Məhkəmə qərarları › İş №2(103)-6935/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6935/2021

14.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6935/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s." tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1281/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 29.10.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqaviləsinin etibarsız hesab edilməsi, 29.10.2020-ci il tarixli əmrin ləğv edilərək, onun işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 01.02.1998-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. O, 1998-ci ildən etibarən cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində müxtəlif vəzifələrdə çalışmış, işlədiyi bütün dövrlərdə də şirkətin daxili qaydalarına əməl etmiş, heç vaxt əmək pozuntusu törətməmişdir. Lakin, 29.10.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqaviləyə əsasən, AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (e) bəndi rəhbər tutularaq işdən azad edilmişdir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 29.10.2020-ci il tarixli əmri Əmək qanunvericiliyinin tələblərinə ziddir. Bunu bu faktlarla müəyyən etmək olar: 1. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrə əsasən AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (a) bəndinə əsasən işdən çıxarılmış lakin 29.10.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilədə isə göstərilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (e) bəndi rəhbər tutularaq işdən azad olunmuşdur. 2. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndində qeyd olunur ki, İşçi işəgötürənə və ya onun hüquqi varislərinə və ya hüquqlarını qanuni şəkildə əldə etmiş bütün şəxslərə qarşı bütün hüquq və iddialarından (belə hüquq və iddiaların bu Müqavilənin bağlandığı məqamda mövcud olub-olmamasından və ya bu Müqavilənin bağlandığı məqamda Tərəflərə məlum olubolmamasından asılı olmayaraq) qanunvericiliklə icazə verilən maksimal həddə imtina edir və İşəgötürəni və ya onun hüquqi varislərini və ya hüquqlarını qanuni şəkildə əldə etmiş bütün şəxsləri işçi qarşısında olan öhdəliklərdən azad edir. Buna baxmayaraq, hüquqlardan (iddialardan) imtina və öhdəliklərdən azad etmə İşçinin bu Müqavilənin 2-ci və 3-cü maddələrində göstərilən pul vəsaitlərini tələb etmək hüququna və həmin vəsaitlərin ödənilməsi üzrə İşəgötürənin öhdəliyinə və işçinin bu müqavilənin 6, 7, 8 və 9cu maddələrində nəzərdə tutulmuş öhdəliklərinə şamil edilmir. Qeyd edilən müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43 və 46-cı maddələrinin və vətəndaşın konstitusion hüquqlarının, insan hüquq və azadlıqlarının pozulması ilə bağlanmışdır. Bu da öz növbəsində müqavilənin etibarsız sayılması üçün əsasdır. 3. 27 oktyabr 2020-ci il tarixli audit rəyinə əsaslanan bildirişə əsasən, onun tərəfindən a) Təchizat şirkəti ilə Maraqlar Toqquşması vəziyyətin açıqlanmaması; b) 3.8 million dollar məbləğində post-faktum Sifariş tapşırıqları; c) 2 million dollarlıq alış-veriş üçün rəqabət təklifləri alınmaması barədə pozuntulara yol verdiyi qeyd edilmişdir. Lakin, o yazdığı izahatında da göstərmişdir ki, qeyd olunmuş pozuntuları törətməmiş, audit rəyində qeyd olunanların onunla heç bir əlaqəsi yoxdur. İddiaçı yazılı izahatında bildirmişdir ki, o X1 ilə əlaqədar bildirişi 27 oktyabr 2020-ci il tarixində alınmasını və onunla müzakirə edilməsini təsdiq edir. Yuxarıda göstərilən audit tapıntıları ilə əlaqədar yazılı izahatı: Məsuliyyətimi qismən "xxxx" kimi qəbul edə bilərəm, lakin Audit Tapıntıların böyük əksəriyyəti X2 Qasımova tərəfindən idarə olunan Müəssisə Daşınmaz Əmlak Sahəsində olub. Satıcı seçimi də daxil olmaqla bütün Təsis / Daşınmaz Əmlak prosedurlarının, təkrar tender təkliflərinin Daşınmaz əmlak və Müəssisə prosedurlarına uyğun olaraq həyata keçirildiyi bildirilib və bu sahəyə müdaxilə cəhdləri dayandırıldı. $2M Audit nəticələrinin 84% Müəssisə / Daşınmaz Əmlak Sahəsinə aiddir. Təchizat proseslərin olmaması və natamam təşkilat quruluşu, Əməliyyatlar və Funksiyalar tərəfindən dəstək olmaması və şirkətin tələblərinə laqeydlik şirkətin siyasət və prosedurlarının pozulması ilə nəticələndi. Nəticədə, $3.8M ABŞ dolları məbləğində Mallar/Xidmətlər təqdim olunandan sonra Sifariş tapşırıqların yaradılması aşkarlandı. İndi biz təlimlər keçirdik, NPNP (Sifariş Tapşırığı olmadan Sifarişə Qadağa) siyasətini payladıq və tarixən qurulmuş düşüncə tərzi və yanaşmanı dəyişdirmək üçün Sahə Direktorları və Funksiya Liderlərinin iştirakı və dəstəyini əldə etdik. İnsanların bu sahədəki mədəniyyətini dəyişdirməyə, qaydalarından xəbərdar etməyə və tələbləri yerinə yetirməyə çalışırıq. Təchizat sahəsində hər hansı bir struktur quruluşu yox idi, audit dövründə funksiyalar müstəqil fəaliyyət göstərirdi. İndi təchizat prosedurlarını mərkəzləşdirən və onları idarə edə bilən bir Təchizat strukturumuz var. 2020-ci ilin may ayından etibarən yeni PR-PO (Sifariş Tələbi - Sifariş Tapşırığı) prosesin tətbiqi həyata keçirildi, bütün Əməliyyat Şöbələrin və Funksiyaların heyətlərinə təlim keçirildi və PR / PO-nun (Sifariş Tələbi - Sifariş Tapşırığı)nın mal / xidmət sifarişindən əvvəl təmin edilməsinin nə qədər vacib olduğu bildirildi. Üçüncü tərəf təchizatçı şirkətləri məlumatlandırdıq ki, onlar Sifariş Tapşırığı olmadan bizə mallar / xidmətlər çatdırmasınlar. Lakin şirkət daxilində Sifariş Tapşırığların yerləşdirilməsi və təsdiqlənməsinin gecikdirilməsi bu (KPİ) Əsas İcra Göstəricisinə pis təsir göstərir və daha təkminləşdirilmə tələbinə səbəb olur. İstifadə olunan tək mənbəli satıcılara gəldikdə, SLK Sement BP tərəfindən təsdiqlənən Class-G sement təchizatçısıdır. 2018, 2019-cu illərdə sement həcmini yenidən tender elan etməyə, yerli və bölgədən sement təchizatçılardan təkliflər almağa çalışmışlar, lakin bu tədbirlər hələ də mövcud təchizatçının dəyişdirilməsi ilə nəticələnməyib. Sementin başqa bir təchizatçıdan alınması nə BP-dən təsdiqini tapdı, nə də cəlbedici qiymət təklifləri gəldi. Bütün yazışmalar auditorlara verilib. Bundan əlavə, X4 Direktorumuz və Əməliyyat Menecerlərimiz bu sahə üzrə demək olar ki, hər il danışıqlar aparırdılar, lakin bölgədən gələn son tövsiyə o idi ki, Azərbaycana aid olan sementinin təchizatı SLK Sement LLC tərəfindən yerinə yetirilsin. Hazırda da başqa bir sement təchizatçının axtarışı davam edir və hələ başa çatmayıb. İndiki zamanda o və Təchizat üzrə qrup, NPNP (Sifariş Tapşırığı olmadan Sifarişə Qadağa) prosesi tətbiqetmələri, müqavilə təklifləri və müqavilələrin etibarlılıq şərtlərinə nəzarət baxımından bir çox irəliləyiş əldə etmişlər, lakin bəzi boşluqlar hələ də mövcuddur hansı ki müqavilələrin Hüquq şöbəsi tərəfindən nəzarətdən keçirilməsi və təsdiqin gecikdirilməsi. Buna baxmayaraq onlar mövcud məsələləri aiddiyatı olan qurumlarla müzakirə edir və məsələlərin qanuni yollarla həll edilməsində əllərindən gələni edirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1281/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadığını, qanunvericiliyin tələblərini nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçı ilə müqavilə qanunvericilikdə hansı hüquqlardan imtina edilməsi mümkündürsə, həmin hüquqlarında imtina edilməsi barədə bağlanmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə 15 dekabr 1991-ci il tarixli, İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 111/20 saylı, 29.10.2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Cavabdeh şirkət ilə İddiaçı arasında 01.02.1998-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçı işəgötürən tərəfindən müvafiq vəzifəyə işə götürülmüşdür. Tərəflər arasında 30.07.2019-cu tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında fərdi müqavilədən görünür ki, İddiaçı şirkət tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış 27.10.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı yol verdiyi hərəkətləri barədə ətraflı şəkildə olan yazılı izahatını bildirişi aldığı tarixdən 1 iş günü ərzində Nümayəndəliyə təqdim etməli olduğu barədə xəbərdar olunmuşdur. İddiaçı verdiyi 27 oktyabr 2020-ci il tarixli yazılı izahatından görünür ki, o, eyni tarixli bildirişin tərəfindən alınması və məsələnin onunla müzakirə olunmasını təsdiq etmiş, məsuliyyəti qismən qəbul etmişdir. 29 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilədən görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qarşılıqlı razılaşma əldə olunmuşdur. Həmin müqavilənin 8-ci bəndinə əsasən işçi bununla da işəgötürənə və ya onun hüquqi varislərinə və ya hüquqlarını qanuni şəkildə əldə etmiş bütün şəxslərə qarşı bütün hüquq və iddialarından (belə hüquq və iddiaların bu müqavilənin bağlandığı məqamda mövcud olub-olmamasından və ya bu müqavilənin bağlandığı məqamda tərəflərə məlum olub-olmamasından asılı olmayaraq) qanunvericiliklə icazə verilən maksimal həddə imtina edir və işəgötürəni və ya onun hüquqi varislərini və ya hüquqlarını qanuni şəkildə əldə etmiş bütün şəxsləri işçi qarşısında olan öhdəliklərindən azad edir. Bu müqavilənin 9-cu bəndinə əsasən müqavilənin hər hansı müddəası səlahiyyətli yurisdiksiyanın məhkəməsi tərəfindən qeyriqanuni, etibarsız yaxud icrası mümkünsüz olan müddəa hesab olunduğu təqdirdə həmin müddəa (etibarsız yaxud icrası mümkünsüz olduğuna görə) qüvvəsini itirmiş və bu müqaviləyə daxil olunmamış kimi hesab edilir və bu zaman bu hal müqavilənin qalan müddəalarının hər hansı birinin qüvvəsinə təsir göstərmir. 29 oktyabr 2020-ci il tarixli, 111/20 saylı işdən azad edilmə haqqında əmrdən görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Təchizat üzrə menecer İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən 29 oktyabr 2020-ci il tarixindən xitam verilmişdir. Əsas kimi işçi ilə 29.10.2020-ci il tarixli qarşılıqlı razılaşma göstərilmişdir. Kadrlar və mühasibatlıq şöbəsinə qanunvericilikdə nəzərdə tutulan son haqq-hesabın və istifadə olunmamış məzuniyyət günləri üçün (96,53 gün) kompensasiyanın hesablanması və həyata keçirilməsi tapşırılmışdır. 21 dekabr 2020-ci il tarixli, işdən azad edilmə haqqında 29 oktyabr 2020-ci il tarixli 111/20 saylı əmrə dəyişikliklər edilməsi barədə 130/20 saylı əmrdən görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə İddiaçı arasında imzalanmış «əmək müqaviləsinə xitam verilməsi haqqında» 29 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən tərəflər arasında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «e» bəndinə əsasən 29 oktyabr 2020-ci il tarixdə xitam vermək barədə razılığa gəlmişlər. Lakin, İddiaçı əmək müqaviləsinin xitam verilməsini rəsmiləşdirmək üçün verilmiş 29 oktyabr 2020-ci il tarixli 111/20 saylı əmrdə xitam vermənin əsası kimi Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «e» bəndi göstərilmək əvəzinə, texniki səhv nəticəsində yanlış olaraq Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndi göstərilmişdir. 29 oktyabr 2020-ci il tarixli 111/20 saylı əmrdə yol verilmiş texniki səhvi aradan qaldırmaq məqsədi ilə hazırkı əmr verilərək, 29 oktyabr 2020-ci il tarixli 111/20 saylı əmrin birinci paraqrafı aşağıdakı paraqrafla əvəz olunmuşdur: Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Təchizat üzrə menecer İ vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «e» bəndinə əsasən 29 oktyabr 2020-ci il tarixdən xitam verilmişdir. Sözügedən texniki səhvin aradan qaldırılması məqsədilə Nümayəndəlik tərəfindən müvafiq əmr verilmiş, 22 dekabr 2020-ci il tarixli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə və İddiaçı bu barədə məlumat verilmiş, əmək kitabçasının orada olan texniki səhvin aradan qaldırılması üçün təqdim edilməsi xahiş edilmişdir. 29.10.2020-ci il tarixli əmək müqaviləsinə verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 111/20 saylı, 29.10.2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “e” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bağladığı 01.02.1998-ci il tarixli əmək müqaviləsinə əsasən mühasib vəzifəsinə işə qəbul edilmiş, 05.01.2015-ci il tarixli, 01/15 saylı əmrə əsasən təchizat üzrə menecer İ vəzifəsinə keçirilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində satınalma prosesində pozuntuları müəyyən etmək məqsədilə malgöndərənlərin seçimi və satınalma sahəsində təsərrüfat fəaliyyətinə dair auditin keçirilməsi qərara alınmış, nəticədə pozuntulara yol verilməsi aşkar olunmuş, bununla əlaqədar iddiaçıya izahat verilməsi üçün şərait yaradılmışdır. İş materiallarında olan İddiaçı verdiyi 27 oktyabr 2020-ci il tarixli yazılı izahatdan görünür ki, o, qeyd edilən edilən məsələnin onunla müzakirə olunmasını təsdiq etmiş, məsuliyyəti qismən etiraf etmişdir. Bunun nəticəsi olaraq tərəflər arasında 29 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilə bağlanmış, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qarşılıqlı razılaşma əldə olunmuşdur. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” və “e” yarımbəndlərinə əsasən, tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər. Maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. İş materiallarında olan İddiaçı tərəf olduğu əmək müqaviləsinin 8.1-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Tərəflər arasında yazılı formada bağlanmış 29 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilədən görünür ki, tərəflər Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “e” bəndinə əsasən qarşılıqlı razılığı əsasında müqaviləyə xitam verməyə razılaşır, bunu vicdanla və heç bir məcburiyyət olmadan hərəkət etməyi təsdiq edirlər. Göründüyü kimi tərəflər qarşılıqlı razılığı ilə aralarında olan əmək münasibətlərinə xitam vermək qərarına gəliblər. Kollegiya iddiaçının auditor rəyində qeyd edilən pozuntuların baş verməsində təqsirli olmadığına dair dəlillər ilə əlaqədar eyni qənaətə gəlməkdədir. Belə ki, iddiaçı sözügedən rəydə qeyd edilən nöqsanların onun səlahiyyət dairəsinə aid əmək funksiyaları ilə bağlı olmadığını, həmin pozuntuların onun təqsiri üzündən baş vermədiyini bildirsə də, məhkəmə kollegiyası bildirir ki, iddiaçının bu məsələdə istinad etdiyi dəlillərin hazırki iş üzrə araşdırılmalı olan məsələlərə heç bir aidiyyəti yoxdur. Hazırda mübahisə predmeti olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən göründüyü kimi iddiaçının tərəf olduğu əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “e” bəndinə əsasən, yəni tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilmişdir. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçı cavabdehin 29 oktyabr 2020-ci il tarixli, 111/20 saylı işdən azad edilmə haqqında əmrdə əmək müqaviləsinə xitam verilməsi əsasının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi kimi göstərməklə səhvə yol verdiyini vurğulamışdır. İş materiallarından göründüyü kimi işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinin xitam verilməsini rəsmiləşdirmək üçün verilmiş 29 oktyabr 2020-ci il tarixli, 111/20 nömrəli əmrdə və ona məxsus əmək kitabçasında həqiqətən də xitam vermənin əsası ilə bağlı səhvə yol verilərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “e” bəndi göstərilmək əvəzinə, “a” bəndi göstərilmişdir. Lakin bu səhv müvafiq düzəlişlər edilməklə aradan qaldırılmışdır. Belə ki, qeyd edilən texniki səhvi aradan qaldırmaq məqsədi ilə 113/20 saylı, 29 oktyabr 2020-ci il tarixli əmrə müvafiq düzəliş etmək üçün cavabdeh tərəfindən 130/20 saylı, 21 dekabr 2020-ci il tarixli əmr imzalanmış, bu əmrin surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə göndərilərək, əmək müqavilələrinə xitam verilməsi barədə elektron informasiya sistemində müvafiq düzəlişin edilməsi xahiş edilmişdir. Eyni zamanda 130/20 saylı, 21 dekabr 2020-ci il tarixli əmr cavabdeh tərəfindən iddiaçıya poçt vasitəsi ilə göndərilmiş, ondan müvafiq düzəlişin edilməsi üçün əmək kitabçasının təqdim edilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1281/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar