Məhkəmə qərarları › İş №2(103)-6982/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6982/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6982/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi K.X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Eyvazova (Salamova) Elnura Qaraxan qızı və Cavabdeh2 MTK-ya qarşı “borc tələbi və girov predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh X4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “LPO İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdeh Eyvazova (Salamova) Elnura Qaraxan qızına və Cavabdeh2 MTK-ya qarşı “borc tələbi və girov predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Eyvazova (Salamova) Elnura Qaraxan qızı ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən Eyvazova (Salamova) Elnura Qaraxan qızına 120 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 32380 (otuz iki min üç yüz səksən) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən, Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən, Borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə, kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 24%-i məbləğində Borc verənə dəbbə pulu ödəməlidir. İddiaçı ASC ilə Cavabdeh2 Mənzil Tikinti Koorperativi arasında xx xxxxx 2014-cü il tarixində bağlanan müqavilənin 5.4-cü maddəsində qeyd edilmişdir ki, sözügedən müqavilənin 2.1 -ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, Kooperativ Bankın müraciət etdiyi günün sonrakı iş günündən gec olmayaraq ödəniş gününə mövcud olan kredit borcunu, faizlər daxil olmaqla, Banka tam ödənilməsini öhdəsinə götürür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka hesablanmış 32260.29 ABŞ dolları əsas, 11693.88 ABŞ dolları faiz, 7317.37 ABŞ dolları cərimə, cəmi 51271.54 ABŞ dolları borcu yaranmışdır. İddiaçı tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 və 472.1-ci maddələri ilə əsaslandıraraq, cavabdeh Eyvazova (Salamova) Elnura Qaraxan qızından və Cavabdeh2ndən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 32260.29 ABŞ dolları əsas, 11693.88 ABŞ dolları faiz, 7317.37 ABŞ dolları cərimə, cəmi 51271.54 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin cavabdeh Eyvazova (Salamova) Elnura Qaraxan qızının istifadəsində olan ünvan 2, giriş 1 mənzil 24 ünvanda yerləşən, ümumi sahəsi 49,71 kv.m olan 1 (bir) otaqdan ibarət mənzilinə Cavabdeh2ndə olan pay hüququna yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-114/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Eyvazova (Salamova) Elnura Qaraxan qızından və Cavabdeh2 MTK-dan müştərək qaydada kredit müqaviləsi üzrə 32.260,29 ABŞ dolları əsas, 18.339,64 ABŞ dolları faiz borcunun, 914 ABŞ dolları cərimə borcunun (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) “LPO İddiaçı ASC-nin ləğvedicisi X1 xeyrinə tutulması, iddia tələbi “tələbin cavabdeh Eyvazova (Salamova) Elnura Qaraxan qızının istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev 152 küçəsi, giriş 1 ünvanında yerləşən 24 nömrəli ümumi sahəsi 49,71 kv.m olan 1 (bir) otaqdan ibarət mənzilinə “Cavabdeh2" Mənzil Tikinti Kooperativində olan pay hüququna yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi” hissəsində təmin edilməməsi, iddia qismən təmin edildiyindən, iddiaçı “LPO İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%-i, yəni 15 (on beş) manatının cavabdeh Eyvazova (Salamova) Elnura Qaraxan qızından tutularaq iddiaçıya ödənilməsi, qalan 50 %-i, yəni 15 (on beş) manatın iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 və cavabdeh X4 tərəfindən ayrı-ayrılıqda həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cərimə borcunu azaldarkən düzgün qənaətə gəlməmişdir. Bundan başqa, iddiaçı hesab edir ki, kreditin təminatı olan əmlak üzərində alıcının faktiki olaraq heç bir mülkiyyət hüququnun olmamasını, tərəflər arasında hər hansı ipoteka müqaviləsindən yaranan ipoteka hüququnun olmamasını, bu halda borcun tələbi və pay hüququna yönləndirilməsi məhkəmə tərəfindən araşdırılmalı idi. Belə ki iddiaçı məhkəməyə müraciət edərkən tələbin ipoteka predmetinə deyil, girov müqaviləsi üzrə pay hüququna yönəldilməsini xahiş etdiyini qeyd etmişdir. Cavabdeh X4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə heç bir əsas olmadan ona məxsus mənzilin hərraca çıxarılaraq satılmasına və borcun bağlanmasına şərait yaratmamışdır. Halbuki, "xxxxxxxxxxxxxx" ASC ilə "Cavabdeh2" MTK arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli müqavilədə tutmanın girov predmetinə yönəldilməsinin nəzərdə tutulmaması bankın özünün səhlənkarlığıdır ki, müqavilədə əks etdirməmişdir. Belə olacağı təqdirdə cavabdeh qeyd edilən borcu nağd şəkildə ödəyə bilməyəcəyini göstərmişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh X4 məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 MTK nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cəriməborcununhesablanmasıhissəsindədəyişdirilməli, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “təminatlı kredit müqaviləsi”nə əsasən cavabdehə illik 12% faiz hesablanmaqla 120 ay müddətində 32380 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materialında olan “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli müqavilənin surətindən görünür ki, müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, Kooperativ Bankın müraciət etdiyi günün sonrakı iş günündən gec olmayaraq ödəniş gününə mövcud olan kredit borcunu, faizlər daxil olmaqla, Banka tam ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 MTK ünvan 2 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 5-ci mərtəbədə yerləşən, 1 otaqdan ibarət 24 saylı mənzili Cavabdeh1 təhvil verməyi, Cavabdeh1 isə bunun qarşılığında icraçıya pul vəsaitini ödəməyi və müqavilədə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “LPO İddiaçı ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka xx xxxx 2018-ci il tarixə 32260.29 ABŞ dolları 29 sent əsas borcu, 11693.88 ABŞ dolları 88 sent faiz borcu, 7317.37 ABŞ dolları 37 sent cərimə borcu olmaqla, cəmi 51271.54 ABŞ dolları 54 sent borcu vardır. İş materiallarında olan “LPO İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdeh Eyvazova (Salamova) Elnura Qaraxan qızına ünvanladığı pretenziyaya əsasən məlum olur ki, bank cavabdehə borcunun ödənilməsini təklif etmiş, borcu ödəməsə, qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 16774 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, Cavabdeh1 əsas borc üzrə 32.138,40 ABŞ dolları, faiz borcu üzrə 11.473,41 ABŞ dolları, ümumilikdə 43.611,81 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ünvan 3 mənzil 24 ünvandakı əmlakın ilkin satış qiyməti 60.000 manat təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq cərimə borcunun müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin 32.260,29 ABŞ dolları əsas borcu olduğu halda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə hesablanmış 7317.37 ABŞ dolları cərimənin məbləğini 914.00 ABŞ dolları həddinə qədər azaltmaqla düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, həmin borca münasibətdə hesablanmış cərimənin azaldılaraq 3226 ABŞ dolları məbləğində, yəni əsas borcun təqribən 10% həddində müəyyən edilməsi mübahisənin ədalətli həlli olmaqla, həm kredit verən iddiaçının, həm də cavabdehlərin mənafelərinə daha uyğun olardı. Məhkəmə kollegiyası tələbin Cavabdeh1 məxsus Cavabdeh2 MTK-da olan pay hüququna yönəldilməsinə dair işin hallarını və tərəflərin dəlillərini araşdıraraq hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Beləki, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 1856/15 №-li kredit müqaviləsinin 4.1-ci maddəsinə görə, bu Müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu alınacaq mənzilin ipotekasıdır, irəlidə «təminatüsulu» adlanacaq. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən təminat üsulu ilə bağlı münasbiətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aidiyyatı subyektlər tərəfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə ilə tənzimlənir. Həmin müqavilənin 13.1-cü bəndinə əsasən borcalan öz üzərinə götiürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, borcverən öhdəliklərinin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 270.1-ci maddəsinə görə, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Müqavilənin şərtlərindən göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsində həmin kreditin təminatı olaraq alınacaq mənzilin gələcəkdə ipoteka ilə yüklü edilməsi, borcalan tərəf öz öhdəliklərini vaxtiında və lazımi qaydada icra etmədikdə isə tələbin ipoteka predmeti olaraq həmin əmlaka yönəldilməsi nəzərdə tutulmuşdur. Lakin iş materiallarından görünür ki, tərəflər arasında mübahisəli mənzilin ipoteka müqaviləsi və ya həmin mənzilə dair hüquqların hər hansı şəkildə yüklü edilməsinə dair müqavilə bağlanmamışdır. Həmçinin, bağlanmış kredit müqaviləsində mübahisəli əmlaka dair pay hüququnun girov qoyulmasına dair öhdəlik nəzərdə tutulmamışdır. Bundan başqa, kollegiya qeyd edir ki, tələbin pay hüququna yönəldilməsi mülki qanunvericiliklə xüsusi olaraq tənzimlənir. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə görə, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə görə, əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Bundan başqa, Mülki Məcəllənin 303.1-ci maddəsində görə, hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. Həmin Məcəllənin 303.4-cü maddəsinə görə isə Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan əmələ gəlir. İşin müəyyən edilmiş hallarına, həmçinin qanunvericiliyin sadalanan normalarına əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin cavabdeh E.Eyvazovanın (Salamovanın) istifadəsində olan mənzilə pay hüququna yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracdan satılması, satışdan əldə olanan vəsait hesabına banka olan borcun ödənilməsinə dair təmin edilməyən hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası eyni əsaslarla digər cavabdeh olan Eyvazova (Salamova) Elnura Qaraxan qızının da apellyasiya şikayətinin əsassız olması qənaətinə gəlir. Bununla yanaşı, kollegiya cavabdeh Elnura Eyvazovanın (Salamovanın) mübahisəli əmlaka dair payını sərbəst şəkildə sataraq ləğv prosesində olan bank qarşısında yaranmış borcunu ödəmək hüququnu özündə saxladığını da izah edir. Yuxarıda göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-114/2020 saylı qətnaməsicərimə borcunun müəyyən edilməsi hissəsində dəyişdirilməkləcəriməninməbləğiartırılmalı, mübahisələndirilən qalan hissədə isə qətnamədəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh Eyvazova (Salamova) Elnura Qaraxan qızının apelyasiya şikayəti təmin edilməsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-114/2020 saylı qətnaməsi qismən – cərimə məbləğinin azaldılması hissəsində dəyişdirilsin. Cavabdehlər Eyvazova (Salamova) Elnura Qaraxan qızından və Cavabdeh2 MTKdan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 xeyrinə tutulmalı olan cərimənin məbləği 3226 (üç min iki yüz iyirmi altı) ABŞ dolları həddində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar