Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6885/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontoruna, Cavabdeh2 qarşı “vərəsə kimi tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın etibarsız hesab olunması, payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2022- ci il tarixli, 2(005)-1743/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontoruna, Cavabdeh2 qarşı “vərəsə kimi tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın etibarsız hesab olunması, payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların X1 vərəsələri kimi tanınması, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında yerləşən 42,33 m2, yaşayış sahəsi 29,33 m2 olan 2 otaqlı mənzildən ibarət miras əmlakdan tam hissədə pay almasına dair 1 saylı Bakı "ASAN xidməti" Mərkəzində notariat ofisində 13 iyul 2021-ci il tarixdə reyestrdə 2V-546 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında cavabdehə miras qismində verilmiş daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatına alınması haqqında müvafiq çıxarışın etibarsız hesab edilməsi, onlara yaşayış sahəsindən ibarət miras əmlakdan hər birinə 1/4 hissədə olmaqla payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar 1934-cü ildə Türkmənistan Respublikasında anadan olmuş, ünvan 2 ünvanda yaşayaraq xx.xx.2020-ci il tarixində 86 yaşında vəfat etmiş X1 qanun üzrə vərəsələridir. Belə ki, miras qoyan X3 onların xalasıdır. Onlar Türkmənistan Respublikasının vətəndaşlarıdılar və Türkmənistan, Aşqabad şəhəri Kopetdağ rayonu, Paraxat yaşayış kompleksi, 4/2, ev 41, mənzil 43 ünvanında yaşayırlar. Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 42,33 m2, yaşayış sahəsi 29,33 m2 olan 2 otaqlı mənzildən ibarət miras əmlakdan qanunsuz olaraq tam hissədə pay almışdır. Cavabdeh2 1 saylı Bakı "ASAN xidməti" Mərkəzində notariat ofisinin xüsusi notariusu Natiq Səmədova xx.xx.2021-ci ildə ərizə ilə müraciət edərkən başqa vərəsələrin olmamağı barədə yalan məlumat vermişdir. Halbuki, notariat işinə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2972/2021 saylı qətnaməsi ilə müəyyən edilir ki, Cavabdeh2 miras qoyan xalası X3 ilə qohumluq faktının tanınması üçün məhkəməyə müraciət etmiş və ərizəsinin əsaslarından biri də ondan ibarətdir ki, Xanım Quliyevanın iki bacısı olmuş, onlar Türkmənistanda yaşamış və orada vəfat etmişlər. Bundan başqa, məhkəmə qətnaməsində uzaq qohum olan şahidlərin X1 üç bacı olması - Alla, Xanım və Gülzar barədə qeydlər vardır. Cavabdeh2 xalası Gülzarın övladları olan və cavabdehlə eyni dərəcədə vərəsə olan iddiaçılar barələrində dəqiq məlumatı olmuş və iddiaçılara miras əmlakdan pay ayrılması üçün onlar barəsində notariat orqanına bildirməmişdir. Onlar Azərbaycan Respublikası Qanunverciliyində miras əmlakın qəbulu ilə bağlı müddəti ötürmədən vərəsəlik hüquqlarının təmin edilməsi üçün 2021-ci ilin əvvəllərində Azərbaycan Respublikası ASAN Xidmət Mərkəzinə məktubla müraciət etmiş və 3 saylı Bakı "ASAN xidmət" mərkəzi xx.xx.2021-ci il tarixli məktubu ilə onların müraciətinə baxılması bağlı 42 vərəqdə ibarət olan sənədlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərmişdir. Lakin, işin faktiki halı ondan ibarətdir ki, onların hüquqları kobud şəkildə pozularaq onlar vərəsə kimi qeydiyyata alınmadığı üçün onlara miras payı ayrılmamış və buna görə də, mirasın qəbulu barədə müvafiq şəhadətnamə verilməsi mümkün olmamışdır. Obyektiv səbəb olan Covid 19 pandemiyası ilə bağlı nə xalaların dəfinində iştirak etmək, nədə ki, bilavasitə vərəsəlik işi üçün Azərbaycan Respublikasına da gələ bilməmişlər. 3 saylı Bakı "ASAN xidmət" mərkəzi VHTS-nin baş məsləhətçisi A. Hüseynovun verdiyi "vətəndaşa göndərilmiş məktubun ünvanına çatmayıb geri qaytarılması haqqında" olan arayışına əsasən onlara göndərilmiş məktublar pandemiya ilə əlaqədar ölkə xaricinə çıxış olmadığına görə xx.xx.2021-ci il tarixdə poçt tərəfindən Mərkəzə geri qaytarılmışdır. Hüquqlarının təmin edilməsi üçün cavbdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və iddiaçılara da miras əmlakdan yarım hissədə pay ayrılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(005)- 1743/2022 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin edilməmişdir. İddiaçılar qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını, iddianın təmin olunmalı olmasını və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçıların miras qoyanla qohumluq münasibətlərinin sübut olunmamasına əsaslansa da, işdə iddiaçıların cavabdeh kimi miras qoyanın bacısı uşaqları olmasına dair kifayət qədər sübutlar vardır. Bununla yanaşı, iddiaçıları Türkmənistan Respublikasında yaşayırlar, pandemiya ilə əlaqədar Azərbaycan Respublikasına gələrək mirası faktiki qəbul edə bilməmişlər. İdiaçıları yalnız rəsmi qaydada müraciət etmişlər, lakin həmin müraciəti məhkəməyə təqdim edə bilməmişlər. Onlarda 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin 04 may 2021-ci il tarixli cavab məktubu vardır. Qəbul edir ki, həmin məktubda müraciətin məhz mirasın qəbulu ilə bağlı olmasına dair hər hansı qeyd yoxdur, lakin əllərində olan sənəd odur. Bununla yanaşı qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar mübahisəni barışıqla həll etmək niyyətindədirlər. Onlarda olan məlumata görə cavabdeh miras əmlakı satmışdır. Alıcı isə vicdanlı olduğundan miras əmlaka vərəsə kimi paylarının müəyyən olunmasını, eləcə də cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqanıda şəhadətnamənin və çıxarışın etibarsız sayılması hissələrdə tələblərindən imtina da edə bilərlər. Lakin nümayəndə kimi iddiaçılar tərəfindən ona verilmiş etibarnamədə iddiadan imtina səlahiyyəti göstərilməmişdir, iddiaçılar isə qeyd etdiyi kimi Türkmənistanda yaşayırlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçılar qanunla müəyyən olumuş müddət ərzində mirası nə faktiki, nədə notariat orqanına ərizə verməklə qəbul etməmişlər. İddiaçılar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. İddiaçıların yeganə sübutu 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin 04 may 2021-ci il tarixli məktubudur ki, həmin məktubdan da iddiaçıların məhz mirasın qəbulu üçün ərizə vermələri görünmür. Hesab edir ki, iddia əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia rədd olunmalıdır. Belə ki, işdə olan sübutlara (notariat işinin surəti və s.) əsasən - miras qoyan X4 28 dekabr 2020-ci il tarixdə vəfat etmiş, 13 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 mərhum X2 qanun üzrə vərəsəsi olmaqla miras əmlakdan tam pay almışdır. Eyni zamanda, işdə olan Abşeron Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(012)-2972/2021 saylı qətnamədən görünür ki, Cavabdeh2 X2 bacısı qızı olması, yəni X2 Cavabdeh2 xalası olması faktı müəyyən edilmişdir. İddiaçılar da cavabdeh kimi miras qoyan X2 qanun üzrə vərəsələri olmalarını iddia edərək, yuxarıda qeyd olunan tələblərlə məhkəməyə müraciət etmişlər (çünki, iddiaçıların nümayəndəsinin (vəkilinin) sorğusuna cavabdeh olaraq 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 05 mart 2022-ci il tarixli məktubuna əsasən miras əmlakla bağlı cavabdehin adına 13 iyul 2021-ci il tarixdə reyestrdə 2V-546 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilmişdir). Birinci instansiya məhkəməsində iddiaçı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar məhkəməyə müraciət edərək, X2 onların xalası olduğunu iddia etsələr də, aralarında qohumluq əlaqələrinin olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. X2 onların xalası olması, aralarında hər hansı qohumluq əlaqələrinin olması öz təsdiqini tapmadı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi razılaşmır. Beləliklə iş materiallarına əlavə edilmiş çoxsaylı sübutlardlan (doğum haqqında, ölüm haqqında, nikah haqqında və s. barədə şahədətnamələr) müəyyən olunur ki, mərhum X4 cavabdehlə yanaşı, həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı2 xalası olmuşdur. Belə ki, iddiaçıların anası Gülzar və cavabdehin anası Alla miras qoyan X2 bacıları olmuşlar. Həmçinin, işdə olan Abşeron Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(012)- 2972/2021 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş olan şəxslər ifadələrindən müəyyən olunur ki, mərhum X2 bacıları Alla və Gülzar olmuşlar. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddianın rədd olunması üçün istinad etdiyi hal əsassız olmaqla, işdə olan sübutlarla təsqdiq olunmur. Lakin, iddia aşağıda qeyd olunanlara əsasən təmin oluna bilməz: Belə ki, vərəsəliklə bağlı Mülki Məcəllənin müddəalarının təhlili onu deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci və 1151.2-ci maddələrinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. MM-nin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-nin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. MM-nin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. MM-nin 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. MM-nin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Göründüyü kimi, vərəsənin miras əmlak üzərində hüquqlarının yaranması üçün vərəsə ilk növbədə mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etməlidir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirasın qəbul edilməsi müddəti vərəsəlik institutun vacib aspektlərindən biridir. Mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (“T.Mənsurovun şikayəti üzrə Ali Məhkəmənin 04 oktyabr 2010-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli qərarı). Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Konstitusiya Məhkəməsi mirasın faktiki qəbulu ilə bağlı 18 iyul 2014-cü il tarixli qərarında xüsusi olaraq göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin fallarından göründüyü kimi, iddiaçılar mirası faktiki olaraq qəbul etməmişlər. İddiaçılar özləri də bu halı mübahisələndirmir, əksinə iddia ərizəsindən, eləcə də nümayəndələrinin bildirməsindən açıq-aşkar müəyyən olunur ki, iddiaçılar Türkmənistan Respublikasında yaşamaqla, miras açıldıqdan sonra Azərbaycan Respublikasına gəlməmiş, mirası faktiki olaraq qəbul etməmişlər. İddiaçı mirası qanunla müəyyən olunmuş 6 ay müddət ərzində notariat orqanına ərizə göndərməklə qəbul etdiklərini iddia etmişlər. Lakin iş materiallarında iddiaçılar notariat orqanına ünvanlanmış müvafiq ərizəsi mövcud deyildir. İddiaçılar məhkəməyə (iddia ərizəsinə) 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin 04 may 2021-ci il tarixli məktubunu əlavə etsələr də, həmin məktubun məzmunundan iddiaçıların mirasın qəbulu üçün müraciət etmələri görünmür. İddiaçıların nümayəndəsi bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, iddia ərizəsinə iddiaçıların nümayəndəsinin (vəkilinin) sorğusuna cavabdeh olaraq 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 05 mart 2022-ci il tarixli məktubu əlavə olunmuşdur (həmin məktubda - miras əmlakla bağlı cavabdehin adına 13 iyul 2021-ci il tarixdə reyestrdə 2V-546 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilməsi və notariat işinin təsdiq olunmuş surətinin təqdim olunması qeyd edilmişdir) Qeyd edilən məktubdan görünür ki, iddiaçı tərəfin müvafiq müraciəti 03 mart 2022ci il tarixdə olmuşdur ki, bu da mirasın açıldığı vaxtdan bir ildən çox müddəti əhatə edir. Həmçinin qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə - Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Göründüyü kimi, məhkəmə mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması məsələsinə o halda baxa bilər ki, maraqlı şəxs müvafiq tələbə məhkəməyə müraciət etmiş olsun. Hazırki vəziyyətdə isə iddiaçılarin məhkəməyə belə bir müraciəti (tələbi) olmamışdır. Belə olan halda isə məhkəmə kollegiyası tələbdən kənara çıxmağı zəruri mümkün hesab etməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, miras əmlak iddiaçılar tərəfindən qanunla müəyyən olunmuş müddətdə və qaydada qəbul olunmadığından və müddət ötürüldüyündən iddiaçıların iddia tələbi təmin oluna bilməz (iddia miras əmlakın qəbulu hissədə əsassız olduğundan, sonrakı tələblər hissədə də təmin oluna bilməz). Göründüyü kimi, iddiaçılar tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin tam ləğvinə əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, məhkəmə kollegiyasının yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsasən iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontoruna, Cavabdeh2 qarşı “dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və məcburi pay” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2022- ci il tarixli, 2(005)-1743/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(005)-1743/2022 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6885/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6885/2022
13.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver