Məhkəmə qərarları › İş №2(103)-6990/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6990/2021

25.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6990/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4457/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Univermaq (MUM) tticarət mərkəzinin 4-cü mərtəbəsində mərhum X2 məxsus satış bölməsində olan bütün geyim əşyalarının X1 və İddiaçı birgə mülkiyyəti hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Univermaq (MUM) ticarət mərkəzinin 4-cü mərtəbəsində mərhum X2 məxsus satış bölməsində olan bütün geyim əşyalarının siyahıya alınaraq üzərinə həbs qoyulmasına və əşyaların oradan götürülməsinin və hər hansı formada özgəninkiləşdirilməsinə yönələn hərəkətlərin edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4457/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Azərbaycan prospekti 10 ünvanda yerləşən Mərkəzi Univermaq adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsində mərhum X2 məxsus olan satış bölməsindəki bütün geyim əşyaları siyahıya alınaraq, üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Azərbaycan prospekti 10 ünvanda yerləşən Mərkəzi Univermaq adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsində mərhum X2 məxsus olan satış bölməsindəki həmin əşyaların oradan götürülməsi və özgəninkiləşdirilməsinə yönələn hərəkətlərin edilməsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir (sədrlik edən: Sərdar Mehrəliyev). Daha sonra Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(011)-4457/2021 nömrəli qərardadından şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4457/2021 saylı, 08.06.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayətin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, Cavabdeh birinci instansiya məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadını 16.05.2021-ci il tarixində almışdır. Bu hal həm iş materiallarında olan 06.05.2021-ci il tarixli qərardadın göndərilməsinə dair məktubla (i.v. 27), həm də şikayətin məzmunu ilə təsdiq olunur. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən verilmiş şikayət 01.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur (i.v. 33). Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Lakin birinci intansiya məhkəməsinin qərardadının hansı tarixdən alınmasını sübut edən rəsmi sənəd olmadığından, qərardaddan 10 gün müddətində şikayət verilməsinin hansı tarixdən hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın alınmasını təsdiq edən hər hansı rəsmi sənəd olmadan işə baxılmanın mümkün hesab edilməsi gələcəkdə baş verə bilən prosessual pozuntunun yaranmasına səbəb ola biləcək hal hesab edildiyindən, məhkəmə kollegiyası işə baxılmanı qeyrimümkün hesab edir. Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələbinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-ci maddəsinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qərardadından verilmiş şikayətin qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən şikayət qeyri-mümkün hesab edilməlidir. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4457/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar