Məhkəmə qərarları › İş №2(103)-6954/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6954/2022

26.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6954/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il taixli əmək müqaviləsinə əsasən, iddiaçı Cəmiyyətin İdari İşlər bölməsinə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin şərtlərinə əsasən işçinin əmək haqqı 160 manat, iş vaxtı saat 09:00- dan saat 21:00-dək, nahar vaxtı saat 14:00-dan saat 16:00-dək müəyyən edilmişdir. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il taixli əmək müqaviləsinə əsasən iddiaçı Cəmiyyətin İdari İşlər şöbəsinə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin şərtlərinə əsasən işçiyə hər ay 432 manat əmək haqqı ödənilir; işçinin iş saatları gündə 7 saatdan çox olmamaqla növbə cədvəlləri əsasında təyin edilir; işçiyə hər iş günündə iş başlayandan 4 saat sonra 2 saat istirahət və yemək fasiləsi verilir.

2. "xxxx" MMC-nin İdari işlər şöbəsində şöbə müdiri vəzifəsində işləyən X6, idari işlər şöbəsində inzibati işlər üzrə baş mütəxəssis vəzifəsində işləyən X3, pərakəndə satış departamentində mağaza müdiri vəzifəsində işləyən X9, insan resursları departamentinin əməliyyat bölməsinin rəhbəri X11 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən MMC-nin idari işlər şöbəsində nəzarətçi vəzifəsində işləyən İddiaçı vəzifə öhdəliklərini yerinə yetirən zaman subardinasiya qaydalarına riayət etmir. Belə ki, nəzarətçi mağazaya gələn şirkət nümayəndəsi ilə kobud şəkildə və əl-qol hərəkətləri ilə danışaraq aşkar hörmətsizlik nümayiş etdirmiş, məsələnin araşdırılması üçün insan resursları departamentinə göndərildikdə belə eyni formada davranışı davam etdirmiş və hadisə ilə bağlı izahat yazmaqdan kobud formada boyun qaçırmışdır.

3. "xxxx" MMC-nin Baş direktorunun xx.xx.2022-ci il tarixli “34T” nömrəli əmri ilə rəhbərliyin qanuni təlimatlarını yerinə yetirməkdən boyun qaçırdığına, üst rəhbərlərinə münasibətdə subardinasiya qaydalarına riayət etmədiyinə və onlarla kobud rəftar etdiyinə, nəticədə müəssisə daxili iş ahəngi və daxili nizam-intizam qaydaları kobud şəkildə pozulduğuna görə İdari işlər şöbəsində nəzarətçi vəzifəsində çalışan İddiaçı Ələddin oğluna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (əmək funksiyasının qaydalarını pozduğuna görə) töhmət verilmiş, əmək intizamı və müəssisədaxili intizam qaydalarına əməl edilməsində əsaslı dönüş yaratması, belə halların təkrarlanacağı təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən daha ciddi tədbirlər görüləcəyi nəzərinə çatdırılmışdır.

4. "xxxx" MMC-nin Təhlükəsizliyə nəzarət şöbəsində şöbə müdiri vəzifəsində işləyən X7, idari işlər şöbəsində şöbə müdiri vəzifəsində işləyən X6, idari işlər şöbəsində inzibati işlər üzrə baş mütəxəssis vəzifəsində işləyən X3 və pərakəndə satış departamentində satıcı (meyvə-tərəvəz) vəzifəsində işləyən X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş, akta əsasən iddiaçı xx.xx.2022-ci il tarixində vəzifə öhdəliyini yerinə yetirməyərək mal qəbul otağını və anbarı nəzarətsiz qoymuş, uzun bir müddət telefon ilə danışmış, həmçinin, mağazanı tərk edən işçiləri və qəbul edilən malları yoxlamamışdır. Bu halı təsbit edən Təhlükəsizliyə nəzarət şöbəsinin müdiri Tural Hüseynov ona öz iradını bildirsə də, İddiaçı bu dəfə də vəzifə səlahiyyətlərini və subardinasiya qaydalarını ciddi şəkildə pozaraq tabesizlik göstərmiş və Tural Hüseynovla kobud şəkildə danışmışdır. İddiaçı artıq heç bir xəbərdarlıq və intizam tənbehlərinə məhəl qoymur, rəhbər şəxslərlə çox kobud şəkildə davranış sərgiləyir və mağazada olan digər bütün işçilərə çox mənfi nümunə olur.

5. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli Ümumi Yığıncağının protokoluna əsasən idari işlər şöbəsində nəzarətçi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi ilə bağlı məsələyə baxılmış, Komitə tərəfindən xx.xx.2022-ci il tarixindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi qanunauyğun hesab edilmişdir. İddiaçı Həmkarlar İttifaqı Komitəsinin yığıncağına qatılmamışdır.

6. İddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinin (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən İşəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin baş direktorunun xx.xx.2022-ci il tarixli 1326 К nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə 07:00 radələrində Nicat Zeynalov (“Xəzər mühafizə və təhlükəsizlik xidməti-A" MMC əməkdaşı) əmək fəaliyyətini yoxlamağa gəlmiş və yoxlama nəticəsində idarəyə ondan narazı olduğunu bildirmişdir. Bu səbəbdən də Cavabdeh1 MMC-nin əsas idarəsinə çağırılmış, baş vermiş hadisə barədə danışdıqdan sonra heç bir təqsirinin olmadığı bildirilmiş və ertəsi gün adi qaydada işə getmişdir. Buna baxmayaraq, xx.xx.2022-ci il tarixdə işdən sonra saat 17:30 radələrində işədiyi ərazi üzrə sahə rəhbəri Rahib Talıbov ("xxxx" MMC əməkdaşı) ona zəng edərək bildirmişdir ki, “sən sabahdan işə gəlmə! Disiplin (yəni şirkət daxili araşdırma komissiyası) keçirilən günədək işə getməyəcəksən”. Onun bildirdiyinə görə şirkətin daxili araşdırma komissiyası araşdırma ilə bağlı qərarı verib. Rahib Talıbovun tabeliyində olduğundan və onun təlimatı əsasında işlədiyi üçün səhəri gün artıq işə çıxmamışdır. xx.xx.2022-ci il tarixində ƏƏSMN-nin X5 gedərək işə çıxmadığı və Cavabdeh1 MMC-yə aidiyyatı olmayan "xxxx" MMC-nin əməkdaşlar olan Nicat Zeynalov, Tural Hüseynov, Vüqar Qurbanov, Rahib Talıbov, Ramiq Əhmədov tərəfindən əsassız olaraq barəsində yoxlamanın aparıldığını bildirmişdr. Cavabdeh1 MMC ilə əmək müqaviləsi bağladığı üçün “Xəzər” Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-yə hansısa tabeçiliyinin olduğundan məlumatlı deyildi. Bütün bunları dəqiqləşdirmək üçün xx.xx.2022-ci il tarixində şirkətə yazılı müraciət ünvanlamışdır. Nəyə görə "xxxx" MMC-nin əməkdaşları tərəfində yoxlanılmağına dair heç bir əsaslı cavab verilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 10:00da şirkətin daxili araşdırma komissiyasına çağrılmış və aparılmış yoxlama ilə bağlı sorğusual edilmişdir. Komissiya tərəfindən yol verdiyi pozuntuya görə töhmət veriləcəyi bildirilmişdir. Töhmətlə razılaşmadığını bildirərək məsələnin yenidən və obyektiv araşdırılmasını xahiş etmiş, lakin, qərarla razılaşması bildirilmiş və əks halda iş yerinin dəyişdiriləcəyi ilə hədələnmişdir. xx.xx.2022-ci tarixində iş yeri yaşadığı yerdən 35 km uzaq məsafədə olan Nəsimi 2 Cavabdeh1 mağazasına dəyişdirilmiş və qeyd edilmişdir ki, “əgər bir daha narazılıq etsən səni daha uzaqda yerləşən mağazalara göndərəcəyik”. Hesab edir ki, işəgötürən və onun vəzifəli şəxsləri ona qarşı qərəzli mövqe tutmuşlar. Ona görə ki, dəfələrə onlarla nahar etmək fasilənin verilməməsi və ya hər həftə əlavə bir növbə artıq işlərə cəlb edilməsi ilə bağlı mübahisələr etmiş, bundan sonra ona qarşı qərəzli mövqe tutmaqla təzyiqlərin başladığını hiss etmişdir. İşdən çıxarılmasına əsl səbəb şirkət daxili araşdırma komissiyasında işəgötürən tərəfindən qeyri-qanuni tələblərin mövcudluğu barədə söylədikləri olmuşdur. Bu günə kimi daxili intizam qaydalarını heç vaxt pozmamış və heç bir intizam tənbeh tədbiri almamışdır. Hətta iş zamani xəsarət aldığı zaman şirkətin mənafeyini üstün tutub, adı hallanıb mənfi rəy gəlməsin deyə şikayət etməmiş və təzminat istəməmişdir. Öz əqidəsinə uyğun olaraq yaranmış bu vəziyyətdən sui-istifadə etməmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-4053/2022 saylı, 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia təmin olunmuşdur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndi, 71-ci maddəsinin 3-cü hissəsi, 71-ci maddəsnin 3-cü hissəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, video görüntülərə məhkəmə iclasında baxılmasına dair şifahi vəsatət verilsə də, məhkəmə buna münasibət bildirməmiş, görüntüləri məhkəmə iclasından kənar tədqiq edərək yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qətnamədə video görüntülərdə iddiaçının cəmi 2 dəqiqə mağazadan kənarda telefonla danışdığını və qısa müddət ərzində mağazaya qayıtdığını qeyd etmişdir. Bununla da iddiaçının yol verdiyi nöqsanları vəzifə öhdəliklərinin kiçik pozuntusu kimi qiymətləndirmiş və pozuntunun xarakteri və ağırlıq dərəcəsinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinn “ə” bəndinə əsasən ləğv edilməsinə mütənasib olmadığını qeyd etmişdir. Halbuki məhkəmə iddiaçıya daha əvvəl də yol verdiyi əmək vəzifələrinin pozuntusuna görə tətbiq edilən intizam tənbeh tədbirini nəzərə almamışdır. İddiaçının iş yerində əmək vəzifələrini pozması çalışdığı mağazada firmaların mallarının düzgün və vaxtında təhvil alınmasına mane olmuş, iş yerində gərginliyə səbəb olmuş, o cümlədən iddiaçının bu məsələ ilə bağlı mərkəz ofisə dəvət olunması, xx.xx.2022-ci il tarixində işə çıxmamasına, çalışdığı mağazada olmalı olan iki nəzarətçidən birinin iş yerində olmaması isə həm digər nəzarətçi əməkdaşın iş yükün artmasına, eyni zamanda iddiaçının işdə olmadığı müddətdən mağazaya yeni nəzarətçi təyin olunan müddətə qədər mağazanın normal iş ahəngi pozulmuşdur. Məhkəmə həmin halları nəzərə almamış, əmək kollektivinin hüquqlarının pozulmasını, normal iş ahənginin pozulmasını diqqətdən kənara qoymuş, işin faktiki hallarından aydınca görünən məsələlərin maddi sübutlarla sübut olunmadığını qeyd etmişdir. İddiaçı məhkəməyə şahid qismində X1 çağırılmasını və ifadə verməsini xahiş etmişdir. Məhkəməyə həmiş şəxsin işin halları barədə məlumatı olmadığını, iddiaçı ilə heç zaman eyni vaxtda birlikdə çalışmadığını göstərən sübutlar təqdim etsə də, verəcəyi ifadələrin iş üçün heç bir əhəmiyyəti olmayacağını bildirən yazılı vəsatət versə də, məhkəmə vəsatətə məhəl qoymadan şahidi məhkəmə iclasında dindirmiş, sonda isə vəsatətlə bağlı qərardad belə qəbul olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

15. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

16. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

17. Maddə 11, “b” bəndi. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir.

18. Maddə 70, “c” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

19. Maddə 72, bənd “ə”. Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

20. Maddə 71, hissə 2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

21. Maddə 71, hissə 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

22. Maddə 83, hissə 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

23. Maddə 186, hissə 2. İşçi əmək funksiyasım tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; d) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

24. Maddə 186, hissə 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Birinci instansiya məhkəməsi cavabdehin istinad etdiyi hallara dair sübutlar təqdim edə bilmədiyi, iddiaçının yuxarıda qeyd edilən əmək funksiyasını pozması müəyyən edilsə də, bu pozuntunun xarakteri və ağırlıq dərəcəsinin onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinin tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə mütənasib olmaması, iddiaçının 2017-ci ildən Cəmiyyətdə qüsursuz işləməsini, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almadan onun barəsində ən ağır intizam tənbeh tədbirini tətbiq etdiyi barədə nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyini və maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını nəzərə alaraq bu mövqe ilə razılaşmır və aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsaslı sayır.

29. Əmək Məcəlləsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70, ç). Bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71). Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, bənd “ə”).

30. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur (maddə 80). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda, həmçinin əmək müqaviləsinin ləğv edilməsinin əsası; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir (maddə 84.1). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84.2).

31. Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəalarına əsasən işçi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

32. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsaslı olub-olmadığına ilk növbədə mübahisələndirilən əmrin özünün əsaslı olub-olmaması, əmrdə kobud səhv kimi qeyd olunan halların əmək müqaviləsinin xitamına əsas verib-vermədiyi baxımından qiymət verilməlidir.

33. Mübahisələndirilən əmrin məzmunundan göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən "xxxx" MMC-nin Baş Direktoru tərəfindən MMC-nin Həmkarlar İttifaqı Komitəsin ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimat, "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli Ümumi Yığıncağının protokolu əsas götürmüşdür. Yəni, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80ci maddəsinin tələblərinə əməl olunmuş və əmək müqaviləsinə xitam verilməsi üçün Həmkarlat İttifaqı Komitəsinin qabaqcadan razılığı alınmışdır.

34. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının barəsində tətbiq olunmuş intizam tənbehinin onun törətdiyi xətanın xarakterinə və ağırlıq dərəcəsinə uyğun olmadığına və iddiaçının 2017-ci ildən qüsursuz işləməsinin işəgötürən tərəfindən nəzərə alınmadığına istinad etmişdir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin müəyyən edilən hallarına zidd sayaraq qeyd edir ki, iddiaçının fəaliyyətində bundan əvvəl də qüsurlar olmuş, bununla bağlı aktlar tərtib edilmiş, xx.xx.2022-ci il tarixli əmrlə barəsində töhmət növündə intizam tənbeh tədbiri tətbiq olunmuşdur. Məhz elə bu səbəbdən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi əsas götürülmüşdür. xx.xx.2022-ci il tarixli əmrlə verilmiş töhmət iddiaçının üzərindən götürülməmişdir və qüvvədədir.

36. Belə ki, "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçı vəzifə öhdəliklərini yerinə yetirən zaman subardinasiya qaydalarına riayət etməyərək mağazaya gələn şirkət nümayəndəsi ilə kobud şəkildə və əlqol hərəkətləri ilə danışaraq aşkar hörmətsizlik nümayiş etdirmiş, məsələnin araşdırılması üçün insan resursları departamentinə göndərildikdə belə eyni formada davranışı davam etdirmiş və hadisə ilə bağlı izahat yazmaqdan kobud formada boyun qaçırmışdır. "xxxx" MMC-nin İdari işlər şöbə müdiri tərəfindən bu barədə Baş direktora xx.xx.2022-ci il tarixli Xidməti məlumat ünvanlanmış və "xxxx" MMC-nin Baş direktorunun xx.xx.2022-ci il tarixli “34T” nömrəli əmri ilə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (əmək funksiyasının qaydalarını pozduğuna görə) töhmət verilmiş, əmək intizamı və müəssisədaxili intizam qaydalarına əməl edilməsində əsaslı dönüş yaratması, belə halların təkrarlanacağı təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən daha ciddi tədbirlər görüləcəyi nəzərinə çatdırılmış, iddiaçı intizam tənbehi barədə məlumatlandırılmış, lakin əmrin nüsxəsini imzalayıb təhvil almaqdan imtina etmişdir.

37. Həmin hadisədən sonra 6 ay ərzində, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən onunla əmək müqaviləsinin xitam verilməsinə səbəb olan ikinci xəta törədilmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə vəzifə öhdəliyini yerinə yetirməyərək mal qəbul otağını və anbarı nəzarətsiz qoymuş, uzun bir müddət telefon ilə danışmış, həmçinin, mağazanı tərk edən işçiləri və qəbul edilən malları yoxlamamışdır. Bu halı təsbit edən Təhlükəsizliyə nəzarət şöbəsinin müdiri Tural Hüseynov ona öz iradını bildirsə də, İddiaçı bu dəfə də vəzifə səlahiyyətlərini və subardinasiya qaydalarını ciddi şəkildə pozaraq tabesizlik göstərmiş və Tural Hüseynovla kobud danışmışdır.

38. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçının xx.xx.2022-ci il tarixdə postu tərk edərək 24 dəqiqə telefonla danışdığını və anbarı nəzarətsiz qoyduğunu bildirdi. İddiaçı bu halı etiraf edərək həqiqətən də 24 dəqiqə telefonla danışdığını təsdiq etdi. Apellyasiya baxışı zamanı iddiaçının telefonla danışmasını əks etdirən kamera görüntülərinin olduğu disk də izlənildi və qeyd olunan hal təsdiq edildi.

39. Göründüyü kimi, iddiaçı, barəsində tətbiq olunmuş intizam tənbehindən nəticə çıxarmamış, 6 ay ərzində eyni xarakterli pozuntu təkrarlanmış və bu dəfə işəgötürən iddiaçını işdən azad etmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir. Bu baxımdan iddiaçının barəsində görülən intizam tənbeh tədbiri onun törətdiyi intizam xətasının xarakterinə və ağırlıq dərəcəsinə uyğun olmuşdur.

41. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı MPM-nin 77-ci maddəsinin tələbinə əməl etməyərək öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

42. İşə baxan məhkəmə tərəfindən isə iş üzrə toplanmış sübutlar MPM-in 88-ci maddəsinin tələbinə uyğun şəkildə düzgün qiymətləndirilməmişdir.

43. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır (MPM-in 385.1.1 və 385.1.4-cü mad). Ona görə də qətnamə ləğv olunmalı və iddia rədd edilməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar