Məhkəmə qərarları › İş №2(103)-6862/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6862/2024

16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6862/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2434/2022 saylı, xx.xx.2024cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamənin qəbul edilməsini, qətnamənin icrasını Nəsimi rayonu X3 Dövlət Qeydiyyat İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005) 2434/2022 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək X2 xx.xx.2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktını müəyyən edilməsi, bu barədə müvafiq qeydin aparılmasının Maraqlı şəxsnə həvalə edilməsi və mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməsi qət edilmişdir. Daha sonra Ərizəçi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005) 2434/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2434/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi qətnaməyə izah verilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi EMİS vasitəsi ilə ilk dəfə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005) 2434/2022 nömrəli qərardadından apellyasiya şikayəti vermişdir. Eyni zamanda apelyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2434/2022 nömrəli qərardadı xx.xx.2024-cü il tarixində qəbul edilsə də, hələ də rəsmi olaraq ona təqdim edilməmişdir. Bildirir ki, onun adına xx.xx.2024-cü il tarixində elektron məhkəmə portalında elektron kabinet açılmış və bundan sonra həmin qərardadla tanış olmaq imkanı olmuşdur. Buna görə də Nərimanov Rayon Məhkəməsinin 2(005)-2434/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Hesab edir ki, məhkəmə həmin müddəti ötürməyi üzrlü hesab edilə bilər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2434/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005) 2434/2022 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə Ərizəçi qeydiyyatda olduğu ünvana (Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pros,142,14) poçt vasitəsilə göndərilmişdir. Həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2434/2022 nömrəli qərardadı ərizəçinin nümayəndəsi-vəkilinin EMİS-də yaradılan elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Həmin qərardaddan şikayət isə ilk dəfə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Sözügedən qərardaddan şikayət verməsi üçün prosessual qanunvericilik baxımından son gün xx.xx.2024-cü il tarixi olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Hazırki iş üzrə isə ərizəçi şikayət verərkən qanunvericiliklə qərardaddan şikayət verilməsi üçün müəyyən olunmuş 10 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qərardad rəsmi qaydada əldə edildikdən sonra müddəti ötürməklə şikayətilə məhkəməyə müraciət etmişdir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bununla belə cavabdeh tərəf müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, ərizəçi ərizəsində müddətin ötürülməsinə səbəb kimi qərardadın rəsmi olaraq ona təqdim edilməməsini göstərsə də, istinad olunan hal şikayətin verilməsinə maneə yaratmasına əsas kimi göstərilə bilməz. Göründüyü kimi ərizəçi tərəfindən şikayət verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən olmamışdır. Eyni zamanda qətnaməyə izah verilməsi barədə ərizə məhkəmənin dəftərxanası vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, qeyd olunan müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, Ərizəçi ərizəsinin nəticəsi ilə maraqlanmamış, təxminən 4 aya yaxın müddət ötdükdən sonra şikayətlə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ərizəçi tərəfindən ötürülməsini üzrlü hesab etməməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bununla yanaşı ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2434/2022 saylı, 13 iyun 2024-cü il tarixli qərardadının ona çatdırılmadığına istinad etsə də, məhkəmə tərəfindən qərardadın göndərildiyi ünvan üzrə yaşayıb-yaşamadığı barədə mötəbər sübutlar təqdim edilməmişdir, eyni zamanda həmin qərardad ərizəçinin nümayəndəsi-vəkilinin EMİS-də yaradılan elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası ərizəçinin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2434/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Günay Axundova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar