Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6837/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə, Cavabdeh1, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu X2 nümayəndəsi X3 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu X1rşı “torpaq sahəsinin qanunsuz sahiblikdən alınması, torpaq sahəsinin boşaldılması, cavabdehin məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin onun vəsaiti hesabına sökülməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-59/2021 saylı iş üzrə qəbul etdiyi 28 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu X1rşı “torpaq sahəsinin qanunsuz sahiblikdən alınması, torpaq sahəsinin boşaldılması, cavabdehin məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin onun vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu X2 06 mart 2006-cı il tarixli, 210 nömrəli və 2123 saylı 30 avqust 2004-cü il tarixli sərəncamları ilə iddiaçılara ayrılmış, fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş 300 və 600 kv.m torpaq sahələrinin cavabdeh X5 qanunsuz sahibliyindən götürülməsi, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılması, torpaq sahəsinin iddiaçılara təhvil verilməsi, eyni zamanda həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş qanunsuz tikilinin onun vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, iddiaçılara dəymiş maddi zərərin əvəzi kimi 20.000 (iyirmi min) manat pulun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazisində DSK-4 yanında İddiaçı1 300 kv.m, İddiaçı2 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Belə ki, Bakı şəhəri Binəqədi rayonu X2 2123 saylı 30 avqust 2004-cü il tarixli və 210 nömrəli 06 mart 2006-cı il tarixli sərəncamı ilə Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən iddiaçıların istifadələrində olan 300 kv.m və 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə sahibliyinə verilmişdir. İddiaçılar sözügedən torpaq sahəsində müəyyən müddət müxtəlif səbəblərdən tikinti işləri apara bilməmişlər. Buna həm maddi imkanlarının aşağı olması səbəb olmuş, eləcədə həmin torpaq sahəsinə qurunt suları axdığından bir müddət ərazidə tikinti işlərinin aparılması ümumiyyətlə mümkünsüz olmuşdur. Sonradan iddiaçılara məxsus torpaq sahəsinə tərəflərindən əlavə torpaq tökülərək, düzəldilmiş tikinti işləri aparılması üçün hazır vəziyyətə gətirilmişdir. Lakin 2013-cü ilin noyabr ayında iddiaçıların sahibliyi və istifadələrində olan torpaq sahəsinə baxmağa gedərkən orada məlum oldu ki, müvafiq sərəncam əsasında ayrılmış və torpaq sahəsi Cəmilə adlı şəxs tərəfindən zəbt edilmiş, eyni zamanda onun tərəfindən istifadə edilməkdədir. Bununla bağlı onlar Cəmilə xanıma öz iradlarını bildirib, dərhal onlara məxsus torpaq sahəsini boşaltmağını tələb etsələr də, bu bir nəticə verməmiş, həmin şəxs öz qanunsuz hərəkətlərinə davam etmiş, hətta torpaq sahəsində özünə fərdi yaşayış evinin tikintisinə də başlamışdır. Bununla bağlı müvafiq şikayət ərizəsi ilə Binəqədi RPİ-nin 4-cü PB-nə müraciət edərək, onlara məxsus torpaq sahəsinin qanunsuz zəbt edilməsi ilə bağlı cinayət işinin başlanmasını xahiş etmişlər. Lakin, 07.03.2014-cü il tarixli Binəqədi RPİ-nin 4-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, torpaq mübahisəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ iddiaçılara izah edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin qərarın təsviri hissəsində də göstərilmişdir ki, "əlavə araşdırma zamanı Binəqədi qəsəbə Bələdiyyəsindən alınmış məktubda göstərilmişdir ki, vətəndaşların torpaq sahəsinə bələdiyyənin mütəxəssisi A.R.Abbasovun iştirakı ilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi X2 210 saylı, 06.03.2006-cı il tarixli Sərəncamı əsasında İddiaçı1 adına rəsmiləşdirilmiş torpaq sahəsinin eksizi ilə naturada eynilik təşkil edir”. Qeyd olunanlarla əlaqədar, Bakı şəhəri Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etməklə yanaşı iddianın təmini tədbiri barədə ərizə təqdim etmişlər. Binəqədi rayon məhkəməsinin 04 may 2015-ci il tarixli 2(001)-6306/2015 saylı qərardadı ilə ərizə təmin edilmiş, iddianın təmini tədbiri qismində mübahisə həll edilənədək və yekun məhkəmə qərarı qüvvəyə minənədək Binəqədi rayon X2 06.03.2006cı il tarixli, 210 saylı sərəncamı ilə İddiaçı1 ayrılmış, fardi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş 300 kv.m torpaq sahəsində Cavabdeh1 Nadır qızı tərəfindən aparılan qanunsuz inşaat işlərinin dayandırılması qərara alınmışdır. Həmin qərardadın bir nüsxəsi Bakı şəhəri Binəqədi rayon X4 ünvanlanmış, həmin torpaq sahələri mübahisəli olduğundan xəbərdar olmağına baxmayaraq mülki iş məhkəmə baxışı ərəfəsində olduğu halda Cavabdeh1 Nadır qızı tərəfindən formal qələmə verilmiş Rusiya Federasiyasını vətəndaşı olan-X6 adına olan eskiz-layihəni dəyişərək yenisi verilmiş, hansı ki, yeni tarixdən verilmiş eskiz-layihə əvvəlcədən iddiaçılara məxsus olan torpaq sahəsi ilə üstüstə düşmüşdür. Eyni zamanda ona torpaq sahasindən 150 kv.m kəsərək, həmin hissəni də cavabdehə vermişdir. Qərardadda göstərilənlərə əhəmiyyət verməyən cavabdeh, onlara məxsus olan X2 06 mart 2006-cı və 30 avqust 2004-cü il tarixli sərəncamları ilə ayrılmış 300 və 600 kv.m torpaq sahələri cavabdeh tərəfindən qanunsuz zəbt olunaraq istifadə edilməsi ilə yanaşı həmin ərazidə onun tərəfindən artıq qanunsuz tikinti işləri başa çatdırılmışdır. Belə ki. cavabdeh inşaat işlərinə başlamış və özünə fərdi yaşayış evi tikmişdir. Bu isə qanunsuz olmaqla yanaşı, onların qanunla qorunan hüquqları kobud şəkildə pozulmasıdır. Ona görə də hesab edirlər ki, Binəqədi rayonu X2 06 mart 2006- cı il tarixli 210 nömrəli və 30 avqust 2004-cü il tarixli 2123 saylı sərəncamları ilə iddiaçılara ayrılmış, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 300 və 600 kv.m torpaq sahələri Cavabdeh1 qanunsuz sahibliyindən götürülməli, həmin torpaq sahələri Cavabdeh1 tərəfindən boşaldılmalı, torpaq sahəsi onlara təhvil verilməli, eyni zamanda həmin torpaq sahələrində Cavabdeh1 tərəfindən inşa edilmiş qanunsuz tikili onun hesabına sökülməli, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bundan başqa, qeyd edilənlərlə yanaşı ona dəymiş maddi zərərin əvəzi ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-59/2021 saylı iş üzrə qəbul etdiyi 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla bildirilmişdir ki, X2 Binəqədi RPİ 4-cü PB-ə göndərdiyi 16 yanvar 2014-cü il tarixli Pİ/01 saylı rəsmi məktubunda göstərilmişdir ki, torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı1 adına rəsmilşdirilmiş torpaq sahəsinin eskiz ilə naturada eynilik təşkil edir. Digər tərəfdən bələdiyyənin nümayəndəsi öz izahatında həmin torpaq sahəsinin onlara məxsus olması və Cavabdeh1 tərəfindən qanunsu zəbt olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi Nümayəndə şikayətin dəlillərinə uyğun izahat verib qətnamənin ləğv edilib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Binəqədi rayonu X2 nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X2 30 avqust 2004-cü il tarixli 1123/1 №-li Sərəncamının surətindən görünür ki, X2 ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı2 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair sərəncam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu X2 06 mart 2006-cı il tarixli 210 №-li Sərəncamının surətindən görünür ki, X2 ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı1 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair sərəncam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu X2 27 may 2004-cü il tarixli 903/2 №-li Sərəncamının surətindən görünür ki, X2 ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 400 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X8 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair sərəncam verilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2015-ci il tarixli 2-1(81)-2249/2015 saylı qərarının surətindən görünür ki, Binəqədi rayonu X2 27 may 2004-cü il tarixli 903/2 №-li Sərəncamı ilə X9 ayrılmış torpaq sahəsinin plancizgiya uyğun olaraq hansı əraziyə düşməsinin və həmin torpaq sahəsinin koordinatlarının müəyyən edilərək, X9 təhvil verilməsi və Binəqədi rayonu, X4 həvalə edilməsi qərara alınmış və və həmin qətnamə əsasında verilmiş icra vərəqəsi 07.08.2015-ci il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın kadastrı və Ünvan Reyestri xidmətinin 22 fevral 2021-ci il tarixli Mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X2 1123/1 nömrəli 30 avqust 2004-cü il tarixli sərəncamında, Bakı şəhəri X2 210 nömrəli 06 mart 2006-cı il tarixli sərəncamında, Bakı şəhəri X2 903/2 nömrəli 27 may 2004-cu il tarixli sərəncamında, miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, Bakı şəhəri Binəqədi rayonu X2 1123/1 nömrəli 30 avqust 2004-cü il tarixli sərəncamına əsasən İddiaçı2 ayrılmış 600 m2 və Bakı şəhəri Binəqədi rayonu X2 210 nömrəli 06 mart 2004-cü il tarixli sərəncamına əsasən İddiaçı1 ayrılmış 300 m2 torpaq sahələri Bakı şəhəri Binəqədi rayonu X2 903/2 nömrəli 27 may 2004-cü il tarixli sərəncamına əsasən X10 ayrılmış 400 m2 torpaq sahəsinin üzərinə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2021-ci il tarixli, 10/3887 saylı məhkəmə tikinti-texniki ekspertizası rəyindən görünür ki, Daşınmaz əmlakın kadastrı və Ünvan Reyestri xidmətinin Geodeziya işlərinin təsviri və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, X2 1123/1 nömrəli 30 avqust 2004-cü il tarixli sərəncamında, Bakı şəhəri X2 210 nömrəli 06 mart 2006-cı il tarixli sərəncamında, Bakı şəhəri X2 903/2 nömrəli 27 may 2004-cu il tarixli sərəncamında, miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, Bakı şəhəri Binəqədi rayonu X2 1123/1 nömrəli 30 avqust 2004-cü il tarixli sərəncamına əsasən İddiaçı2 ayrılmış 600 m2 və Bakı şəhəri Binəqədi rayonu X2 210 nömrəli 06 mart 2004-cü il tarixli sərəncamına əsasən İddiaçı1 ayrılmış 300 m2 torpaq sahələri Bakı şəhəri Binəqədi rayonu X2 903/2 nömrəli 27 may 2004-cü il tarixli sərəncamına əsasən X10 ayrılmış 400 m2 torpaq sahəsinin üzərinə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Eyni Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçılar ona Binəqədi rayonu X2 06 mart 2006-cı il tarixli, 210 nömrəli və 2123/1 saylı 30 avqust 2004-cü il tarixli sərəncamları ilə əsasında onlara ayrılmış 300 m2 və 600 m2 torpaq sahələrinin ayrılmasını sübuta yetirsələr də, cavabdehin həmin torpaq sahəsinin bir hissəsini zəbt etmiş olduğunu sübut edə bilməmişlər. Apellyasiya şikayətində göstərilən dəlillər isə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-59/2021 saylı iş üzrə qəbul etdiyi 28 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6837/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6837/2021
17.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver