Məhkəmə qərarları › İş №2(103)-691/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-691/2025

14.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-691/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 avqust 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh özünün və onun vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, “Toyota LC 200” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısından əldə edilmiş 54.000 manat pulun 1/2 hissəsini təşkil edən 27.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan onların 2 övladları (xx.xx.2019cu il təvəllüdlü Məryəm və xx.xx.2021-ci il təvəllüdlü Ayan) olsa da, iddiaçı ilə cavabdehin münasibəti pozulmuş və onlar ər-arvad münasibətlərini kəsərək, ayrılmışlar. Onların nikahı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə onlar yuxarıda qeyd avtomobili əldə etmişlər. Onların münasibətləri pozulduqdan bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh birgə yaşadıqları evi tərk etmişdir. Bundan sonra isə, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıya məlumat vermədən və iddiaçının buna razılığını almadan avtomobili 54.000 manata satmışdır. Cavabdeh əldə etdiyi pul vəsaitindən iddiaçıya həmin məbləğin yarısını iddiaçıya verməmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, avtomobil iddiaçı ilə cavabdehin birgə nikahları dövründə əldə edildiyi üçün onların birgə əmlakı sayılır, həmin avtomobil üzərində onların hər birinin payı 1/2 hissədə olmuşdur. Cavabdeh, onunla iddiaçı arasında münasibətlər pozulduqdan sonra avtomobili 54.000 manata satmış və bu zaman iddiaçının razılığını almamışdır. Cavabdeh avtomobilin satışındnan əldə etdiyi pul məbləğinin 1/2 hissəsini - 27.000 manatı iddiaçıya verməmişdir. Buna görə də, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasları barədə cavabdehə lazımı qaydada məlumat verməmiş, məhkəmə baxışı iclasında cavabdehin iştirakını təmin etməmiş, bununla da cavabdehin hüququnu pozmuşdur. Bu hal isə qətnamənin birmənalı olaraq ləğv edilməsi üçün əsasdır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehin yuxarıda qeyd edilən hüququ pozulduğu üçün o, onda olan sübutları Rayon Məhkəməsinə təqdim etməmişdir. Halbuki, nəzərə alınmalıdır ki, iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl cavabdehin avtomobili olmuş, lakin formal olaraq qohumu olan X3 adına rəsmiləşdirilmişdir. Cavabdeh həmin avtomobili artıq iddiaçı ilə nikahda olduğu dövrdə satmış və satışdan əldə etdiyi pulun üstünə bir qədər vəsait qoymaqla hazırkı iş üzrə mübahisənin predmeti olan avtomobili almışdır. Buna görə də, bu avtomobil iddiaçı ilə cavabdehin birgə əmlakı sayıla bilməz. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

7. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.

8. Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir.

9. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. İlk növbədə Məhkəmə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasları barədə ona lazımı qaydada məlumat verməmiş, məhkəmə baxışı iclasında onun iştirakını təmin etməmiş, bununla da onun hüquqlarını pozmuşdur. Bu hal isə qətnamənin birmənalı olaraq ləğv edilməsi üçün əsasdır.

12. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə iş materiallarına əsasən bildirir ki, cavabdeh, Rayon Məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, bu barədə ona kağız daşıyıcıda və elektron qaydada bildirişlər göndərilmişdir. Kağız daşıyıcıda göndərilmiş bildirişlər cavabdehə çatdırılmasa da elektron qaydada göndərilmiş bildirişlər cavabdehə çatdırmışdır. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barəsində Rayon Məhkəməsinə məlumat verməmişdir. Bunu nəzərə almış Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmışdır.

13. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Çünki MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

14. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi çəkişmə şəraitində qəbul edilmişdir. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

15. Daha sonra Məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin bildirdiklərindən bəlli olur ki, iddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan onların 2 övladları (xx.xx.2019-cu il təvəllüdlü Məryəm və xx.xx.2021-ci il təvəllüdlü Ayan) olsa da, iddiaçı ilə cavabdehin münasibəti pozulmuş və onlar ər-arvad münasibətlərini kəsərək, ayrılmışlar. Onların nikahı Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-169/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə pozulmuşdur.

16. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş kompüter çıxarışından görünür ki, mübahisəli avtomobil xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyətdə olan nəqliyyat vasitəsi kimi cavabdehin adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə isə cavabdeh tərəfindən X1.

17. Satıcı olaraq cavabdeh ilə alıcı olaraq Bəhman Hacıyev arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və DİN BDYPİ tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən” görünür ki, cavabdeh həmin avtomobili 54.000 manata satmışdır.

18. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır. Dayə kimi onların uşaqlarına baxmışdır. 8-9 aydır ki, dayə kimi fəaliyyət göstərir. İş üzrə tərəflərin qara rəngdə (mübahisəli) avtomobilləri var idi (avtomobilin dövlət qeydiyyat nişanını xatırlamır). İddiaçı ilə cavabdehin münasibəti pozulmuş və cavabdeh 2023-cü ilin iyun ayının əvvəllərində əşyalarını yığaraq evdən getmiş və bir daha evə qayıtmamışdır.

19. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır (maddə 32.1.). Ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intelektual fəaliyyəti nətcəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlalmlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş payla, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmamasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2, 32.2.1, 32.2.2.). Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir (maddə 33.2.). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3.). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.). Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5.).

20. Qeyd edilən maddi hüquq normalarının mənasına görə, məhkəmə ər-arvadın birgə mülkiyyətinin bölünməsi zamanı yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, ərarvadın birinin üzrsüz səbəbdən gəlir əldə etməməsini və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyini nəzərə alaraq həmin mülkiyyəti bərabər bölməyə bilər. Belə olan hallarda məhkəmə tərəflərin paylarının nisbətini müəyyən edərkən qanunun göstərişlərini, tərəflərin diqqətəlayiq mənafelərini və işin bütün hallarını məcmu şəkildə qiymətləndirməlidir.

21. İş materiallarından müəyyən olunur ki, mübahisəli avtomobil xx.xx.2019-cu il tarixdə, yəni iş üzrə tərəflərin birgə nikahları dövründə cavabdeh tərəfindən alınmışdır. 2023-cü ilin iyun ayında iş üzrə tərəflərin münasibətləri pozulmuş və onlar ər-arvad münasibətlərini kəsərək, ayrılmışlar. xx.xx.2023-cü il tarixdə isə cavabdeh həmin avtomobili satmışdır.

22. İş üzrə cavabdeh, iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl onun avtomobilinin olmasını, lakin həmin avtomobilin formal olaraq qohumu X3 adına rəsmiləşdirildiyini, həmin avtomobili artıq iddiaçı ilə nikahda olduğu dövrdə satılmasını və satışdan əldə etdiyi pulun üstünə bir qədər vəsait qoymaqla hazırkı iş üzrə mübahisənin predmeti olan avtomobili almasını, buna görə də, bu avtomobil iddiaçı ilə onun ümumi əmlakı hesab edildiyi bildirir.

23. Cavabdeh bu halı sübuta yetirmək üçün qohumu olan X3 və digər qohumlarının apellyasiya icraatı zamanı şahid qismində dindirilməsini Məhkəmədən xahiş etsə də, Məhkəmə cavabdehin vəsatəti əsassız hesab etmişdir. Çünki həmin sübutların (şahid ifadələrinin) Rayon Məhkəməsinə təqdim edilməsi mümkün olmuş, lakin artıq yuxarıda qeyd edildiyi kimi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımı qaydada xəbərdar olunmuş cavabdeh üzürlü səbəb göstərmədən həmin iclaslarda iştirak etməmişdir.

24. Məhkəmə qeyd edir ki, MPM-in tələblərinə görə, işdə iştirak edən şəxslər sübutlar təqdim etmək, vəsatətlər vermək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər (maddə 47.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 78.1.). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.).

25. Yeni sübutun apellyasiya icraatı zamanı təqdim edilməsini cavabdeh tərəf əsaslandıra bilməmişdir. Buna gərə də Məhkəmə apellyasiya şikayətinin bu dəlilini və cavabdehin iddiaya qarşı etirazını əsassız hesab edir.

26. Qeyd edilənlərə əsasən hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi mübahisəli avtomobilin iş üzrə tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirməkdə, bu səbəbdən də avtomobil, habelə avtomobilin satışından əldə edilmiş pul vəsaiti üzərində onların hər birinin payını 1/2 hissədə müəyyən etməkdə haqlı olmuşdur.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-220.2-ci və 220.3-220.5ci maddələrinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və 3 ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

28. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.

29. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

30. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. f) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

31. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

35. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

36. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

37. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 avqust 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar