Məhkəmə qərarları › İş №2(103)-6812/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6812/2025

04.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6812/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin təsdiq edilməsinə dair" ərizəsi üzrə QƏTNAMƏSİ (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-5461/2025 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin təsdiq edilməsinə dair" ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün "Tərəflər razılaşırlar ki, Tərəf 2 (Maraqlı şəxs) xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 14-ü tarixinədək aylıq 500 AZN olmaqla, 60 ay ərzində 30.000 AZN ümumi borc məbləğini tam şəkildə Tərəf 1 ("xxxx" MMC) ödəyəcəkdir. Tərəf 2 (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 ("xxxx" MMC) Tərəf 2 (Maraqlı şəxs) borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir." şərti ilə təsdiq edilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ərizəçi "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslanmışdır ki, "xxxx" MMC ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, Maraqlı şəxs tərəfindən şirkətə 30.000 manat vurulmuş ziyana görə Tərəflər razılaşırlar ki, Tərəf 2 (Maraqlı şəxs) xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 14-ü tarixinədək aylıq 500 AZN olmaqla, 60 ay ərzində 30.000 AZN ümumi borc məbləğini tam şəkildə Tərəf 1 ("xxxx" MMC) ödəyəcəkdir. Tərəf 2 (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 ("xxxx" MMC) Tərəf 2 (Maraqlı şəxs) borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir. Eyni zamanda, Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Maraqlı şəxs tərəfindən aylıq ödənişlər könüllü şəkildə icra edilmədiyi üçün barışıq sazişinin 2-ci bəndi əsas götürülməklə borc məbləğinin tam şəkildə ödəməsi şərti ilə saziş təsdiq edilməlidir.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-5461/2025 nömrəli qətnaməsi ilə (hakim Ə.Heydərova) Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin təsdiq edilməsinə dair" ərizəsinin qismən təmin edilməsi, Ərizəçi nümayəndəsi X2 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00200 saylı barışıq sazişinin aşağıdakı məzmunda təsdiq edilməsi: 1. Tərəf 2 (Maraqlı şəxs) xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 14–ü tarixinədək aylıq 500 AZN (beş yüz) olmaqla, 60 ay ərzində 30.000 AZN (otuz min) ümumi borc məbləğini tam şəkildə Tərəf 1 ("xxxx" MMC)-ə ödəyəcək, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq Ərizəçinə verilməsi, ərizənin digər hissədə rədd edilməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni əsaslandıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin məhkəməyə müraciət etmək hüququ olduğundan, barışıq sazişinin “Tərəf 2 (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 ("xxxx" MMC) Tərəf 2 (Maraqlı şəxs)nun borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir” hissəsi rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

5. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5461/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin barışıq sazişinin bir hissəsinin təsdiq edilməməsinə dair hissəsinin ləğv edilməsi; xx.xx.2025-ci il tarixli barışıq sazişi tam şəkildə, o cümlədən ödəniş gecikdirildiyi halda borcun bir dəfəyə ödənilməsi barədə bənd də daxil olmaqla, tam həcmdə təsdiq edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə barışıq sazişinin şərtini düzgün təfsir etməmişdir. Bu bənd məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması deyil, əksinə tərəflərin iradəsi ilə razılaşdırılmış məsuliyyət tədbirdir, öhdəliyin icrasını təmin edən saziş şərtidir, MPM-in 355-23 və 355-26-cı maddələrinə tam uyğundur, nə üçüncü şəxslərin hüquqlarına, nə də qanuna zidd deyil; həmin hüquqdan istifadə qaydası və nəticəsi sazişin özündə müəyyən edilib. Bu bənd sadəcə tərəflər arasında bağlanmış, maddi hüquq münasibətini tənzimləyən razılaşdırılmış məsuliyyətdir. Məhkəmə sazişin ayrılmaz tərkib hissəsini əsassız olaraq ayırmışdır. Məhkəmənin mövqeyinə görə bənd guya “təsdiq edilən hissədən ayrılması mümkündür”. Bu yanaşma barışıq sazişinin məzmununu dəyişdirmiş, tərəflərin iradəsinə müdaxilə etmiş, mediasiya sazişinin məqsədini pozmuşdur. Sazişin məhz icranı təmin edən əsas mexanizmi olan bəndin çıxarılması icra prosesini faktiki olaraq mümkünsüz edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

10. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir

11. Həmin Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

12. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbi təmin olunmayan hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. İş materiallarına əlavə edilmiş Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00200 saylı Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1. Tərəf 2 (Maraqlı şəxs) xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 14–u tarixinədək aylıq 500 AZN (beş yüz) olmaqla, 60 ay ərzində 30.000 AZN (otuz min) ümumi borc məbləğini tam şəkildə Tərəf 1 ("xxxx" MMC) -ə ödəyəcək. 2. Tərəf 2 (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 ("xxxx" MMC) Tərəf 2 (Maraqlı şəxs)- nun borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir.

17. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Maraqlı şəxs tərəfindən aylıq ödənişlər könüllü şəkildə icra edilmədiyi üçün iddiaçı barışıq sazişinin 2-ci bəndi əsas götürülməklə borc məbləğinin tam şəkildə ödəməsi şərti ilə sazişin təsdiq edilməsini tələb edir.

18. Birinci instansiya məhkəməsi barışıq sazişinin 2-ci hissəsini təmin etməməklə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin məhkəməyə müraciət etmək hüququ olduğundan barışıq sazişi bu hissədə rədd edilməlidir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, barışıq sazişinin mətnindən görünür ki, Tərəf 2 (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 ("xxxx" MMC) Tərəf 2 (Maraqlı şəxs)nun borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir.

20. İş materiallarından göründüyü kimi hazırda Tərəf 2-nin (Maraqlı şəxs) ödənişlərində gecikmələr olduğundan (ümumiyyətlə heç bir ödəniş etmədiyindən) Tərəf 1 ("xxxx" MMC) barışıq sazişinin şərtlərinə uyğun olaraq borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Belə olan halda, barışıq sazişinin əsas və ayrılmaz hissəsinin təsdiq edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Yəni, birinci instansiya məhkəməsi barışıq sazişinin şərtini düzgün təfsir etməmişdir. Barışıq sazişinin təsdiq olunmayan bəndi məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması deyil, əksinə tərəflərin iradəsi ilə razılaşdırılmış məsuliyyət tədbirdir, öhdəliyin icrasını təmin edən saziş şərtidir və MPM-in 355-23 və 355-26-cı maddələrinə tam uyğundur.

21. Məhkəməyə müraciət hüququndan istifadə qaydası və nəticəsi sazişin özündə müəyyən edilib. Barışıq sazişinin 2-ci bəndi sadəcə tərəflər arasında bağlanmış, maddi hüquq münasibətini tənzimləyən razılaşdırılmış məsuliyyətdir. Birinci instansiya məhkəməsi bu bəndi təsdiq etməməklə barışıq sazişinin məzmununu dəyişdirmiş, tərəflərin iradəsinə müdaxilə etmiş, mediasiya sazişinin məqsədini pozmuşdur. Sazişin məhz icranı təmin edən əsas mexanizmi olan bəndin çıxarılması icra prosesini faktiki olaraq mümkünsüz edir.

22. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(006)- 5461/2025 nömrəli qətnaməsi qismən ləğv edilsin. Ərizəçi iddia tələbi təmin olunmayan hissədə təmin edilsin. “Araz Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00200 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Tərəf 2 (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 ("xxxx" MMC) Tərəf 2 (Maraqlı şəxs)nun borcunu tam şəkildə ödəməsini tələb edə bilər”. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar