Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-696/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, borcun düzgün hesablanmaması, ipoteka predmetinin qiyməti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı - ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 485/E nömrəli kredit müqaviləsi bağlanaraq adı çəkilən şəxsə illik 22 faiz ödəmək, 48 ay müddətinə qaytarmaq şərtilə 85 000 manat məbləğində kredit verilmiş, eyni tarixli 485/EG nömrəli sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində 8 nömrəli binada 10-cu mərtəbədə yerləşən 102.7 kv.m. olan 3 otaqlı 113 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü olunmuş, ipoteka predmeti 150 000 manat məbləğində qiymətləndirilmişdir.
2. Cavabdeh xx.xx.2018-ci il tarixli kassa məxaric orderi əsasında 85 000 manatı İddiaçı ASC-dən məxaric etmişdir.
3. Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 113 nömrəli mənzilin İddiaçı ASC-nin xeyrinə ipoteka yüklülüyü ƏMDK yanında DƏDRX tərəfindən qeydə alınmışdır.
4. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh xx.xx.2018-ci il tarixli 485/E nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 69 822,54 manat əsas borc, 40 322 manat faiz, 1034,71 manat cərimə borcu olmaqla, cəmi 111 179,77 manat məbləğində borcu mövcuddur.
5. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdə ona, kredit müqaviləsi üzrə borcunun 3 gün müddətində tam ödənilməsi, əks təqdirdə, borcun və onun üçün çəkilən xərclərin qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
6. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış ərizədə, kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş edilmiş, bildiriş həmin qurumda xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. Ləğv prosesində olan İddiaçı ASC-nin (bank) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Fond) Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, 69 822,54 manat əsas, 40 322,52 manat faiz, 1034,71 manat cərimə borcu olmaqla cəmi 111 179,77 manat borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 8 nömrəli evin 113 saylı mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, bankın Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 485/E saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 85 000 manat məbləğində kredit verilmiş, kreditin təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 113 saylı mənzil ipoteka ilə yüklü edilmiş, mənzilin ipoteka qoyulması barədə bankla Cavabdeh arasında xx.xx.2018-ci-ci il tarixli 485/EG saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka yüklülüyü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, eləcə də bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 04 may 2021-ci il tarixinə Cavabdeh kredit müqaviləsi üzrə cəmi borcu 111 179,77 manat təşkil edir.
9. İşə məhkəmədə baxılarkən ekspertiza təyin olunmuş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2022-ci il tarixli rəyində göstərilmişdir ki, 485/E nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 110 948,52 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 69 925,54 manat, faiz borcu 41 022,98 manat təşkil edir.
10. Məhkəmənin təyin etdiyi qiymətləndiricinin verdiyi xx.xx.2021-ci il tarixli rəydə göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 164 300 manat, likvid dəyəri 156 000 manat təşkil edir;
11. Birinci instansiya məhkəməsinin 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh əsas borca görə 69 822,54 manat, faiz borcuna görə 40 322,52 manat, cərimə borcuna görə 500 manat olmaqla cəmi 110 645,06 (yüz on min altı yüz qırx beş manat, altı qəpik) manatın tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 113 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 156 000 (yüz əlli altı min) manat müəyyən edilməklə açıq hərracda satılması və borcun satışdan əldə olunan məbləğin ödənilməsinə yönəldilməsi, satışdan artıq qalan məbləğin Cavabdeh qaytarılması, iddianın ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun ödənilməsi üçün kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən, əmlak satıldıqdan sonra mənzilin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi hissələrində təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manatın, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 40 manatın Cavabdeh tutularaq LPO İddiaçı ASC-nin hesabına köçürülməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manatın Cavabdeh tutularaq “X3 Mərkəzi” MMC-nin hesabına, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən kredit məbləği cavabdehə verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcunun 69 925,54 manat, faiz borcunun 41 022,98 manat olduğu müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab etmişdir ki, əsas borca görə 69 822,54 manat, faiz borcuna görə 40 322,52 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti olaraq “X3 Mərkəzi” MMC tərəfindən likvid dəyər kimi müəyyən olunan 156 000 manat əsas götürülməlidir.
14. Məhkəmə bankın tələb etdiyi cərimə məbləğini də 500 manat həddində müəyyən edərək vurğulamışdır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə faizlər hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış etməməlidir. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu olmaqla, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks hal öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz.
15. İddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, əsas öhdəliyin icrası 90 təqvim günündən artıq müddətə gecikdirildiyindən, eləcə də ipoteka müqaviləsinin şərtləri nəzərə alınmaqla ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ yaranmışdır. Müqavilənin 6.1.1-ci bəndinə uyğun olaraq əmlakın açıq hərrac vasitəsilə satılması razılaşdırılmışdır.
16. İddianın ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun bağlanması üçün kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə vurğulamışdır ki, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə olunmuş vəsaitin qətnamənin tam icrasına kifayət etmədiyi halda qalan borcun cavabdehdən tutulması ümumi qaydada icra mərhələsində "İcra haqqında” Qanuna müvafiq olaraq icra edildiyindən və tutulacaq məbləğ qətnamədə konkret göstərildiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir.
17. Məhkəmə, iddianın ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq banka təhvil verilməsi hissəsini də təmin etməmiş, qeyd etmişdir ki, ipoteka predmetinin yeni mülkiyyətçisinin kim olacağı məlum olmadan mənzilin iddiaçıya təhvil verilməsi digər şəxslərin konstitusiya hüquqlarının pozulması ilə nəticələnə bilər. Çünkü, “İpoteka haqqında” Qanuna və Mülki Məcəlləyə uyğun olaraq mülkiyyət hüququnun itirilməsi üçün ipoteka predmetinin satılması zəruridir. Mülki Məcəllənin 205.2-ci maddəsinə uyğun olaraq tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.
18. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 6.2-ci, 205-ci, 386.1-ci, 317-ci, 319-cu, 425-ci, 442-ci, 462-ci, 465-ci, 467-ci, 739-cu, “İpoteka haqqında” Qanunun 6.1.3-cü, 9.1-ci, 9.3-cü, 10.5-ci, 34-cü, 36-cı, 39.3.3cü, 47.5-ci, 59-cu maddələrinə istinad etmişdir.
19. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, borc məbləğinin düzgün hesablanmadığı, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyənləşdirilmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası
20. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı bankın ləğvedicisinin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
22. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
23. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
28. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
29. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
30. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya; 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
31. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
38. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
39. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
42. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
43. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının həddi
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
45. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
46. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın qismən təmin edildiyi hissədə yoxlanılması təşkil edir. İddiaçı bank qətnamədən şikayət vermədiyindən qətnamə iddianın təmin olunmaması ilə bağlı hissələrdə yoxlanılmır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
47. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 113 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 156 000 (yüz əlli altı min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizanın rəyinə əsaslanaraq hesab etmişdir ki, sözügedən kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixinə 69 822,54 manat əsas, 40 322,52 manat faiz borcu yaranmışdır (rəylə əsas borcun 69 925,54 manat, faiz borcunun 41 022,98 manat olduğu müəyyənləşmiş, iddia tələbinin həddi nəzərə alınmaqla müvafiq nəticəyə gəlinmişdir).
49. İş materiallarındakı sənədləri ekspert rəyi ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi borc məbləğini rəyə istinadən hesablamaqda haqlı olmuşdur.
50. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o halda yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun.
51. Kollegiya apellyatorun şikayətini digər hissələrdə də əsassız hesab edir; belə ki, Cavabdeh kredit öhdəliklərini lazımi qaydada icra etmədiyindən bankın ipoteka predmetinə tutma yönəltmək hüququ yaranmışdır (§ 21, 22, 27, 28).
52. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində 8 nömrəli binada 10-cu mərtəbədə yerləşən 102.7 kv.m. olan 3 otaqlı 113 nömrəli mənzil 2018-ci ilin mart ayında ipotekaya qoyularkən 150 000 manat məbləğində qiymətləndirilmiş, məhkəmənin “X3 Mərkəzi” MMC-dən aldığı rəydə mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 164 300 manat, likvid dəyəri 156 000 manat göstərilmişdir.
53. Apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyinə görə, ipoteka predmetinin likvid dəyərinin 175 000 manat təşkil etdiyi müəyyən olunmuşdur və kollegiyanın qənaətinə görə, bu rəy işdəki digər sübutlarla birgə dəyərləndirilərək əmlakın ilkin satış qiyməti məhz 175 000 manat müəyyənləşdirilməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, tərəflər 2018-ci ildə ipoteka müqaviləsi bağlayarkən əmlakı 150 000 manat məbləğində qiymətləndirmişlər; həmin tarixdən keçən müddət ərzində ölkədə daşınmaz əmlak qiymətlərinin artma tendensiyası göstərdiyi isə hər kəs tərəfindən bilinən reallıqdır.
54. Məhkəmə cavabdehdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq 500 manat müəyyən etməkdə haqlı olmuşdur. Cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair apellyasiya şikayətinin dəlili əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.
55. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı, mobil telefonuna SMS-bildiriş göndərildiyi, lakin məhkəmə iclaslarına gəlmədiyi aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
56. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş qiymətləndirmə xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2022 saylı iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi “Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 113 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 156 000 (yüz əlli altı min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 113 saylı mənzilin ilkin satış qiyməti 175 000 (yüz yetmiş beş min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin; ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş tədqiqatın dəyəri olan 350 (üç yüz əlli) manatın 250 (iki yüz əlli) manatı Cavabdeh, 100 (yüz) manatı isə İddiaçı açıq səhmdar cəmiyyətindən alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab№:AZ30GUNA**********9000000000,Bank:"xxxx"ASC,VÖEN:**********,Müxbir hesab:AZ25NABZ**********00000479, KOD: 505594, SWİFT: GUNAAZ22) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə