Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6961/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Ləman İmamverdi qızı Şükürlünün katibliyi, İddiaçının nümayəndələri X1 və (vəkil) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(001)-4512/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, № 323) 58.5 kv. metrlik 270 №li mənzilin alqı-satqısına dair Cavabdeh ilə “xxxx” Fərdi Firması arasında bağlanmış 99/2018 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında mənzilə verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə əsasında nümayəndəsi (vəkili) X3 həmin iddia tələbi ilə bağlı iddianın təmini tədbiri barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, № 323) 58.5 m2-lik 270 nömrəli mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(001)- 4512/2021 saylı qərardadı ilə iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, № 323) 58.5 m2 -lik 270 nömrəli mənzilin üzərinə həbs qoyulmuş, qərardadın dərhal icra edilməsi, qərardadın icrası müvafiq olaraq Bakı şəhər Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi qərara alınmışdır Həmin qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməsi barədə ərizənin əsassız olmasına, həmçinin ərizədə iddianın təmin tədbirinin zəruriliyinin nədən ibarət olmasının qeyd edilməməsinə, ümumiyyətlə ərizənin heç bir şəkildə əsaslandırılmamasına baxmayaraq məhkəmə tərəfindən ərizə təmin edilmişdir. Məhkəmənin bu şəkildə təqdim edilən ərizəni təmin etməsi heç də anlaşılan deyil. Belə çıxır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunan göstəriş və tövsiyyələrin məhkəmə üçün heç bir əhəmiyyəti yoxdur. İstənilən halda iddiaçının ərizəsi əsaslı oldu, olmadı təmin olunmalı, digər tərəfin hüquqları pozulmalı, o, xüsusi və həddən artıq məhrumiyyətə məruz qalmalıdır. Bu halda mütənasibliyin pozulmasının da məhkəmə üçün heç bir əhəmiyyəti olmamışdır. Deməli, mübahisəli qərardadla iddiaçının hazırki əsassız iddiası üzrə məhkəmə çəkişməsi tam başa çatanadək (gələcəkdə apelyasiya, kasassiya instansiyalarında ola biləcək məhkəmə çəkişmələridə daxil olmaqla) yekun məhkəmə aktı çıxarılanadək o, mülkiyyəti üzərində sərəncam verə bilməyəcəkdir. Bu qərardadla onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(001)- 4512/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikаyət mülki işlə birlikdə bаxılmаsı üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçının nümayəndələri X1 və (vəkil) X3 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(001)-4512/2021 saylı qərardadı dəyişdirilərək, iddianın təmin tədbiri barədə ərizəsi qismən təmin edilməklə ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, № 323) 58.5 m2 -lik 270 nömrəli mənzilin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Ona görə də, pozulmuş hüquqların real bərpasına, başqa sözlə iddianı təmin etmiş qətnamənin icrasına nail olmaq baxımından iddianı təmin tədbirləri mühüm prosessual vasitələr kimi çıxış edirlər. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Kollegiya qeyd edir ki, hazırki işdə mənzil mübahisə predmeti deyildir, iddiaçı evi deyil, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələb edir. Əgər iddiaçı mənzili tələb etsəydi, o halda iddianı təmin tədbiri kimi mənzilin üzərinə həbs qoyula bilərdi. Bu mənada, mənzilin üzərinə həbs qoyulması iddianı təmin etmə tədbirinin məqsədinə uyğun sayılmır. Digər tərəfdən, kollegiya qeyd edir ki, iddianı təmin tədbirinin seçilməsi məsələsinin əsaslılığına iddianın özünün əsaslılığı nəzərə alınmaqla qiymət verilmir. Bu mənada, iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar, bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Təsadüfi deyildir ki, qanunvericilik bunu nəzərə almaqla iddianın təmin edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin tələb edilməsinin mümkünlüyünü (MPM-in 164-cü maddəsi) nəzərdə tutmuşdur. Ona görə də, iddianı təmin tədbirlərindən verilmiş şikayətlərdə yalnız hər hansı hüququn həyata keçirilməsinin məhdudlaşdırıldığı dəlilinə istinad da özlüyündə kifayət deyildir. Belə dəlil məhkəmə tərəfindən mütənasiblik prinsipi baxımından ciddi şəkildə qiymətləndirilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, № 323) 58.5 m2 -lik 270 nömrəli mənzilə həbs qoyulmaqla istifadəsinə də məhdudiyyət yaradılması mülkiyyətçi kimi öz əmlakından sərbəst istifadə etmək hüququnu pozur. Buna baxmayaraq kollegiya hesab edir ki, iddia təmin ediləcəyi təqdirdə qətnamənin gələcəkdə icrasının təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, № 323) 58.5 m2 -lik 270 nömrəli mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi qanuna uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(001)-4512/2021 saylı qərardadı dəyişdirilərək, iddianın təmin tədbiri barədə ərizəsi qismən təmin edilməklə ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, № 323) 58.5 m2 -lik 270 nömrəli mənzilin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(001)- 4512/2021 saylı qərardadı dəyişdirilərək, iddianın təmin tədbiri barədə ərizəsi qismən təmin edilsin və ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, № 323) 58.5 m2 -lik 270 nömrəli mənzilin özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6961/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6961/2021
08.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver