Məhkəmə qərarları › İş №2(103)-697/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-697/2021

17.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-697/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-6001/2019 saylı qiyabi qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” ST MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-HJ-*** dövlət nömrə nişanlı, “xxxx” markalı avtomobilin cavabdehlərdən tələb edilərək, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, **-HJ-*** dövlət nömrə nişanlı, “MAN F2000” markalı yük avtomobili onun mülkiyyətindədir, 2018-ci ilin avqust ayında həmin avtomobili Cavabdeh1 heç bir sənədləşdirmə aparmadan müvəqqəti istifadəyə vermişdir. Aralarında olan razılığa görə Cavabdeh1 avtomobildən istifadə etməklə hər ay ona müəyyən məbləğdə pul ödəməli olsa da, bu günədək heç bir ödəniş etməmiş və avtomobili də qaytarmır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-6001/2019 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-6001/2019 saylı qiyabi qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmənin sonuncu iclası barədə lazımi qaydada xəbərdar edilmədiyindən, üzürlü səbəbə görə məhkəmədə iştirak edə bilməmişdir. 2018ci ildə maliyyə çətinlikləri ilə bağlı ona nağd pul lazım idi. Yaxın tanışları ona bildirdilər ki, İddiaçı müəyyən şərtlər ilə, yəni faizlə pul verir. Onunla görüşdükdə bildirdi ki, cavabdehin mülkiyyətinə hər hansı daşınar və daşınmaz əmlak keçirdikdən sonra ona 3 ay müddətində 12000 manat pul qaytarmaq şərti ilə, 10000 manat pul verdi. Onun xahişinə əsasən, faktiki mülkiyyətçisi olduğu “Dong-Feng” markalı, **-LT-*** dövlət nömrə nişanlı avtomobilin satılması üçün mülkiyyətçi X2 notariat kontoruna gələrək, alğı-satqını həyata keçirdi. Avtomobil satışa qoyuldu. Lakin bir müddət satılmadı. Belə olduğu halda, iddiaçı təklif etdi ki, avtomobili banka girov qoyub, müəyyən məbləğdə kredit götürsünlər. İddiaçı öz pulunu götürməli, yerdə qalan krediti cavabdeh ödəməli idi. Bir müddət keçdikdən sonra İddiaçı bildirdi ki, bank iki maşını girov götürdükdən sonra kredit verməyə hazırdır. Bununla bağlı, cavabdeh mülkiyyətində olan “Man 2000F” markalı yük maşınını alğı-satqı yolu ilə İddiaçı mülkiyyətinə keçirdi. Lakin cavabdeh bir müddətdən sonra onun telefonuna cavab vermədi, yanına getdikdə isə, onu tutduracağı ilə hədələdi. Bu baxımdan cavabdeh polis orqanlarına müraciət etmək məcburiyyətində qaldı. Lakin nəticəsi olmadı. Aralarındakı münasibətlər mülki xarakter daşıdığından, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edildi. Bununla belə, Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı Vəkilli Ülvi Vəkil oğlunun topladığı materiallar arasında onun və iş üzrə İddiaçı izahatları var. Mülk işin obyektiv və hərtərəfli həll olunması üçün həmin materiallar alınıb ona baxış keçirilməlidir. Sonradan cavabdehin keçmiş həyat yoldaşı Yasamal rayon Məhkəməsinə əmlakların bölünməsi ilə bağlı müraciət etdi. Cavabdeh bir müddət bu problemlə mübarizə aparmalı oldu. Sonradan ona məlum oldu ki, Həsənov X3 rayon Məhkəməsinə hal-hazırki iddia ilə müraciət edib. Aralarında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında qiyabi qətnamənin ləğv olunması ilə bağlı iddiaçıya hansı əsasla maşının onda olması barədə suala cavab verə bilmədi. Qəbul olunsa ki, doğrudan da alğı-satqı yolu ilə maşın iddiaçının mülkiyyətinə verilmişdir. Bu halda nə üçün maşın cavabdehdədir. Əgər maşın cavabdehdədirsə, onda alğı-satqı zamanı alğı-satqıya xas olan əməliyyat keçirilməmişdir. Yəni bir tərəfə pul, digər tərəfə əmlak keçməmişdir. Bu da öz növbəsində, alğı-satqının etibarsızlığına gətirib çıxarır. İddiaçı mülkiyyətində olan avtomobilin kimdə olmasını bilmir. Mülkiyyətçi avtomobilin, xüsusilə də, yük avtomobilinin idarə olunması üçün mütləq qaydada etibarnamə və yaxud yol vərəqəsi verməli idi. Yalnız bu halda avtomobili idarə etmək olar. Onun məntiqi ilə çıxış etsək, deməli, faktiki mülkiyyətçisidə cavabdehdir. Cavabdeh qeyd edir ki, birinci instansiya məhkəməsinə qarşılıqlı iddia ərizəsi verib aralarındakı yaranmış münasibətləri aydınlaşdırmaq istəyərdi. Lakin qanunvericiliyin tələblərini bilmədiyindən bu halı araşdıra bilməyib. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qiyabi qətnamənin Cavabdeh1 aid təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qiyabi qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “xxxx” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixindən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarından Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2019-cu il tarixli məktubuna əlavə edilmiş kompyuterdən çıxarışdan görünür ki, “xxxx” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 olmuş, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında avtomobil İddiaçı satılmışdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2019-cu il tarixli, 016-50524H-3219 nömrəli cavab məktubundan görünür ki, qeyd edilən nəqliyyat vasitəsinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yevrohom ticarət mərkəzinin yanındakı “Utep” adlanan qarajdan götürülməsi BDYPİ-nin səlahiyyətləri daxilində olmadığı üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində İddiaçı ilə birlikdə “xxxx” ST MMC-yə məxsus qaraja getdiklərini, lakin orada olan **-HJ-*** dövlət nömrə nişanlı, “MAN F2000” markalı yük avtomobilin onlara verilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bitməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normasının dispozitiv şərtlərinə görə iddiaçı **-HJ-*** dövlət nömrə nişanlı, “xxxx” markalı avtomobilin mülkiyyətçisidir, həmin avtomobil cavabdehdə olmaqla, onun həmin avtomobil üzərində sahibliyi qanunsuzdur. Avtomobilin cavabdehin qanunsuz sahibliyində olması işin araşdırılmış halları, şahid ifadəsi ilə sübut olunur. Bundan əlavə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 6001/2019 saylı qərardadından görünür ki, məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ST MMC-nin nümayəndəsi X1 izahatında qeyd etmişdir ki, İddiaçı “xxxx” ST MMC-yə gələrək, **-HJ- *** dövlət nömrə nişanlı, “xxxx” markalı avtomobilin MMC-yə məxsus dayanacaqda saxlanılıbsaxlanılmamasını soruşmuş, araşdırma zamanı həmin nəqliyyat vasitəsinin Cavabdeh1 tərəfindən aparılması müəyyən olunmuşdur. Bundan sonra Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru “xxxx” ST MMC-yə gələrək məhkəmə aktının icrasını tələb etmiş, avtomobillərin saxlanıldığı qaraja baxış keçirilərkən, **-HJ-*** dövlət nömrə nişanlı, “xxxx” markalı avtomobilin qarajda olmadığı müəyyən olunmuşdur. Daha sonra “xxxx” ST MMC-yə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(001)-1039/2020 saylı qərarına əsasən “xxxx” ST MMC-nin direktoru X5 Azərbaycan Respublikası İXİ-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 2000 manat məbləğində inzibati qaydada cərimə edilməsi məlum olmuşdur. Qeyd olunanlar bir daha təsdiq edir ki, iddiaçının mülkiyyətində olan avtomobil Cavabdeh1 qanunsuz sahibliyindədir. Buna görə də, kollegiya bu hissədə apellyatorun dəlilini əsassız hesab edir. Kollegiya apellyatorun “məhkəmənin sonuncu iclası barədə lazımi qaydada xəbərdar edilmədiyindən, üzürlü səbəbə görə məhkəmədə iştirak edə bilməməsi” ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra tərəflərə mülki iş üzrə dəfələrlə təyin olunan məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilmiş, Cavabdeh1 məhkəmə bildirişlərini şəxsən imza etməklə qəbul etmiş, bundan sonra məhkəməyə mülki işin aidiyyəti üzrə Tovuz rayon Məhkəməsinə və ya inzibati-iqtisad məhkəməsinə göndərilməsinə, mülki iş üzrə icraatın dayandırılmasına dair vəsatətlər, məhkəmə iclasının təxirə salınması barədə teleqram təqdim etmişdir. Qeyd olunan hal, qiyabi qətnamənin ləğvi barədə ərizənin təmin edilməməsi haqqında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-6001/2019 saylı qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-6297/2020 saylı qərardadında da öz əksini tapmışdır. Beləliklə apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmənin qiyabi qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə, onları əsassız hesab edərək, qiyabi qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 6001/2019 saylı qiyabi qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar