Məhkəmə qərarları › İş №2(103)-6838/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6838/2023

04.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6838/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Soltan oğlu və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 Soltan oğlu və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Soltan oğlu və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X7 və Həmzİddiaçı xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur.

2. X7 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir.

4. Cavabdehlər iddiaçının mərhum ərinin valideynləridir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 Soltan oğlu və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında tikilmiş 4 otağın xərclərinin müəyyən edilməsi, hüququn tanınmaqla sərf edilmiş xərclərin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2001-ci ildə X7 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bu nikahdan iki övladı doğulmuşdur. Nikaha daxil olduqdan sonra ünvan 3 ünvana gəlin köçmüş və həyat yoldaşı X7 dünyasını dəyişənə kimi orada bir yerdə yaşamaqla ümumi təsərüfatı idarə etmişlər. Gəlin köçəndən sonra həyətdə boş sahədə olan bir otaqlı ev tikmişlər. Sonradan isə həmin evin üzərində ikinci mərtəbəni bir otaq bir mətbəx inşa etmişlər. Evlər bir-birinin üzərində olsa da onların giriş-çıxışı ayrıdır. Gəlin köçəndən sonra qaynatası Cavabdeh2 Soltan oğlunun razılığı ilə ayırdığı torpaq sahəsində mərhum əri ilə birlikdə ayrı-ayrı girişləri olan, uzun müddət vaxt ərzində 4 ev tikmişlər. Həmin evlərə çəkilmiş işıq və qaz üzrə xərclər onun adınadır. Cavabdehlər olan qaynatası və qaynanası ilə bir həyətdə yaşamış və onlardan başqa həmin həyətdə kimsə olmamışdır. Cavabdehlərin oğlu mərhum əri olduğu üçün həmin vaxt həyətdə bütün işlər onlar tərəfindən görülmüşdür. Evlərin yerləşdiyi həyətə girişdən sağ tərəfdə iki mərtəbəli bir otaqlı, birinci mərtəbədə olan qapısı küçəyə açılan bir ev, sonra həmin evin üstündə qapısı həyətə açılan ikici ev onlar tərəfindən inşa edilmişdir. Hər iki evin hamamtualet, mətbəxti ayrı-ayrılıqdadır. Həmçinin həyətə girişin sol tərəfində iki ayrı-ayrılıqda girişləri olan bir otaqdan ibarət iki ev tikmişlər. Maddi vəsait sərf edilmişdir. Hal-hazırda mərhum həyat yoldaşı ilə uzun müddət ərzində tikilmiş evlər cavabdehlərin sahibliyindədir və o, həmin evlərdən istifadə edə bilmir. Uzun illər əziyyət çəkib həmin evləri tikmişlər. xx.xx.2020-ci il tarixdə evdən çıxmağa məcbur olmuşdur. Hazırda ona məxsus cehiz əşyaları cavabdehlərin evindədir. Həmin evlərin tikilməsinə sərf olunmuş mal, material və xərclənmiş pul vəsaiti mərhum əri ilə birgə nikah dövründə ümumi qazancı hesabına əldə edilmişdir.

7. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, təyin edilmiş və aparılması "xxxx" MMC-yə həvalə edilmiş ekspertizanın xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı cavabdehlərin oğlu Əliyev Ədalət ilə xx.xx.2001-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, Əliyev Ədalət isə xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İddiaçı nikaha daxil olduqdan sonra mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində cavabdehlərlə birlikdə yaşamışdır. Hazırda qeyd olunan ünvanda bir neçə tikili mövcuddur və evlərin heç birinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair sənəd mövcud deyildir. Buna görə də həmin tikililər özbaşına tikili hesab edilir. İddiaçı isə həmin ünvanda yaşamır. İddiaçı öz izahatında bildirmişdir ki, mərhum əri əlil olduğundan və buna görə də maddi təminatları zəif olduğundan qeyd olunan tikililər cavabdehlər (iddiaçının ərinin valideynləri) tərəfindən onlara maddi təminatlarını artırmaq, dəstək olmaq və iddiaçının ifadəsilə - dolanmaq məqsədilə verilmişdir. Bu ifadə iddiaçının şahidlərinin ifadəsi ilə də doğrulanır. Hətta iddiaçı bildirir ki, cavabdehlərin digər oğlu olan iddiaçının qaynına icarə haqqı ödəməklə orada mağaza açmış və gəlir əldə etmişdir. Həmin ünvanda kirayəçi kimi yaşayanların kirayə haqqını iddiaçı həmin həyətdə yaşadığı müddətdə iddiaçıya, o getdikdən sonra isə cavabdehlərə verməsi şahid ifadələrinə əsasən müəyyən olunur. Məhkəmə iddiaçının özünə məxsus olduğunu bildirdiyi yaşayış evini tərk etməsi, hazıradək orada yaşamaması və həmin həyətdə yaşamadığı müddətdə digər evlərin kirayə haqlarından imtina etdiyindən ödənişin cavabdehlərə verilməsini və həmin ünvana dair təbii qaz və sudan istifadə, həmçinin tullantı sularının axıdılması ilə bağlı iddiaçı deyil, cavabdeh X5 ilə müqavilələrin bağlanmasını nəzərə alaraq qeyd etmişdir ki, bu hallar onu göstərir ki, iddiaçının ərinin sağlığında belə qeyd olunan tikili iddiaçıya və onun ərinə məxsus olmamışdır, tikililər iddiaçı və onun ərinə maddi təminatın yaxşılaşdırılması məqsədilə cavabdehlər tərəfindən müvəqqəti olaraq verilmişdir. Bundan başqa iddiaçı özü də ifadəsində etiraf etmişdir ki, qeyd olunan həyətdə əvvəlcə tikililər olmuş, onlar həmin tikililəri sökmüş, tikiliyə əlavələr etmişdir. Bu fakt iddiaçının şahidlərinin ifadəsində də öz əksini tapmışdır. Bununla yanaşı, cavabdeh tərəfindən məhkəmə iclasına şahid qismində dəvət edilmiş və Şahid3 ifadəsi və onun tərəfindən şəxsən məhkəmə iclasında tərtib edilmiş əlyazma formasında olan sxemadan müəyyən edilir ki, iddiaçı həmin ünvana gəlin köçdüyü vaxt həmin həyətdə artıq 5 tikili mövcud olmuşdur. Buna baxmayaraq iddiaçı həmin həyətdə öz hesabına inşa etdiyi evlərin tikintilərinin 2011-ci il tarixdə bitdiyini bildirir. Lakin iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ME 07/032 nömrəli mütəxəssis rəyinin 10-cu bəndinin 3cü hissəsində qeyd olunur ki, 2009-cu ilin aprel ayına aid olan peyk görüntülərinə əsasən qeyd olunan ərazidə yerləşən və hazırda da mövcud olan tikililərin hamısı artıq həmin tarixdə yekunlaşmış vəziyyətdə mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini digər tərəfdən 2011-ci ilə evləri tikib yekunlaşdırması ilə əsaslandırsa da, iş üzrə məhkəmə iclasında dindirilmiş şahid ifadələri və mütəxəssis rəyindən müəyyən olunur ki, tikililər iddiaçının qeyd etdiyi vaxtdan xeyli əvvəl artıq mövcud olmuşdur. Bu isə iddiaçının bəyanın bu hissədə də həqiqətə söykənmədiyini göstərir. Həmçinin iddiaçı öz izahatında evlərin tikintisi üçün vəsaitin mənbəyini əsaslandırarkən bankdan kredit götürdüyünü bildirmiş, şahid ifadəsində də iddiaçının bankdan kredit götürməsi məlumat kimi öz təsdiqini tapmışdır. Buna baxmayaraq, iddiaçı tərəfindən həmin dövrdə hansı bankdan, hansı məbləğdə, nə məqsədlə kredit götürməsinə dair sübutlar məhkəməyə ağlabatan müddətdə təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəfindən kredit götürülməsi və kreditin detalları barədə məlumatların əldə edilməsi üçün müvafiq banka sorğu verilməsi və bununla əlaqədar olaraq məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə məhkəməyə müraciət etmiş, lakin məhkəmə iclası bu əsasla təxirə salınmasına baxmayaraq bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddiaçı qeyd olunan ünvanda mövcud olan tikiləri onun mərhum əri ilə birgə nikah dövründə əldə edilmiş birgə gəlirləri hesabına inşa etdiyini bildirsə də, məhkəmə iddiaçının mərhum ərinin 3-cü dərəcəli əlil olması, barəsində “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişinin daxil edilməməməsi, yəni rəsmi qaydada əmək fəaliyyəti ilə məşğul olmamasına dair sübutun olmaması, eyni zamanda iddiaçının 2021-ci ilə qədər rəsmi gəlirinin olmasına dair məlumatın olmamasını nəzərə alaraq qeyd edir ki, iddiaçının həmin tikililəri öz hesabına tikməsi inandırıcı deyildir. Belə ki, işin hallarından müəyyən olunur ki, həmin dövrdə iddiaçı və mərhum ərinin birgə gəlirləri evlərin kirayə haqqları və iddiaçının ərinin pensiyasından ibarət olmuşdur. Bu isə şəxsi və ailə tələbatlarını ödədikdən sonra yeni tikililərin inşa edilməsi üçün vəsait ayrılması üçün ağlabatan məbləğ hesab edilmir. Bundan əlavə həmin tikililərin kimin hesabına tikilməsi barədə konkret sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu hallar isə öz növbəsində iddiaçının qeyd olunan həyətdə öz hesabına sonradan əlavə tikililər tikməsi faktını təkzib edir. İddiaçının digər tələbi isə mübahisə predmeti olan yaşayış evinə birgə nikah dövründə əldə edilmiş əmlak kimi hüququnun tanınmasından ibarətdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, işin halları ilə qeyd olunan yaşayış evinin iddiaçının mərhum əri ilə birgə nikah dövründə və birgə gəlirləri hesabına əldə etmədikləri, evin cavabdehlərin əmlakı olması öz təsdiqini tapmışdır. Bu halda əmlakın mülkiyyətçisi iddiaçının ailə üzvü olmadığına görə və onlar arasında ayrı qaydada razılaşma müəyyən edilmədiyinə görə iddiaçının həmin yaşayış evinə istifadə hüququnun tanınması üçün heç bir əsas yoxdur.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 1096.1-ci maddələri, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 119, 216-220-ci, 358-ci və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2(004)-118/2023 saylı qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 , 228.2-ci maddələri, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələri, Mülki Məcəlləsinin 1096.1, 1096.2-ci maddələrinə istinad etməsi hüquqi baxımdan başa düşülən deyil. Məhkəmə qətnamədə yazır: “ Məhkəmə bununla bağlı qeyd edir ki, işin halları ilə qeyd olunan yaşayış evinin iddiaçının mərhum əri ilə birgə nikah dövründə və birgə gəlirləri hesabına əldə etmədikləri, evin cavabdehlərin əmlakı olması öz təsdiqini tapmışdır. Bu halda əmlakın mülkiyyətçisi iddiaçının ailə üzvü olmadığına görə və onlar arasında ayrı qaydada razılaşma müəyyən edilmədiyinə görə iddiaçının həmin yaşayış evinə istifadə hüququnun tanınması üçün heç bir əsas yoxdur. “ İddianın predmetinə aid olmayan evdən istifadə hüququnun məhkəmənin qətnaməsində qeyd edilməsi absurd bir məsələdir. Məhkəmə istinad etməyə maddi hüquq norması tapmadığı üçünmü bu maddəyə istinad edir? İddianın predmeti ilə uzlaşmayan hüquqi istinad maddi hüquq normasının məhkəmə tərəfindən pozulması deməkdir. Məhkəmə maddəyə istinad etsədə ,istinadın şərhini verməmiş və ya verə bilməmişdir. Məhkəmə qətnamədə yazır:” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmə bu maddəyə istinad etməklədə iddianın predmetinə aid olmayan maddəyə istinad etmişdir. Bununla belə maddəyə nə üçün istinad edidiyinin şərhini verə bilmir. Maddənin izahından görünür ki , mükiyyətçidən söhbət gedir. Qeyd edilən ünvanda yerləşən mülkiyyət dövlət qeydiyyatına alınmayıb, heç bir kəsin həmin ünvan üzrə mülkiyyət hüququ yoxdur. Məhkəmənin formal olaraq müraciət etdiyi maddənin tələbindən də görünür ki, belə bir müqavilənin mövcud olması üçün hüquqi əsas olmamışdır. Məhkəmə qətnaməsində yazır: “Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər”. Məhkəmənin bu maddəyədə nə üçün istinad etməsi anlaşılmazdır. Məhkəmə nə üçün bu maddəyə istinad etdiyini ümumiyyətlə izah etmir və bu işlə bağlılığının şərh etmir. Məhkəmə iclasında tərəflərindən təqdim edilən sübutlara məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, əldə edə bilmədiyi sübutun məhkəmə tərəfindən tələb edilməsi məhkəmə tərəfindən əsassız olaraq rədd edilmişdir. Cavabdehlərin məhkəməyə dəvət edilməsi zərurəti yaransada obyektiv halların müəyyən edilməsi üçün məhkəmə bunu etməmişdir. Çünki cavabdehlərin nümayəndəsi və vəkili iş üzrə bağlı suallara cavab verə bilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

13. İddiaçı məhkəmə iclasında çıxış edərək bildirir ki, o, evdən qaçıb. 2 övladı ilə qardaşıgildə qalır. 4 dekabrda artıq o evdən çıxmağının 4 ili olacaq. Qayınanası və qayınatası pis adam deyillər, yaşlı insanlardırlar. İlk ekspertiza zamanı polislə birlikdə baxış üçün yaxınlaşan zaman 3 tikilidən 2 tikilinin qapısı açılmışdı. O da bununla bağlı etiraz bildirib. Qayını oğlu qızına çox qarışmışdır, psixologiyası pozulmuşdur. Onlar qohum olduğu üçün 4 il gözləyiblər. Ona deyiblər ki, ara sakitləşsin, sonra həll olunar. Lakin, elə olmadı. O, həyətə gedib evə girə bilməsə, məhkəmədə görüşəcəyini demişdi. Yoldaşı əlil olsa da, hissə-hissə evi tikdirib. Əgər cavabdehlərin dedikləri kimi iflic vəziyyətində olsa idi, niyə evlənərdi. Ayaqlarının üstündə durmağı bacarırdı.

14. İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirir ki, birinci instansiya məhkəməsində o, çıxış edən zaman, hakim ən azı 2 dəfə sözünü kəsmişdir. Məhkəmə araşdırılması dövrünə aid olan məsələləri hakim sual-cavab edir. Qarşı tərəfin vəkilinin çıxışı protokolda geniş yazılsa da, amma həqiqətdə elə olmamışdır. Hazırlıq iclasında iddia predmetinin həcminin artırılması barədə sənəd təqdim edən zaman hakim ona bildirmişdir ki, elektron sistemə əlavə edildikdən sonra qəbul ediləcək. Elektron sistemə əlavə etsələr də, məhkəmə baxışı zamanı hakim qiymət vermir, sonuncu iclas zamanı hakim bildirmişdir ki, elə bir sənəd olmamışdır. Qətnamədə işə aidiyyatı olmayan maddi və prosessual normalar qeyd edilmişdir. Qarşı tərəfin vəkili verdiyi sualları cavablandıra bilməmişdir. Rayon məhkəməsində qarşı tərəfin vəkili bildirmişdir ki, cavabdehlər xəstədirlər, məhkəmə iclasında iştirak edə bilməzlər. Əgər elədirsə o zaman necə vəkillə müqavilə bağlayıblar. Onların iddiası yaşayış sahəsinin istifadə hüququnun hüququnun tanınması barədə olmamışdır. İddianın predmetinə aid olmayan evdən istifadə hüququnun məhkəmənin qətnaməsində qeyd edilməsi absurd məsələdir. Məhkəmə istinad etməyə maddi hüquq norması tapmadığı üçün Mülki Məcəlləsinin 228.1-ci maddəsinə istinad etmişdir. İddianın predmeti ilə uzlaşmayan hüquqi istinad maddi hüquq normasının məhkəmə tərəfindən pozulması deməkdir. Məhkəmə maddəyə istinad etsə də, istinadın şərhini verməmiş və ya verə bilməmişdir. Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmə bu maddəyə istinad etməklə də iddianın predmetinə aid olmayan maddəyə istinad etmişdir. Bununla belə maddəyə nə üçün istinad edidiyinin şərhini məhkəmə verə bilmir. Maddənin izahından görünür ki, mükiyyətçidən söhbət gedir. Qeyd edilən ünvanda yerləşən mülkiyyət dövlət qeydiyyatına alınmayıb, heç bir kəsin həmin ünvan üzrə mülkiyyət hüququ yoxdur. Məhkəmənin formal olaraq müraciət etdiyi maddənin tələbindən də görünür ki, belə bir müqavilənin mövcud olması üçün hüquqi əsas olmamışdır. Müqavilənin iddia predmetinə aidiyyatı yoxdur. Məhkəmə qətnaməsində yazır: “Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər”. Məhkəmənin bu maddəyədə nə üçün istinad etməsi anlaşılmazdır. Məhkəmə nə üçün bu maddəyə istinad etdiyini ümumiyyətlə izah etmir və bu işlə bağlılığının şərh etmir. 2 dəfə ekspertiza keçirilmişdir. Ekspert qarşısında qoyulan suallardan biri də mənzilin neçənci ildə tikilməsidir. İki ekspert də mənzilin neçənci ildə tikilməsi barədə sualları cavablandırmır. Buna görə də məhkəmədən ekspertiza keçirilməsini xahiş edir. Məhkəmə suala cavab verməyən sonuncu rəyi qəbul edib. Məhkəməyə sənədlər təqdim ediblər ki, iddiaçının yoldaşının vergi ödəyicisi kimi şəhadətnaməsi də mövcuddur. Banka da sorğu veriblər. Bank da bildirmişdir ki, yalnız məhkəmənin sorğusuna cavab verə bilərlər.Hakimə bunu təsdiq edib və hakim ona bildirdi ki, sənədi hazırlıq iclasında təqdim etməliydi. Halbuki, sorğuya cavab gec gəlmişdir. Qarşı tərəf şahidlər təqdim etmişdir. Şahidlərdən biri oradan 30 il əvvəl köçmüşdür. İddiaçı ev tikə-tikə ev kirayəyə verilib, əldə edilən pul da yeni ev üçün sərf olunmuşdur. İddiaçı və yoldaşının ticarətlə məşğul olması barədə şəkillər də mövcüddur. Həmçinin, məhkəmə iclasında cavabdehlərin iştirakının təmin edilməsini xahiş edir. İddiaçının evdən qaçmasının səbəbi iddiaçının qızına qayını oğlu tərəfindən fiziki zorakılıq etməsi olmuşdur. Nəticədə aralarında dava yaranmışdır. Tikinti eksperti ilə əlaqə saxlamışdı və bildirmişdir ki, mənzilin neçənci ildə tikilməsini müəyyən etmək mümkündür. Amma, məhkəmə özü təşəbbüs göstərərək ekspertiza təyin etmişdir. Vəsatət verərək aidiyyatı üzrə hansı ekspertizaya göndərilməsini də qeyd edib. Ekspert qiymət ilə bağlı rəy vermişdir.Yalnız aidiyyatı ekspertiza məsələsi müəyyən edilməmişdir. 2001-ci ildən əvvəl evin olubolmaması barədə görüntülər yoxdur. Qarşı tərəf cavabdehin səhhətində problem olduğuna görə gələ bilmədiyini söyləyir.Tərəf xəstə olduqda xəstə olması ilə bağlı sənəd alır, şəxsin iştirakı qeyri-mümkündür. Ədalətli qərar çıxarılması üçün qarşı tərəfin iştirakı zəruridir. Vəkillə cavabdehin qızı müqavilə bağlayıb, imza atanda cavabdeh vəkil bürosuna gedə bilib,amma səhhətində problem olduğu üçün məhkəməyə gələ bilmir. Onlar ona görə belə edirlər ki, vəziyyəti cavabdeh tərəfin özündən də gizlədirlər.İşdə vəsiyyətnamə və etibarnamə var. Cavabdehin qızı müdaxilə edib etibarnaməni, vəsiyyətnaməni ləğv etdirib. Məhkəmə zəruri bildiyi halda şəxsin iştirakını təmin edə bilər.Komissiya müəyyən edilsin və cavabdehin iştirakının mümkün olub-olmaması araşdırılsın. Birinci instansiya məhkəməsində də belə oldu. Məhkəməyə gələ bilməmənin hüquqi əsası olmalıdır. Mənzildən istifadə hüququndan söhbət getməməsinə baxmayaraq mənzildən istifadə hüququna aid maddələrə məhkəmə qətnaməsində istinad edib. Məhkəmənin qətnaməsində onların iddianı rədd etmək üçün əsas olacaq heç bir norma mövcud deyil. Qətnamədə Ailə Məcəlləsinə, Mənzil Məcəlləsinə yanlış maddələrinə istinad edilib. Onların iddia tələbinin təmin edilməməsi üçün heç bir əsas yoxdur. Onlar tikintiyə olunan hüququn təmin edilməsini istəyir. Qarşı tərəfin səhhətində olan problemə görə məhkəməyə gəlməməsi arqument ola bilməz. Xəstəlik olduğu təqdirdə məhkəməyə tibbi sənəd təqdim edilir. İstifadə hüququ ilə bağlı hakim sual verməmişdir,qarşı tərəfin vəkili iddiaçıya ora köçmək istəməsi ilə bağlı sual vermişdir. O da o işin buna heç bir aidiyyatı olmadığını və onların ayrıca iddia qaldıracağını deyib. Onlar əmlak bölgüsünü yox, çəkilən xərcləri tələb edir. Cavabdeh sübut edə bilmir ki, həqiqətən də o tikmişdir.

15. Cavabdehlər Cavabdeh2 Soltan oğlu və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə bildirir ki, iddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.2020-ci ildə evdən çıxmağa iddiaçı məcbur olmuşdur. Amma bildirdilər ki, 4 ildi orada yaşamır. Ziddiyyətli məqamlar ortaya çıxır. İddiaçı oradan qovulmayıb. Qovulmasını təsdiq edən heç bir sübut yoxdur. Əşyalarını iddiaçı özü aparmışdır. İddiaçının yoldaşının səhhətində ciddi problemləri olmuşdur. Onlar fəaliyyət qabiliyyətinin olmamasını bildirməyiblər. Pul qazanan şəxs olmamışdır. İddiaçı bildirir ki, guya ev tikmək üçün öz gəlirini sərf etmişdir. İddiaçı bir neçə ay işləmişdir. Rayon məhkəməsi obyektiv araşdırma aparmışdır. İkinci ekspertizanın keçirilməsi qarşı tərəfin etirazı və təzyiqi nəticəsində olmuşdur. Cavabdehlər yaşlı insanlardır. Yaşlı insanların iddiaçıya təzyiq göstərməsi düzgün deyil. Ev iddiaçının olmuş olsa idi, cavabdeh nə üçün etibarnamə və vəsiyyətnamə versin. Həm zərurət yaranmadığı üçün, həm də cavabdehlər böhtana məruz qaldıqları üçün iddiaçını görmək istəmirlər, buna görə də məhkəmədə iştirak etmirlər. Tikilələrin hamısı var idi. Cavabdeh Ə.Şirəli usta işləmişdir. Yaşının çox olmasına baxmayaraq hazırda nəsə etməyi də bacarır. Ekpsertiza keçirilməsi barədə iddiaçının vəsatəti əsassızdır. İddiaçı özü ekspertiza mərkəzinə müraciət edə bilərdi və rəyi də rayon məhkəməsinə təqdim edə edərdi. Barışıq mümkün olmamışdır. Cavabdehin səhhətində problem yarandığına görə məhkəmə iclasına gələ bilmədilər. Onlarda barışıqla bağlı təklif olmayıb. İddiaçı tikmədiyi əmlakın onun olduğunu iddia edib. İddiaçı öz xoşu ilə çıxıb getmişdir. İddiaçı əgər qovulmuşdursa, hüquqmühafizə orqanlarına müraciət edə bilərdi. Əşyalarının orada olması sübut olunmamışdır. Əşyalar cavabdehə məxsusdur, iddiaçının cehiz əşyaları da orada yoxdur, özü ilə götürüb getmişdir. İddiaçının davranışı, hörmətsizlik etməsi nəticəsində etibarnamə və vəsiyyətnamə ləğv edilmişdir. Cavabdehlər iddiaya etiraz edirlər, onların mənafeyinə uyğun olaraq da onları təmsil edir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyinə görə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

23. İddiaçı hazırkı iddiasında ünvan 2 ünvanında tikilmiş 4 otaq üçün əri ilə birgə çəkdiyi xərclərin müəyyən edilməsi, hüququnun tanınması və sərf edilmiş xərclərin mərhum ərinin valideynləri olan cavabdehlərdən tutulmasını xahiş edir.

24. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi mövqe ilə razılaşaraq qeyd edir ki, iddia tələbi əsassızdır.

25. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikilidir. İddiaçı ailə quraraq həmin evə gəlin köçmüşdür. İddiaçı cavabdehlərlə birlikdə həmin evdə yaşamışdır. 2020-ci ildən iddiaçı orada yaşamır.

26. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair müqavilə X3 ilə xx.xx.2012-ci il tarixdə bağlanmış və **********003 saylı abonent kodu açılmışdır. “Azəriqaz” İB ilə istehlakçı qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AKX-00635xx/xx-2019 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilənin surətinə əsasən müəyyən edilir ki, paylayıcı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qazla təmin etməyi, istehlakçı - Cavabdeh1 isə bunun müqabilində istifadə etdiyi qazın dəyərini qanunla müəyyən edilmi qaydada ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, cəmiyyətin elektron bazasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2000-ci il tarixdə **********80000 nömrəli abunə kodu ilə Cavabdeh1 adına qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Həmçinin qeyd edilmişdir ki, qeyd olunan abunə kodu üzrə xx.xx.2016-cı il tarixdə əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilmiş və abunə kodu Cavabdeh1 adından X2 adına dəyişdirilmişdir.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8457-9/9206 saylı ekspert rəyindən müəyyən olunur ki, Yasamal rayonu, Z. Kərimov küçəsi, ev 48 (yeni nömrəsi 84) ünvanında 2 ədəd bir mərtəbəli, 1 ədəd iki mərtəbəli yaşayış evi mövcud olduğu və bir mərtəbəli yaşayış evinin ümumi sahəsinin 46 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Lakin digər yaşayış evlərinin qapısı bağlı olduğundan, həmin tikililərin ölçülərini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.

28. 08 avqust 2023-cü il tarixli məhkəmə iclas protokolundan müəyyən olunur ki, iddiaçı qeyd edir ki, 4 tikili tikiblər. İkisini sıfırdan, ikisini isə köhnə evlərin divarını söküb yenidən tikiblər. Tikinti 2003-cü ildə başlayıb və hissə hissə davam edib. 2003-cü ildən 2005-ci ilə qədər tikinti davam edib. Tikintini iki ilə bitiriblər. (səh 200)

29. Şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehləri tanıyır. 1985-ci ildən həmin həyətdə kirayəçi kimi yaşamışdır. Təxmini 10-11 il ərzində orada kirayə yaşamışdır. 1985- ci ildən 1995-ci ilə qədər həmin həyətdə kirayə yaşamışlar. Həmin vaxt ən azı orada 6 ev görmüşdür, bəlkə də çox idi. İddiaçı həmin evə gəlin gəldikdən sonra da o, həmin ünvana gəlib-getmişdir. (səh 209)

30. Şahid3 öz izahatında bildirir ki, həmin həyətdə kirayə yaşamışdır. Suala cavab olaraq bildirir ki, 1985-ci ildə həmin həyətə kirayəçi kimi köçmüşdür. 1996-cı ilə qədər orada yaşamışdır. O, köçən zaman aşağı həyətdə kirayəçilər var idi. Orada 2 otaq var idi, birində ailə, digərində isə tələbə qızlar yaşayırdı. Şirəli kişiyə aid tikililər bunlar idi: ümumi həyətə daxil olduqda sağ tərəfdə 1 tikili, sol tərəfdə 1 tikili, koridor gedirdi, sonra üzbəüz tikililər idi. Sonra aşağı həyətə düşdükdə sol tərəfdə 1 tikili, sağ tərəfdə isə 1 tikili var idi. Şahidin bildirdiyinə görə 1996-cı ildə həyətdə 5 tikili mövcud olmuşdur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli tikililərin o və həyat yoldaşının vəsaiti hesabına tikildiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

32. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməli olması ilə bağlı düzgün qənaətə gəlmişdir.

33. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

34. Belə ki, iddiaçının tələbi dörd otağın xərclərinin müəyyən edilməsi, xərclərdə hüququn tanınması, xərclərin verilməsi tələbi olduğu halda işə baxan məhkəmə tələbdən kənara çıxaraq yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə də qiymət vermişdir.

35. O cümlədən iddiaçının iddia tələbi birgə nikah dövründə çəkilmiş xərclərin müəyyən edilməsi, xərclərdə hüququnun tanınması olmasına baxmayaraq məhkəmə deliktlərə dair maddi hüquq normasına istinad etmişdir.

36. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsı məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

37. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e- 2(004)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 Soltan oğlu və Cavabdeh1 qarşı ünvan 4 ünvanında tikilmiş 4 otağın xərclərinin müəyyən edilməsi, hüququn tanınmaqla sərf edilmiş xərclərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməməli, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, işə birinci instansiya məhkəməsində baxılması zamanı keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir.

38. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 Soltan oğlu və Cavabdeh1 qarşı ünvan 4 ünvanında tikilmiş 4 otağın xərclərinin müəyyən edilməsi, hüququn tanınmaqla sərf edilmiş xərclərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İşə birinci instansiya məhkəməsində baxılması zamanı keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar