Məhkəmə qərarları › İş №2(103)-6920/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6920/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6920/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı «borc tələbi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-3429/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC(bundan sonra, iddiaçı) Cavabdeh(bundan sonra, cavabdeh) qarşı «borc tələbi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 131777,53 manat əsas, 31980,86 manat faiz, müqavilə müddəti bitdikdən sonra 5%-lə 6021,50 manat, 115305,34 manat cərimə borcu olmaqla, cəmi 285085,23 manat borcun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının, 30,40 manat dövlət rüsumunun tutulması, cavabdeh tərəfindən ipoteka qoyulmuş ünvan 1 qapı-1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan əmlakın boşaldılması, ipotekaya qoyulmuş həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2016-cı ildə bağlanmış 422 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 200.000 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməməmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixinə Borcalanın kredit öhdəliklərini təmin edilməsi məqsədilə tərəflər arasında xx.xx.2016-cı il tarixli «İpoteka müqaviləsi» bağlanmış və cavabdehin mülkiyyətində olan ünvan 1 qapı-1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında bank tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 3429/2019 saylı saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin olunmuş, cavabdehdən xx.xx.2016-cı il tarixli, 422 saylı «Kredit müqaviləsi» üzrə əsas borca görə 131777,53 manat, faiz borcuna görə 31978,01 manat, cərimə borcuna görə 15000 manat, gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla 6021,50 manat, cəmi 184777,04 manat məbləğində pulun, 30,40 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 qapı-1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, cavabdehin mülkiyyətində olan həmin əmlakın ilkin satış qiymətinin 491000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, mənzilin satılmasından əldə edilən vəsaitdən qeyd edilən pul vəsaitlərinin iddiaçının xeyrinə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda qalan pul vəsaitinin cavabdehə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin cavabdehən alınaraq dövlət büdcəsinə ödənilməsi, qiymətləndirmə xidmətinin dəyəri olaraq 350 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq «xxxxxxxxxxxxx» MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, faizlərin şişirdilməsi, onların üzərinə cərimə borcu də əlapvə olunmaqla məbləğin daha da artırılması kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmış, ekspertiza təyin etməklə kredit borcunu, həmçinin cavabdehin mübahisələndirdiyi faizlərin məbləğini dəqiqləşdirmişdir. Cavabdehin məqsədi işi süni yolla uzatmaq, kredit borcunun ödənilməsindən yayıınmaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş,lakin o,naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (apellyasiya şikayətinin dəlillərində qətnamə yalnız kredit borcuna dair hissələrdə mübahisələndirilmişdir) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib,iş üzrə toplanmış sübutları araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki,tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanması, cavabdehə36 ay müddətinə 200.000 manat məbləğində kredit verilməsi, öhdəliyin cavabdeh tərəfindən lazımınca icra olunmaması işin mübahisə olunmayan hallarıdır. Cavabdeh apellyasiya şikayətində kredit borcunu (faizləri) mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış,borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə (Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 10959saylı rəyi) müəyyən olunmuşdur ki,cavabdehin xx.xx.2019-cu il tarixə banka olan əsas borcu 131777,53manat,faiz borcu isə 31978,01manat məbləğində təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi kredit borcunun məbləğini ekspertiza təyin etməklə dəqiqləşdirmiş, eyni zamanda faizlərin məbləğini kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxxxx 2019-cu il tarixə olan həddə müəyyən etmişdir. Cavabdeh isə apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasının konkret əsaslarını göstərməmiş, məhkəmə baxışı zamanı ekspertiza rəyinə şübhə yaranmamışdır. Bununla yanaşı,məhkəmə iddianı illik beş faiz hesablanılmaqla 6021,50 manat məbləğində pulun ödənilməsi hissədə də təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi» barədə xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşdə olan sübutlardan açıq-aşkar müəyyən olunur ki, cavabdeh öhdəliyini uzun müddət ərzində icra etməmiş, bu səbəbdən də iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Eyni zamanda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cavabdehin maddi vəziyyətini nəzərə alaraq tələb olunan yüksək cərimənin məbləğini (115305,34 manat) azaldaraq 15000 manat həddində təmin etmişdir ki, həmin məbləğ də əsas borca (131777,53manat) münasibətdə tənasübsüz deyildir (bu səbəbdən də məhkəmə kollegiyası dəbbə pulunun daha da azaldılmasına zərurət görmür). Beləliklə, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir (cavabdeh qətnaməni ipoteka ilə bağlı hissələrdə mübahisələndirməmişdir). Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə,məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq,hesab edir ki,qətnamə yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı «borc tələbi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09dekabr 2019-cu il tarixli, 2(011)-3429/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 3429/2019 saylı saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar