan İddiaçı ASC iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək məhkəməyə müraciət olunduqdan sonra sonra cavabdeh tərəfindən kredit borcu üzrə müəyyən ödənişlər edildiyini, 26.11.2019-cu il tarixə 84074 manat əsas borc, 1813,97 manat faiz borcu olmaqla, cəmi 85887,97 manat borcun qaldığını göstərmiş, həmin borcun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları tam araşdırılmamışdır, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qətnaməni çıxararkən işə tam, hərtərəfli, obyektiv baxmamış, maddi və prosessual normaları düzgün tətbiq edilməmiş, sübutlara düzgün qiymət verilməmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh3, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə 11 dekabr 2019-cu il tarixli qətnaməsi cavbdehdən əsas və faiz borcunun tutulması hissəsində və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin hissəsində dəyişdirilərək, əsas borc 81466,10 manat, faiz borcu 271,55 manat və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzilin likvid qiyməti 108.000 (bir yüz səkkiz min) manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əməl gəlmə əsaslarından biridir. İş materiallarından müəyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.02.2016-cı il tarixli, 105850-160793/1 saylı kredit müqaviləsinə əsasən borc alana 60 ay müddətinə, illik 6 faiz olmaqla, 130000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.02.2016-cı il tarixli, 105850-160793/1 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və yüklülük barədə 11.02.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə 06.05.2019- cu il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarında olan 26.01.2016-cı il tarixli notariat qaydasında təsdiqlənmiş ərizələrin surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzilin İddiaçı ASC-nın xeyrinə ipotekaya qoyulmasına razılıqlarını bildirmiş, ipotekaya qoyulmuş əmlaka tutma yönəldiyi və satıldığı təqdirdə onu qeyd-şərtsiz tərk edəcəklərinə dair öhdəlik götürmüşlər. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin ekspertləri tərəfindən aparılmış araşdırmaların nəticələrinə dair 08.05.2019-cuil tarixli, 02/37/19/NB saylı rəyi ilə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzili 105000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı həmin maddəyə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, borc üzrə ödənişləri vaxtı-vaxtında aparmamışlar. İş materiallarında olan 26.11.2019-cu il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh1 09.02.2016-cı il tarixli, 105850-160793/1 saylı kredit müqaviləsi üzrə banka olan borcu 84074 manat əsas borc, 1813,97 manat faiz borcu olmaqla, cəmi 85887,97 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.2.4-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 59.3cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Cavabdeh1 kredit müqavilələri üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyırlar. İşə apellyasiya qaydasında baxılarkən, Mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 19.11.2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2021ci il tarixli, 9\5436 nömrəli rəyinə əsasən Cavabdeh1 11.12.2019-cu il tarixə banka olan borcu 63309.88 manat əsas borc, 368.81 manat faiz borcu olması müəyyən edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı ASC-nın səlahiyətli nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi vəsatətini onunla əsaslandırmışdır ki, Ekspertizanın rəyi ilə razı deyilik və hesab edirik ki, ekspert tərəfindən iş üzrə obyektiv tədqiqat aparılmamış, kredit müqaviləsinin və əlavə razılaşmaların şərtləri nəzərə alınmamış, ödənişlərin təyinatı və onların silinməsi dəqiq göstərilməmiş və bunun nəticəsində rəydə kredit müqaviləsi üzrə borcun məbləği kəskin şəkildə azaldılmışdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış 09 fevral 2016-cı il tarixli 105850-160793/1 nömrəli kredit müqaviləsinə əsasən ona illik 6 faiz dərəcəsi ilə 60 ay müddətinə 130000 (bir yüz otuz min) manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3465 saylı 18 iyun 2021-ci il tarixli məhkəmə ekspertizasının rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış 09 fevral 2016-cı il tarixli 105850-160793/1 saylı kredit müqaviləsi və 21.07.2017-ci il tarixli Əlavə Razılaşma şərtləri əsas götürülməklə, Cavabdeh1 26.11.2019-cu il tarixə banka olan borcu 81737,65 manat: əsas kredit borcu üzrə 87466,10 manat, faiz borcu üzrə 271,55 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 9/3465 saylı 18 iyun 2021-ci il tarixli məhkəmə ekspertizasının rəyi işin hallarını tam və obyektiv əhatə etdiyindən, sübut növü kimi götürülməlidir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci və 2-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 38.2.2-ci maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzilin bazar qiyməti "xxxx" MMC-nin 08.05.2019-cuil tarixli, 02/37/19/NB saylı Hesabatında göstərilən qiymətə uyğun 105000(bir yüz beş min) manat göstərmişdir. İşə apellyasiya qaydasında baxılarkən ipoteka predmeti olan, mənziln hazırkı likvid dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır və rəyin verilməsi "xxxx" MMC-nə həvalə edilmişdir. "xxxx" MMC-nin 12.02.2021-ci il tarixli MB 14/0178 №-li ekspert rəyinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzilin likvid dəyəri 108 000 (yüz səkkiz min) manat müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə 11 dekabr 2019-cu il tarixli qətnaməsi cavbdehdən əsas,faiz borcunun tutulması hissəsində və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin hissəsində dəyişdirilsin. Əsas borc 81466,10 manat, faiz borcu 271,55 manat müəyyən edilsin. Cavabdeh1 09.02.2016-cı il tarixli, 105850-160793/1 saylı kredit müqaviləsi üzrə 81466,10 manat əsas borc, 271,55 manat faiz borcu olmaqla, cəmi 81 737,65 manat (səksən bir min yeddi yüz yeddi manat altmış beş qəpik) manat məbləğində borc İddiaçı ASC-nın xeyrinə tutulsun. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzilin likvid dəyəri 108 000 (yüz səkkiz min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-681/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-681/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver