Məhkəmə qərarları › İş №2(103)-6873/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6873/2022

23.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6873/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus 5200 manat pul vəsaitinin və siyahıda adlarını yazdığı Dublyonka - 470 manat, Kostyum 2 ədəd- 400 manat, 4 ədəd dəri ayaqqabı- 280 manat, 3 ədəd poliver- 105 manat, 4 ədəd zamoklu jaket- 200 manat, Dəri kurtka - 200 manat, 2 ədəd papaq - 60 manat, 1 ədəd palto - 160 manat, 6 ədəd şərf - 240 manat, 4 ədəd brend köynək - 480 manat, 4 ədəd qalın şalvar - 280 manat, 3 ədəd Qalstuk jaket - 210 manat, 2 ədəd çəkmə - 240 manat, 2 ədəd kletkalı şalvar - 160 manat, Şəkər aparatı - 40 manat, Təziq aparatı - 60 manat, Şəkər üçnü corab 4 ədəd - 24 manat, Eynək - 100 manat, Qalın kletkalı şərf 2 ədəd - 16 manat, idman geyimi 4 ədəd - 280 manat, Şortik 3 ədəd - 45 manat, əl (burun) dəsmalı 1 paçka - 22 manat, corab 2 paçka - 24 manat, qalın corab 2 packa - 30 manat, mayka 10 paçka - 90 manat, alt paltarı 4 paçka - 20 manat, yorğan və yastıq- 210 manat, ədyal- yay üçün 2 ədəd- 200 manat dəyərində olan geyim əşyalarının və avtomobil üçün komplekt usta alətləri, açarlar, avdanlıqlar- 400 manat, Dinamo- 100 manat, Staçer - 100 manat, 4 ədəd maşın təkəri - 240 manat, Amortizator 4 ədəd - 120 manat avtomobilinin ehtiyat hissələrinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1298/22 saylı iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia qismən təmin olunaraq cavabdehdən 5200 manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər mübahisəni barışıqla həll etdiklərini bildirərək imzaladıqları barışıq sazişini məhkəməyə təqdim etmiş və onun məhkəmə qaydasında təsdiq olunmasını, mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası barışıq sazişinin təsdiq olunması ilə bağlı izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və bununla bağlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, həmin barışıq sazişi təsdiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər, yəni İddiaçı (nümayəndəsi Vəkil1 tərəfindən təmsil olunmaqla) və Cavabdeh (nümayəndəsi Vəkil2 tərəfindən təmsil olunmaqla) arasında bağlanılmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.İddiaçı Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə xeyrinə tutulmuş 5200 manat pulun 50 %-dən, yəni 2600 (iki min altı yüz) manat hissəsindən imtina edir.

2. Qalan 2600 (iki min altı yüz) manat Cavabdeh tərəfindən İddiaçı ödənilir.

3. Bununla əlaqədar olaraq iddiaçı iddia tələbindən imtina edir. Tərəflərə izah edilsin ki, barışıq sazişi təsdiq olunduqdan sonra tərəflər eyni əsaslarla və eyni predmetlə bağlı bir-birinə qarşı təkrar iddia və ya tələb irəli sürə bilməzlər. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar