Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6960/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 Cavabdeh qarşı “əmlak tələbi və birgə nikah dövründə alınmış əmlak üzərində payların müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli qətnamədən iddiaçı X1 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdehin birgə nikahları dövründə əldə olunmuş və Bakı şəhəri, Sabunçu rayonu, “Vişnyovka – 1” Bağ Sahəsi, 317 “c” ünvanında yerləşən 0,2 ha torpaq sahəsi, “Chevrolet Orlando” markalı, 90 RZ-520 dövlət qeydiyyat nişanlı avtomobil, “Electrolux” markalı 1 ədəd kondisioner, “Supremax” markalı 1 ədəd kondisioner, “Vestel” markalı 1 ədəd televizor və “LG” markalı 1 ədəd soyuducunun üzərində onun və cavabdehin hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi, avtomobilin və məişət əşyalarının real bazar dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi, qeyd edilən mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin 1/2 hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan onların iki övladları var: xx.xx.2010-cu il təvəllüdlü Xalidə və xx.xx.2019-cu il təvəllüdlü Uğur. Nikahdan uşaqların olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi (İş № 2(008)-2957/2022) ilə nikahın pozulması, nikahın pozulmasından sonra hər 2 azyaşlı uşağın hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması qət edilmişdir. İddiaçı ilə cavabdeh nikahda olduqları dövrdə iddia ərizəsində qeyd edilən torpaq sahəsini, avtomobili və məişət əşyalarını almış, torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişlər. Həmin torpaq sahəsi və avtomobil onların ümumi birgə əmlakı sayılsa da, bu əmlaklar cavabdehin adına qeydiyyata alınmışdır. Həmin əmlaklar birgə nikah dövründə və birgə vəsait hesabına əldə olunduğu üçün həmin əmlaklar üzərində onların bərabər payları müəyyən edilməlidir. Birgə nikah dövründə əldə olunmuş avtomobil və məişət əşyaları daşınar əmlaklar olduğuna və həmin əşyalar cavabdehdə faktiki qaldığına görə, həmin əmlakların dəyərinin 1/2 hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, tərəflərin birgə nikahı dövründə birgə əldə olunmuş torpaq sahəsi üzərində tərəflər birgə vəsait hesabına fərdi yaşayış evi inşa etdirmiş və sonradan həmin evi təmir etdirmişlər. Həmin ev özbaşına tikili olduğuna görə, bu ev üzərində tərəflərin mülkiyyət hüququnun tanınması mümkün deyil. İş üzrə tərəflər arasında münasibətlər pozulduqdan və onların nikah qeydi məhkəmə qaydasında ləğv edildikdən sonra iddiaçı övladları ilə birlikdə bu evi tərk etmişdir. Hazırda həmin evdə cavabdeh yaşayır, ev faktiki onun sahiblik və istifadəsindədir. Ona görə də iddiaçı hesab edir ki, həmin evin inşasına və təmirinə çəkilmiş xərcin 1/2 hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mübahisəli torpaq sahəsi və avtomobil üzərində iş üzrə tərəflərin hər birinin 1/2 hissədə payının müəyyən edilməsini, iddianın qalan hissədə təmin edilməməsini, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə, ekspertiza tədqiqatının xərcinin isə iddiaçıya aid edilməsini, bu məqsədlə 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, 400 manat məbləğində pulun isə iddiaçıdan tutularaq işə baxılan zaman üzrə mübahisəli əmlakların qiymətləndirməsini həyata keçirmiş "xxxx" MMC-yə ödənilməsini qət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat
4. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir.
5. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
6. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
7. Apelyasiya baxışı iclasında iştirak edən cavabdeh, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi. O, əlavə olaraq bildirdi ki, iddia ərizəsində qeyd olunan torpaq sahəsi, avtomobil və məişət əşyaları onunla iddiaçının birgə nikahı dövründə birgə vəsait hesabına əldə olunmuş, torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa, daha sonra isə təmir edilmiş və ailə üzvləri ilə birlikdə, onunla iddiaçı arasında münasibətlər pozulanadək bu evdə yaşamışlar. İşə Rayon Məhkəməsi baxılana zaman əmlakların qiymətləndirməsi düzgün aparılmamış, mütəxəssisin müəyyən etdiyi qiymətlər avtomobil və məişət əşyalarının real bazar dəyərindən artıqdır. Habelə evin inşası və təmirinə çəkilmiş xərcin miqdarı da mütəxəssis rəyində göstərilən məbləğdən aşağıdır. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. e) hazırki iş üzrə apellyasiya baxışının hədləri barədə məlumat
8. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin bir qismi təmin edilsə də cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir.
9. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı “2 ədəd kondisioner, 1 ədəd televizor və 1 ədəd soyuducu üzərində iş üzrə tərəflərin 1/2 hissədə paylarının müəyyən edilməsi, həmin məişət əşyaların və avtomobilin real bazar dəyərinin 1/2 hissəsinin, habelə fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin 1/2 hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə” iddia tələblərin təmin edilməməsi hissələrində Rayon Məhkəməsinin qətnaməsini mübahisələndirmişdir.
10. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinin tələblərini nəzərə alan Məhkəmə bildirir ki, mübahisəli torpaq sahəsi və avtomobil üzərində iş üzrə tərəflərin hər birinin paylarının 1/2 hissədə müəyyən edilməsi barədə tələblər hazırki apellyasiya baxışının predmetini təşkil etmir. Apellyasiya baxışının predmeti apellyasiya şikayətində göstərilənlərdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməlidir.
12. Belə ki, Sabunçu Rayon Məhkəməsinin iddiaçı (hazırki iş üzrə iddiaçı) İddiaçı cavabdeh (hazırki iş üzrə cavabdeh) Cavabdeh qarşı “nikahın pozulması və sair tələbi barədə” iddiasında dair mülki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamədən (iş № 2(006)-2957/2022) görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikahın pozulması, nikahdan doğulmuş 2 uşağın nikahın pozulmasından sonra iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması qət edilmişdir.
13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, (mübahisəli) evin yerləşdiyi bağ-torpaq sahəsi xx.xx.2014-cü il tarixdə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
14. Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş kompüter məlumatlarından görünür ki, mübahisəli avtomobil cavabdehin adına xx.xx.2015-ci i il tarixdə qeydiyyata alınmışdır.
15. "xxxx" MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 61 saylı “Qiymətləndirmə rəyindən” görünür ki, mübahisəli fərdi yaşayış evinin bazar dəyəri 65.000 manat təşkil edir.
16. Həmin MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 62 saylı “Qiymətləndirmə rəyindən” görünür ki, mübahisəli avtomobilin bazar dəyəri 13.700 manat təşkil edir.
17. Həmin MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 63 saylı “Qiymətləndirmə rəyindən” görünür ki, mübahisəli “Electrolux” markalı 1 ədəd kondisionerin bazar dəyəri 250 manat, “Supermax” markalı 1 ədəd kondisionerin bazar dəyəri 250 manat, “Vestel” markalı 1 ədəd televizorun bazar dəyəri 400 manat, “LG” markalı 1 ədəd soyuducunun bazar dəyəri 500 manat təşkil edir.
18. Qeyd edilənlərə və cavabdehin apelyasiya baxışının iclasında verdiyi izahata əsasən müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi iş üzrə tərəflərin birgə nikahları dövründə əldə olunmuş torpaq sahəsində birgə vəsait hesabına inşa və təmir edilmiş, habelə mübahisəli məişət əşyaları onların birgə nikahları dövründə əldə olunmuşdur.
19. İşin bu halı iş üzrə tərəflər arasında mübahisə doğurmur və Məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi qəbul edilir.
20. İşin bu halını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir (maddə 32.2.2). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3). Məhkəmə, ərarvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər (maddə 36.5). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (madə 37.1.).
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
22. İşin hallarını və qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə əldə edilmiş birgə vəsait hesabına inşa edildiyindən, ev isə hazırda cavabdehin sahiblik və istifadəsində qaldığından həmin evin tikintisi və təmirinə xərclənmiş vəsaitin yarı məbləğini tələb etməkdə iddiaçı haqlıdır.
22. Yuxarıda qeyd edilən “Qiymətləndirmə rəyindən” görünür ki, mübahisəli evin inşası və təmirinə çəkilmiş xərc 65.000 manat təşkil edir.
23. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan vəsait 32.500 manat məbləğində müəyyən edilməlidir.
24. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı, tərəflərin birgə nikahları dövründə birgə vəsait hesabına əldə olunmuş 1 ədəd “Electrolux” markalı kondisioner, 1 ədəd “Supermax” markalı kondisioner, 1 ədəd Vestel” markalı televizor, 1 ədəd “LG” markalı soyuducunun mübahisəli yaşayış evində cavabdehin sahibik və tistifadəsində qalmasını nəzərə alaraq həmin əşyaların real bazar dəyərinin 1/2 hissəsinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir.
25. Bununla bağlı Məhkəmə bildirir ki, həmin əşyalar daşınar əşya olmaqla, fiziki olaraq tərəflər arasında bölünməsi mümkündür. Lakin bu zaman nəzərə alınmalıdır ki, həmin məişət əşyaları hal-hazırda tərəflərin birgə inşa etdikləri, cavabdehin faktiki sahiblik və istifadəsində olan fərdi yaşayış evində yerləşdirilmişdir.
26. Məhkəmə, tərəflərin birgə övladlarının iddiaçının yanında yaşamalarını, uşaqların maraqlarını, habelə kondisionerlərin sökülüb çıxarıması ilə fərdi yaşayış evinin təmirinə zərər yetiriləcəyi ehtimalını nəzərə alaraq, bu qənaətə gəlir ki, 1 ədəd televizor və 1 ədəd soyuducu iddiaçıya verilməli, 2 ədəd kondinsioner isə cavabdehdə saxlanılmalıdır.
27. Hazırki qətnamənin 17-ci bəndində göstərildiyi kimi, qiymətləndirici tərəfindən müəyyən edilmişdir ki, 1 ədəd “Electrolux” markalı kondisionerin bazar dəyəri 250 manat, 1 ədəd “Supermax” markalı kondisionerin bazar dəyəri 250 manat, 1 ədəd “Vestel” markalı televizorun bazar dəyəri 400 manat, 1 ədəd “LG” markalı soyuducunun bazar dəyəri 500 manat təşkil edir.
28. Göründüyü kimi həmin əmlakların ümumi dəyəri 1.400 manat təşkil edir. Belə olan halda iş üzrə tərəflərin hər birinə düşən məbləğ (1.400 : 2=) 700 manat həcmdə olmalıdır.
29. Cavabdehdən alınaraq iddiaçıya verilməli olan məişət əşyalarının (1 ədəd televizor və 1 ədəd soyuducu) ümumi dəyəri (400+500=900 manat), cavabdehdə saxlanılan məişət əşyalarının (2 ədəd kondinsioner) ümumi dəyərindən (250+250=500 manat) 400 manat çoxdur.
30. Tərəflərin birgə nikahları dövründə birgə vəsait hesabına alınan bu məişət əşyaları üzərində iddiaçı və cavabdehin hər birinin payının 1/2 hissədə olmasını, yəni yuxarıda qeyd edildiyi kimi həmin əşyaların ümumi yarı dəyərinin 700 manat olmasını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən (700-500=) 200 manat məbləğində pul cavabdehə ödənilməlidir.
31. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə ödəməli olduğu həmin 200 manat, sonuncu tərəfindən fərdi yaşayış evinin inşa və təmirinə çəkilmiş xərcə görə iddiaçıya ödənilməsi müəyyən edilmiş 32.500 manatdan çıxılmalı və son nəticədə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul 32.300 manat məbləğində müəyyən edilməlidir.
32. Göstərilənlərə əsasən müəyyən edilir ki, müzakirə edilən tələblərin həlli zamanı işə baxmış Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını səhv müəyyən etmişdir. Buna görə də, həmin hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bu baxımdan da, apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili qismən əsaslı hesab edilməlidir.
33. Bununla yanaşı Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi haqlı olaraq mübahisəli avtomobilin real bazar dəyərinin 1/2 hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddianı təmin etməmişdir.
34. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4.). Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220.6.).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə” dair xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
36. Qeyd edilən maddi hüquq normalarının mənasından görünür ki, qanunvericilik paylı mülkiyyətdə olan əmlakın bölünməsinin, payın ayrılmasının, paya görə kompensasiyanın ödənilməsinin, əmlakın hərracda satılmasının və satış pulunun paylara mütənasib surətdə bölüşdürülməsinin mərhələli formada tənzimlənməsini nəzərdə tutur.
37. Buna görə də Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi həmin hissədə iddianın əsassız olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
38. İş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verməsə də, Məhkəmə, cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatında ifadə etdiyi əmlakların dəyərinin, evin inşası və təmirinə çəkilmiş xərcin miqdarının mütəxəssis rəyində düzgün göstərilməməsi ilə bağlı dəlillərinə münasibətdə bildirir ki, MPM-in 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
39. İş materiallarından görünür ki, cavabdeh, birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, bu halın üzürlü səbəbdən baş verməsi barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.
40. Məhkəmə bildirir ki, istər hazırlıq, istərsə də məhkəmə baxışı iclaslarında iştirak etmək iş üzrə tərəflərin vəzifəsi deyil, hüququdur. Lakin nəzərə alınmalıdır ki, onlar bu hüquqdan istifadə edirlərsə, öz mövqelərinə uyğun vəsatətləri işə baxan məhkəməyə təqdim etməlidirlər. İş materiallarından isə görünür ki, cavabdeh, mübahisəli əmlakların dəyərinin, evin inşası və təmirinə çəkilmiş xərcin miqdarının mütəxəssis rəyində düzgün göstərilməməsi ilə bağlı dəlilləri ilə bağlı Rayon Məhkəməsinə vəsatət göndərməmişdir. Hazırda həmin dəlilləri apellyasiya instansiyası məhkəməsində səsləndirən cavabdeh həmin dəlillərin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmamasını əsaslandırmamışdır.
41. Odur ki, cavabdehin müzakirə edilən dəlilləri yeni dəlil olduğu üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilə və yoxlanıla bilməz, çünki bu kimi prosedur yeni sübutların toplanmasına yönəlmiş olur.
42. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı X1 apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində qismən ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilsin. İddiaçı X5 ilə Cavabdeh birgə nikahları dövründə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 “c” ünvanında yerləşən 0,2 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin inşasına sərf edilmiş xərcin 1/2 hissəsinin, yəni 32.500 (otuz iki min beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X3 verilsin. İddiaçı X5 ilə Cavabdeh birgə nikahları dövründə əldə olunmuş və hazırda dəyəri 400 (dörd yüz) manat olan “Vestel” markalı televizor və dəyəri 500 (beş yüz) manat olan “LG” markalı soyuducu Cavabdeh alınaraq iddiaçı X3 verilsin. Həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda, onların dəyəri Cavabdeh alınaraq iddiaçı X3 verilsin. İddiaçı X2 qalan əşyaların dəyəri Cavabdeh qalan əşyaların dəyərindən 200 (iki yüz) manat çox olduğundan, həmin məbləğ fərdi yaşayış evinin inşasına sərf edilmiş xərcin 1/2 hissəsini təşkil edən məbləğdən, yəni 32.500 (otuz iki min beş yüz) manat məbləğdən çıxılsın və Cavabdeh qəti olaraq 32.300 (otuz iki min üç yüz) manat məbləğində pul tutularaq iddiaçı X3 verilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı X5 tərəfindən ödənilmiş 50,40 manat məbləğində dövlət rüsumu bərabər paylar üzrə iş üzrə tərəflərə aid edilsin. Bu məqsədlə Cavabdeh 25 (iyirmi beş) manat 20 (iyirmi) qəpik məbləğində pul tutularaq iddiaçı X3 verilsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli qətnamənin qalan hissəsi, yəni Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 “c” ünvanında yerləşən 0,2 ha torpaq sahəsi və “Chevrolet Orlando” markalı, 90 RZ-520 dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçı X1 və Cavabdeh hər birinin 1/2 hissədə payının müəyyən edilməsi, ekspertiza tədqiqatının xərcinin isə iddiaçıya aid edilməsini, bu məqsədlə 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 400 manat məbləğində pulun isə iddiaçıdan tutularaq işə baxılan zaman üzrə mübahisəli əmlakların qiymətləndirməsini həyata keçirmiş "xxxx" MMC-yə ödənilməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.